“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında təqdim etdiyimiz növbəti məktub İmanov Mehman Nəriman oğlundandır. O, 1992-ci ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. Həvəskar olaraq poeziyaya maraq göstərir. "Bəlkə də" "Bir qız vardı" şeir kitablarının müəllifidir.
MEHMAN İMANOV,
ŞEİRLƏR
Bu eşqi neyləyəsən
Bu nakam eşqimizi,
Kimə pay eləyəsən.
Bir yetim eşq tapasan,
Ona tay eyləyəsən.
Qul bazarında pulsuz,
Satsam da götürməzlər,
Kimsəsizlər evinə,
Atsam da götürməzlər,
Bu eşqi neyləyəsən?
Bir məscid qapısına,
Qoyub getmək də olmur.
O qədər isinirsən,
Soyub getmək də olmur,
Bu eşqi neyləyəsən?
Saxlasan qəlbə ziyan,
Qoyub hara gedəsən?!
"Yetim ahı tez tutar"
Necə günah edəsən?
Kim yiyə çıxar özgə,
Qəlbdə yaşayan eşqə?
Kim yiyə çıxar özgə,
Qanın daşıyan eşqə?
Bu eşqi neyləyəsən?
Kimsə öz eşqi kimi,
Sevməz bu dəcəl eşqi.
Bizə heç oxşamayan,
Bu bic, ebəcər eşqi.
Gözdən qoysam, avara,
Sevgilərə qoşular,
İndi zəmanə pisdi,
İçər, çəkər pozular,
Bu eşqi neyləyərsən?
Bu eşqə bizdən özgə
Can yandırası kim var?
Sənin də öz eşqin var,
Mənim də öz eşqim var,
Bu eşqi neyləyəsən?
Son görüş yerimizdə.
Gəzirəm veyil-veyil,
Son görüş yerimizdə.
İçim-içimi yeyir,
Son görüş yerimizdə.
Saçlarını hörüşün,
İlk busən, ilk öpüşün,
Canlanır gözlərimdə,
Səsin, üzün gülüşün,
Son görüş yerimizdə.
Səni yadına salıb,
Gözlərimi yaş alıb,
Skamyanın üstündə,
Bir siyah telin qalıb,
Son görüş yerimizdə.
Xatirələr ağlayır,
Ürəyimi dağlayır,
İndi təzə aşiqlər,
Əhdi peyman bağlayır,
Son görüş yerimizdə.
Xatirələr üzləşir,
Qəlb külündən közləşir,
Çiçəyi burnundakı,
Bir aşiqlə, bir məşuq,
İlk görüşə sözləşir,
Son görüş yerimizdə.
Xatirələr kök salıb,
Məni avşuna alıb,
Biz ayrılandan bəri,
Eşqimiz yetim qalıb,
Son görüş yerimizdə.
Əğyar sehrinə dalıb,
Gülüşündən kam alıb,
Tellərini oxşayıb,
Dizlərində yuxlayıb,
Son görüş yerimizdə.
Biz niyə gözə gəldik?
Necə tez dizə gəldik,
Bəlkə yenə, birdənəm,
Bir gün üz-üzə gəldik,
Son görüş yerimizdə.
Od sönüb, közüm qalıb,
Söhbətim, sözüm qalıb,
Gedirəm, gözüm qalıb,
Son görüş yerimizdə.
Son rəsmin
Rəsmini yandırıram,
Əllərim əsə-əsə.
Sanki demək istəyir,
Rəsmin mənə nə isə.
Sanki dil açıb elə,
İndi danışacaqsan.
Boynuma sarılacaq,
Gəlib barışacaqsan.
Sanki indi əlimdən,
Tutub saxlayacaqsan.
Mənə yalvaracaqsan,
Küsüb, ağlayacaqsan.
Sanki bu eşqimizə,
Son nidamız olacaq.
Vaxtında deyilməmiş,
Əlvidamız olacaq.
Sanki rəsmin yananda,
Eşq tilsimi sınacaq.
Cismim alovlanacaq,
Kərəm kimi yanacaq.
Fərhad hicrə dözməyib,
Öz canına qıyacaq.
Məşuq leyli tək bədbəxt,
Aşiq Məcnun olacaq...
Hicrindən yatmadığım,
Gecələrdi bu şəkil.
Əl-ələ gəzdiyimiz,
Küçələrdi bu şəkil.
Baxıb ilham aldığım,
Sətirlərdi bu şəkil.
Sənin qoxunu verən,
Ətirlərdi bu şəkil.
Mənim ki son dayağım,
Pənahımdı bu şəkil,
Savabımdı bu şəkil,
Günahımdı bu şəkil,
Nakam qalan arzundu,
Mənalındı bu şəkil.
Qucaqlayıb yatdığım,
Xəyalındı bu şəkil.
Səndən daha vəfalı,
Yoldaşımdı bu şəkil.
Qiybətini etdiyim,
Sirdaşımdı bu şəkil,
Həm sevincimdi həm də,
Göz yaşımdı bu şəkil.
Dünya səni necə sevim…
Yaşlar qurumur gözlərdən,
Kədər oxunur üzlərdən,
Atamı aldın bizlərdən,
Dünya, səni necə sevim?
Məcnunları saldın çölə,
Kərəmlərin döndü külə,
Bülbül yiyə çıxmır gülə,
Dünya, səni necə sevim?
Əyrilərin başda tacdı,
Mərdin namərdə möhtacdı,
Oğru toxdu, alim acdı,
Dünya, səni necə sevim?
Uduzdum sevda oyununda,
Eşqin ahı var boynumda,
Yarım əğyarın qoynunda,
Dünya səni necə sevim?
İblis geyib mələk donu ,
Pozulub hər şeyin tonu,
Ölümsə bu yolun sonu,
Dünya, səni necə sevim?
Kimlər almayıb, satmayıb,
Kimlər aldadıb atmayıb,
Kimlər qoynunda yatmayıb,
Dünya, səni necə sevim?
Unudur insan
Adəmoğu unutqandı,
Özünü unudur insan.
Bir gün güzgüyə baxmasa,
Üzünü unudur insan.
Bu qədər əyri içində,
Düzünü unudur insan.
Ən çox özünə verdiyi,
Sözünü unudur insan.
Savabıyla lovğalanır,
Günahın unudur insan.
Xoş günündə əhdin danır,
Allahın unudur insan.
Bahar gələndə qışı da,
Yazı da unudur insan.
Gözəl qız görsə sevdiyi,
Qızı da unudur insan.
Gedəydin
Getdin, nə qaldı ki səndən əmanət,
Kaş ki bir telini verib, gedəydin.
Gecələr köksümü sıxanda həsrət,
Xəlvətcə yuxuma gəlib-gedəydin.
Sevmirdinsə, sevdirməzdin özünü,
Könül sənə alışmadan gedəydin.
Söndürəydin alovunu, közünü,
Yuxularım qarışmadan gedəydin..
Gülüşümü oğurlayan qız, kaş ki,
Göz yaşımı qurutdurub gedəydin.
Kaş ki sevgim nifrətə dönüşəydi,
Kaş özünü unutdurub gedəydin
Gərək deyilsən
Gülüm, qayıtmısan gözlərində yaş,
Get, get, daha mənə gərək deyilsən.
İndi hamı bilən sirrsən, sehirsən,
Daha həmin arzu, dilək deyilsən.
İsməti şəhvətə satıb gəlmisən,
Yuyulmaz günaha batıb gəlmisən,
Əğyarın qoynunda yatıb gəlmisən,
Daha sən əvvəlki mələk deyilsən.
Yaşlar cığır salıb gözündə sənin,
Yaxıb isiniblər közündə sənin,
Öpüş izləri var üzündə sənin,
Daha ətir saçan çiçək deyilsən.
Səni and verirəm uca Allaha,
Çıx get, ürəyimi qərq etmə aha,
Sənsiz də yaşaya bilirəm daha,
Sən ki su deyilsən, çörək deyilsən.
Mən öləndə
Bir gün məni səndən ayırsa ölüm,
Gözlərimi bağlamağa gələrsən.
Bir kərə üzümə gülmədin, gülüm,
Məzarıma ağlamağa gələrsən.
Sıxılsan, darıxsan mənsiz, birdənəm,
Kədərini bölüşməyə gələrsən.
Son görüş yerinə gəlməmişdin sən,
Axirətdə görüşməyə gələrsən.
Yağış yağsa, gəlmə qəbrim üstünə,
Yollar, izlər quruyanda gələrsən.
Qıymamışdın sənəm vaxtını mənə,
Eybi yoxdu, qarıyanda gələrsən.
Torpağ altda təkcə darıxaram mən,
Vaxtın olsa danışmağa gələrsən.
Hər şeydən inciyən, hər şeydən küsən,
Bayram günü barışmağa gələrsən.
Gəlmək istəyəndə qebrimə, ey yar,
Ay çıxıb, gün batan vaxtı gələrsən.
Görsələr adına söz çıxararlar,
Gecə, hamı yatan vaxtı gələrsən.
Həkim
Bir azara tutulmuşam,
Bilmirəm nə zaman, həkim.
Gilə-gilə əriyirəm,
Yaman dərddi, yaman, həkim.
Namaz qıldım, dua etdim,
Göyə çatmır ahım, həkim.
Kömək olmur heç bir ocaq,
Tək sənsən pənahım, həkim.
Adın "Məhəbbət" qoyublar,
Bu dərdin, bəlanın, həkim.
"Dərmanı dərdin özüdür"
Qəlbdəki yaranın, həkim.
Yoluxucu xəstəlikdir,
Yayılıb cahana, həkim.
Baxmır kasıba, varlıya,
Qocaya, cavana, həkim.
Bilmirsəm ki hardan keçir,
Sudan ya havadan, həkim.
Bəlkə bizə cəza üçün,
Yaradıb yaradan, həkim.
Məlhəm de sürtüm gözümə,
Göz yaşın qurudum həkim.
Unutmağın reseptin yaz,
O qızı unudum həkim.
O qızı görəndə niyə,
Ürək tez-tez vurur həkim?
Məhəbbətin göz yaşları,
Niyə şirin olur, həkim?!
Könlümə gözümdən keçib,
Bu ağrı, bu sızı, həkim.
Kəsib çıxart ürəyimdən,
O vəfasız qızı, həkim.
Danışırsan
Əhdini pozub da, gülüm, ləyaqətdən danışırsan,
Xəyanətin dil əzbəri, sədaqətdən danışırsan.
Aşiqini çəkib dara, batıb min bir günaha sən,
Namaz qılıb, oruc tutub İbadətdən danışırsan.
Tanrı dərgahında görən necə cavab verəcəksən..,
Dindirəndə axirətdən, qiyamətdən danışırsan.
Eşqi isbat et dedilər, mən sübut gətirmədin,
Sən ki Məcnundan, Kərəmdən rəvayyətdən danışırsan.
Mən məcnun tək səhralarda can verərkən, gözəlim, sən,
İbn Salam sarayında ziyafətdən danışırsan.
Qəbrim Tanrı dərgahında ən ali pir olar, fəqət,
Sən Məkkəni, Kərbəlanı ziyarətdən danışırsan.
Şair, naşı bir ahunun qəlbinə yol tapammadın,
Durub dünya nizamından, siyasətdən danışırsan.
Mehman zərin yek gətirdi eşq, məhəbbət qumarında,
Yar əğyarın qoynunda, sən məhəbbətdən danışırsan.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


