İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Elə olurki, hadisələr onun əleyhinə cərəyan edir və ErnestHeminqueyöz yazıçı nüfuzunu itirir. Amma zaman keçir və o, itirilmiş nüfuzunu bərpa edə bilir, yenidən milyonların sevimli müəllifinə çevrilir.
Necə, nə cür?
Bu yazıda cavabını tapacaqsınız.
Amerika yazıçısı Ernest Miller Heminquey 21 iyul 1899-cu ildə Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulub. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmayıb. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilib.
Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak edib, ayağından yaralanıb. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunub. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə edib. Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olub.
Yaşlı həmkarının məsləhəti ilə "mənəviyyatsız həyatdan" canını qurtarmaq üçün Parisə yollanıb. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi olub. Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla — Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, "Toronto star" qəzeti üçün yazmağa başlayıb.
Müəllifin "Hekayələr və üç şeir" (1923), "Bizim zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə çıxıb. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin xeyirxahlıqla qarşıladığı "Günəş çıxır" romanını çap etdirib. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunub. Bu insanların arasında müəllifin özü də olub. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıxan "itirilmiş nəslin" nümayəndələri olublar.
Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərxoşluq etmək maraqlandırıb. "Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin bu sadə və müdrik sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilərdi.
"Kişilərsiz qadınlar" kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-yə qayıdıb. O, Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşmış və ikinci romanı "Əlvida, silah!"ı yazıb başa çatdırıb. Nisbətən sonrakı dövrün məhsulu olan "Zəng kimin üçün çalınır" (1940) romanı ilə birlikdə "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır.
Bu ədəbi yüksəlişin ardınca qanunauyğun tənəzzül dövrü başlanıb. 30-cu illərdə Heminquey yaradıcılığında müəyyən geriləmə nəzərə çarpırdı. Bunun da səbəbi "müvəffəqiyyətdən başı gicəllənən" yazıçının "ulduz xəstəliyinə" tutulması və özünü "əsl maço" kimi aparması olub. İspan korridasına maraq, Afrikada şir ovuna çıxmaq və digər ekzotik əyləncələr əslində Heminqueyin cəmiyyətdə olduğundan fərqli görünmək arzusundan irəli gəlib.
Təbii ki, öz-özünə münasibətdə yol verilən bu saxtakarlıq yazıçının yaradıclığından yan keçə, onun əsərlərinin səmimiyyət və həyatiliyinə təsirsiz qala bilməzdi. Doğrudur, yazıçının ispan korridasından bəhs edən "Günortadan sonra ölüm" (1932), yaxud "Afrikanın yaşıl təpələri" (1935) sənədli povestləri ümumən maraqlı olub, lakin burada həqiqi Heminquey sənətkarlığı duyulmurdu.
Tənqidçilərin fikrincə, bu dövrün ən uğurlu əsərləri "Frensis Makomberin ani xoşbəxtliyi" və "Klimancaro qarı" (1932) kimi hekayələr sayıla bilərdi. İspaniyadakı vətəndaş müharibəsi vətəndaş və yazıçı Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıxarıb. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olub. İnsan qəhrəmanlığının və xəyanətinin dəhşətli sənhələrini müşahidə edib.
"Beşinci dəstə" pyesi və "Zəng kimin üçün çalınır?" romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıxıb. Heminquey 1940-cı ildə Havana yaxınlığında ev alıb. Yazıçının bütün sonrakı həyatı Kuba ilə sıx bağlılıq şəraitində keçib. İkinci Dünya müharibəsinin başa çatdığı ərəfədə o, yenidən cəbhəyə yollanıb, reportaj və oçerklərində müttəfiqlərin Normandiyaya desant çıxarmasını təsvir edib, amerikan qoşunları ilə birlikdə Parisə daxil olub.
Hərbi jurnalistlərlə bağlı Cenevrə konvensiyasının tələblərini pozduğuna görə Heminquey hərbi tribunal qarşısında dayanmaq təhlükəsi ilə üzləşib. Lakin bu, yazıçının qəhrəmanlıq və rəşadətinə görə Bürünc Xaç medalı ilə təltif edilməsinə mane ola bilməyib. On illik fasilədən sonra 1950-ci ildə Heminquey "Çayın o tayında, ağacların kölgəsində" romanını oxucuların mühakiməsinə verib.
Hadisələrin İkinci Dünya müharibəsi dövründə İtaliyada cərəyan etdiyi roman birmənalı şəkildə uğursuz əsər kimi qarşılanıb. Hətta müəllifin ünvanın parodiya və felyetonlar da yazılıb. Əsərlərinin məziyyət və üstünlüklərini hamıdan yaxşı bilən Heminquey haqlı iradları sükutla qarşılayıb. Biabırçı uğursuzluğun əvəzini yazıçı iki il sonra "Layf" jurnalında dərc etdirdiyi "Qoca və dəniz" povesti ilə çıxıb.
"İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir" — əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapıb. İnsanını gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraxmayıb. Növbəti il "Qoca və dəniz" Puliser mükafatına layiq görülüb, Ernest Heminquey itirilmiş yazıçı nüfuzunu bərpa etdi. Yenidən milyonların sevimli müəllifinə çevrilib.
Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul olub. Bu mükafatın preambulasında da öz əksini tapıb. Heminquey ədəbiyyat Nobelinə ""Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülüb.
İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində "zəmanəmizin ən yazıçılarından biri" adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən "Qoca və dəniz"in timsalında danışıb. Heminquey səhhətində yaranmış problemlər ucbatından mərasimə qatıla bilməyib. Onun Nobel mühazirəsini iştirakçılara İsveçdəki ABŞ səfiri Con Kebot təqdim edib. Laureat burada son dərəcə mürəkkəb proses olan ədəbi yaradıcılığın anatomiyasını açmağa çalışıb.
Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkib. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilib. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməyibər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılıb. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar edib.Bu, 2 iyul 1961- ciildə baş verib.
Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoyublar. Heminqueyin bir sıra əsərləri ilk dəfə onun ölümündən sonra çap olunub. Lakin 20-ci illər Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı xatirələri istisna olunmaq şərti ilə qalan əsərlər milyonların tanıdığı və sevdiyi sənətkarın portretinə yeni heç bir cizgi əlavə edə bilməyib.
Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilib. Onun haqqında təriflər də deyilib, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilib.
Lakin Heminquey bu gün də dünya miqyasında çox tanınan, tərcümə olunan və oxunan amerikan müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının "Qoca və dəniz" povesti, habelə bir sıra digər əsərləri Azərbaycan dilinə də tərcümə edilib.
Əsərləri
- Yaz selləri (ing. The Torrents of Spring)
- Günəş çıxır
- Əlvida, silah!
- Olmaq ya olmamaq
- Zəng kimin üçün çalınır?
- Çayın o tayında, ağacların kölgəsində
- Qoca və dəniz (Pulitser mükafatı, Nobel mükafatı)
Ölümündən sonra nəşr edilmiş romanları:
- Okeanda adalar
- Cənnət bağları
- İlk baxışdan doğru
- Kilimancaro ətəklərində.
“Ədəbiyyat və incəsənət”
(21.07.2026)


