Cavid Zeynallı, yazıçı
“Ədəbiyyat və incəsənət”
2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı "Vegetarian" romanına görə Han Kanqa verildi. Romanı ötən il oxumuşam. İndi stolun üstündəki kağız-kuğuzun içindən tapıb ötəri vərəqlədim. Oxuyanda altından xətt çəkdiyim, sonra tamam unutduğum cümlələr gözümə batdı. Bu haqda bir qədər sonra...
Yazıçı “tarixi travmalara qarşı duran və insan həyatının kövrəkliyini açıb göstərən poetik nəsrə görə” bu yüksək mükafata layiq görülüb.
Dünyanın ədəbi-mədəni ritmindən uzaq düşməmək üçün imkanım çatdığı qədər prosesləri yaxından izləyirəm. Əlbəttə, bu mənada romanı oxumaq faydalıdır. Kitab "ədəbi-bədii dəyəri ilə mənə nə verdi?" - sualına isə cavab verməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, son illər böyük ədəbi mükafatlara layiq görülən romanlar haqqında danışmaq mənim üçün çətindir. Məsələn, elə "Axşam narahatlığı" romanına görə "Buker" alan Marieke Lukas Riyneveld haqqında...
Nə isə, gələk mətləbə.
"Vegetarian"ın tərcüməsi haqqında yazmaq istəyirəm. Nə gözəl ki, roman orijinaldan çevrilib. Yəni Koreya dilindən. Amma necə çevrilib? Bizim tərcümə sahəsində ən vacib öhdəliklərimizdən biri də budur: orijinaldan bədii tərcümə edən peşəkar kadrlar yetişdirmək. Dili öyrənən, hətta tədris edənlər çoxdur. Və onlar bu işin öhdəsindən gözəl gəlirlər. Amma onların içində bədii tərcümə ilə məşğul olanlar Azərbaycan dilində cümlə qura bilirlərmi? Burada məsələ qonorar azlığı deyil. Koreya, Norveç, ispan və s. ədəbi fondları ilə işləyənlərə Avropa standartı ilə qrant-qonorar ödənilir. Bəs bu adamlar dili, sözü, cümləni... bilmirəm nəyi hiss edirlərmi? Böyük bir YOX! Bu məsələ həmişə məni heyrətləndirib, həmişə düşündürüb. Niyə biz "adam dilində cümlə" qura bilmirik? Nağıl dili, dastan dili, şeir, bayatı, klassik ədəbiyyat, son 50 ildə çap olunan nəsr... Bəlkə axsaq yerimiz bunları oxumamaqdır?
"Vegetarian"dan bir neçə cümlə:
"Yenidən həyata qayıdacağı təqdirdə vəziyyətin daha da qeyri-müəyyən və cansıxıcı hal alacağını, gözləri hələ də yumulu olan baldızını pəncərədən atmaq lazım olduğunu düşünmüşdü".
"...Əl-üzümü yumalı olduğumu düşünüb qalstukumu çıxararkən..."
"Arvadı təzyiqedirmişcəsinə soruşdu"
"Onun yaşamasını istəyirdi, lakin eyni zamanda bu hisslərin nə ifadə etdiyinə dair şübhə duyurdu"
"...daxilində səliqə ilə düzülmüş alətləri istifadə etmək istəyi yarandı".
Roman doludur belə cümlələrlə. Və ən pisi odur ki, belə keyfiyyətsizlik adiləşib normaya, meyara çevrilir.
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)


