“Biri ikisində” Furqanın hekayələri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Furqanın hekayələr təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

FURQAN                                             

 

TAKTİKA

 

          Mürsəl stadiona yaxınlaşanda hamı təəssüflənir. “Gəlir” – deyir uşaqlar, “məşqçimiz gəlir”.

          Bunu lağ ilə deyirlər. Mürsəl bir gün gəlməsə, sevinəcəklər. Rahat oyunlarını oynayacaqlar. Amma Mürsəl hər gün gəlir. Saat beşi keçdimi, günəşin istisi azca azaldımı, Mürsəl köhnə idman ayaqqabılarını geyinib çıxır küçəyə. Bir o yana, bir bu yana baxıb yola düzəlir. Düz kəndin o biri başına – stadiona tərəf. Asta addımlarla getsə, yarım saata, iti addımlarla getsə, on beş-iyirmi dəqiqəyə stadiona çatır. Hər kəs Mürsəlin hara getdiyini yaxşı bilir.

          Mürsəl stadiona çataçatda uşaqlar da təzə-təzə yığışırlar. Yuxarı siniflərin uşaqlarıdı. Doqquzda, onda, on birdə oxuyurlar. Aralarında əsgərliyə gedib gələnlər, tələbə olub yay tətilində kəndə gələnlər də olur. Mürsəl üçün fərqi yoxdu. Kim yaxşı oynaya bilirsə, qoy o oynasın. İstəyir, lap beşdə oxusun.

          – Hə, ya Allah, başlayın görək! – hər kəsə ümumi salam verəndən sonra Mürsəl ərk ilə deyir.

           Sonra görür ki, uşaqlar hələ kimisə gözləyirlər, topu istəyir.

            – At görək, ə, topu bura.

          Əlacsız qalıb topu Mürsələ tərəf atırlar. Mürsəl topu dörd-beş dəfə çiləyəndən sonra geri qaytarır.

          – Yaxşı topdu, – deyir və əlavə edir, – hə, nəyi gözləyirsiz? Başlayın da.

          Mürsəlin yaşı qırxdan çoxdu. Evlənməyib. Bundan sonra da evlənəsi deyil. Vaxtında qız üçün getmədikləri qapı qalmadı. Heç kim qızını Mürsələ vermədi. İşi yox, sənəti yox. Camaat qızını çöldən tapmayıb ki, çölə ata. Mürsələ qız vermək onu çölə atmaq kimidi. Otuzu keçəndən sonra da Mürsəlin anası öldü. Daha kimdi Mürsələ qız istəyən? Mürsəlin evlənməyi getdi. Balaca qardaşı Müslüm çoxdan evlənmişdi. Anası sağ olanda.

          O vaxtdan bəri Mürsəl vaxtını öldürür. Gah atasından pul alır, gah qardaşından. Siqareti əskik olmur. Bir boğazıdı, bir də özü. Sağ olsunlar, Mürsəli dolandırırlar. Atası öləndən sonra bilmir qardaşı onun dalından təpik vuracaq, ya yox. Ona Allah kərimdi.

          Hələ dərslər bağlanmamışdan uşaqların futbol oynadığı günlər başlayır. Hər axşamüstü stadiona yığışırlar. Bölüşüb oynayırlar. Öz aralarında çempionat qururlar. Bəzən başqa kəndlərdən gələn uşaqlarla oynayırlar. Bəzən isə özləri başqa kəndlərə gedirlər futbol oynamaq üçün. Gedəndə Mürsəli də aparırlar. Daha doğrusu, Mürsəl hər dəfə bir yol tapıb uşaqlarla getməyi bacarır.

          Mürsəl üçün futbol insanlıq tarixində edilmiş ən gözəl icaddı. Arada fikirləşir ki, futbol olmayanda, görəsən, kişilər nə işlə məşğul olublar, nəyi müzakirə ediblər? Ona görə də öz evləri kəndin o başında, stadion isə, kəndin bu başında olmasına baxmayaraq, hər gün gəlir stadiona. Bəxti gətirəndə rastına maşın çıxır, maşınla gəlir. Onda hamıdan tez gəlib çatır. Gözləyir ki, uşaqlar yığışsınlar.

          Amma Mürsəlin pis cəhəti onun çox danışmağıdı. Oyun gedə-gedə Mürsəl də stadionun kənarında o yan-bu yana gəzişir. Bir dəqiqə dinc dayanmır. Gəzir, əsəbiləşir, danışır, deyinir, qışqırır, yeri gələndə ərklə yüngülvari söyür də. Uşaqlar qırx yaşı adlamış bu deyingən adamı ciddiyə alsalar, gərək Mürsəl hər gün döyülə. Yaxşı ki, onun sözlərini eşidən yoxdu. Az qala, onun söyüşləri məlhəm kimidi. Mürsəl əsəbiləşəndə, kimisə yüngülvari danlayanda və yaxud söyəndə gülürlər. Mürsəlin dedikləri tez unudulur.

          – Ə, insafın olsun, Elşən, – deyə uca səslə qışqırır qıraqdan, – adıvı da hücumçu qoymusan, o nə təhər vurmaqdı, vurursan, ə?!

          Bu sözlər Elşənin heç vecinə də deyil.

          – Ə, düz oynayın, ə, – qışqırır, – belə futbol olmur. Bir az canlı oynayın. Yemək yeməmisiz?

          Mürsəl o başa gedir, bu başa qayıdır. Özünü televizorda gördüyü narazı baş məşqçilərə oxşadır. Uşaqların üstünə qışqıranda da əl-qolunu gülməli şəkildə yellədir.

          – Ə, dörd-dörd-iki oynayın, – deyib guya uşaqlara taktika verəndə də barmaqları ilə rəqəmləri göstərir. Amma stadionda hər komandada doqquz oyunçu var, ona fikir vermir.

 

                                                   ***

  

Bir il sonra, yay tətilində kəndə gələndə danışdılar ki, bir gün kəndin yaxşı futbol oynayan uşaqları yoldaşlıq oyunu üçün qonşu kəndə gedibmişlər. Gedəcəklərini Mürsələ deməyiblər. Heç olmasa bir gün onun səsini eşitmədən oynamaq istəyiblər. Mürsəl yenə saat beşi keçəndən sonra köhnə idman ayaqqabılarını geyinib evdən çıxıb, gəlib stadiona. Amma stadiondakı səssizlik onu təəccübləndirib. Elə o vaxt stadionun arxasındakı qəbiristanlıqda atasının məzarını otdan təmizləyən Maqsud müəllimi görüb soruşub:

          – A Maqsud müəllim, sən bilməmiş olmazsan, bu uşaqlar hardadılar?

          Maqsud müəllim deyib ki, elə indicə Akifin rafına doluşub yuxarı kəndə getdilər futbola.

          Mürsəl heç nə demədən bir yastı daş tapıb oturub üstündə. Fikirləşib ki, heyif, uşaqlar mənsiz uduzacaqlar. İndi kim onlara taktika verəcək?!

          Yuxarı kəndə piyada gedə də bilərmiş, əslində. İki-üç kilometr yoldu. Bəlkə, rastına bir maşın da çıxar. Amma sonra fikrindən daşınıb.

          “Qoy cəzalarını çəksinlər” deyə keçirib ağlından.

          Həmin gün kəndimizin uşaqları yuxarı kəndin uşaqlarını 8-3 hesabı ilə udublar. Bu, Mürsəlin gözləmədiyi bir nəticə olub və bu hadisədən sonra onun futbola bağlılığı bir az azalıb.

          İndi Mürsəldən soruşsan ki, ay Mürsəl, futbola baxırsanmı yenə? Cavab verir ki, ə, baxıram e, amma futbolun ləzzəti qaldı keçmişdə. Ronaldinyonun, Zidanın, braziliyalı Ronaldonun vaxtında. İndiki futbol futbol deyil ha. Qumardı.

          Əslində, hardasa, düz deyir, amma bu sözləri gərək Mürsəl yox, başqa adam deyəydi. Mürsəl deyir deyə, hamını gülmək tutur.

 

 

 PROTEZ DİŞLƏR

 

          Yəqin, ata-oğuldular. Qabaqda gedən maşına əl elədilər, saxlamadı. Mənə də əl edirlər. İkisi birdən. Saxlayıb salam verirəm. Qonşu kəndin adamlarıdı. Soruşuram ki, hara gedirsiz? Atanın dili söz tutmur, kəkələyir. Ayaq üstə də güclə dayanır. Heyi yoxdu. Oğlu deyir, rayona gedirik, apara bilərsiz? Cavab verirəm ki, apararam, oturun, elə mən də rayona gedirəm. Ata bir də soruşur ki, rayona apararsanmı? Cavabı oğlu verir. Otur, deyir, ay ata, aparır rayona. Qabaq qapını açır, atasına kömək edir ki, otursun. Zalımın oğlu nə qədər içibsə, özündə deyil. Oturan kimi spirtin iyi vurur. Oğul arxada oturur. Olar hardasa on iki-on üç yaşı. Saçları dağınıqdı. Üzünün dərisi gündə qaralıb. Güzgüdən göz qoyuram. Qara köynək var əynində. Üz ifadəsindən o dəqiqə hiss olunur ki, kefi yoxdu. Bəlkə də, utanır. Bir az gedəndən sonra:

          – Niyə gedirsiz rayona? – soruşuram.

          Ata artıq yuxu bişirir. Başı sol çiyninə düşüb. Sualıma oğul cavab verir:

          – Atamı aparıram.

          – Atan niyə bu vəziyyətdə rayona gedir ki? Ayaq üstə dura bilmir.

           Bəlkə də, heç nə soruşmasam yaxşıdı. Amma maraqlıdı da. İçmisən, yıxıl yat, hara gedirsən bu fasonda? Deməli, vacibdi getmək, yoxsa getməzlər.

          – Atam protez dişlərini bu gün rayonda itirib. Onu axtarmağa gedirik.

          Can bala, fikirləşirəm ürəyimdə. Sənin nə yaşın var ki, atanı daşıyırsan indidən? Atanın dünya-aləm vecinə deyil. Astadan xoruldayır. Maşın çala-çökəyə düşdükcə o da yerində yellənir.

          – Heç olmasa bilirsiz ki, harda itirib?

          – Hə, – deyir oğul, – günorta bir kafedə yeyib-içiblər, deyəsən, elə o kafedə düşüb. Ora gedirik.

          – Birdən orda olmasa neyləyəcəksiz? – soruşuram. Şər deməsən, xeyir gəlməz.

          – Bilmirəm.

          Bir az susmağa qərar verirəm. Sakitlik yaranır. Təxminən on iki-on üç il əvvəl çəkilmiş asfalt dağılıb pis günə düşüb. Elə bil maşın sürmürəm, telefonda hansısa oyunu oynayıram, çalaya düşsəm, uduzacam. Halbuki bu asfalt təzə çəkiləndə kənddən rayon mərkəzinə iyirmi dəqiqəyə çatmaq olurdu. İndi otuz beş-qırx dəqiqə çəkir.

           – Atan həmişə belə çox içir? – dinc dayana bilməyib soruşuram.

          – Tez-tez.

          – Hər dəfə piyan olanda nəyinisə itirir?

          – Yox, – deyir oğul.

          Gözüm güzgüdə, oğula baxdığım yerdə maşın iri bir çalaya düşür. Ata yuxudan ayılır. Ayılan kimi də deyir ki, axırıncı dəfə olsun, bir də içməyəcəm. Dediklərini güclə başa düşürəm. Yenə oğula baxıram. Oğul bu cümləyə əhəmiyyət vermir. Hər halda, hər dəfə içib bu kökə düşəndə eyni sözləri deyir. Bir də içməyəcəm. Amma içir.

          Ata yenə yuxulayır. Yenə başı sol çiyninə düşüb.

          Oğul narahat oturub. Arxaya söykənmir. Narahatlığı imkan vermir ki, arxaya söykənsin.

           – Ürəyini sıxma, – deyirəm, – tapılacaq, inşallah.

          Dinmədiyini görüb onun nigaranlığını, narahatlığını azaltmaq üçün əlavə edirəm:

          – Mənim də rayonda beş-on dəqiqəlik bir işim var, işimi görüm, elə mənimlə qayıdarsız dala.

          Yenə dillənmir.

          Gedirik. Ata xoruldayır.

          Oğul narahatdı.

          Öz-özümə fikirləşirəm ki, bir adamın protez dişləri necə itə bilər? Ağzından çıxıb dişlərin yerə düşə, xəbərin olmaya. Bəlkə də, özü çıxarıb qoyub harasa, sonra da unudub.

          Sərt döngələrin birində yuxulu ata üstümə aşır. Başı sükana dəyəndə ayılır. Oğul üstümə aşmış atasını dikəltmək üçün mənə kömək edir. Bir əlimlə sükanı tutmuşam, bir əlimlə atanı.

          Ata əvvəlki vəziyyətinə qaytarılır.

– Adın nədi? – soruşuram oğuldan.

          – İlkin.

          – Neçədə oxuyursan?

          – Yeddidə.

          – Yaxşı oxuyursan?

          – Belə də. Yox. Başıma girmir. Oxuya bilmirəm.

          – Bəs nə olmaq istəyirsən?

          – Polis.

          – Niyə polis?

          – Bilmirəm. Xoşum gəlir.

          – Atan nə işləyir bəs?

          – İşləmir. Mal-qaramız var. Bir az da qoyun-quzumuz. Elə onlara baxır.

          – Həə, – deyirəm, – o getdiyimiz kafenin adı nədi? Rayonun harasındadı?

          Güzgüdən gözlərimə baxır. Bilmir. Atasını silkələyib soruşur:

          – Ata, kafenin adı nədi?

          – Hııı, – zırıldayır atası.

          – Kafenin adı nədi?

          – Dostluq, – güc-bəla ilə deyir.

          – Hə, tanıyıram oranı, – deyirəm. Bilmirəm oğula necə təskinlik verim. Hansı sözlərimlə onu bir az rahatladım. Allah bilir, ürəyində nələr çəkir. Qorxur hər halda. Birdən dişlər tapılmasa, nə olacaq? Kafedə deyilsə, harda axtarmaq lazım olacaq? Özümü onun yerinə qoyuram. Çətindi. Heç kim onun yerində olmaq istəməz.

          Rayona çatırıq. Birbaş həmin kafenin önünə sürürəm maşını.

          – Çatdıq, – deyirəm. Oğul maşından düşüb qabaq qapını açır.

          – Oyatma, – deyirəm. – Gəl özümüz girib soruşaq.

          Oğul qapını bağlayıb arxamca gəlir. Kafeyə daxil oluruq. Kafenin sahibinə oxşar görkəmdə olan kişinin yanına gəlirik.

          – Dayı, salam, – deyirəm.

          – Əleyküm-salam, – deyib üzümə baxır.

          – Dayı, – deyirəm, – bu gün burda müştərilərinizdən kiminsə dişləri qalmayıb ki? Protez dişlər.

          Dayı gülümsəyib deyir:

          – Həə, qalıb. – Sonra açıq qapıdan içəri uca səslə haylayır: – Cavad, gətir o dişləri bura.

          Arıq bir oğlan salfet kağızına bükülmüş dişləri gətirir.

          – Baxın görək bunlardı? – dayı bükülü salfet kağızını açıb bizə göstərir.

          – Hə, – deyirəm, – bunlardı.

          – Alın onda.

          – Çox sağ olun, dayı, – deyirəm.

          – Sən Allah, kimin protezidi bu? – soruşur dayı.

          – Yiyəsi maşında yatıb. İstəyirsiz gəlin baxın.

          Dayı arxamızca gəlir. Qabaq oturacaqda yatmış kişini görüb pıqqıldayır.

          – Məzən olsun, ay Rövşən, – deyir. Gülür və gedir.

          – Atanın adı Rövşəndi? – soruşuram oğuldan.

          – Yox, – deyir.

          Onda Rövşən hər kimdisə, protez dişlərin itməyinin səbəbkarıdı. Ağlıma başqa heç nə gəlmir.

          – Gəl kömək elə atanı oyadaq, keçirək arxaya. Rahat yatsın. Sən də qabaqda otur.

          – Yaxşı, – deyir və birtəhər dediyimizi edirik.

          Oğul oturur qabaqda.

          – Kiçik bir işim var, – deyirəm, – gedək, onu həll edim, sonra qayıdaq evə.

          – Yaxşı.

          Oğulun çiynindən böyük bir dağ götürülüb, elə bil. Bayaqkı narahatlığı yoxa çıxıb. Sevinirəm. İşimi tez həll edirəm və kəndə tərəf yola düşürük.

          – Dişləri neylədin? – deyə soruşuram.

          – Cibimdədi.

          – Ehtiyatlı ol, sındırarsan.

          Cibindən protezi çıxarıb əlində saxlayır. Protezi elə tutub, sanki, atasının əlindən tutub.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.