Vilayət Rüstəmzadə: Özündən böyük adam Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mən başlığı özümdən qoymadım, bu, Nəriman Əbdülrəhmanlının "Vilayət Rüstəmzadə: Özündən böyük adam" adlı məqaləsinin adıdır.

 

Vilayət Rüstəmzadə 1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olub. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlayıb. Sonra M.V.Lomonosov adına Moskva DövlətUniversitetinin aspirantı olub. Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışıb.

M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris edib. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru kimi çalışıb.

 "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləyib. SSRİ xalq artisti İsmayıl Dağıstanlı qayınatasıdır. İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunub.

 

Kitabları

- "Oxu, bülbülüm, oxu",

- "Qəlbimin gözü ilə" (şeirlər), Bakı: "Yazıçı" 1979. 134 səh. 4000 tiraj

- "Ağlama məhəbbətim, ağlama"

 

Tərcümələri

- Rəsul Həmzətov, "Mənim Dağıstanım" kitabı

- Rəmz Babacan, "Dirilik suyu" poeması

 

Bəs Nəriman Əbdülrəhmanlı "Vilayət Rüstəmzadə: Özündən böyük adam" adlı məqaləsində nələrdən bəhs edib?

Baxaq.

 

1.O, yaddaş adamıydı...

 

...Onda fevralın hansı günüydüsə, “Avropa” qəzetində unudulmaz Fikrət Mursaqulov haqqında portret yazımı oxuyub redaksiyaya zəng vurmuş, xeyli dil-ağız eləmiş, minnətdarlığını bildirmişdi...

Bir neçə gün sonra da Yazıçılar Birliyində görüşmüşdük, bir daha Fikrət haqqında yazıdan söz salmış, isti sözlərini dilə gətirmişdi, həm də məlum olmuşdu ki, mursaqulovlarla yaxın qohumluqları var. Sonra Borçalıda məşhur olan o nəsil haqqında, Fikrət barədə xeyli danışmış, rəhmətliyin şeir qovluğunu saxladığını demiş, kitabını tərtib eləməyi arzuladığımı biləndə çox sevinmişdi...

Elə onda da öz yazı-pozusundan söz salmış, ikicilkdlik xatirələr kitabını çapa hazırladığını söyləmişdi, üstəlik də sovet ədəbiyyatının korifeyləriylə münasibətlərindən bir-iki xatirə söyləmişdi. O məqamda səsindəki sınıqlığı, adamlardan yeganə umacağının xoş ünsiyyət, ən çox qorxduğu şeyin isə başqalarını bezdirmək oduğunu duymuşdum.

Amma söz-söhbətlərini eşidənlər yaxşı bilirlər ki, bezdirməkdən söhbət gedə bilməzdi, əksinə, o şirinlikdən, o koloritdən doymaq çətindi. Onda Azər Abdullayla birgə bir saat söhbətlərinə qulaq kəsilmiş, vaxtın necə ötüb-keçdiyindən xəbər tutmamışdıq. Ayrılanda telefon nömrəsini bir də yazdırmış, dönə-dönə tapşırmışdı ki, məni unutma, zəng elə.

O biri həftə də zənf eləməyə macal tapmamış ölüm xəbərinin soyuğu canımda gəzmişdi... Onda 2001-ci il, fevralın 26-sıydı, üzü yaza getsə də, mənə elə gəlirdi ki, daha bu yaz əvvəlki yazlara oxşamayacaq...

Onda beynimdən keçmişdi ki, Vilayət Rüstəmzadə yaddaş adamıydı, gözəl xatirə danışmağı, yaxşıları, yaxşılıqları yada salmağı, unudulanları yaddaşa qaytarmağı vardı, özü də qəfildən xatirəyə şevrildi...

 

2.Ədəbi mühitin “starik”i

 

Vilayət Rüstəmzadə Gürcüstanda, Borçalının Bala Muğanlı kəndində doğulmuşdu. Sonralar deyirdi ki, doqquz uşaqlı ailənin yeddinci övladıdı, beş bacı, dörd qardaş olublar. Atası Məhəmməd Rüstəmoğlu məşhur mövləvilər nəslindənmiş, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçi kimi ad çıxarıbmış;

anası Məsmə xanım Alı qızı bir yanı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış mikayıllılar nəslindəniydi. Sərrast atıcı olduğu üçün “Kor Alı” təxəllüsüylə tanınan “qıyıqgöz” ana babası XX yüzilin əvvəllərində Türk-rus orduları arasında dilmanc işləyibmiş.

Orta təhsilini də öz kəndlərində almış, Marneuli Dövlət Pedaqoji Məktəbini bitirimişdi. Deyirdi, ilk poeziya müəllimim anam olub, onun yanıqlı bayatıları indi də ruhumdadı. Elə o çağlarda da yetərincə mütaliəsi vardı, rayon qəzetində ilk şeirləri çap olunmuş, üstəlik, dərrakəsi, fəhmiylə rus dilini əməlli-başlı öyrənmişdi.

Vilayət Rüstəmzadə 1958-cu ildə Bakıya M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunmaq üçün Bakıya üz tutmuş, Eyvaz Borçalı, Arif Mustafazadə, Abbas Abdula, İsa İsmayılzadə, eləcə də Əkrəm Əylisli, Ələkbər Salahzadə, Tofiq Abdin, Azər Abdulla... kimi tay-tuşlarının olduğu qaynar mühitə düşmüşdü.

Yaşca (1937-ci il avqustun 12-də doğulub), həm də ədəbi təcrübə (“Tut kötüyü” adlı ilk şeiri 1956-cı ildə, Pedaqoji Məktəbdə oxuyanda Marneulinin “Stalin yolu” qəzetində çap olunmuşdu) cəhətdən hamısından böyük olduğundan, kimsə ona təsadüfən “starik” demişdi, ya özünün ağlına gəlmişdi, bilmirəm, amma bu söz döşünə elə yatmışdı ki, sonralar özü də dost-tanışına, həmsöhbətlərinə, hətta sonralar sovet ədəbiyyatının korifeylərinə də bu ayamanı yapışdırırdırdı.

O vaxt ədəbiyyata can atan cavanların əksəriyyəti M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna və ikiillik Ali Ədəbiyyat Kurslarında təhsil almaq üçün yollar axtarırdılar... Təbiətcə inadkar olan, böyük hədəfləri sevən, artıq ədəbi təcrübə qazanmış Vilayət Rüstəmzadə də belə bir fürsəti əldən buraxa bilməzdi.. Heç buraxmadı da - növbəti il rus dilinə bələdliyi sayəsində müsabiqədən uğurla keçib Moskvaya yollandı...

2023

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.