İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gürcü koloriti deyəndə mənim ağlıma Nodar Dumbadze yaradıcılığı, “Mimino” özəlliyi, qısametrajlı filmlərin rəngarəngliyi, “Suliko”, bir də gürcü süfrə mahnıları gəlir.
Və nə gözəl ki bu rəngarəngliyə bizim Gürcüstan əsilli yazıçımız İmir Məmmədlidə də rast gələ bilirik.
İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonununda anadan olub. Orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçüb və 1985-ci ildən 1990-cı ilədək Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışıb.
1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir, Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədri olub.
Sonra yazıçının həyatında Azərbaycan dönəmi başlayıb.
2004-cü ildən 2019-cu ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışıb.
Ədəbi fəaliyyətə orta məktəb illərindən başlayıb. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Yeddi orijinal, 10-dan çox tərcümə edilən kitab müəllifidir. Onun ssenariləri əsasında 9 bədii film çəkilib, bunlardan bir tammetrajlı bədii film və 5 serialı bədii film Dövlət sifarişi ilə, bir tammetrajlı film isə türk kinematoqrafçıları tərəfindən ekranlaşdırılıb, Dörd pyesi Azərbaycan teatrlarında səhnələşdirilib.
Şota Rustavelinin "Pələngdərili cəngavər" poemasını ilk dəfə orijinaldan Azərbaycan dilinə poetik tərcümə edib. Məhəmməd peyğəmbərin kəlamlarını, Yunus İmrənin şeirlər toplusunu, Aşıq Ələsgərin əsərlərini, Çağdaş Azərbaycan nəsrnin antologiyasını, İsa Muğannanın Povest və Yekayələr toplusunu və müasir Azərbaycan poeziyasından nümunələri gürcü dilinə çevirib.
Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü, Dünya Azərbaycanlılarının I qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib. Xidmətlərinə görə bir çox dövlət və ədəbi mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezident mükafatçısı (2010), Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin xüsusi mükafatçısı (2011), Gürcüstan Dövlət mükafatı laureatı (2001), "Maçabeli" mükafatı (1997), Tbilisi Sədaqət medalı (1999), "Şərəf" ordeni (2000), Yazıçılar Birliyinin "UGART" mükafatı laureatıdır (2005).
Kitabları
- İstəsəm də istəməsəm də
- Novellalar
- Kişilərə mesaj
- Qapı
- İmirə dediklərim
- Bir novella, bir pyes
- Qışda danışılan yay əhvalatları
Dramları
- Açar (komediya) – Gənclər teatrı
- İşıq tozu (psixoloji komediya) — İrəvan Dövlət Azərbaycan Dram Teatrı
- Çarə (dramma) — Bakı Uşaq Teatrı
- Oğru doğru (komediya) — İrəvan Dövlət Dram Teatrı
Tərcümələri
- Şota Rustaveli – Pələngdərili cəngavər
- Yunis İmrə — şeirləri
- Məhəmməd peyğəmbərin kəlamları
- Aşıq Ələsgər – şeirləri
- Vaqif Səmədoğlu şeirləri
- Nüsrət Kəsəmənli –şeirləri
- Şağdaş azərbaycan nəsr antologiyası
Filmoqrafiya
- Balqabaq (film, 2007)
- Azarkeş (film, 2008)
- Qovğalı kəndinin gecələri (film, 2008)
- Sovqat (film, 2009)
- Gəl təzədən evlənək (film, 2012)
- Köşk (film, 2018)
- Horoz bayram (film, 2018)
Gələn il 70 illik yubileyinizdə görüşənədək, dəyərli İmir müəllim.
“Ədəbiyyat və incəsənət”
(07.08.2026)


