“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Fidan Vahidin hekayəsi təqdim edilir. “Əyri kölgə” adlanan bu hekayə Mir Cəlal adına V Hekayə Müsabiqəsinin finalçısı olmuşdur.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Fidan VAHİD
ƏYRİ KÖLGƏ
Babam Şaqaydan yarım kisə bobla tutub. Nənəm həyətdə balıqları deyinə-deyinə qızardır. Süfrədə əyləşiblər. Babam balıqların ətli, ağ yerlərinə baxıb nənəmə ağız büzür: sümüyü yaxşı qızarmayıb.
Hər şeyi görürəm. Özümü axtarıram, amma tapa bilmirəm. Nənəmin boşqabın qırağına atdığı tilişkələrdən biriyəm sanki. Boşqabın kənarında büzüşüb qocaları süzürəm. Birdən özümü nənəmin əlindəki tikəyə yapışmış tapıram. Budur, artıq nənəmin boğazındayam. Onun boğazı çox dardır; həm də düyün-düyün... Keçməyə yer tapmıram, ilişib qalmışam. Nənəmin boğazını cırıb qanında boğulurdum ki, ayıldım. Əlimi ayaqlarıma uzatdım – yerində idilər.
Gözümü nənəmgildə açmışam. Hamı deyir ki, babamgildə yaşayıram. Amma yox, mən nənəmgildə qalıram. Son zamanlar yuxularımı qarışdırıram, amma onları ən xırda detallarına qədər xatırlayıram.
Həyətimizdəyəm. Qızmar günəşin şəfəqləri pələd qapıya qədər uzanan üzüm şelindən süzülüb yerə səpələnir. Həyət naxış-naxışdır. Şelin üstündə iki sağsağan dayanmadan ötür. Onlara baxdıqca ürəyim sıxılır. Sağsağan həyətdə ötəndə bilirik ki, bibimgil qonaq gələcək. Nənəm hazırlıq görür. Babamın kəsdiyi çolpaların qanını axıda-axıda bağdan aşxanaya gəlir. Çolpaların boğazını yuyur, tüklərini yolmaq üçün çuqun qazanı götürür.
Başım gicəllənir. Yenə özümü axtarıram. Mən o ağ çuqun qazanın içində vurnuxan qarışqalardan biriyəm. Nənəm qazanı üzüaşağı çırpır, qarışqaların hamısı yerə tökülür – məndən başqa. Nənəm qazanı su ilə doldurub ocağın üstünə qoyur. Qışqırıram, amma səsimi eşitmir. Qarışqaların səsini heç kim eşitmir. Su qaynamağa başlayanda dik atılıb ayıldım. Otağım səpsərin idi. Pəncərədən vuran meh bədənimi üşütdü.
Bütün günü ora-bura qaçır, oynayıram. Babaya, nənəmə işlərində kömək edirəm. Nənəmi çox istəyirəm, babamı da. Amma hərdən, babam namaz qılan vaxtlarda istəyirəm ki, arxadan vurum onu.
Evimizdən tez-tez səslər yüksəlir. Bəzən bu səs-küy mənim ucbatımdan qopur. Özümü çox vaxt yiyəsiz torpaq kimi hiss edirəm.
Yüksəklikdəyəm. Yuxarıdan baxıram, amma harada olduğumu bilmirəm. Bozarmış döşəmə, cırıq divar kağızları, nimdaş cehizlər, çatılmış qaşlar, yanmış günorta yeməyi, toz basmış fotoşəkillər... Heç biri tanış gəlmir. Evin küncündə özümə yuva qurmuşam. Tor çəkirəm – dörd divar boyu. Hərdən aşağı sallanıb yolumu itirirəm. Anamla atamın şəklini tor basıb. Mənim torum... Nənəm əlindəki pol taxtasının tinini qarnıma sıxdı.
Dik ayıldım. Nənəmin xorultusundan qorxdum, amma tez də keçib getdi. Axşamlar qorxuram. Hava qaralanda adam cildindən çıxıram. Nə qədər çabalasam da, adam olmağı bacarmıram.
Bir gün oyandım ki, evdə qırğın qopub. Babam oturaq stolunu nənəmin başına qaldırmışdı. Səbəbini bilmirdim, amma o an yerə yıxılıb dişlərimi bir-birinə sıxdığımı xatırlayıram. Bunu çox əvvəllər haradasa görmüşdüm. Mən də elə etdim. Babam da, nənəm də çox qorxdular. İlk dəfə idi onları belə görürdüm. Babam çəngəllə dişlərimi araladı, üstümə su çırpdılar. Tam gördüyüm kimi edə bilməmişdim, amma alınmışdı.
Ayılanda stola baxa-baxa kəkələməyə başladım. Nənəm dördüncü stolu otaqdan çıxartdı. İkisini də susdurmuşdum. O gündən sonra balaca bir səs-küy qalxan kimi kəkələməyə başlayırdım. Mənə qalsa, nənəm bilirdi ki, mən yalançı və təlxəyəm. Günlər beləcə keçirdi, amma gecələr qara kabus olub basırdı məni. Mən yuxularımı ipək yaylıqlı nənəmə qurban vermişdim.
Bu, əvvəllər maraqlı gəlsə də, sonra məni bezdirdi. Gözümdən düşən oyuncaqları Kürün qırağındakı zibil dərəsinə atardıq nənəmlə. İndi nə edəcəyimi bilmirdim. Nənəm deyərdi ki, adam yalan danışmaz. Seçim etməli idim: ya adam olacaqdım, ya da yalan.
Bu oyuna son qoymağa qərar verdim. Münasib vaxtı gözlədim. Yenə babamla nənəm dalaşanda güzgünün qabağına keçib son məşqimi etdim: “Baba, bəsdir artıq nənəmi incitdin. Qışqırma ona. Siz belə olanda mən çox...” – deyəcəkdim.
Otağımdan çıxdım. Yüyürərək onların otağına girdim. Nənəm də, babam da məni görmürdülər. O anda, İlahi, necə qorxdum! Ayağımı sürüyə-sürüyə babamın düz qarşısında dayandım. Əvvəlcə səsim çıxmadı, sonra bütün gücümlə qışqırdım: “Babaaaa!”
Babam susdu, mənə baxdı. Bədənim tir-tir əsirdi. Davamını gətirmək istədim, amma boğazımda nəsə xırıldadı. Sözlər düyünlənib qaldı. Daha danışa bilmədim. Birdən hiss etdim ki, nəfəsim kəsilir. Sanki yenə daşam, sümüyəm, qarışqayam... Babamın gözlərinə baxdım. Baxışlarında qorxu vardı, amma heç nə demədi. Mən isə səsimi birdəfəlik itirdim.
O gündən sonra bir də heç vaxt adam ola bilmədim.
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)


