“Biri ikisində” İntiqam Yaşarın özüylə söhbəti və şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə istedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın özüylə söhbəti və şeirləri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

İNTİQAM YAŞAR

 

ÖZÜYLƏ SÖHBƏTİ...

 

Zaman çox sürətlə gedir. Baxıram ki,  “Ulduz” jurnalının “Özüylə söhbəti və şeirləri” rubrikasında nə az, nə çox düz 5 il əvvəl qonaq olmuşam. Bu 5 illiyə dönüb baxanda adam istər-istəməz dünyada baş verənləri, öz dünyasında, çevrəsində olan nikbin və bədbin dəyişiklikləri göz önünə gətirir. Bir qisminə sevinirsən, bir qismi də səni təəssüfləndirir.  İti gedən zamanın fonunda nə yazıq ki, çox şeylər "sadəcə" sürətlə surətə çevrilir. Bir tərəfdən də yaşa dolduqca dünyaya baxışın, dünyanın sənə baxışı xeyli dəyişir...

Həyatın gerçəklikləri ilə yanbayan addımlayan həssasiyyət dolu tərəfi ədəbiyyat adamlarına bir az daha çətin bir həyat vəd edir. Ürəyinin istədiyi ilə həyat gerçəklikləri nəinki yaxın, əksinə, təzadlı bir mənzərə ilə üzbəüz qoyur adamı. Mənəvi amillərin ön planda olduğu, insanı və insanlığı ayaq üstə saxladığı zamanlar öz yerini daha qəddar, daha mexaniki ab-hava ilə silahlanmış zamana verir.

Dünya demişkən, bu anlayış da hər kəs üçün çox fərqlidir. Ədəbiyyat adamları üçün isə bəlkə də, deyərdim, daha çətin daha həssas, daha başqa...

Ədəbiyyatın dünya içində bir dünya olduğunu idrak edənlərə görə isə bunun izahı  geniş miqyasda olur.  5 illik zaman kəsiyindən ki, söz açmaqla söhbətə başladım, onu da deməliyəm ki, zaman keçdikcə insan, ədəbiyyat, mətn, sənət, və bunların qarşısında iri hərflərlə gözümüzə batan XAOS anlayışı məni bir ədəbiyyat adamı olaraq narahat edəcək dərəcədə düşündürür. Sürət əsrinin müsbət tərəfləri ilə yanaşı insan oğlunun mənəviyyat ərazisini daraltması amili çox vahiməlidir. İllərin fonunda ədəbiyyatın, sözün kölgələnməsi ilə cəmiyyətin bir çox dəhşət saçan tərəfləri ön plana çıxır.  Detallara varıb hamıya məlum həqiqətlərlə bu yazının ruhunu zədələmək fikrim yoxdur, amma yenə də sözə pənah!

Doğrudur, bu mətn özüylə söhbət qədər həm də hamıyla söhbət oldu. Amma bu maraqlı rubrika yenə də ideya olaraq illərlə öz fərqliliyini saxlayıb. Həyat elə başdan-başa intertekstual yapı ilə qurulub.  Çox şey həyatda onsuz da bir-birinin içində gizlənib. İnsan bəzən ətrafa demək istədiklərini, soruşmaq istədiklərini özünə deyir, özündən soruşur. Buna görə də özünlə söhbət, həm də hamı ilə söhbətdir...

 

 

VƏ ŞEİRLƏRİ...

 

ADAM

 

Şeirdən də bezər adam,

Sözdən də yorular adam.

Bir gün elə sol köksündən

Yıxılar, qırılar adam.

 

Yol ayırar adla-sanla,

Di gəl, bunu bacar, anla.

Özü verdiyi nişanla

Köksündən vurular adam.

 

Gündə yüz çubuq uzanar,

Başına çoxu dolanar.

Könlü bulaqtək bulanar,

Ağlayar, durular adam.

 

Üzü çat, yer üstü kimi,

Soyuq kimi, isti kimi.

Bir gün də ağ tüstü kimi

Göylərdə burular adam.

 

 

TORPAQLARIN VƏTƏN OLAN TƏRƏFİ

 

Torpaqların 

vətən olan tərəfi

qan azlığından

əziyyət çəkir həmişə.

Odur ki,

qanını torpağa verir övladlar

son cümləsinəcən...

Nə yaxşı ki,

bütün qan qrupları torpağa düşür.

Taqətsiz vətənin üstünü örtməksə

buluda düşür,

ağaca düşür,

yarpağa düşür...

Yoxsa...

 

 

***

 

Ömür sual yağışıdır,

Cavablar düşüb qurağa.

Üzülməli nə var burda,

Biz də çəkildik sınağa.

 

Atmağa bir daş da yoxdur,

Ataq ki, soyusun ürək.

Bir nəfəslik çimir alsın,

Bir azca uyusun ürək.

 

Bu bəxti kim atdan salıb,

Ölümtək çöküb üstünə?

Bəlkə, bəxtimiz üşüyüb,

Ölümü çəkib üstünə?

 

 

MONO “DİALOQ”

 

Getdilər, qəfildən yığışıb getdilər,

Bir mən qaldım, bir də bomboz yer üzü.

Kimisə gözləmək haqqımı da apardılar,

Kiməsə söz demək haqqımı da.

O gündən sözlüyü divardan asdım,

Susdum...

Qoca döyüşçü tüfəngini divardan asdığı

kimi.

Susduğu kimi...

Bəzən ata bilmədiklərin göz dağı olur,

Bəzən çata bilmədiklərin.

Eh, qoca şair, daha sözlə işin yoxdu,

Bir baxırsan ilğım kimi keçmişin kabusu,

Bir baxırsan yenə aldandın,

yaddan çıxdı keçmişin yoxdu.

Gələcək də körpüdür, əvvələ uzantı kimi,

Bəs indi, bəs bu gün?

Bəzən ölüm kimi, bəzən yaşantı kimi...

 

 

***

 

Bir gün ayılarsan ki, ən yaxın bildiyin

ən uzaqdakı adamdı,

Əlin çatmır qapısını döyməyə...

Səsi aradakı məsafələrdən çilik-çilik dolur

nəfəsinə.

Gözlərin səndən xəbərsiz yol çəkir

gəlişinə.

O isə yubanar, yubanar, yubanar...

Zamansa yubanmaz. 

Çapar dördnala, dayanmaz...

 

 

***

 

Dəli kimi sevməyə can atdıq, atmalıydıq,

Bu yolda ən birinci atılası can idi.

Bizdən öncə sevənlər, ayrılanlar çox idi,

Həm hamı razı idi, həm hamı peşman idi.

 

Gözlərimiz öyrənib keçmiş üçün yol çəkə,

İçimizdə hər şeyin həsrəti, hıçqırığı.

Bunca ağrıdan sonra nə qaldı əlimizdə,

Bir az keçmişin izi, bir az ümid qırığı.

 

İndi də gecikirik gözəl olacaqlara, 

Bizdən aslı olmayan min səbəbə əsirik.

Onsuz da ki, doymuşuq könülsüzük süfrədə,

İki udum göz yaşı, bir az ümid kəsirik.

 

 

***

 

Hamıdan ömrünü gizlədən adam,

Açdı qollarını taybatay günəşə tərəf.

İçində bütün yoxlara “varımsan” – dedi,

Ruhunu doğrayan iti səslərə yenildi.

Bilmədi gözündə intihar edən keçmişin

edam ipi kimin hörükləridir.

Küləklər yenə yem axtaran sərçələri

aldadır,

Suya danışılan yuxular buludlara qovuşdu,

Arzuların mənzili uzaq, arzular hələ də

yoldadır.

Hə, o adam, o adam!

Haradadır, görəsən?

Görən oldumu?

Dedilər, yetişib keçmişinə.

Sərçələr ovuclarındakı dənə yığışıb...

 

Təbrizə boylanıram –

Bakının Azadlıq küçəsindən Təbrizə

boylanıram,

Günəş buludlarla çarpışır.

Bir qızcığaz görürəm əlində bayraq var,

Sevincindən anasının barmaqlarını gizlədir

ovuclarında...

Meh ağacları tərpətdikcə oyanır şəhər...

Saat meydanında əqrəblər ürək-dirək

verir bir-birinə...

Şəhriyarla Behrəngini görürəm...

Küçələri deyirəm...

Qol-qola üz tutublar Araza tərəf...

Bakının Azadlıq küçəsindən Təbrizə

boylanıram,

Buludlar əriyir, buludlar yox olur...

Məmləkət günəşi qalib görür!

 

 

***

 

Ürəyimdən çıxarılan qanlı ox bərabəri

doğmasan,

Ovcumla acı həqiqətə pərdəyəm, rahat ol.

Baxışlarımın ayaq səsindən

 diksinməsin getdiyin yollar,

Gözlərim susmağı da öyrənib

 "A" hərfini öyrənərkən.

Məndən sənə ziyan gəlməz bütün arzu

şəkillərində,

Məndən sənə ziyan gəlməz, məni də 

özümdən qoru.

 

 

***

 

Kimdən söz düşsə də, səndən düşməsin,

Bir də qayıtmayım adın tərəfə.

Tövbəni boynumdan dua asmışam,

Yön çevirmərəm o qadın tərəfə.

 

Qismət bir oyundu zər yiyəsinə,

Bəxtini çağırmaq lal üçün dua.

İllərin tikanı üstə sürünmək,

Ömür sürmək imiş, mənimçün, guya.

 

Nəfəs yorğunuyam ömür içində,

Ayağım buxovda, əlim qəfəsdə.

Gözümü açalı belə görmüşəm,

Yaşam qəfəsdədir, ölüm qəfəsdə.

 

 

***

 

Küçələr əl açıb adam dilənir,

Küçələr gözümdə səfil-sərgərdan.

Zamanla unutduğum ağrıları da

yadıma salır yoxluğun.

Gözlərimdə rəngi solmuş min həqiqət var,

min bir yalan.

Özümdən elə qisas alıram ki,

 ömrümə gecikmiş adam.

Bunu nə sən bacarardın, nə bir başqası.

Həqiqətə tərəf addım atıb yıxılmaq -

Sənə bir addım da yaxınlaşmaqdır.

Mən dizlərimdəki yaralar qədərəm,

Yıxılmaq gözümü qorxutmaz... 

 

 

***

 

Qanadı bağlı quşlar lənətləyər göyləri,

Tanrı həqiqətləri pıçıldar dənizlərə.

Hərə bir pərdə tikər qaranlıq düşən kimi,

Səhərə hazır olar çəkmək üçün üzlərə.

 

Viranə məmləkətdə ahu-vay nəğmə olar,

Qol qaldırıb dərdinə süzənə əl çalarlar.

Sıxılar otuz iki diş, düyün düşər alınlar,

Bu hikkənin qurduğu düzənə əl çalarlar.

 

O qərib xəyalların üstünə kölgə düşər,

Taleyiylə barışmaz nə canlar xəyal olar.

Bu dünya bazarında əli "yaxşı" gətirər,

Verdiyi sual olar, aldığı sual olar.

 

Hər həqiqətdə şübhə, hər şübhədə həqiqət,

Gedilməyən yolların canında yorğunluğu.

Gördüyün hər nə varsa, qənimdi taqətinə,

Apar, evinə apar, sonunda yorğunluğu.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.