İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İntihardan əvvəl oğullarına məktub yazmışdı: “Gedirəm. Qorxmayın. Qapını heç kəsə açmayın”.
Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirib. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında birinci yeri tutub. “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləyib. İstedadlı şair Sərdar Əsəd hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib.
Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən olub. 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd edib. Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.
“Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilib. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var.
1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməyib, seçmə şeirlərdən ibarət olub.
Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilib. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunub. 1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.
Kitabları
Gənclik illəri
Səni axtarıram
Yanan memar
Cərrah ürəyi
Simlərin tufanı
Yer ulduzu
Dağları aşdı sellər
Gözəl
Meşədə qonaqlıq
Sevda Sultanova onun barəsində yazır:
Şair Sərdar Əsəd haqda ilk dəfə 1990-cı illərin ortalarında eşitmişdim. İntihar etməsi, unudulması çox təsir eləmişdi. Haqqında yazmağı qərara aldım.
Ailəsinin əlaqə telefonlarını öyrənmək üçün Yazıçılar İttifaqına zəng vurdum. Söhbət 1998-ci ildən gedir. Oradan bildirdilər ki, ailəsi ilə heç bir əlaqəmiz yoxdur, harda yaşadığını bilmirik.
“Heç olmasa dostluq elədiyi adamlarla görüşüm”-deyə düşündüm. Yadıma gəlir ki, Vaqif Bayatlı Ödərdən kömək istədim. Dedi ki, Vilayət Rüstəmzadə onu yaxından tanıyıb.
Vilayət Rüstəmzadə şair, tərcüməçiydi. Onunla görüşəndə xəstəxanada yatırdı. Sərdardan xeyli danışdı. O vaxt danışdıqlarından yazımda bunları qeyd eləmişdim: ”Sərdar saçlarını həmişə arxaya darayırdı. Möhkəm futbol azarkeşiydi. 60-cı illərdə “Gənclik” nəşriyyatında şeir üzrə redaktor idi. Mən də orada işləyirdim. Biz ikinci mərtəbədəydik. Bir gün üçüncü mərtəbədən şapalaq səsi eşitdik.
Çıxıb gördük ki, Sərdar orada işləyən bir pəzəvəngi nalayiq söz işlətdiyi üçün vurub. Elə vurmuşdu ki, barmaqlarının izi üzündə qalmışdı. Həmin adamı Sərdar insan kimi qəbul edə bilmirdi. O hadisədən sonra Sərdarın nəşriyyatda qalması mümkün deyildi”.
Bu hadisəyə yenə qayıdacağam...
Nə olursa-olsun onun ailəsini tapmaqda israrlıydım. “Azərbaycan müəllimi” qəzetinə zəng vurdum, yoldaşı Tükəzban xanım uzun müddət orada işləmişdi. Redaksiyadan bildirdilər ki, telefon nömrəsi yoxdur, amma evləri Nərimanov metrosu yaxınlığında olmalıdır. Təxmini ünvanı da dedilər.
Həmin ərazidə yaşayan bir rəfiqəmlə, küçə-küçə Sərdar Əsədin ailəsinin yaşadığı evi soraqlaşdıq. Və nəhayət tapdıq. Tərslikdən evdə heç kim yoxuydu. Qonşulardan birinə telefon nömrəmi verdim ki, zəng eləsinlər...
Qısa müddətdən sonra ailəsinin qonağı oldum. Məni çox isti qarşıladılar. Şairin böyük oğlu Qoşqar iş adamıydı, qızı Nazilə səhv eləmirəmsə müəllimə işləyirdi.
Təəssüflənirəm ki, söhbətimizin lent yazısını saxlamamışam. Sərdar Əsəd haqda yazım o illərin populyar qəzetlərindən birində “Rezonans”da çıxmışdı. Yazımı Fəxri Uğurlu redaktə eləmişdi və başlığa “İntihar” sözünü çıxarmışdı. Özü də iri hərflərlə...
Yazıdan sonra Sərdar Əsədin ailəsi məni qonaq çağırdı. Ümumiyyətlə, şairin ailə üzvləri yaddaşımda istiqanlı, səmimi adamlar kimi qalıb. Yazını bəyənmişdilər. Ancaq bir-iki detal xoşlarına gəlməmişdi, nəzakətlə iradlarını bildirdilər. Birincisi, məqalənin “İntihar” sərlöhvəsi ilə getməsiydi. İstəmirdilər ki, o, məhz intihar aktına görə xatırlansın. Haqsız da deyildilər.
Digər irad (daha çox yüngülvarı narazılıq idi) yazıçı Əzizə Əhmədovadan Sərdar haqda soruşmağım idi. Hərçənd, Əzizə xanım onun haqda xoş sözlər demişdi: “Yazıçılar, şairlər adətən redaktorlardan çox şikayətlənirdilər. Sərdardansa hamı razı gedirdi. Öz işini gözəl bilirdi”.
Məsələ ondaydı ki, Əzizə xanım “Gənclik” nəşriyyatının direktoru olmuşdu. Və Sərdar Əsəd də onun rəhbəri olduğu dövrdə işdən çıxarılmışdı. Həmin yuxarıda qeyd elədiyim davaya görə. Onların fikrincə, bu məsələdə rəhbərlik qeyri-obyektiv mövqe tutmuşdu, ona qarşı haqsızlıq olmuşdu. Çox yaxşı xatırlayıram ki, Əzizə xanımdan şair haqda soruşanda o, bir az duruxmuşdu, sanki sıxıla-sıxıla danışmışdı.
Başqa bir irad isə qəzetdə Sərdar Əsədin məhz Rəfiq Zəka Xəndan ilə fotosunun getməsiydi. Onda görüşdüyüm adamlardan biri Rəfiq Zəka Xəndan olmuşdu. Evində görüşdük. Yaddaşımı çözələyirəm. Fəqət ondan yaddaşımda xüsusi nəsə qalmayıb. Bircə onu xatırlayıram ki, evinin qapısından girəndə israr elədi ki, ayaqqabıları çıxartmayım. Evdə ayaqqabıyla gəzirdilər, nədir, baş açmadım.
Hafizəmdə qaldığı qədərilə Rəfiq Zəka Xəndan Sərdarla yaxın idi, məclislərdə çox zaman birgə olurdular. Çox güman ki, şairin içkiyə meylliyində belə məclislərin təsiri az olmamışdı.
Başqa bir tərəfdən Sərdar Əsədin işsiz vaxtlarında, ölümündən sonra, yeyib-içən dostlarının çoxu onun ailəsi ilə maraqlanmamışdı. Əksinə olsaydı, ən azı Yazıçılar İttifaqında ailəsinin telefon nömrəsi olardı, Sərdar Əsədin xatirəsinə həsr olunmuş tədbir keçirilərdi, ya yazılar yazılardı. Bəlkə olub, mən bilmirəm. Hər halda rastıma çıxmayıb.
Bəlkə bu səbəbdən, şairdən yazmaq istəyimi onu tanıyanlar rəğbətlə, eyni zamanda təəccüblə qarşılamışdılar. Necə olmuşdu ki, Sərdar Əsəd yada düşmüşdü.
Sərdar Əsəd 45 yaşında dünyasını dəyişmişdi. Onun intihar səbəblərini əsasən içkiyə aludəçiliyinə, ruhi sarsıntılarına bağlayırdılar. Həyat yoldaşı Tükəzban xanım onun ruhi sarsıntılarını “Gənclik” nəşriyyatından çıxandan sonra 5 il işsiz qalması, ona laqeyd, sayğısız münasibətlə izah edirdi.
Tanıyanlar əsasən onun bu keyfiyyətlərini sadalayırdı: zarafatcıl, sözü birbaşa deyən, mütəvazi, ləyaqətli, ədalətli... Onun haqda tutarlı ifadələrdən birini Əkrəm Əylisli demişdi: “Sərdad Əsəd çox istedadlı və faciəvi şəxsiyyət idi”.
İstedad isə çox vaxt faciə ilə yanaşı gedir və hardasa bir birini tamamlayır da.
Əli Kərim nümunəsi kimi.
Əli Kərimlə Sərdar dost idi, onun ölümündən sonra özünə yer tapa bilmirdi. Sanki özünü günahkar bilirdi.
İntihardan əvvəl oğullarına məktub yazmışdı: “Gedirəm. Qorxmayın. Qapını heç kəsə açmayın”.
Hadisə 1975-ci il iyunun 30-da baş vermişdi. İntihar edən gün Tükəzban xanım qızı Naziləylə evdə olmayıb...
Allahrəhməteləsin!
“Ədəbiyyat və incəsənət”
(30.06.2026)


