“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında kənd müəllimi Selcanın debüt hekayəsi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
“ÇAPIQ”LA BAŞLANAN YOL
“Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır. Bəzən verilən vəddə... sonra geri çəkilən cümlədə. “Bacarmıram” deyib gedəndə, “bilmirəm” deyib məsuliyyətdən qaçanda. “Sənsiz yaşaya bilmirəm” deyib, səssiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, üstünə yerimədən, əzmədən susub boğublar...”
Bu sətirlər İmişli rayonunun ucqar Muradxanlı kəndindəki dördillik orta məktəbdə dərs deyən Selcan xanımın ilk qələm təcrübəsi olan “Çapıq” hekayəsindəndir.
Oxuduğum andan qənaətim belə olub ki, Selcan özü-özünü yetişdirən nadir qələm adamlarındandı. Gəncdi. Yaradıcılığının ilkin çağlarını yaşayır. Amma mükəmməldi. O, eyni hissləri başqa cür, bir ayrı səssizlikdə yaşayanların, susqunluqla, biganəliklə nəfəsi kəsilənlərin ağrısını özününküləşdirə bilir. Hər cür zədənin, çapığın heç vaxt, qiyamətəcən unudulmayacağının fərqindədi. Bilir ki, çapıq ağrının kül altda qalmış qoru kimidi. Çapıq ağrının bitdiyi yerdi. Ağrının gizli boxçasıdı...
Selcan sükutun dililə danışa bilir. Selcan heç vaxt dilə gətirilməyən, amma fəhm gücüylə duyulub, hiss edilən duyğuların dilmancı kimi yazır.
Bu fikir və qənaətlərimi Selcanın ilk qələm təcrübəsi olan “Çapıq” isbatlayır.
Mənəsə, sadəcə, bu gənc yazıçıya uğurlu yol diləmək qalır.
Sərvaz Hüseynoğlu
AYB-nin Aran bölməsinin sədri
SELCAN
ÇAPIQ
(hekayə)
Bəzən insan danışmağa hazır olduğunu sanır. Amma deyəcəyi söz boğazında düyünlənir. Elə o an anlayırsan ki, bəzi xatirələr danışılmaq üçün yox, daşınmaq üçündür.
Çapığın var, – dedi Rafat, sanki bunu ilk dəfə görürdü.
Səsi sakit idi, amma baxışı ehtiyatlı.
Deniz çiyinlərini çəkdi. İçindəki qapalı qutu, illərdir toxunulmadan qalan yer yavaş-yavaş açılırdı.
Yaxşı, danışaram, – dedi. – Amma insan bəzən danışdıqca daha çox qanayır.
Rafat gülümsədi. O gülüşdə təəccüb yox idi, daha çox tanışlıq vardı.
Çox adam çapığı gözəllik saymır və bəzən də unutmuş kimi davranır. Amma unudulan heç nə tam itmir. Sadəcə, gizlənir. Səssizcə insanın içində yaşamağa davam edir.
Bilirəm. Çünki çoxu düşünür ki, çapıq ağrının bitdiyi yerdir. Amma yox… Çapıq ağrının gizlənc yeridi. Unutmadığını sübut edən izdir.
Bir müddət susdular. Sükut danışmaqdan daha ağır idi.
Deniz gözlərini uzaqlara dikdi. Sanki illər geri çəkildi:
– Uşaq idim. Atam mənə iki balıq almışdı. Akvariumda üzürdülər. Onlardan birini daha çox sevirdim. Bir gün o balıq öldü. Elə bildim, yatıb. Amma oyanmadı.
Səsi titrədi:
– İtki ilə ilk tanışlığım o gün oldu.
Rafat diqqətlə qulaq asırdı. Hər söz içində bir yerə toxunurdu.
– O biri balıq tək qaldı. Ona baxanda qorxurdum. Düşünürdüm ki, yenə sevsəm, yenə itirərəm. Sevməməyə çalışdım. Amma sevməmək daha ağır imiş. Qərar verdim… – Deniz udqundu. – Qaçırdım. Qab əlimdəydi. Musiqi məktəbinin həyətindəki hovuza az qalmış ayağım büdrədi. İçəridən pianino səsi gəlirdi. Sanki barmaqlar klavişlərin üstündə tələsmirdi, amma dəqiq idi – bir anın içində qırılan bir ahəng kimi:
Yıxıldım. Qab sındı. Səs havada kəsildi.
Elə bil pianinoda “staccato” vuruldu – qısa, sərt, geri dönməyən. Balıq yerdə qıvranırdı. Mənim nəfəsim də onunla birlikdə…
Üzüm qan içində idi… Amma ağrını hiss etmirdim. Ağrım, sadəcə, çatmamaq idi.
– Çatdın? – Rafat asta səslə soruşdu.
– Çatdım. Son nəfəsində. Amma alnımda iz qaldı. Hər dəfə aynaya baxanda həmin günə qayıdıram. Ölən balığı çox sevirdim, amma sevgim onu xilas etməyə yetməmişdi. Elə atam da getdi sonra.
Deniz başını aşağı saldı:
– Kimisə sevməyə qorxuram. Çünki kimə sevgim olubsa, hamısı gedib.
Rafat cavab vermədi. Daşların arasında parlaq bir şüşə qırığı gördü. Əlinə aldı. Sanki bunu çoxdan edəcəkmiş kimi sakit idi.
Şüşə ovucunu kəsdi. Qan yavaş-yavaş axmağa başladı.
Bax, – dedi. – Bu da bu günün xatirəsi olsun.
Deniz yerindən sıçradı:
– Dəlisən?!
Rafat susurdu. O, ağrını hiss edirdi, amma üzündə ifadə yox idi. Deniz boynundakı şərfi açıb onun əlini bağladı. Əlləri titrəyirdi. Onların baxışları bir anlıq bir-birinə toxundu. Keçmişlər qarışdı. Sanki bu, təkcə onların hekayəsi deyildi.
O an səmadan ilk damcı düşdü. Sonra yağış başladı. İçərişəhərin daş küçələrində iki insan uşaq kimi islanırdı. Qaçdılar. Gülmədilər. Amma içlərində nəsə yumşaldı.
Rafat qollarını açdı. Deniz ona sığındı.
Sükut idi. Amma sükutun içində həyat vardı.
Axşam yavaşca şəhərin üstünə çökməyə başlamışdı. İçərişəhərin daş döşəmələri, dar küçələri və əsrlərin susqunluğunu saxlayan divarları onların ayaq səslərini geri qaytarırdı. Hava bir qədər rütubətli, bir qədər dumanlı idi. Yağış kəsmişdi, amma hələ bitməmişdi.
Yan-yana addımlayırdılar. Rafat arada Denizin əlini tuturdu, amma tam tutmurdu, sadəcə, barmaqları onun barmaqlarına toxunurdu. Sükutla danışırdılar; deyilməyən, amma hiss edilən cümlələrlə.
Deniz birdən dayandı. Köhnə bir həyətin qarşısında:
– Bura necə də tanış gəlir, – dedi asta səslə.
Rafat bir anlıq ona baxdı.
– Bəlkə də əvvəllər gəlmisən. Ya da, bəlkə, bu həyat deyil, başqa bir yaddaşdır səni bura çəkən.
Deniz baxışlarını ondan çəkmədən cavabladı:
Bəzən elə bilirəm ki, bu həyatı daha əvvəl yaşamışam. Amma sən yox idin, Rafat. Sən indi varsan.
Rafat gülümsədi. O gülüşdə bir qədər kədər vardı. Sanki o da eyni hissləri başqa bir səssizlikdə yaşayırdı.
Bəlkə, bu dəfə fərqli olacaq, – dedi. – Bəlkə, bu dəfə…
Cümlə yarımçıq qaldı.
Amma sükut onu tamamladı.
Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır. Bəzən verilən vəddə… sonra geri çəkilən cümlədə.“Bacarmıram” deyib gedəndə, “Bilmirəm” deyib məsuliyyətdən qaçanda, “Sənsiz yaşaya bilmərəm” deyib, sonra sənsiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, heç kim onları vurmayıb, amma bir cümlə ilə sındırıblar. Elə insanlar var ki, heç kim onun üstünə qışqırmayıb, amma susmaqla boğublar.
Çapıq bəzən ailə adıyla örtülür,“ayıbdır”, “səbİr elə” sözləri ilə dərinləşdirilir. Elə insanlar var ki, bədənləri yox, səsləri sınır. Onlar sevdikləri üçün susublar, susduqları üçün yaşamağa məcbur ediliblər.
Cəmiyyət buna “adi” deyir.
Davam etməyə “güc”.
Sağ qalmağa “şans”.
Amma heç kim soruşmur: bir insan hansı anda susmağa razı olur? Hansı anda sözündən geri dönməyə məcbur qalır? Hansı anda yaşamaq, özün olmamaq demək olur?
Çapıq məhz o anda yaranır. Və o çapıq təkcə birinin deyil, hamının vicdanındadır.
“Ədəbiyyat və incəsənət”
(22.06.2026)


