Biri ikisində - Nadir Qocabəylinin hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Nadir Qocabəylinin hekayəsi

təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

Nadir QOCABƏYLİ

İYDƏ AĞACI 

(hekayə)

 

– Qadir dayı! Ay Qadir dayı!

Qonşum İmamverdinin səsiydi. Xanım təzədəm çayı masamın üstünə təzəcə qoyduğundan onun harayına çıxmaq heç ürəyimcə deyildi. Həm də nə deyəcəkdi ki?! Həmişəki kimi uzaqbaşı ya balta istəyəcəkdi, ya mişar, ya da laqonda.

Yaxşı ki, uşaqlar evdəydi, dedim baxın görün nə istəyir, verin getsin.

Pürrəngi çaydan elə bircə qurtum almışdım, oğlum gəldi ki, “ata, səni istəyir, nəsə sözü var...”

Başa düşdüm ki, qismətimdə bu təzədəm limonlu çayı ləzzətlə içmək yoxmuş. Heç qoyarlarmı? Bizə axı hər şeyin bayatımışı, qurumuşu, keyfiyyətsizi caizdi, yoxsa qudurar, özümüzü nəsə hesab edər, ağ olarıq...

Üst-başımı qaydaya salıb çıxdım. Qonşu artıq həyətdəydi.

Onu evə, çay içməyə dəvət etdim.

– Təzədəm çayımız var, qonşu, buyur evə, adama bir stəkan içək. Mənimki elə stolun üstündədi, sənə də...

Ancaq İmamverdi sözümü tamamlamağa imkan vermədi.

– Sağ ol, qonşu, – o dedi. – Səndən balaca bir xahişim var.

– Buyur, eşidirəm, – cavab verdim.

– İcazə ver, o iydə ağacını kəsim.

Qonşum məndən azı iyirmi yaş kiçik cavan bir oğlandır. Ancaq çox tez evləndiyindən uşaqları elə mənimkilərlə təxminən tay-tuş olarlar. Yaşadığım evin torpağını da vaxtilə, yəni İmamverdinin bığ yeri təzəcə tərləməyə başlayanda onun valideynlərindən almışam.

Elə evi tikib təzəcə içinə girmişdim ki, məni onun toyuna çağıdılar. Mənimlə təxminən yaşdaş atasına dedim ki, ay Cavad kişi, bu hələ uşaqdır axı, nə xəbərdi. Qoy bir məktəbi qurtarsın, oxusun, iş-güc sahibi olsun, əsgərliyini çəksin, sonra evlənər də...

Cavab verdi ki, artıq işləyir, mənə kömək edir. Yoldaşım da işə getdiyinə görə, ev yiyəsiz qalır. Gəlini gətirirəm ki, evdən muğayat olsun...

– İmamverdi, – dedim, – bu iydə ağacı sənə nə problem yaradır axı? Gör neçə də gözəldi, hələ çiçəklərinin qoxusunu demirəm, adamın nəfəsini genişlədir, ürəyini açır.

İmamverdi ilə aramızdakı hasarın döşündə öz-özünə bitib, öz-özünə boyümüş, iri gövdəli, hündür, qamətli ağaca çevrilmiş iydə həqiqətən çox gözəl idi. Bu qış aşağıdakı qol-budağını darayıb, səliqəyə saldığımdan daha da gözəlləşmiş, sarı çiçəkli salxımları xeyli çoxalmışdı. Ətri bütün məhəlləni bürümüşdü. Bir yerə çıxıb evə qayıdanda uzaqdan onun qoxusunu hiss edib başımı qaldırır, gəlib həyətə girənəcən fəxr və fərəhlə tamaşa edirdim. Həyətə girib, bir də yaxından heyranlıqla baxıb, qoxusunu ləzzətlə ciyərlərimə çəkir, Tanrının və təbiətin yaratdığı bu gözəlliyə şükr edə-edə xoş ovqatda evə daxil olurdum.

Amma İmamverdi dedi ki, ağacın yarpaqları və çiçəkləri onun həyətinə tökülür, yoldaşı süpürməkdən təngə gəlib. Ayaqları və onurğası zədəli olduğu üçün qadın əyiləndə əziyyət çəkir.

– İcazə ver, kəsim, onusuz da yenidən pöhrələyəcək də, – o, nəzakətlə  gülümsəyərək, çöhrəsinə məsum və mehriban bir ifadə verdi.

– Ay qonşu, – dedim, – axı bu ağacın budaqları sənin həyətinə keçmir, hamısı hasarın bu tərəfindədir, qışda budayanda siz tərəfə keçən budaqların hamsını kəsmişəm.

– Valla, həyət pis gündədi, inanmırsan, keç bax, – o, pərt halda cavab verdi.

İmamverdi ilə mübahisə etməyə nə həvəs vardı, hə də hövsələ. Biz açıq-aşkar bir-bizimizi anlamaqda çətinlik çəkirdik. Əslində mən ona iydə yarpaqlarının və çiçəklərinin çox gözəl şeylər, Tanrının, təbiətin bizə bəxş etdiyi gözəllik və lütfkarlıq olduğu haqda uzun nitq söyləyə bilərdim. Ancaq bu, mənasız bir tirada olacaq, şirləri yığıb, onlara ceyranları yeməmələri haqda mühazirə oxumaq qədər absurd görünəcəkdi.

Düşündüm ki, atalar boş yerə “qonşun pisdi, köç qurtar” deməyib ki. Ancaq fikrimi dərhal da dəyişdim. Çünki Allahtərəfi danışsaq, İmamverdi pis qonşu deyildi və ona hər hansı bir irad tutanda, nə barədəsə xəbərdarlıq edəndə üzə qayıtmaq, cavab qaytarmaq kimi xasiyyəti də yoxuydu. Vaxtilə həyətdə zibil yandırmalarını irad tutmuşdum, dərhal olmasa da, bir müddətdən sonra, sağ olsunlar, havanı zəhərləməyi dayandırmışdılar. Ondan sonra gecələr hidrofor sistemli su nasosu hər dəqiqəbaşı vıyıldayıb məni yatmağa qoymayanda, onsuz da oyaq olan sinirlərimi daha da gərginləşdirib, beynimi xarab edəndə çağırıb dedim ki, qardaş, sənin su kranın haradansa buraxır; bu həm su israfıdır, həm sənin cibinə ziyandır, həm də mənim əsəblərimi korlayır. Onda da bir söz demədi, gülümsədi, söz verdi ki, düzəldəcək. Sağ olsun, düzəltdi də, ancaq yenə də dərhal yox. Bir neçə dəfə xəbərdaqlıq etdikdən sonra, deyəsən, nasosu söküb, evin zirzəmisində quraşdırdı və zəhlətökən, əsəbpozan vıyıltı da kəsildi. Hazırda gecələr külək əsəndə çırpılaraq köhnə neft buruğu kimi danqa-dunq salan və şirin yuxumuza haram qatan dəmir qapıya əncam çəkməsi üzərində işləyirdim ki, məni qabaqladı və biçarə iydə ağacından elə şikayətləndi ki, dəmir qapı yaddan çıxdı. Yoxsa hər dəfə gecələr Abşeron küləyinin əsəbi həmlələrinin zərblə çırpdığı dəmir qapının həyasızlığını ona növbəti dəfə xatırlatmağı düşünürdüm.

Birdən ağlıma gəldi ki, bəlkə qonşumun həyətimdəki iydə ağacının gözəlliyinə paxıllığı tutur. Axı iydə həqiqətən çox gözəl, qədd-qamətli idi və həyətində belə bir təbii gözəllik olmasını hər kəs istər. Üstəlik, nəzərə alsaq ki, bu həyəti vaxtilə İmamverdinin valideynlərindən satın almışam, bu da qibtə duyğusunu alovlandıra, artıra bilərdi. Axı ehtiyac ucundan məcburən torpaq, ev, əmlak satmaq insana toxunur və bunu ölüncə unuda bilmir. Biri elə mən özüm. Atamın evini və yurdunu satdığımdan iyirmi il keçsə də, hələ də hər gecə yuxuda orada oluram və görürəm ki, evi satdığım adamlar hələ köçməyiblər. Ya da köçsələr də, bizi oranı tərk etməyə tələsdirmirlər.

Sonra düşündüm ki, bəlkə iydə ağacının məsum, sadəlövh çiçəkləri və yarpaqları nə işlə məşğul olduğu düz-əməlli bəlli olmayan qonşumun bahalı maşınının hansısa məsamələrinə dolur və sonra onları oralardan çıxarmaq it zülmünə çevrilir? Ancaq sonra ağlıma gəldi ki, qonşum öz bahalı maşınını həyətində yox, çox zaman mənim  darvazamın qarşısında saxlayır. Mən də ona bir söz demirəm, çünki öz maşınımı çoxdan satmışam və bu səbəbdən darvazanı açıb-bağlamağa, maşını həyətə salıb-çıxarmağa ehtiyac olmur ki, qonşunun maşını da maneçilik törətsin.

Qonşum son iki-üç ildə qəfil varlandı və hər kəsdə olmayan yekə, bahalı maşın aldı. Sağlığına qismət. Mən hamının yaxşılığını istəyirəm. Ancaq cəmi üç-dörd il qabaq oğlumun təhsil haqqını ödəmək üçün ucuzvari maşınımı satanda gəldi ki, kreditlə versəm, alar. Mən də cavab verdim ki, vallah, pul lazım olduğu üçün satıram. Ondan sonra evimin qapısını bağlayıb, iş üçün məcburən qonşu ölkəyə getdim. Orada tərcümə işləri ilə məşğul olmaq üçün notariat kontoruna müraciət etmişdim ki, diplomumu təsdiqləyib, imzamı qəbul etsinlər. Ancaq universitetin Azərbaycan bölməsini bitirdiyim üçün qəbul etmək istəmirdilər. Bu məsələ ilə bağlı notariusla mübahisə etdiyim məqamda tanınmayan nömrədən zəng gəldi. Üzr istəyərək, açdım və kim olsa yaxşıdır. Həmin bu İmamverdi. Mənə deyir ki, qonşu, onsuz da evi satırsan, icazə ver, keçim sənin həyətinə, velosipedini götürüm.

Dedim, qardaş, əvvəla, ev hələ ki satılmayıb, satsam və qonşu ölkəyə köçəsi olsam, söz verirəm ki, velosipedi sənə bağışlayacam. Sonra da ki, velosipedi evə qoymuşam, qapıları da bağlamışam...

Ancaq hiss elədim ki, qonşum velosipedin yerini də bilir, onu oradan necə götürməyin üsulunu da...

Lakin insaf namına deyim ki, İmamverdi pis qonşu deyil. Bu atalar da çox sözü havaya sovurublar ey... Qonşun pisdir, köç qurtar. Guya köçmək elə halva imiş.

Yəqin ki, atalarımız, yəni ulu babalarımız bu sözləri alaçıqda yaşayanda deyiblər. Çünki pis qonşudan canını qurtarmaq üçün alaçığı söküb, ucsuz-bucaqsız dünyanın çöllü-biyabanının başqa bir yerində qurmaq heç bir çətinlik yaratmayıb. Sənəd-sünəd düzəltmək yox, normal qiymətə müştəri tapmaq yox, dəllal yox, makler yox, icra hakimiyyəti yox, münasib qiymətə ev almaq, ya da kirayə tapmaq yox, ev əşyalarını zədələmədən, itkisiz daşımaq yox. Elə köçməyə nə var ki.

Fəqət onlarda da günah olmayıb. Nə bilsinlər ki, vaxt gələcək, insanlar alaçıqlarda, çadırlarda yaşamayacaqlar və pis qonşudan can qurtarmaq elə də asan olmayacaq.

Ancaq yenə deyirəm, İmamverdi pis qonşu deyil. Çünki ona pis qonşu desək, gərək bütün millətə, bəlkə də, bütün bəşəriyyətə pis deyək. O sadə səbəbdən ki, dünyadakı bütün qonşular real və potensial imamverdilərdir.

Hara köçəcəyəm ki, daha yaxşı, səviyyəli, mədəni qonşularım olacaq və məni hərtərəfli başa düşücəklər? Elə bu səbəbdən haqq-salam, qonşuluq xatirinə ağacı kəsməsinə icazə verdim. Çünki elə o özü demişkən, iydə ağacı yenidən göyərib, pöhrə verəcək, boy atacaqdı, ancaq pozulmuş münasibətləri bərpa, kəsilmiş haqq-salamı yenidən qaynaq etmək asan deyil...

 

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.