Gəncə yazarlarının anası Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Əməkdar mədəniyyət işçisi Sahib İbrahimli Fəridə Əliyarbəylini “Gəncə yazarlarının anası” adlandırıb. Həqiqətən də belə idi... Yaşlıların dostu, həmdəmi, gənclərin məsləhətçisi, himayədarı...

 

Şair, dramaturq Fəridə Əliyarbəyli 1924-cü il iyunun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.

 

Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.

 

1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989).

 

Şairə Gəncənin təbiətinə “Bizim Gəncədə bahar”, “Göygöldə bahar”, “Maralgöl”, “Kəpəzim” kimi şeirlərini həsr edib. Əliyarbəyli Böyük Vətən müharibəsinə aid “Üçkünc məktublar”, “Qara kağız”, “Səni gözləyirəm”, “Əlvida, əzizim”, “Əsgər məktubu” və başqa şeirlərini qələmə alıb. Bundan başqa, Fəridə Əliyarbəyli “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə yeri” kimi dram əsərlərinin müəllifidir.

Fəridə Əliyarbəylinin 1955-ci ildə “Arzular” adlı ilk kitabı çapdan çıxıb. Bundan başqa, onun “Yasəmən”, “Gəncəli qız”, “Novruz bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi” və başqa kitabları nəşr olunub.

1950-1952-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının işi bir qədər zəifləyir. Bu problemi aradan qaldırmaq üçün Bakıda Səməd Vurğun, Süleyman Rüstəm və başqalarının iştirakı ilə iclas keçirilir. Gəncə filialının Fəridə Əliyarbəyli və digərlərindən ibarət bürosu təsdiq edilir. Əliyarbəyli filialın məsul katibi seçilir. 1953-1989-cu illərdə isə o, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi fəaliyyət göstərir.

Müəllifin şeirləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Moldovada çap olunub. Əliyarbəylinin “Pesnya, meçta i lyubov”  kitabı Moskvada dərc edilib.

Fəridə Əliyarbəyli 1953-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ yazıçılarının 2, 3, 5-ci qurultaylarının nümayəndəsi olub. O, 1959-1989-cu illərdə Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.

 

Kitabları:

 

1. Arzular

2. Yasəmən

3. Gəncəli qız

4. Qayğı

5. Sərv ağacı

6. Payız kəpənəkləri

7. Dünyaya insan gəlir

8. Novruz bayramı

9. Dünyaya insan gəlir

10. Könül çırpıntıları

11. Cavad xan türbəsi

12. Ona xanım dedilər

13. Pürrəng çay

14. Sular bulananda

15. Dünya, nə qəmlisən.

 

Fəridə Əliyarbəyli 2011-ci ildə 87 yaşında dünyaya gözlərini qapamışdır.

Allah rəhmət eləsin!

 

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.