Sovet ideologiyasının bütləşdirdiyi Maksim Qorki Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovet ideologiyası onu bütləşdirmişdi, hər bir müttəfiq respublikada onu bir nömrəli proletar yazıçısı kimi tanıyır, ona ehtiram göstərirdilər. Ölümündən sonra da uzun illər bütləşdirilmişdi Maksim Qorki. Amma indi baxıb görürük ki, rus ədəbiyyatının Tolstoy, Dostoyevski, Çexov kimi dahilərinin yanında Maksim Qorki xeyli zəif və miskin görünür...

 

Aleksey Maksimoviç Peşkov – təxəllüsü Qorki 1868-ci il martın 16-da (28) Nijni Novqorodda, babası, boyama emalatxanasının sahibi Vasili Vasilyeviç Kaşirinə (1807-1887) məxsus olan Kovalixinskaya küçəsindəki daş bünövrə üzərində taxta evdə anadan olub. Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirib və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdıb.

Alekseyin anası ona oxumağı, babası Kaşirin isə kilsə savadının əsaslarını öyrədib. Qısa müddət kilsə məktəbində oxudu, sonra çiçək xəstəliyinə tutulub və məktəbi tərk etmək məcburiyyətində qalıb. Daha sonra anası və ögey atası ilə birlikdə yaşadığı Kanavinoda iki illik ibtidai məktəbi bitirib. 11 yaşında tamamilə yetim qalıb, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülüb.

Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilib. 8 yaşında işləməyə başlayıb, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olub. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranıb.

1884-cü ildə Aleksey Peşkov Kazana gəldi və Kazan Universitetinə daxil olmaq istəsə də, uğursuz olub. İlk gənclik illərini Kazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edib. O, ov tüfəngi ilə özünü ağ ciyərindən vurub və mühafizəçi polis Peşkovu rayon xəstəxanasına aparıb və orada uğurlu əməliyyat olunub.

Yara ölümcül deyildi, lakin ömürlük nəfəs yolu xəstəliyinə səbəb olub. Sonrakı 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxıb. 1885—1886-cı illərdə V. Semyonovun çörəkbişirmə və suxari zavodunda işləyib.

1887-ci ildə isə xalqçı Andrey Stepanoviç Derenkovun (1858—1953) çörəkxanasında çalışıb. Bu müəssisənin gəliri Kazandakı xalqçılar hərəkatının gizli maarifçilik dərnəklərinin maliyyələşməsinə yönəldilib. Həmin il Peşkov həm nənəsini, həm də babasını itirib: A. İ. Kaşirina 16 fevralda, V. V. Kaşirin isə 1 mayda vəfat edib.

Psixiatr, professor İ. B. Galantın fikrincə, 1920-ci illərin ortalarında yazıçının şəxsiyyətini və əsərlərinin psixopatoloji əsaslarını araşdırarkən, gənc yaşlarında Aleksey Peşkov psixi cəhətdən qeyri-sabit olub və bundan çox əziyyət çəkib. İ.B. Galant məktubunda Qorkiyə onun keçmişində “psixi xəstəliklərin bütöv dəstəsi”nin olduğunu bildirib.

Psixiatr M. O. Şaykeviç də 1904-cü ildə oxşar nəticələrə gəlib və Qorkinin qəhrəmanlarındakı psixoloji xüsusiyyətlər haqqında “Maksim Qorkinin qəhrəmanlarının psixopatoloji cizgiləri” adlı məqalə yazıb. Yaşlı Qorki bu diaqnozları rədd edib, özünü sağalmış psixopat kimi qəbul etmək istəməyib, lakin tibb araşdırmalarının qarşısını almağa gücü çatmayıb.

1888-ci ilin oktyabrında Qryaze—Tsaritsın dəmir yolunun Dobrinka stansiyasında gözətçi kimi işə düzəlib. Bu müddətdə qazandığı təəssüratlar “Keşikçi” və “Darixmaq xatirinə” hekayələrinin əsasını təşkil edib. Daha sonra Xəzər dənizi sahillərinə gedərək balıqçı artelində çalışıb.

1889-cu ilin yanvarında şeir formasında yazdığı şəxsi ərizə ilə Borisoqlebsk stansiyasına, sonra isə Krutaya stansiyasına əvəzedici olaraq keçirilib. Burada stansiya rəisinin qızı Mariya Basarqinaya vurulur və onun atasından istəsə də, rədd cavabı alıb. On il sonra artıq ailəli yazıçı ona yazdığı məktubda:“Mən hər şeyi xatırlayıram, Mariya Zaxarovna. Yaxşı şeylər unudulmur — həyatda onları unuda biləcək qədər çox deyil...” — deyə yazırdı. Peşkov kəndlilər arasında Tolstoy tipli kənd təsərrüfatı koloniyası yaratmaq istəyirdi, bunun üçün kollektiv məktub tərtib edib və Lev Tolstoyla görüşmək niyyətində idi, lakin Tolstoy qəbul etmir.

Peşkov “heyvanlar üçün” yazısı olan yük vaqonunda Nijni Novqoroda qayıdıb. 1889—1893-cü illərdə (fasilələrlə) Peşkov vəkil A. İ. Laninin katibi işləyir. 1898-ci ildə Qorki “Oçerklər və hekayələr”in ilk cildini ona ithaf edib və “Onun təsiri mənim təhsilimin inkişafında ölçüyəgəlməz dərəcədə böyük oldu” — deyə yazıb.

1889-cu ilin sonunda – 1890-cı ilin əvvəlində Peşkov Nijni Novqorodda yazıçı V. G. Korolenko ilə tanış olub və ona “Qoca palıdın nəğməsi” poemasını göstərib, lakin Korolenko əsəri kəskin tənqid edib. 1889-cu ilin oktyabrında Peşkov Laninin yanında katib işləyib və həmin ay tələbə hərəkatının Kazanda dağıdılmasının əks-sədası olaraq ilk dəfə həbs edilib

“Korolenkonun vaxtı” oçerkində bu hadisəni təsvir edib. O, tələbə–kimyaçı N. Z. Vasilyevlə dostlaşır və fəlsəfə ilə tanış olub. 1891-ci il aprelin 29-da Peşkov Nijni Novqoroddan “Rusiya boyu” səyahətə çıxıb. Volqada, Don boyunda, Ukraynada, Krımda və Qafqazda olub, yolun böyük hissəsini piyada qət edib.

Noyabrda Tiflisə gəlib və dəmir yolu emalatxanasında işləyib. 1892-ci ilin yayında Abxaziyada Suxum—Novorossiysk şossesinin tikintisində iştirak edib, sonra qısa müddət Bakıda neft mədənlərində işləyib — bunu həyatı boyu gördüyü ən ağır iş adlandırıb. Sonra yenidən Tiflisə qayıdır, zirzəmidə başqa fəhlələrlə birgə yaşayıb.

Müəssisələrdə idarəçilərin özbaşınalığı barədə faktları yazılı şəkildə toplamağı təklif edib. Tiflis tanışları Peşkovun qüvvətli bədən quruluşunu, kobud davranışlarını və yerişini qeyd edirdilər. O, Bayrona təqlid edərək şeirlər yazıb və qonşularına “Kain” və “Manfred”dən parçalar əzbər oxuyub. Sonralar bu qeydlər əsasında “Qız və ölüm” poemasını yazıb.

Tiflisdə inqilabçı Aleksandr Kalyujnı ilə tanış olub. Onun təkidi ilə Keşkov başına gələn hadisələri qələmə almağa başlayıb. “Makar Çudra”nın əlyazması hazır olanda Kalyujnı jurnalist Vladimir Tsvetnitskinin köməyi ilə hekayəni “Kavkaz” qəzetində nəşr etdirib. Nəşr 12 sentyabr 1892-ci ildə çıxıb və imza — “M. Qorki” olub.

Bu təxəllüsü Peşkov özü seçib. O deyib: “Axı ədəbiyyatda Peşkov yazmaq olmazdı...”. Həmin ilin oktyabrında Peşkov Nijni Novqoroda qayıdıb. 1893-cü ildə gənc yazıçı “Volqar” və “Voljski vestnik” qəzetlərində bir neçə hekayə dərc etdirib. Onun ədəbi müəllimi Korolenko olub.

Həmin il 25 yaşlı Peşkov ilk, nikah qeydiyyatı olmayan evliliyini Qorkinin sonralar “Birinci sevgi haqqında” (1922) hekayəsində təsvir edəcəyi mama-ginekoloq Olqa Kamenskaya ilə bağlayıb. Onlar 1889-cu ildən tanış olublar, Kamenskaya ondan 9 yaş böyük olub və qız övladı vardı.

1894-cü ilin avqustunda Korolenkonun tövsiyəsi ilə Peşkov kontrabanda ilə məşğul olan sərgərdan haqqında “Çelkaş” hekayəsini yazıb və “Rusoye boqatstvo” jurnalına təqdim edib. 1895-ci ildə Korolenko ona Samaraya köçməyi məsləhət görüb və Peşkov burada peşəkar jurnalist kimi işləməyə başlayıb, “Yequdiil Xlamida” təxəllüsü ilə məqalə və felyetonlar dərc etdirib.

Təxəllüs istehza ilə seçilib, üslub isə dini ədəbiyyatın yüksək, arxaik nitqinə bənzədilib. “Fikirlər və aforizmlər” rubrikası məşhur olub. İki ilə yaxın müddətdə Peşkov Samara qəzetlərində 500-dən çox yazı dərc etdirib. 1895-ci ilin iyununda “Çelkaş” nəhayət çap edilir və Qorkiyə ilk böyük ədəbi şöhrət gətirib.

1895-ci ildə “Samara qəzeti”ndə “Babushka Akulina” oçerki dərc edilir – gələcək “Uşaqlıq” povestinin ilk cizgiləri. 30 avqust 1896-cı ildə Samara Vznesensk kilsəsində Qorki var-yoxdan çıxmış zadəganın qızı, gimnaziyanı yenicə bitirən və “Samara qəzeti”nin korrektoru Yekaterina Voljinaya ilə evlənib.

1896-cı ildə xəstəliyi ağırlaşıb və o, bronxitdən sətəlcəmə keçirib. 1897-ci ilin yanvarında ona ilk dəfə vərəm diaqnozu qoyulub. Qorki Krımda müalicə alıb, sonra arvadıyla birlikdə Poltava yaxınlığında kənddə sağalıb, burada ukrayn dilini də öyrənməyə başlayıb. 21 iyul 1897-ci ildə burada onların ilk övladı – Maksim dünyaya gəlib.

1896-cı ildə Qorki Nijni Novqorod yarmarkasında Şarl Omonun kafşantanında “Sinematoqraf” aparatının ilk kino nümayişi haqqında rəy yazıb. 1897-ci ildə Qorki “Rus fikri”, “Yeni söz” və “Şimal poçtası” jurnallarında əsərlər dərc etdirib. “Konovalov”, “Zazubrina”, “Qoltvada yarmarka”, “Orlovlar”, “Malva”, “Keçmiş adamlar” və digər hekayələri çap olunub.

 Həmin ilin oktyabrında yazıçı öz ilk böyük əsəri – “Foma Gordeyev” romanı üzərində işləməyə başlayıb. 1890-cı illərdə Qorki nitsşeçiliklə əlaqəli, ən çox "sərxoşlar" haqqında romantik qısa hekayələrin müəllifi kimi şöhrət qazanıb. Bu hekayələrin bəziləri heç vaxt təkrar nəşr olunmayıb. Digərləri isə Qorkinin ilk kitabı olan “Oçerklər və hekayələr”in bir hissəsini təşkil edib.

 Kitaba Qorkinin ən məşhur hekayələri “Makar Çudra”, “Qoca İzərgil”, “Çelkaş”, “Yol yoldaşım”, “Bir dəfə payızda”, “Orlovlar”, “Keçmiş insanlar” daxildir. 1899-cu ildə Qorki ilk romanı olan "Foma Qordeyev"i, ardınca isə “Üçü” nəşr edib. Onun ilk pyesi olan “Məşşanlar” də həmin dövrdə nəşr olunub.

1902-ci ildə Maksim Qorki incə sənət sahəsi üzrə fəxri akademik seçilib. Sovet dövründə o, Nijni Novqorod Universitetinin fəxri professoru adına layiq görülüb. Qorki 5 dəfə Nobel mükafatına namizəd göstərilib: 1918, 1923, iki dəfə – 1928 və 1933-cü illərdə. 1932-ci ildə, hələ yazıçının sağlığında, onun doğma şəhəri Nijni Novqorod Qorki adlandırılıb və 1990-cı ilə qədər bu adı daşıyıb.

Keçmiş SSRİ dövlətlərinin demək olar ki, hər bir böyük yaşayış məntəqəsində Qorki küçəsi olub və ya indi də mövcuddur. 2013-cü ildə Rusiyada 2110 küçə, prospekt və dalan Qorkinin adını daşıyıb, əlavə olaraq 395-i isə Maksim Qorkinin tam adı ilə qeyd olunub. Maksim Qorkinin şərəfinə Saxalin adasında Qorkovskaya dağı, Antarktidada isə Qorki dağ silsiləsi adlandırılıb.

1936-cı il mayın 27-də Maksim Qorki Krımdakı Tesselidə istirahətdən sonra səhhəti yaxşı olmayan vəziyyətdə qatarla Moskvaya qayıdıb. Vağzaldan birbaşa Malaya Nikitskaya küçəsindəki Ryabuşinski malikanəsində yerləşən “rezidensiyasına” gedərək qripə yoluxmuş nəvələri Marfa və Daryanı görmək istəyib, virus ona da keçib.

 

Ertəsi gün o, Novodeviçye qəbiristanlığında oğlunun məzarını ziyarət edərkən soyuq və küləkli havada üşüdüb və xəstələnib. Qorki üç həftə Qorkidə yataqda qalıb. 8 iyuna doğru xəstənin artıq sağalmayacağı aydın olub. Stalin ölüm ayağında olan yazıçının yanına üç dəfə — 8, 10 və 12 iyunda — gəlib.

Qorki özündə fransız ədəbiyyatından, qadın yazıçılardan və onların kitablarından, fransız kəndlilərinin həyatından danışmağa güc tapıb. 18 iyun səhər saat 11 radələrində Maksim Qorki Qorkidə, 69 yaşında, oğlunun ölümündən cəmi iki ildən bir az çox sonra vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.