“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə 3 gün ardıcıl naxçıvanlı xanım yazarların ədədbi nümunələri təqdim edilir. Bu gün Qəmər Sözayın şeirləri ilə tanış olacaqsınız.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
NAXÇIVAN ƏDƏBİ MÜHİTİNDƏN ÜÇ XANIM
Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri də zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilən Naxçıvan bölgəsindəki ədəbi mühitdir. Xüsusilə XXI əsrin ilk illərindən üzübəri bu bölgədə yeni ədəbi imzalar özünü göstərməyə başladı. Onların yaradıcılığındakı istər mövzu, istər janr, istər fikir baxımından yeniliklər təkcə bölgənin ədəbi atmosferinə təsir etmədi, həmçinin geniş mənada ölkə ədəbiyyatının zənginləşməsinə öz töhfəsini vermiş oldu. Həmin ənənə bu gün də davam edir və gənc imzaların nəzm və nəsr sahəsindəki yaradıcılıq nümunələri muxtar respublika ədəbi camiəsi haqqında ümidlə danışmağa imkan verir.
Naxçıvanda yazıb-yaradan qələm sahibləri arasında qadın imzaların da ciddi çəkisi var. Ta Heyran xanımdan başlayaraq Qönçəbəyimin, Kəmalə Ağayevanın, Kəmalə Nəsrinin ədəbi uğurlarını davam etdirən zərif xanımlarımızdan iki şair və bir yazıçı olmaqla üçünün bədii nümunələrini “Ulduz”umuza təqdim etmək istəyirəm.
Bunlar filologiya üzrə fəlsəfə doktoru, bədii nümunələrini ilk dəfə “İnsansız küçələr” adlı kitabıyla oxuculara təqdim edən Leyla Səfərova, dörd kitab müəllifi, ötən il “Ömrün yaşıl rəngi” və “Bir göz qırpımında” şeir kitabları ilə növbəti dəfə oxucularıyla görüşən Aytəkin Səfərliyeva, ayrı-ayrı mətbu orqanlarda, qəzet və saytlarda nəşr olunsa da hələ ki, kitab çıxarmağa tələsməyən Qəmər Sözaydır.
Qeyd etdiyim hər üç imzanın özlərinə məxsus yaradıcılıq üslubları var. Leyla xanım qısa, lakin geniş məna tutumuna malik hekayələri ilə fərqlənir. Aytəkin xanım ilk dəfə “Ulduz” jurnalı vasitəsilə mərkəzi mətbuatda dərc olunacaq. Buna baxmayaraq, onun hər şeirində digər qələm sahiblərini təkrarlamayan yeni obrazlı ifadələr maraq doğurur. Qəmər Sözay bədii ağırlıqlı, dərin düşüncələrə malik poeziyası ilə seçilir.
İnanıram ki, hər üç qələm sahibinin bədii nümunələri həm oxucuların, həm də geniş mənada bədii sözə, ədəbiyyata maraq göstərən Azərbacan vətəndaşlarının diqqətini cəlb edəcək.
Hörmətlə Elxan YURDOĞLU, “Ulduz” jurnalının redaksiya heyətinin üzvü AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
QƏMƏR SÖZAY
TƏRK EDİRƏM YOLLARI
Fikirlərə bürünüb,
Tərk edirəm yolları.
Ayrılıqdan boş qalıb
Sevgimizin qolları.
Həsrətinin zəlisi
Elə sorur qanımı.
Ucuz bir ölüm gələ
Erkən ala canımı.
Məğlub olam həyata,
Yaşamaq dadım itə.
Fəryadıma, sadəcə,
Ölüm mələyi yetə.
DARIXMAQLAR
Çəkilir gecəyə payız çiskini,
Sən dolu duyğular nələr istəyir.
Xəyallar oynayır bir yallı rəqsi,
Xəyallar məni də rəqsə səsləyir.
Qaranlıq donunu geyinir yenə,
Ünvanlar dolaşıq salır yerini.
Zülmətin boynuna çökür günahlar,
Qayıt birgə tutaq haqqın əlini.
Soyuyub Günəşin istisi, odu,
Oduna yandığım sözümdən düşür.
Bütün darıxmaqlar cəhənnəm olur,
Sevgilər cənnətin özündən düşür.
BU NECƏ ÇIXILMAZLIQDIR
Günəş söndürür istisini,
Ayın da itir soyuqluğu…
İnsanlar yaşayır fəsiləsizliyi...
İtir gülüşlərdə təbəssüm izi...
Kədər basdırılır qəmzələrə...
Sənsiz dünyanın amalı budur, adam...
Sənsiz Günəşə də, Aya da,
Hətta Yer kürəsinə də yadam...
Buludların gözlərindən süzülür
Nakam eşqin ağrısı, acısı.
Zamanını itirmiş fəsillər
Ağlayır zamansızlığına...
Payız qucaqlayır baharın nəfəsini.
Qış ovuclarında dondurur
yarın günahlarını.
Çəkir ciyərlərinə
Ölmüş bir məhəbbətin
üfunətli iyini...
İlahi,
İlahi, bu necə çıxılmazlıqdır
Aça bilməyirəm bu düyünü...
SƏNİ UNUDA BİLMƏDİM
Səni unutmaq üçün
Etdiyim intiharların sayını unutdum.
Səni unuda bilmədim.
Necə-neçə yarım qalmış
Ümidlərimi yola saldım –
Sənsizliyin mənzilinə doğru.
Ayrılığı ümidə bağladım,
için-için ağladım.
Neçə-neçə gecələrin
qoynunda sabahladım.
Yaşatmağa çalışdım
Sənsizlik vurğusu ilə
döyünən ürəyimi...
Getdin,
Apardın
Havamı, suyumu, çörəyimi.
İndi özün de
Mən nə yeyim, nə içim?..
Sənli günlərimin vurğusu ilə
Döyünən ürəyimi
geri qaytarmaq üçün
Hansı bir sevdadan keçim?..
Gəl, gəl ki,
Sənsizliyin havası ilə
Boğulmuş ciyərlərimi
nəfəsinlə doldurasan.
Gedişinlə sevinən
Boy atan o paxıl,
dərd çiçəkləri var e…
Gəl, gəl ki,
Onları birdəfəlik
əbədi soldurasan.
PAYIZI SEVMƏYƏN ADAM
Yaman pis dərddir sənsizlik,
Nə dərmanı var, nə də bir əlacı...
Elə çarəsizliyi sıxıb bağrıma
Göz dağı verirəm ümidlərimə...
Coşub, çağlamaq olmaz!
Küsüb, ağlamaq olmaz!
Ruhumu çarəsizliyə sürgün edən
Bir ömrün qurbanı oldum,
Asıldım kələfindən sənə dair fikirlərin...
Yoxluğunun bilinməyən
baharından boylandım
Sənsizlikdən viran qalmış
Bu qocaman şəhərə...
Gedişinin sərt rüzgarlarına
Tab gətirə bilmədi
Payız qoxulu bu şəhərin
Xəzan olmuş arzuları...
Yellər sovurdu ordan-ora,
Burdan-bura…
Bəlkə də, tapdadığın
O sonuncu xəzan yarpağının altında
Can verdi bir qadının sevərək əzizləyib,
Ərköyüncə böyütdüyü
Sevgiyə dair olan xəyalları...
Sən indi başqa bir şəhərin baharına sarılıb
Çiçək açdırırsan
Başqa bir sevginin ümidlərinə...
Eybi yox, mən onsuz da
Sevgisini rüzgarlara təslim edən
Bu şəhərin payızında
çoxdan xəzan olmuşam...
Payızı sevməyən adam...
BİR KÖPƏ AĞLAYIR İÇİMDƏ
Bir körpə ağlayır içimdə
4-5 yaşlarında…
Küçədə oynayan uşaqlar tərəfindən
Oyuncağı alınmış bir körpə...
Axşama doğru
Hər qapıdan eşidilən
bir ana, ata səsinə
evə qaçır uşaqlar.
O isə boynu bükük
ağlayır qədərinə.
Səssiz-səssiz,
ürkək-ürkək,
Gözündən axan yaşları silir
köynəyinin ətəyinə...
Hər kəs yaşadığını düşünərkən
O ömrünü doldurur,
ölümün pətəyinə.
Gözləriylə qucaqlayır kədəri,
Dizlərilə qaçaqlayır qədəri...
Dəfələrlə yıxılır, qalxır,
Qalxır, yıxılır...
Qan çanağına dönmüş
Diz qapağındakı yaraları
Göz yaşları ilə yuyur,
təmizləyir,
Özü öz yaralarını sevir, əzizləyir...
Köçürür dünyanın bütün dərdlərini
kirpiklərinə,
Sığınır qəribliyinə, yetimliyinə –
Sonsuzluğun kölgəsində
addım-addım…
Bir addım irəli gedərkən,
Min addım geri çəkilir.
Dünya dönür,
Zaman ötür,
İllər keçir...
Bir körpə ağlayır içimdə
50-55 yaşlarında…
Hələ də
boynuna ip kimi sarılan
Yetimliyinin dərdini çəkir.
Ölümün zəncirlərindən
Özünə düzbucaqlı
bir otaq tikir,
Sonsuzluğun sükutuna qərq olur…
HANSI SƏMTƏ
Yığılıb ocaqlara,
Kül olmuş qucaqlara,
Bir sevgi üzü qara,
Yol alır hansı səmtə?
Qədərimdən keçənlər,
Kədərdən pay biçənlər,
Dərd şərabın içənlər
Süzülür hansı səmtə?
Yağan qar gecəyarı,
Azdırır bu yolları.
Ölülər qəbrə sarı,
Mollalar hansı səmtə?
Çox dağlanıb ürəklər,
Sönüb arzu, diləklər.
Hara əsir kələklər,
Doğrular hansı səmtə?
Haqqı, nahaqqı saysam,
Sözdə doğruya dəysəm.
Keçmişin qəddin əysəm…
Gələcək hansı səmtə?
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


