Ən çox sevilən şairin doğum gününə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Mübaliğəsiz demək olar ki, Azərbaycanın ən çox sevilən şairin Mikayıl Müşfiqdir. Çox duyğusal lirik şeirlər yazan yaraşıqlı nakam şairin gənc ikən sovet terroruna qurban getməsi və nəşinin belə tapılmaması onu milyonların sevimlisinə çevirib. Bu gün onun doğum günüdür.

Hər il onun doğum günündə Xəzərə qərənfillər səpilir...

 

"Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…"

Onun şagirdlərindən biri Mikayıl Müşfiqi belə xatırlayır...

Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük rolu olub. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayıb.

Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilib.

Çox gənc yaşlarından yaradıcılıq fəaliyyətinə başlayıb, həyatını, taleyini şeirlə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib.

 

1927-ci ildən "Maarif və mədəniyyət" və "Komsomol" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunub. 1930-cu ildə şairin ilk "Küləklər" adlı şeir kitabı işıq üzü görüb. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanıb.

1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində işləyib.

1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olub. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub.

Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib.

 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib. 1934-cü ilin mart ayında onların Yalçın adında oğulları anadan olub, lakin 2 ay sonra yüksək hərarətlə seyr edən xəstəlik nəticəsində vəfat edib

1932-ci il Müşfiqin yaradıcı həyatı çox məhsuldar olub "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı" əsərləri nəşr edilib. Şair zorən, məcburən quruluşu mədh edən şeirləri yazırdı ki, qırmızı terrora tuş gəlməsin, millətşilikdə ittiham olunmasın.

1934-cü ildə o, Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayrıb, bir-birindən gözəl əsərlər yaradıb. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb.

1936-cı ildə Mikayıl Müşfiqin "Səhər" poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görülüb.

 

Filmoqrafiya

Qızıl gül olmayaydı...

Mikayıl Müşfiq

Yenə o bağ olaydı

Qeybdən gələn səs

Bakı bağları. Buzovna

Cavid ömrü

Şeirin Müşfiq zirvəsi

Muğamat var olan

 

1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil edib, lakin kitabı nəşr etdirmək şairə qismət olmayıb.

1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verib. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət alıb.

Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunub. Bunlardan Hikmət Ziyanın "Bu dərdi kim unudar", Mədinə Gülgünün "Ölməz Müşfiq üçün", Hüseyn Arifin "Bir gül açdı, sarı gül", Balaş Azəroğlunun "Yenə o bağ olaydı", Əli Kərimin "Müşfiqə", Əliağa Kürçaylının "Müşfiqi yaşıdından sordum", Nüsrət Kəsəmənlinin "Müşfiqin tarı" əsərlərini qeyd etmək olar.

Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu "Çağlayan" poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum olub. Kitabdakı şeirlər çap edilib. 1957-ci ildə şairin bəraətdən sonra ikicildliyi çap edilib

Mikayıl Müşfiqin sözlərinə Zeynəb Xanlarovanın ifasında "Qal sənə Qurban" və "Sənin üçün", Şövkət Ələkbərovanın "Qurban olduğum" və "Neçin gəlmədin", Gülağa Məmmədov "Oxu Tar", Eyyub Yaqubovun "Yenə o bağ olaydı", "Küləklər" və "Ana Dedim", Nǝzakǝt Mǝmmǝdovanın "Oxu sevdiciyim", Alim Qasımovun "Söylə" mahnılarını qeyd etmək olar.

1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən "Mikayıl Müşfiq" quru yük gəmisi suya buraxılıb. 1988-ci ildə Mikayıl Müşfiqin 80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində "Mikayıl Müşfiq ocağı" yaradılıb.

Muzeydə şairə simvolik məzar qoyulub. 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı "Mikayıl Müşfiq ocağı" "Mikayıl Müşfiqin Xatirə Muzeyi" statusu alıb. 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.