“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.
Birinci hekayə “Başsızlar” adlanır.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
MÜBARİZ CƏFƏRLİ
BAŞSIZLAR
Tarakanlara
Yaxşı deyiblər ki, qapını bağlı saxla, qonşunu oğru bilmə. Mən bu deyimi dəyişdirmişəm bir az. “Mətbəxini təmiz saxla, tarakanlarda günah görmə”. Düzdü, adətən, tarakanlar isti yerlərə meyillidi, ancaq yemək tapmasa, gəldiyi yeri tərk eləyib gedəcək...
Beş-on il qabaq sınıqçı Kazımın yasına balaca qardaşı gəlmişdi şəhərdən. Demə, kişinin, rəhmətlik Kazımın qardaşını deyirəm, paytaxtda yaxşı adı-sanı varmış, tanınmış həşərat, böcək alimi... Gülmə, gülmə, məclisdə adamlar seyrələndə gəlib otururdu mənim yanımda, dozanqurdudan, çərtikədən tarakandan elə maraqlı şeylər danışırdı ki, heyrətdən əlim ağzımda qalırdı. Nədənsə mən binadan iyrənirəm tarakandan. Ələlxüsus, sarımtıl tarakandan... Kənd adamıyam da, ilan, qurbağa, min cür həşərat vecimə deyil, fəqət, təsadüfən tarakan bədənimə dəydi, tüklərim biz-biz olur, ətim ürpəşir. Ancaq Kazımın qardaşının dediyinə görə, tarakanların da öz aləmləri, neçə min növü varmış. Təxminən üç yüz milyon il qabaq yaranıbmış yer üzündə tarakanlar. Kazımın qardaşı belə deyəndə mən güldüm: “Alimlər onu necə sübut eləyiblər?” O da qaşlarını çatıb armudu stəkandakı çaydan bir qurtum aldı: “Molla, heç nə elə-belə deyilmir, indiyəcən tarakanlardan yüzlərlə kitab yazılıb”. “Elədi, – razılaşdım, – hər şeyin öz xiridarı var”. Söhbət qızışdı, Kazımın qardaşı qayıtdı ki, bilirsənmi, a molla, tarakanlar çox dözümlüdü, indiyəcən atom sınaqları keçirilən yerlərdə bitdən-sirkəyəcən hər şey məhv olub gedir, tarakanlardan başqa...Tarakanlar nüvə silahının yaratdığı dağıdıcı şüalanmanı vecinə almayıb rahatca yaşayır. Həm də tarakanlar başsız bir neçə həftə yaşaya bilir, çünki tarakanlar qarınlarının yanındakı boşluqla nəfəs alır. Mən zarafata saldım: “Elə nəfsi ağlına üstün gələn adamlar da tarakan kimi ömür sürürlər”. Bu dəfə o, köksünü ötürüb razılaşdı, pıçıltıya keçib suçlu kimi özünə haqq qazandırdı: “Haqlısan, indi vəzifə adamları da qarnı ilə düşünür, qarnı ilə nəfəs alır, qarnı üçün yaşayır, amma mənim elələri ilə alış-verişim yoxdu, elm adamıyam mən, akademiyada işləyirəm, sakitcə başımı aşağı salıb öz işimlə məşğulam, dolanışığım da... – sözünə ara verdi. – Yumşaq desəm, çətindi”, – yəqin, yazıq elə zənn eləmişdi ki, onu nəzərdə tuturam. “Darıxma, – dedim, – dünyanın malı dünyada qalır, heç kəs özü ilə heç nə aparmır, yığılan da hər zaman yadlara qismət olur, yığılan yadındı, buna başqa söhbət ola bilməz, məxlugun yığdığını yaxınları yox, qismətinə yazılan xərcləyir”. Gördüm həmsöhbətimin kefi pozulub – onsuz da qardaşının ölümü yaman yer eləmişdi ona – haçansa, hardasa eşitdiyim bir lətifə danışdım. Tarakanlardan...
Deyirlər, birinin evində o qədər tarakan varmış ki, adam başını itiribmiş, nə illah eləyirmişsə, bu iyrənc həşəratların axırına çıxa bilmirmiş. Nəhayət, gecənin bir aləmi yuxudan oyanıb qışqırır: “Tarakanlar!.. Başçınızı yanıma göndərin, sözüm var”. Tarakanların başçısı gələndə ev sahibi deyir: “İllərdi mənim evimdə rahat yaşayırsız, amma qonşunun tarakanları mənə saymazlıq eləyir, göz yumursuz, günü sabah gedin qonşudakı tarakanlarla müharibəyə, onları cəzalandırın, qırın, kökünü kəsin”. Ev sahibinin fikri bu imiş ki, beləcə, tarakanlar bir-birini qırar, o da bu həşəratlardan qurtular. Ancaq ertəsi görür ki, müharibəyə gedən tarakanlar azalmaq əvəzinə artıb, əvvəlkindən də çoxdu. Ev sahibi təəccüblə tarakanların başçısından soruşur: “Belə niyə, bu nə təhər olur?” Tarakanların başçısı qürrələnir: “Qırdığımızı qırdıq, sağ qalanları da əsir götürdük”. Bunu danışdım, Kazımın qardaşının qırışığı açıldı, qımışdı.
Sən görmüşdün Kazımın qardaşını? Yox?! Hardan görəsən, sən adam arasına çıxıb xeyrə-şərə gedən deyilsən axı... Xətrinə dəyməsəydi, “gedən” əvəzinə “yarıyan” deyərdim. İş tapanda işləyirsən, tapmayanda həyətindəki itlərlə, pişiklərlə başını girləyirsən. Cavan olsan da, kərpickəsən kişi kimi adamlardan qaçırsan, təkliyi, tənhalığı xoşlayırsan.
Ancaq yaxşı, abırlı adam idi rəhmətlik Kazımın qardaşı. Mənə verdiyi yas pulunun da yarısını qaytardım özünə. Götürmürdü yazıq utandığından, güclə basdım cibinə ki, sözümə qulaq as, hələ çox xərcin çıxacaq sənin, mən bu kəndin ağsaqqalıyam, yeri behişt olsun, sənin rəhmətlik qardaşınla da salam-əleyküm var idi, pulu götürməsən, mən də inciyərəm, sənin qardaşının ruhu da”.
Fəqət qardaşı öləndən, deyəsən, day yolu düşmür bu tərəflərə. Hər halda, kəndə gəlsəydi, mən xəbər tutardım. Nə olar, neynək, ölübsə, Allah rəhmət eləsin, sağdısa, işi avand olsun, elə diriyə də rəhmət düşür...
“Ədəbiyyat və incəsənət”
(20.07.2026)


