Şairə söz qadağası qoyula bilməz! Featured

 

ŞAİR AKİF SƏMƏDLƏ BAĞLI BİR XATİRƏ



Coşqun Xəliloğlu,

 Azərbaycan Yazıçılar Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

 

2026-cı ilin iyul ayının altısında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi” Ədəbi Məclisi”nin yaranmasının 27-ci ildönümü tamam oldu. “Neftçi” Ədəbi Məclisi” “Vışka” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mədinə Həsənovanın xeyir-duası və neftçi, şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox sevgi və maraq var idi.  “Neftçi” Ədəbi Məclisi”nin yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılığa ruhlandlrmaq idi.

 

İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq.

Yarandığı ilk illərdə “Neftçi” Ədəbi Məclisi”nin fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar. Neftçi-şairlər Mollalar Əşrəf, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Füzuli Canıyev məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi  tanınmış söz adamları ilə ünsiyyət necə də xoş və maraqlı idi.

Neftçi  şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və şair Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasnda görüşdük. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd özünəməxsus bir üslubda səmimi fikirlərini bildirdi, çətin və şərəfli peşə sahiblərini dinlədikdən sonra onların şeir yazmalarını təqdirəlayiq hal hesab etdiyini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, dərin təfəkkür sahibiyik. Həmişə haqqın, ədalətin yanındayıq. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə, əməlimizlə başa salmalıyıq. Heç vaxt müqəddəs torpaqlarımızın yağıların tapdağında qalmasına dözə bilmərik və hər qarış torpağımızı düşməndən alacağıq. 

O, oxunan hər bir şeir haqqında da obyektiv  fikrini bildirdi.  Mənim üçün xoş idi ki, Akif Səməd yazdığım şeiri bəyəndi və xoş sözlərini dedi. Yaxşı yadımdadır,  şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə söz qadağası qoyula bilməz.” dedi.
Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlıdır ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə nəcib, həssas qəlbli bir insanın – həm görkəmli şair və həm də istedadlı, itiqələmli jurnalistin  67 yaşı tamam olur.
Xəyalən Akif Səmədə səslənirəm:

 –Həmişə qəlbinizi sızladan, işğalına dözə bilmədiyiniz, döğma yurda gedə bilmədiyinizə kədərləndiyiniz, yüksək poetik dillə qələmə aldığınız Şuşa yenə bizimdir. Bu şeirinizi  oğlunuz, gənc yazıçı Uluçay Akif ruhunuza böyük ehtiramla 2022-cildə Şuşada keçirilən Vaqif Poeziya Günlərində səsləndirdi. Şeirinizin sədaları Şuşaya yayıldı və Siz də ruhunuzla Şuşanı ziyarət etdiniz.

 

Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Ulduzuq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm.
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi,
Kimə söyləyim dərdimi
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi –
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.

Şuşa, Xankəndi, Laçın, Qubadlı, Kəlbəcər… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya, doğma yurdumuza  sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Siz isə fiziki cəhətdən bu dünyadan 22 il əvvəl köçsəniz də həmişə sevilən söz adamı kimi qəlblərdə yaşayırsınız. Gənclərimiz, milli ruhlu şeirlərinizi sevə-sevə oxuyur, saflaşırlar.

 Ya­şınız mübarək unudulmaz, sevimli şair Akif Səməd!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.