“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Həmid Herisçinin şeirləri ilə tanış olacaqsınız.
Həmid HERİSÇİ
MAQNİT QASIRĞASI
Deyirdim, bu nə başağrısıdı?
Deyirdin, səbəb
maqnit qasırğasıdı.
Deyirdim, baxdığımız filmlərdən o hansıdı?
Deyirdin, qurtar, gecənin yarısıdı...
Deyirdim,
Mənlə öpüşsən,
özü də, vəhşi-vəhşi...
Görəcəksən, necə əriyəcək
Dağların,
dodaqların dəmir filizi...
Dəyişəcək həyatının, ən azı,
otuz-qırx faizi...
Deyirdin, fəqət həyatımıza maqnit qasırğalarının təsiri
Edib bizi
tərs taleyin əsiri....
Deyirdim, etsən bunun tərsini, əksini,
Palçıq gölməçələrdə bir başqa cür görünəcək o gün
bizim şəhərin əksi...
Deyirdim ki,
Görəcəksən, taksi gözləyir bizi orda,
Qırmızı taksi.
Fəqət telefonuna bu vaxt
bir mesaj gələrdi -
çox şəxsi.
Ancaq bunun tam əksi, tərsi
baş verirdi həmişə,
Səni dəvət edirdilər axmaq bir televerilişə.
Deyirdin,
uzaq planetlərdəki maqnit qasırğalarının təsiridi
əsir saxlayır bizi...
ANTİŞEİR: BU AXŞAM ÖLÜRÜM…
“Bu axşam ölürüm, məni kimsə tutamaz,
Sən məni tutamazsan, ulduzlar tutamaz...”
Səninçün ağlamaz,
Qılmaz namaz, yerə atmaz canamaz
Parisdəki Monparnas!
Gecikəcəkmi bu dəfə də
Hamletin dostu Fortinbras?
Sussaz
bir az,
son sözlərim dodaqlarım üzərinə
Qan kimi sıçramaz!
…Gör nə günlərə qaldın, öz bəlandır,
Çək, Balaş.
“Bu axşam ölürüm,
kimsə məni tutamaz”.
Hətta uşaqlıqda gördüyüm
Kino qəhrəmanı Fantomas
məni sabaha saxlamaz.
Bu kimyəvi parçalanmadan
ayrılan qaz,
Hətta “Qazprom” qaz anbarlarına belə sığmaz!!!
…Öz bəlandır, çək, Balaş!
“Bu axşam ölürüm, kimsə məni tutamaz”.
Polislərin gözyaşardıcı qazı olmasa,
bu insanlar heç ağlamaz!
…Gör nə günlərə qaldın, öz bəlandır,
Çək, Balaş!
Boynumu bir iti ülgüc imzalayar-imzalamaz,
Əfv fərmanımı oxuyacaq
Stiven Kinq kimi, Jül Vern kimi
bir başqa yazıçı-fantast!
“Bu axşam ölürüm,
kimsə məni tutamaz...”
Bu kimyəvi parçalardan ayrılan yüngül qaz
Mənim balonumu doldursa,
Şarım havaya qalxmaz!
“Bu axşam ölürüm,
kimsə məni tutamaz”.
TRT AVAZ
məni tirajlamaz.
Məni sizlər kopiyalamaz.
“Bu axşam ölürüm, kimsə məni tutamaz”.
Gecikəcək bu dəfə də
Hamletin dostu Fortinbras...
DİRİLMƏ
Mövludu diriltdim şeirin cadusuyla:
“Qoy bura tökdüyün zibil
Ölənlərinin ehsanı olsun!
Qoy təzə taxma dişlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücü olacaq!”
Kimdi?
Hansı yerimdi?
Hansı dissertasiyasız alimdi,
Radio FM-di,
Hansı ölümdü, hansı filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra azca fərqli incə hüsnxətlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətinə reklam kimi artıran?
Kimdi o?
Deyirsiz, müasir Dədəm Qorquddu?
Yox eyyy...
Yetim Mövluddu.
Bir də gördün, yediyi xəngəl-qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı, ani ölümüylə.
Qəfil dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir gün tiryəki artıq düşdü, necə deyərlər.
Doğrudan öldü.
Öləndə siqareti hələ də tüstülüydü.
Restorandaydıq…
“Sahibi cümlələrinin axırını yedi”, –
dedi, kəkələdi
qorxa-qorxa,
Görəndə qapıya necə yaxınlaşır
Qara “Volqa”:
“Aparın meyidini, burda qalmasın sizin sovxa!”
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik, Mövlud ölüdü.
Əlləri çiynimizdə,
göz vura-vura bir-birimizə
Mövludu da qoşub yalançı söhbətimizə
Çıxdıq restorandan.
Qəfil, Mövludu tanıyanlardan
Biri salam verdi Mövluda...
Aktyor dramatizmi lazımdı burda.
Nəsə dedim burnumda.
Tər vardı ey, vücudumda.
Day ilişmədik itə-qurda.
Güvənib Mövludun cibindəki xırda-mırdaya
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır, çiynini silkələdim,
Mövludu tək onun eşidə biləcək ahənglə səslədim:
“Ay yetim,
Dirildin?
Taksi pulunu indi necə, mənmi ödəyim?”
ƏLEYHQAZ TƏLƏBİ
“Halal+” şirkətinin tikdiyi çoxmərtəbəli lyuks binada bütün pəncərələrin gözü kordur
Göydələn dörd ildir, ətraf sakinlərini öz qatı zülmətiylə qorxudur.
Mənzillər satılmır.
Yalnız gözətçinin daxmasından ətrafa nur damır az-az…
Striptizdəki
Təbrizdəki kimi eynən.
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


