“Biri ikisində” çeçen yazarı Səid-Həsən Katsayevin hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün xarici ədəbiyyatın növbəsidir, sizə Seyfəddin Hüseynlinin tərcüməsində çeçenistanlı nasir və publisist Səid-Həsən Katsayevin bir hekayəsi təqdim edilir.

  

Çeçenistanlı nasir və publisist Səid-Həsən Katsayev 1966-cı ildə anadan olub. 1988-ci ildə L.N.Tolstoy adına Çeçen-İnquş Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Məktəbdə müəllim, Humanitar Elmlər Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi çalışıb, Çeçen Dövlət Universitetində çeçen ədəbiyyatını tədris edib. 2002-2004-cü illərdə “Vaynax” ədəbi-bədii jurnalının baş redaktorunun birinci müavini olub. “Tələbənin hekayələri”, “Yazıçı məktəbi”, “Molla Nəsrəddin haqqında hekayətlər”, “Qaranlıqda” və digər kitabları, “Seçilmiş əsərləri” nəşr edilib. 2003-cü ildə “Nəsr” nominasiyası üzrə respublika ədəbi mükafatının qalibi olub.

 

Səid-Həsən KATSAYEV

QARANLIQDA

    (hekayə)

 

Yay. Sakit, xoş bir gecə. On səkkiz yaşım var.

Sonuncu tramvay təkərlərini relslərə çırpa-çırpa, sivişib parka gedir. Gecəyarıdan keçib. Daha gözləməyin mənası yoxdur. Məktəblə üzbəüz dayanacaqdakı uzun skamyada mənimlə yanaşı üç qız oturub. Görünür, axşam növbəsindən çıxıblar. Yaxınlıqda tikiş fabriki var. Bəzən  axşamlar mən burada - tramvayın mikrorayona burulduğu yerdə düşməli oluram. Həmin vaxt, yuvadan pırıldayan göyərçinlər kimi, qızlar fabrikin darvazasından çıxıb bütün şəhərə yayılırlar.

Mən indicə gəlmişəm buraya, hələ tanış deyilik. Bir yoldaş onlarda gecələmək üçün dilə tutsa da, özümü yataqxanamıza yetirmək fikrindəyəm. Yalnız öz taxta yatacağımda rahat yuxulaya bilirəm.

– Gəzinti üçün gec deyilmi? – qızlara səslənirəm.

Onlar dinmirlər, mən də daha söhbətə çəkmək istəmirəm. Mənə tərəf boylanıb nə barədəsə pıçıldaşırlar. Birisi güclə eşidiləcək tərzdə: “Yox, yox!” – deyir, rəfiqələrindən birini qolundan dartıb saxlamağa çalışır. O isə mənə sarı çönür:

– Oğlan, adın nədir?

Qızlara tərs cavab vermək olmaz. Onların üstünlüyü bundadır. Adımı deyirəm.

– Tələbəsən?

– Hə.

– Biz işdən gəlirik. Onsuz da, tramvay gəlməz daha. Sən bizim rəfiqəmizi evə ötürə bilməzsən? Biz ikimiz mikrorayona getməliyik. Onu da tək buraxmaq istəmirik. Sənə etibar etmək olar? “Minutka”da olursan?

– Mən getmirəm. Gedin siz, – deyir həmin qız:– Mən gözləyərəm.

– Sən ötürərsən onu?

– Nigaran qalmayın, – deyirəm onlara, arxalarınca səslənirəm: – Əgər sabah işdə olmasa, gözləyin, ağsaqqallar qalım (türkmənşəli sözdür, toy ərəfəsində oğlan tərəfin qız evinə apardığı pulu və ya bahalı hədiyyələri ifadə edir) gətirərlər.

Zarafatım ürəklərincə olur, gülüşüb gedirlər. İkimiz qalırıq.

Bir qədər sonra soruşuram:

– Hə, neyləyək?

– Sən get, – deyə cavab verir qız: – Mən gözləyərəm.

– Amma gözləməyin mənası yoxdur...

Gözdən uzaq yer. Ətrafda ins-cins yox. Hiss edirəm ki, qız məndən çəkinir.

– İstəsən, işıqlaşana qədər burada otura bilərik. Mən səhər dərsdə olmalıyam, ancaq belə də çıxıb gedə bilmərəm, – ona vəziyyəti anlatmağa çalışıram: – Axı rəfiqələrin səni mənimlə bilirlər. Həm də, bəlli deyil, məndən sonra buraya kim gələcək.

Qəsdim onu qorxutmaq, ya da nəyəsə məcbur etmək deyil. Ancaq şəraitə soyuqqanlı baxmaq lazımdır. Onun inamsızlığı toxunur mənə. Əlbəttə, qarşılıqlı rəğbət olsa, məhrəm münasibət qura bilərəm, amma hansısa vəziyyətdən, qızın köməksizliyindən sui-istifadəyə əsla yol vermərəm. Ola bilsin, bir daha rastlaşmadıq, amma istərdim, o mənə güvənsin. Mən ona qardaşcasına əl uzatmağa hazıram. Qız dinmir, tüklərini qabartmış quşcuğaz kimi oturub. Onu burda qoyub getsəm, gözümə yuxu girməzdi.

– Qardaşın var? – soruşuram.

– Yox, – cavab verir qız.

– Amma mənim bacım var, – deyirəm.

Qız dinməz-söyləməz yerindən qalxıb ardımca gəlir.

 

Qədim bütpərəst adətlərinə görə, kişilər arasındakı yarışda qalib gələn Kaloy sonuncu sınaqdan da çıxmalı, bir gecəni kəndin ən gözəl qızı ilə mağarada keçirməliymiş - pak münasibəti pozmadan!

Budur, onlar meşədəki cığırla gedirlər: yarışın qalibi öndə, ən gözəl qız isə ardınca. Əsrlik ağaclar onları üzük qaşı kimi sıx dövrələyib. Kaloy çoxdan Daliyə vurulmuşdu və bu gecənin başqasına qismət olacağından ölümünə qorxurdu. Dali irəlidə gedən Kaloyu səsləyir.

– Nədir? – oğlan geri qanrılır.

– Olarmı mən qabaqda gedim? Elə bil arxada kimsə gizlənib, qəfil üstümə cumacaq.

Kaloy qızın arxasınca gedə-gedə, füsunkar Dalinin gözəlliyini, onun gənc, biçimli bədənini ixtiyarsız seyr etməli olur. Kaloy qıza bildirmədən, iti xəncəri ilə öz ovcunu yarır, yarasına duz basır ki, acı göynərti bu şeytani həvəsi unutdursun. Qanayan yarasını sıxıb qızdan soruşur:

– İndi kiminsə arxadan üstünə cumacağından qorxmursan ki?

– Yox, indi qorxmuram, – Dali cavab verir.

 

...Göydə çoxlu parlaq ulduz var. Biz yoldakı dirəklərə yaxınlaşdıqca, fənərlərin işığı gurlaşır, ulduzlar gözdən itir, sonra yenidən peyda olur. Şəhərin küçələri bomboşdur. Bu aralıqda yaşayış evləri yox deyiləcək qədər azdır. Dəmiryol körpüsünə yaxınlaşırıq. Qızdan adını, onu bir də görüb-görməyəcəyimi soruşmamışam hələ. Qoy özünü məcbur-minnətli hiss etməsin. Əgər qəlbinin dərinliyində mənimlə bağlı bir şübhə qalırsa, o şübhəni tamam dağıtmaq istəyirəm. Onunla rahat söhbətləşirəm, ikibaşlı kəlmələrdən qaçıram ki, yox yerdən həyəcanlanmasın. Belədə yol da qısa gəlir. Heç üzünə baxmağa da can atmıram. Yəqin, sabah görsəm də, tanımaram. Amma gəncliyini, gözəlliyini sezirəm.

– Sən çatdın, – tələbə yataqxanasının qabağında dillənir qız: – Burdan o yana tək gedərəm.

– Eləmi? Bəyəm məni ötürürdük? – gülürəm, sonra isə onu ta evlərinəcən ötürürəm...

Qız həyətə keçməmiş, doqqazın ağzında ötəri ayaq saxlayır, elə bil hansısa vida kəlməsini gözləyir...

On səkkiz yaş! Ruhlar pak, niyyətlər pak! O çağda gənclər bir-birinə hər zamankından artıq meyillənirlər: məhəbbət baldan şirin, hər kəlmə məlhəm olur. Hadisəyə çevrilir hər görüş. Hər baxış sevindirir! Kənddirsə - çeşmə başında, məclislərdə, toy-düyündə; şəhərdirsə - kinoteatrda, kafedə, institutlarda, çoxmərtəbələrin girişində, yaşıllıqlarda, ağacaltı skamyalarda... On yeddi-on səkkiz yaşında Günəşin şəfəqlərindən çox, Ay işığını xoşlayır adam...

“Qardaşın var?” sualıma “Yox” deyə cavab vermişdi o qız. “Amma mənim bacım var”, – demişdim, o da mənə inanıb ardımca gəlmişdi.

– Görüşənədək, – deyirəm ona.

– Sağ olasan, – deyib yığcam doqqazı ehmalca açır qız.

 

...Mağaraya yetişəndə Kaloy yumşaq qıjı yarpaqlarından qoparıb yatacaq əvəzi yerə döşəyir, çərkəzi çuxasını çıxarır. Onun hərəkətlərini öz fikrincə yozan Dali elə bilir, axırı çatıb...

– Kaloy, Allah xatirinə... – qız yalvarır.

– İstəyirəm, bunu üstünə örtəsən, – deyir Kaloy.

Qız o gecə yuxusunda görür ki, Kaloya ərə gedib. Və yuxusu (xalq inancı) çin çıxır. Bədağızlar daldada pıçıldaşırlar: “Görünür, elə-belə ərə getməyib ona. Deməli, bir qəbahəti varmış...”

 

...İdris Bazorkinin “Əsrlərin qaranlığından” romanını oxuduğum iyirmi ildən artıq olar. Yəqin ki, vaynax (çeçen və inquş xalqları nəzərdə tutulur) ədəbiyyatında ən yaxşı əsərlərdən biridir...

Tramvay dayanacağında üç qızla rastlaşdığım, onlardan birini evlərinəcən ötürdüyüm o gecədən on beş il keçir. Bu müddətdə iki dəfə mənə həmin qızdan salam gətirdilər. Amma mən onu görməyə getmədim...

Biz bir də görüşməmişik. Təsadüfən rastlaşmış olsaq da, tanışlıq vermədən ötüb keçmişik...

 

 

 “Ədəbiyyat və incəsənət”

(26.08.2026)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.