“Biri ikisində” Cavid Qasımovun şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Cavid Qasımovun şeirləri təqdim ediləcək.

Xatırladaq ki, gənc şair ilk dəfə Nigar Həsənzadənin “SÖZ” layihəsində parlayıb.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

***

 

Qulaqlarında üzə bilmədiyi suların səsi,

Gözlərində sonuncu dəfə çıxdığı dənizin şəkli,

Baxır vitrindən balıq...

 

Canındakı tikanlar 

Gülün müjdəçisi deyilmiş....

 

 

***

 

Almaq istədiyi ayaqqabının bir tayını 

Protez ayağına keçirtdi.

Mızıldandı dodağının altında,

– bir az sıxır .

Satıcı hiss etmişdi,

Yeridikcə açılacaq, – dedi...

 

 

***

 

Öz bürcü olmasa da, 

Ulduzların xərçəng haqqında dediklərini eşidəndə sevindi.

 

Yatdığı palataya gələn həkimlərdən heç biri 

Radio aparıcısı qədər 

Onu ümidləndirməmişdi...

 

Pəncərəyə yaxınlaşıb, günəşə baxdı.

 

Şüa haqqında çox şey deyə bilərdi 

Güzgüsü əlindən alınan adam...

 

 

***

 

Səhər dən səpdiyim göyərçin

Belinə sığal çəkdiyim pişiyə yem oldu bu axşam. 

 

İkisi də gözəl idi.

 

Lənətə gəlsin aclığı...

 

 

***

 

Saçlarını qələmlə yığıb,

 

Qara, uzun misraları bundan gözəl qafiyələndirmək olmazdı.

 

Yəqin, şair olduğumu bilirmiş.

 

 

***

 

Gecənin yarısında yadıma üskük düşdü.

Ürəyim ağrıdı unudulmuş

Döyüşçü dəbilqəsindən ötrü.

 

Sonuncu dəfə kimin barmağını qorumuşdu 

Ard-arda gələn iynə zərbələrindən?

 

Necə oldu, necə?

Barmaq şəhidmi oldu,

Yuvarlandı tarixin bir küncünə üskük?

Yoxsa parça üzərində savaş bitdi?

 

Sonda kim qalib gəldi?

Kim?

Sap?

İynə?

Barmaq?

Bəlkə, otağın bir küncündə gözlərini mənə zilləyib,

Səhərin açılmasını gözələyən tikiş maşını?

Onun ki ayağı heç bir parça üzərində axsamamışdı.

 

Belə qalibiyyət olar?

 

 

***

 

O vaxt ki qanadların göy üzünə dil uzadırdı, 

Xoşbəxt idin, Tutuquşu.

 

İndi adın çəkiləndə 

Ağıla qəfəs gəlir,

Sonra hecalanmış bir-iki söz...

 

Danışa bilmək adamın əlindən hər şeyini alır...

 

 

QLADİATORUN DUASI

 

Düşmən yanında,

Şəhərin ortasında,

Adamların çox olduğu yerdə 

Səndən başqa heç kimə etiraz edə bilmirik, Allah,

Bağışla bizi, bağışla...

 

Adını çəkib, dilənməkdən başqa əlimizdən heç nə gəlmir. 

Bütün qapılarda boynu bükük xatirə şəklimiz var...

 

And olsun

Nəsildən-nəsilə kəçən yoxsulluq kürsüsünə,

Səndən başqa hamıya inandıq,

İtaət etdik .

Təkcə sənə inana bilmədik, sənə.

Bağışla bizi, bağışla...

 

 

***

 

Eyni şəhərdə,

eyni gündə,

eyni saatda

kölgən doğuldu səninlə.

 

Hansı doğum günündə 

Onu bərk-bərk bağrına basıb təbrik etdin?

 

Xatırlamırsan.

 

Adam doğmasını unudur...

 

 

***

 

Ömrün sahilində 

Yarpaq kimi düşür eynəyinin bir gözü,

Ayağının altında

Xəzəl nəğməsi bilib

Şüşənin hecalara ayrılan səsini

keçirsən...

 

Tanımasaydım,

Pirata oxşadardım.

 

Ömrünü soyan adamdan hər şey gözləmək olar ...

 

 

***

 

"Tərəzi, tərəzi" deyib

Qışqırırdı ehtiyacdan yol qırağında duran kişi. 

Ovcuna iyirmi qəpik qoyub,

Özümü çəkdirdim,

Yüngülləşdim.

 

On addım getməmişdim,

Daha bir tərəzidə özümü çəkdirdim,

İki kiloqram artıq gəldim birincidən,

Qayıdıb, halallıq aldım...

 

 

MOLBERT

 

Ayağının birini itirəndən

Hər iki əlinə ağac budağı almısan.

Uzaqdan yeriyən molbertə oxşatdım.

 

Adam özündən başqa 

Hər şeyə,

Hər kəsə rahatlıqla oxşaya bilir.

 

Neyləmək olar?

 

Rahat dur,

Sinənə yoxsulluğunun,

Ehtiyacın, 

Vətənin şəklini çəksin zaman.

 

 

***

 

Qorxduğu olmaq istəyər adam.

Nədən çox qorxursan,

Ya da kimdən

Ona çevrilirsən.

 

Bayaq ana qorxudurdu uşağını 

Özünün bir vaxtlar qorxduğu həkimlə deyil,

Polisin gələcəyi ilə.

Polis olacağam dedi uşaq böyüyəndə

Yüksək səslə...

 

Asayişi pozuldu fikirlərimin,

Qorxutmaq hüququ tapdalandı əli iynəli həkimin.

Şahidi oldum dağılmaq bilməyən mifin dağılmasının,

iynənin dəyənəyə çevrilməsinin,

Qorxu möcüzəsinin şahidi oldum.

 

Səni nə ilə,

Kimlə qorxudurlar?

Səmimi ol,

Allahla demə...

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.