Alagözlüm, səndən ayrı gecələr... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Məncə, dünyada ən mükəmməl sevgini Xalq şairləri Nigar Rəfibəyli və Rəsul Rza yaşayıblar. Bir gödək ömrə sığan upuzun bir sevgi yaşayıblar onlar. 1981-ci ildə hər ikisi ağır xəstələnib, aprelin 1-də Rəsul dünyadan köçüb və sonadək bunu Nigardan gizli saxlayıblar. Ona Rəsuldan salamlar gətiriblər, Rəsulun adından məktublar yazıblar... İyulun 9-da isə Nigar əbədi olaraq gözlərini yumub.

Onların övladları, Xalq yazıçısı Anarın “Sizsiz” adlı şedevri bu sevgidən bəhs edir, yeganə əsərdir ki, məni hədsiz dərəcədə təsirləndirərək dönə-dönə özünə qaytarır...

Alagözlüm, səndən ayrı gecələr...

Bir il kimi uzun olur, neynəyim...

Bu məşhur şeiri də Nigar öz Rəsuluna yazıb...

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Nigar Rəfibəylinin anadan olmasının 113-cü ildönümüdür. O, 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirmişdir. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor  vəzifələrində işləyib. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunub.

"Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

 

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.

- Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

 

Lirik mövzuda kitabları

Dənizin səsi gəlir

İşıqlı dünyam

Günəşdən gənclik istədim

Həzin bir axşamda düşsən yadıma

Şanlı nəsillərin yadigarısan

 

Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

Zəfər nəğməsi

Şeirlər

Anaların səsi

Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən

 

Uşaqlar üçün yazdığı kitablar

Balaca qəhrəman

Günəşin cavabı

Məstanın balaları

Bizə bahar yaraşır

 

Mükafatları

 

1. "Şərəf nişanı" ordeni

2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

4. "Azərbaycan SSR xalq şairəsi" fəxri adı.

 

Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Allah rəhmət eləsin!

 

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmən saçını yolur, neyləyim?

 

Əsən rüzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

Bəlkə, tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var,

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.