Ulduzların ad gününü vəsf edən şair Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dörd tərəfdən öz tarixi torpaqları ilə sərhədləri olan yeganə dövlətdir Azərbaycan. Şimalda Rusiya, qərbdə Gürcüstan və Ermənistan, cənubda İran...

Hazırda Gürcüstan respublikasının ərazisini təşkil edən Borçalı elləri... Səndən necə böyük dühalar, şəxsiyyətlər çıxıbdır.

 

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. 1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb.

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib.

Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib (1994-cü ildən). Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlayıb.

Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət verib, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak edib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib. 1997-ci il iyulun 14-də vəfat edib.

 

Əsərləri

- Ulduzların ad günü

- İşıqlı yarpaqlar

- Torpaq nəğməsi

- Ömrümdən keçən qatar

- Salam, Yer kürəsi

- Anamla söhbət

- Yelləncəkdə yellənən külək

- Gedim anamdan soruşum

- Bir ömürlük gecə (şeirlər və poemalar)

 

Tərcümələri

1. Roya İnara. Xirosimada (şeir)

2. Mixail Matusovski. Sükut dəqiqəsi (şeir)

3. Slutski Boris. Tolstoyun romanı (şeir)

4. Yevgeni Yevtuşenko. Heç nəyin yarısını istəmirəm dünyada… (şeir)

5. Baltakis Altimantas. Ürək-Vətən (şeir)

6. Oljas Süleymanov. Nyu-Yorkda leysan (şeir)

7. İmant Ziyedonis. Leninlə görüş (şeir)

8. Konstantin Simonov. Vətən (şeir)

9. Draç İvan.Gecə etüdü (şeir)

 

Filmoqrafiya

- Qarabağ bülbülləri (film, 1977)

- Belə bir şəhər var (film, 1982)

- Bəyin oğurlanması (film, 1985)

- İntizar (film, 1986)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.