“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Xarici ədəbiyyat seriyasından alban yazıçısı Lindita Xhanari Latifinin “Nənənmin sözləri” adlı hekayəsi təqdim edilir. Hekayəni dilimizə Şahnaz Kamal çevirmişdir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
LİNDİTA XHANARİ LATİFİ KİMDİR?
Assosiasiya professoru Lindita Xhanari Latifi bakalavr təhsilini 1991-ci ildə Tiran Universitetinin Dil və Ədəbiyyat bölümündə tamamlamışdır. 1996-cı ildən etibarən həmin universitetin Tarix və Filologiya fakültəsinin dilçilik bölümündə müəllim kimi fəaliyyət göstərir.
2004-2006-cı illər arasında magistratura təhsilini davam etdirən Lindita Xhanari Latifi 2009-cu ildə Tarix və Filologiya fakültəsində dilçilik üzrə elmlər doktoru dərəcəsini almışdır. 2009-cu ilin sentyabrında dosent, 2014-cü ilin mayında isə assosiasiya professoru adına layiq görülmüşdür.
Lindita Xhanari Latifinin tədris və elmi tədqiqatlar sahəsində geniş akademik fəaliyyəti diqqətəlayiqdir. O, 2003-2004-cü illərdə İtaliyada Università degli Studi di Palermo, Facoltà di Lettere e Filosofia daxilində alban dili müəllimi olaraq çalışmış, 2007-2010-cu illər arasında isə Türkiyənin Edirne şəhərində yerləşən Trakya Universitetində Alban Dili Bölümünün yaradılmasına rəhbərlik edərək bu bölümdə çalışan ilk alban dili müəllimi olmuşdur.
AKSHI və TÜBİTAK-ın dəstəklədiyi milli və beynəlxalq layihələrdə iştirak etmiş, Türkiyə və Balkanlardakı bir çox universitetlərə dəvət olunaraq mühazirəçi kimi çıxış etmişdir. Həmçinin Priştina Beynəlxalq Dil, Ədəbiyyat və Mədəniyyət Seminarının İdarə Heyətinin üzvü, Türkiyə Türk Dil Qurumunun Albaniya nümayəndəsi, Balkan Araşdırmaları Mərkəzinin müdiri və Tiran Universitetinin Tarix və Filologiya Fakültəsinin Osmanlı Yaz Məktəbinin koordinatorudur. O həmçinin ölkə daxilində və xaricində keçirilən bir çox elmi konfransların elmi şurasının üzvüdür və müxtəlif beynəlxalq akademik jurnallarda rəyçi və elmi şura üzvü kimi fəaliyyət göstərir.
Tədqiqat və tədris sahələri arasında morfologiya, müqayisəli dilçilik, tarixi dil qrammatikası və ərəb əlifbası ilə yazılmış qədim alban mətnləri yer alır. Prof. Lindita Xhanari Latifi morfologiya sahəsindəki mətnləri ilə yanaşı, ortaq müəlliflərlə birlikdə yazdığı tarixi xarakterli bəzi layihələrdə də iştirak etmişdir. Həmçinin alban dilindəki türk mənşəli sözlər və onların semantik inkişafı üzrə müxtəlif monoqrafik tədqiqatlar nəşr etdirmişdir. Alban dilindəki türkizmlər haqqında hazırlanan lüğət Türk Dil Qurumunun, balkan dillərindəki türkizmlər haqqında hazırlanan lüğət isə Pamukkale Universitetinin nəşridir. Beynəlxalq simpoziumlara 100-dən çox məlumat təqdim etmiş və çoxlu sayda elmi məqalələri ilə maraq doğurmuşdur. O həmçinin 35-dən çox romanın tərcüməsi ilə türk ədəbiyyatının alban dilinə çatdırılmasına mühüm töhfələr vermişdir.
Prof. Lindita Xhanari Latifi elmi tədqiqatlarını Azərbaycanda da davam etdirir. O, Bakı şəhərində yayımlanan MAFJ (Mədəni Antropologiya və Folklor Jurnalı) adlı beynəlxalq rəyli jurnalın redaksiya heyətinin üzvüdür.
Eyni zamanda Bakı Slavyan Universitetinin təşkil etdiyi I Beynəlxalq Balkan Araşdırmaları Konfransına aktiv şəkildə qatılmış və bu universitet ilə Tiran Universiteti arasında akademik əməkdaşlığı gücləndirməyə yönəlmiş mühüm müqavilələrin bağlanmasına rəhbərlik etmişdir. Bu müqavilələr çərçivəsində Bakı Slavyan Universitetinin tələbələri 2025-ci il sentyabr ayında Tiran Universitetinin Alban Dili Yaz Məktəbi proqramına qatılıblar.
Son dövrlərdə Lindita Xhanari Latifi “Xatirələr işığında Heydər Əliyev” (Hajdar Aliyev nën Dritën e Kujtimeve) adlı əsəri alban dilinə tərcümə edərək iki ölkə arasındakı mədəni və akademik münasibətə mühüm töhfə vermişdir.
TƏRCÜMƏ SAATI
Lindita XHANARİ LATİFİ
NƏNƏMİN GÖZLƏRİ
Həyatım boyunca nənəmin gözləri məni təqib etdi. O gözlərdən ötrü hər zaman darıxıram. Balaca olanda onların mənasını anlamırdım. Onların gələcəyə dair işarələr daşıdığını böyüyəndə anlayacaqdım. Bəzi yaxınlarımızın “Adviye xanım” çağırdıqları nənəm az danışan, səssiz, okeanların maviliyi qədər dərin və yaz səması qədər canlı mavi gözləriylə baxan zərif bir qadın idi.
İstanbulda Debreli babamla evləndikdən, Beşiktaşda illər boyunca yaşadıqdan sonra Albaniyaya gəlmişdilər və sərhədlər bağlandığı üçün bir daha Türkiyəyə dönə bilməmişdilər. Təəssüf ki, ölkəsinə və dilinə duyduğu həsrəti sadəcə özünə etiraf edə bildiyi bir ölkədə yaşamaq məcburiyyətində qalmışdı. Bu həsrəti çox vaxt, hətta özünə belə, gizlincə etiraf edirdi…
Çox vaxt, ələlxüsus da Adriatik sahillərində olanda gözləri o parlaqlığını itirir və ya uzaqlarda itib gedərdi. Bəzən gözləri elə sulanırdı ki, ağlamağa başlasa, kimsənin onu kiridə bilməyəcəyini düşünürdüm. Hər dəfə də dodaqlarının kənarında kimsənin fərqində olmadığı gülümsəmə müşayiət edərdi dolan gözlərini… O anlarda sanki kiminləsə danışırdı. Bəlkə, özü ilə, bəlkə, İstanbuldakı yaxınları ilə, bəlkə də, taleyi ilə danışırdı… Kiminlə danışdığını kim bilə bilərdi ki? Varlığını qovuran bir həsrət hissi ölənə qədər onunla olmuşdu. İndi keçmişə dair xatırladığı hər şey, hiss etdiyi hər acı ruhunu qovuran həsrətini azaldırdı. Bu durumun onda nə zaman başladığını dəqiq bilmirəm, amma xatırladığım qədəriylə, mən məktəbə getməmişdən qabaq idi – dörd-beş yaşım olardı o zamanlar.
Biz bütün günü bir yerdə qalırdıq. Hər kəsin qəbul etdiyi gizli bir anlaşma vardı sanki. Biz eyni otaqda yatırdıq. Nənəm hələ də niyə orada yatdığını bilmədiyim uzun bir taxtda yatırdı. Mən isə onun əliylə tikdiyi örtüklərlə bəzədilmiş yatağımda yatırdım.
Nənəmlə mən kiçik qardaşımı bağçaya aparar, sonra birlikdə evə dönərdik. Evə gələr-gəlməz ev işlərini görür, yeməyimizi hazırlayır və özünə bir türk qəhvəsi bişirdikdən sonra mənim olurdu. Daha doğrusu, o zaman tamamilə bir-birimizə aid olurduq. “Sən mənə çox bənzəyirsən, mənim kimi olacaqsan”, deyirdi. Bu, günlük bir ritual idi. İkimiz də taxtda otururduq və nənəm anlamadığım bir dildə mənə İstanbuldakı yaxınları haqqında danışmağa başlayardı. Bunu dediyi adam adlarından anlayardım. O danışdıqca səs tonu həmişə dəyişərdi… Bəzən ah çəkərdi, bəzən dərdli şəkildə gülümsərdi, bəzən də gözlərinin içində yığılan göz yaşlarını saxlamaq üçün əllərimdən bərk-bərk yapışardı. Sonra divarın içində düzəldilmiş dolabı açar və saxladığı yerdən onun üçün çox dəyərli olan iki şey çıxardardı: qızıl cildli balaca bir kitab (o kitabın “Qurani-Kərim” olduğunu illər sonra anladım) və Sultan Ahmet məscidinin şəkli olan bir açıqca. Bu yalnız mənim bildiyim bir sirr idi. Bir dəfə yoxlamada babamın və onun türk pasportlarını yandırdıqları gün bu iki şeyi saxlamışdı. Günün ən gözəl çağı onda başlayardı, çünki nənəmin üzü sehrli bir şəkildə dəyişər, görülməmiş bir şəkildə parıldayar və canlanardı. Heç bir sözü çevirmədən mənimlə “o dildə” danışardı. Böyük ehtimalla, bizi qorumaq üçün belə edərdi. Uşaq olduğum üçün, bəlkə, ağzımdan bir şey qaçıra bilərdim. Belə bir durumda hamımızın sonunun nə olacağı bəlli idi. Bu gün o günləri düşünəndə o qədər balaca olduğum və heç bir şey anlamadığıma üzülürəm. “Bosfor”, “boğaz”, “cami”, “mavi”, “masmavi” kimi sözləri dəfələrlə təkrar etdiyini eşidirdim. Anlamağı elə çox istəyirdim ki! Bu kəlmələrin arxasında nələrin saxlandığını necə bilə bilərdim ki?! Söylədiyi bu yad kəlmələrin səsi qulaqlarıma gözəl bir melodiya, bir yaz mehi kimi gəlirdi. Hər dəfə mənasını soruşanda saçlarımı oxşar, əllərimdən bərk-bərk tutub dərin bir nəfəs alaraq “gözlərimin içinə bax, onları orada tapacaqsan” deyərdi. Mən də nənəmin masmavi gözlərinə baxar və onun bitməyən leysanını, həsrətini, hər şeyini görərdim. Onun həsrətini görür və onun həsrətiylə yaşayırdım. Mənim nənəm ölkəsinin, yaxınlarının, dilinin və onlarla bağlı olan hər şeyin həsrətini çəkirdi. Mən də onun həsrətinə həsrət duymağa başlamışdım. O, keçmişinin, bildiyi şeylərin həsrətini çəkər, mən isə bilinməyənlərin… Görmədiyin bir şey, başqa bir dildə eşitdiyin hekayədən anlamağa çalışdığın hər şey, səs tonundan və ya üz ifadələrindən başa düşməyə çalışdığın bir şey üçün darıxmağın nə demək olduğunu kimsə bilməz! Maraq və xəyal gücüylə birləşərək bütöv olan bir həsrətdir bu. İstanbula hər gedəndə hələ də könlümü çuğlayan bir həsrət…
Bir də mənə söylədiyi bir mahnısı vardı nənəmin. Bu mahnını mən də öyrəndikdən sonra birlikdə oxumağa başladıq. Həyatımda tam olaraq əzbərlədiyim ilk mahnı idi bu. Sözlərini heç başa düşmürdüm, amma nənəm üçün çox önəmli olduğunu bildiyim üçün asanca öyrənmişdim. Mahnını oxuyanda birdən-birə ciddiləşir və ayağa qalxıb düz durmağımı istəyirdi. Bunu niyə istədiyini bilmirdim. Kaş biləydim… Düz qırx dörd il öncə tanış olub əzbərlədiyim bu mahnını, nə olduğunu bilmədən, nənəmlə birlikdə sevgi və istəklə söyləyirdim. Təxminən 20 il sonra, ilk dəfə İstanbula gələndə, bir may günü Beşiktaşda gəzəndə nənəmin mahnısını eşitdim. Nəfəsim durdu… Qulaqlarıma sanki onun gözəl səsi gəlirdi… Ayaqlarım tutuldu və mahnının eşidildiyi məktəbin dəmir barmaqlıqlarına özümü zorla çatdırdım... Aman Allahım!!! Nə gözəl mənzərəydi! Balaca şagirdlər və o mahnı, ya da, ən doğrusu, o mahnı, şagirdlər, mən və bizim aramızda nənəm… Məktəbin həyətinə girib var gücümlə oxumağa başladım. Həyətdə olan müəllimlər, Allah bilir, nə qədər təəccüblənmişdilər. O an nənəm də mənimlə bərabər oxuyurdu. Orada anladım Türk İstiqlal Marşını oxuduğumu. Orada anladım mənim duyduğum həsrətin nənəmin bir zamanlar duyduğu həsrət qədər olduğunu… Bir himnin nə qədər önəmli olduğunu da o zaman anladım. Nə qədər uzaqda olsan da, necə yaşasan da, İstiqlal Marşının ruhuna hopub könlünün ayrılmaz bir parçası halına gəldiyini də o zaman anladım.
Nənəm haqqında hər şeyi danışmağım üçün bir həyat belə yetməz. Çünki İstanbulda gördüyüm hər şey, çiçəklər belə mənə onu xatırladır. 1sentyabr 1975-ci il idi. Bu tarixi çox yaxşı xatırlayıram, çünki elə günlər ömür boyu unudulmur. Məktəb həyatımın ilk günü idi. Sabah tezdən oyandım və nənəmin köməyi ilə hazırlanmağa başladım. Məktəbin ilk günü müəllimimə gül verməli olduğumu xatırlayıb bağçaya qaçdım. Bağçamız balaca botanika bağına bənzəyirdi, çünki Adiviye xanım gülləri çox sevirdi. Zanbaq, qərənfil, bənövşə – çoxlu gül-çiçəyimiz var idi. Hansını seçəcəyimi bilmədən güllərin arasında qalmışdım.
– Müəllimimə hansı gülü aparım? – deyə nənəmdən soruşdum.
– Lalə, – xatirələrdə itmiş bir halla nənəm cavab verdi.
Bu sözün mənasını bilmirdim və hansı çiçəyin lalə olduğunu soruşdum. Nənəm gülümsəyərək ipək kimi yumşaq səsi ilə cavab verdi:
– Bu bağçada ondan yoxdur, burada “İstanbul laləsi” təkcə sənsən.
Bağçamızda əkmək üçün lalə tapa biləcəyimiz yer olmadığından nənəm mənə kağızdan lalə düzəltməyi öyrətdi. O gündən bəri bazar günü yeməkləri mənim düzəltdiyim laləli güldanı masaya qoymadan başlamazdı. Nənəm, boğazda İstanbulun rəngli lalələrinin səsini eşitmədən gəzməyin imkansız olduğunu deyirdi.
Nə zaman İstanbulda gəzsəm – ələxsus da aprelin sonu, mayın əvvəli- gördüyüm bütün lalələrə sarılıb onları oxşamaq istəyirəm. O lalələrin gözəlliyi içində itib-batır, yüzlərlə şəkil çəkir və nənəmin ən çox hansını bəyənəcəyini düşünürdüm. Lalə onun qəlbindəki çiçək idi. Mənim də ən çox sevdiyim çiçək oldu.
Nənəmin doğum günlərində mən iki güldan ən gözəl rəngli kağızlardan lalə düzəldirdim. Birini nənəm üçün, o birini onun İstanbulu üçün masaya qoyardım. Əslində, nənəmə həm təəccüblənir, həm də onu qısqanırdım. Çünki onun doğum günü tez-tez olurdu. Nənəm ildə bir neçə dəfə ad günü qeyd edərdi. O günlər onun üçün ən gözəl günlər idi. Xəstə olsa belə, ayağa qalxar və bir kəpənəyə çevrilərdi. Yaşadığımız rejimdə maddi durumumuz pis olsa belə, nənəm bir az şəkər, un kimi şeylərə qənaət edər və onun müqəddəs günlərində bizə ən gözəl yeməklər, şirniyyatlar bişirərdi. Bağçamızda bitən güllərin və mixəyin ətrini verən lokumlar nə qədər gözəl idi! Bişirəndə qonşularımıza da pay verərdi.
Məni təəccübləndirən bir şey də “doğum günü”nün onun olmasına baxmayaraq, hamımıza kiçik hədyyələr hazırlaması idi. Bir gün bütün cəsarətimi toplayıb soruşmağa qərar verdim. İnsanlar həyata sadəcə bir dəfə gəlirlər, niyə o, ildə bir neçə dəfə doğum günü keçirir? Onun cavabını uzun zaman keçdikdən sonra anladım: ”İnsanların həyata sadəcə bir dəfə gəldiyi doğrudur, amma yaşayanda insan bəzi günlərdə yenidən doğulur. Mən də bu günlərdə yenidən doğuluram”. Nənəm yaşadığımız rejimdə qadağan olunmuş Şəkər və Qurban bayramı günlərini deyirmiş. Adviye xanım onları gizlincə qeyd etməyin yolunu beləcə tapıbmış. Nənəm o günlərdə durmadan danışar, gecə saatlarına qədər “nağıl” söyləyərdi. Aman, Allahım! Onun danışdığı nağıllar çox özəl idi və uşaqlara danışılan nağıllara heç bənzəmirdi. Ruhun rahatlıq tapdığı və həyatının davam etməsi üçün güc tapdığı bir ev (məscid), hər kəsə doğru yolu göstərən bir insan (Məhəmməd peyğəmbər), insanların həyatlarında ən önəmli iş olan yaxşılıq, başqaların etməli olduğumuz yardım, sevgi, şəfqətdən bəhs etdiyini xatırlayanda nənəmin “Qurani-Kərimi” və dini anlatdığını ancaq indi başa düşürəm. Çox sevdiyi və inandığı dəyərlərini, yaşadığımız o zor və təhlükəli şərtlərdə belə mənə öyrətdiyi üçün ona nə qədər minnətdar olsam, yenə azdır.
Ağır xəstələnəndə mən doqquz yaşımdaydım. Vəziyyəti çox ağır olduğundan otağına girməyimə icazə vermirdilər. Amma mən kiçik bir kətil götürüb onun otağının pəncərəsinin önündə oturur və dərslərimi edərkən ona baxırdım. Bir-birimizə baxar, gülümsəyər və bir-birimizə əllə öpüş göndərərdik. O hər gün daha çox üzülürdü. Yorğan-döşəyin arasında yoxa çıxarkən mən artıq sadəcə onun gözlərini görə bilirdim. Bir gün anamı, atamı və Mulla bibimi yanına çağırdı. Söylədiklərindən unutmadığım sözlər bunlardır: “Siz, bəlkə, heç vaxt İstanbula gedə bilməyəcəksiniz, amma bizi bu an pəncərədən görən “mənim laləm” Linda oraya mütləq gedəcək”. Mənə tərəf baxdı, gülümsədi və o an dünyalar mənim oldu. O, səssizcə mənim yolumu çizmiş oldu, mən də səssizcə ona sözümü vermiş oldum. Həyatının son günündə danışa bilmədiyi üçün əl-qoluyla işarələr verirdi. Bir şey onu narahat edirdi və bu onun çəkdiyi acılar deyildi. Bir şey istəyirdi və sadəcə mənə doğru baxırdı. O an xatırladım. Sürətlə otağımıza uçdum və balaca kitabı ilə məscidin şəklini gizlətdiyi yerdən çıxardıb əlinə verdim. Sevimli nənən o an elə bir hüzura qovuşdu ki! Son dəfə bu dünyada bir-birimizə sevgiylə gülümsədik. Gözləri sulandı və yumulanadək mənə baxdı. Heç kimin xəbəri olmadan “balaca kitabını” və Sultan Ahmet məscidinin şəklini cənazə tabutunun içinə qoydum. Beləcə, onun üçün dəyərli olan bu iki şey həmişə yanında olacaqdı…
İllər keçdi və önümdə iki yol uzanırdı. Hər şeyi unutmaq və ya təkbaşıma davam etmək. Artıq ikiqat həsrət çəkirdim. Nənəmin çəkdiyi həsrətə və onun gözəl gözlərinə həsrət çəkirdim. Uzun müddət qəlbimin bir küncündə xəyal etdiyim Türkiyəni, nənəmin Türkiyəsini, bəsit, sadə, amma sevgi ilə dolu olan Türkiyəni qurdum. İllər boyunca əlimə keçən türkcə mahnı, film, şeir, ədəbiyyat, tarix, yemək reseptləri, lətifə və tapa bildiyim hər şeylə bəslənməyə çalışdım.
Amma Allah yolçuluğumda məni tək qoymadı. Təxminən 10 il sonra, 85-86-cı illərdə iqtisadi böhrana görə insanlar mağazaların önündə növbə gözləyəndə Dəmir əmiylə tanış oldum. O, təqaüddə olan riyaziyyat müəllimi idi. Amma atası Atatürk zamanında İstanbulda vəkil işlədiyi üçün türkcə bilirdi. Dəmir əmi Türkiyəni nə qədər çox sevirdi! Beləcə ondan o uzun növbələrdə bəzən yağışda, bəzən soyuqda türkcə öyrənməyə başladım. O, sözləri deyildiyi kimi söyləyir, mən də alban hərfləriyə yazırdım. Dəmir əmi qrammatika bilmirdi. Dediklərini yazdıqdan sonra şəkilçiləri anlamağa və türkcənin qrammatikasını qurmağa çalışırdım. Həyat çox qəribədir. Ətrafımızdakı bütün insanlar uzun növbələrə nifrət edib onlara qarğış tökürdülər, mənsə onları çox sevirdim. Onların sayəsində türkcə öyrənirdim. Mağazadakı qidalar hamımıza çatmadığı üçün bəzən evə əliboş dönürdük Amma mən mənə lazım olanı ala bildiyim üçün sevincli olurdum ki, o gün bəzi sözləri öyrənmişdim. Dəmir əmi ailə dostumuz oldu və sonralar da türkcə öyrənməyimə kömək edirdi.
Gözəl bir gündə gözlədiyim şey oldu. Ruhumun aradığı və illərdir aldığım təhsil ortaq bir nöqtədə birləşdi. Bir filoloq olaraq elmi işlərimin, araşdırmalarımın ən böyük qismini albancada və Balkan dillərindəki türkizmlərin, türk mədəniyyətinin Balkan ölkələrinin mədəniyyətlərinə təsirinə həsr etdim. Dəmir əmi illərdir xəstə yatır, amma türkizmilərlə bağlı hazırladığım hər monoqrafiya və ya sözlüyün ilk nüsxəsini ona hədiyyə edirəm. O, türkizmilərlə bağlı etdiyim araşdırmalara gör çox sevinir. Hər dəfə onun yanına gedəndə gözəl nənəmi xatırlayıram.
Uzun illər öncə nənəm İstanbul maviliyinə həsrət qalaraq vəfat edərkən mən onun mavi gözlərini həmişəlik itirdiyimi düşünmüşdüm. Amma yanılmışammış… Yanıldığımı 1992-ci ildə İstanbula ilk dəfə gedəndə anladım. Boğaza gedəndə dəniz mehi və maviliyi həsrətimə anlam qatdı. O maviliyin arasında nənəmin gözlərini tapdım. Sanki uzun zamandır onları yenidən tapmış kimi hiss edirəm. O gündən bu yana düz əlli altı dəfə getdim İstanbula və əlli altı dəfə onun gözlərini tapdım. Əvvəllər olduğu kimi məni izlədiklərini və oxşadıqlarını hiss edirdim. Ona görə də İstanbula hər gedişimdə dostlarımdan uzaqlaşmağa imkan tapıb bir saat sadəcə nənəmin gözləriylə oturub danışmaq üçün möhtəşəm Boğazın kənarındakı çay bağçalarında otururam. İki çay sifariş edirəm, birini özümə, o biririni ona… Birini içirəm, o birini isə nənəmin gözləri və ruhu adına Boğaza tökürəm…
“Ədəbiyyat və incəsənət”
(29.05.2026)


