Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
“Sevgi, sevmək deyil
Sevilmək deyil
Ölməkdir, ölməkdir,
Ölməkdir sevgi...”
Nəsrin Peymanı
Bu gün dəyərli oxucularımıza öz Təqdimat rubrikamda Təbriz şəhərində yazıb-yaradan dəyərli şairə Nəsrin Peymanı xanımı təqdim edirəm.
Nəsrin Xanım Peymanı 1983-cü ilində Azərbaycanın mədəniyyət ocağı olan Culfanın Gərgər şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilatını həmin şəhərdə bitirdikdən sonra 2006-ci illərində Şəbüstər Pəyam Nur Universitetinin Bədən Tərbiyəsi və İdman ixtisası üzrə bakalavr təhsili almışdır.
Yeniyetmə yaşlarından ədəbiyyata böyük maraq göstərmiş, müxtəlif ədəbi məclis və cəmiyyətlərdə fəal iştirak etmişdir. 2011-ci ildən etibarən isə peşəkar səviyyədə bədii yaradıcılıqla məşğul olmağa başlamış, şeir və nəsr əsərləri qələmə almışdır.
Nəsrin xanımın bir sıra əsərləri "Xudafərin" və "Anak" qəzetlərində dərc olunmuşdur. Onun şeirləri müxtəlif antologiyalarda yer almışdır. Bunlardan "Aşiqin gözləri" (iki dilli, 2020), "Be Vəqte Deltəngi" (I hissə, iki dilli, 2020), "İşıqlı Sükut" (2021), "Dəlxun" (2021) və "Be Vəqte Deltəngi" (II hissə, iki dilli, 2021) adlı şeir antologiyalarını qeyd etmək olar.
Hazırda Təbriz şəhərində yaşayan Nəsrin xanım yaradıcılıq və elmi-tədqiqat fəaliyyətini davam etdirməkdədir. O, bir neçə elmi və araşdırma xarakterli əsərini nəşrə hazırlamışdır. Müəllifin "Fars dilinə daxil olan türk sözləri" adlı kitabı Təbrizin "Nəbati" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Hazırda isə "Ata-baba sözlərində avanqard düşüncə" adlı kitabı çapa hazırlanmaqdadır.
Qanadsız mələksən cənnətdən uçub,
Bizim dünyamıza gəlmisən güman!
Sən ürək, sən nəfəs,
Sən işiq, sən səs,
Sənsiz həyatımız yamandır yaman!
Tanrının mərəhəmət əlisən yəqin,
Uşaq əlimizi tutduğunda sən.
Ömrünü əvəzsiz mənə vəqf edən,
Ay anam, ikinci allahım sənsən.
Duan ardımızca olsun da bizim,
Ürəyin kədərlə, qəmlə dolmasın.
Sənsiz öksüz qalan bizim dünyamız,
Hətta bir anımız sənsiz olmasın.
***
Ümidsiz günlərimin ara- bərəsində
Ümidlərimi itirdiyim saatlarda,
Kimsəsiz qaldığımda,
Süzülüb otağımın bir bucağına,
Sarılaraq tənhalığımın soyuq qucağına
Bir az ölmək istəyirəm...
Könlündə birinə olsa da meyil,
Sevgini demədən bilməkdir sevgi!
Sevgi, sevmək deyil
Sevilmək deyil
Ölməkdir, ölməkdir,
Ölməkdir sevgi...
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


