Ədəbiyyatımızın qalıcı imzası Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Buad çoxlarınatanış gəlməyə bilər. Amma o, ədəbiyyatımızın qalıcı imzalarındandır. Yazdığı nəsr nümunələri ciddi ədəbiyyat nümunələri olaraq bədii ədəbiyyat xəzinəmizi rövnəqləndiriblər.

 

Sara Nəzirova 1944-cü il 29 dekabrda Oğuz rayonunda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturanı bitirib. 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbini müvəffəqiyyətlə başa vurub.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ Yazıçılar İttifaqına qəbul olunub. S.Nəzirova 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət Muzeyində işləyib. Bu illər ərzində muzeydə müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi vəzifələrində çalışıb

Sara Nəzirovanın əsərləri 1968-ci ildə dövri mətbuatda çap olunmağa başlayıb. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri "Ədəbiyyat və incəsənət", "Odlar yurdu", "525-ci qəzet", "Vışka", "Bakinskiy raboçiy", "Azerbaydjanskie izvestie", "Mir literaturı", "Den" qəzetlərində, "Qobustan", "Yurd", "Avropa-Asiya", "Gənclik", "Literaturnıy Azerbaydjan", "Pioner", "Kontakt", "Ulduz" jurnallarında dərc olunub

1994-cü ildə Amerika Birləşmiş Ştatlarında "İkarus" jurnalında onun povesti Azərbaycanı təmsil edib. 1996-cı ildə YUNESKO-nun "The World Literature to Day" toplusunun payız sayında "Kəpənək ömrü" povesti dərc olunub. O, 2010-cu ildə ən yaxşı hekayə üçün Beynəlxalq müsabiqənin qalibi olub.

S.Nəzirovanın 1983-cü ildə "Yazıçı" nəşriyyatında "Terrakota", 1986-cı ildə "Qədir ağacı", 1992-ci ildə yenə həmin nəşriyyatda "Tale damğası", 1990-cı ildə "Gənclik" nəşriyyatında "Nağıl nabatı", 1996-cı ildə "Şərq-Qərb" nəşriyyatında "Beton evdən yazılar", 2007-ci ildə "Ziya" nəşriyyatında "Əşrəf Muradoğlu", AME nəşriyyatında ingilis dilində "Selected Works" kitabları çap edilib.

Onun yaradıcılığı haqqında 2003-cü ildə "Elm" nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə "Oğuz gözəlləməsi" kitabı nəşr olunub. "Azərbaycanfilm" kinostudiyasında "Batmış şəhərin incəsənəti", "Nar nağılı", "Qəsd", "İçərişəhərin hamamları", "Dost dosta tən gərək", "Üfüqü ötənlər" filmləri onun ssenariləri əsasında çəkilib.

Sara Nəzirovanın "Nağılını göstər", "Mərd körpüsü", "Qayıt", "Sözün sehri" pyesləri Azərbaycan Dövlət Teatrlarında tamaşaya qoyulub. Əsərləri rus, ukrayna, ingilis, ispan, çin və s. dillərdə nəşr olunub. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

- Nar ağacının nağılı

- Qədim hamamlar

- Qəsd

- Söhbətül-əsmar

- Siçan və pişik

- Üfüqü ötənlər

- Sirli bənövşə

 

Sara Nəzirova 22 iyun 2014-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.