“Yenə Müşfiq olaydı…” Sumqayıtda poeziya ilə dolu duyğulu gecə Featured

Habil Yaşar,

Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Sumqayıt Poeziya Evində Azərbaycan ədəbiyyatının azad ruhlu şairi, misraları ilə əsrləri aşan Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş “Yenə Müşfiq olaydı…” adlı möhtəşəm poeziya gecəsi keçirildi. Layihənin rəhbəri Gülər Nizamiqızının təşkilatçılığı ilə baş tutan tədbir duyğu dolu anlarla yadda qaldı.

 

Gecədə Mikayıl Müşfiqin əmisi nəvəsi Vahib İsmayılov, Dilbər xanımın qızı Leyla xanım, nəvəsi Nigar xanım və digər ailə üzvləri iştirak edərək böyük şairin əziz xatirəsini yad etdilər. Tədbir boyunca Müşfiqin həyat və yaradıcılığını əks etdirən xüsusi slayd nümayiş olundu, onun qəlblərə toxunan şeirləri isə dirayətli qiraətçilər tərəfindən böyük ustalıqla səsləndirildi.

Ziyalılar və poeziya sevərlər çıxışlarında Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında silinməz iz qoyduğunu, onun azadlıq ruhunun və duyğularının bu gün də yaşadığını xüsusi vurğuladılar. Çünki Müşfiq sadəcə şair deyildi… O, misralarında bir xalqın ruhunu yaşadan söz adamı idi.

Tədbirin əsas məqsədi bir daha xatırlatmaq idi ki, bu dünyadan Müşfiq adlı bir gənc keçdi… Gənc yaşında həyatdan köçsə də, yazdığı misralar hələ də insanların ruhuna toxunur, ürəklərdə yaşayır. Necə deyərlər: “Bəzi şairlər ölür, amma onların yazdığı hisslər heç vaxt ölmür…”

Mikayıl Müşfiqin qısa ömrünə sığdırdığı böyük poeziya bu gün də insanlara sevgini, azadlığı və həyatı hiss etdirməyə davam edir. Onun misraları illər keçsə də öz nəfəsini itirmir. Çünki həqiqi poeziya zaman keçdikcə yox olmur  əksinə, insanın ruhunda daha dərin yaşayır.

“Yenə Müşfiq olaydı…” gecəsi bir daha sübut etdi ki, sözün gücü zamanın fövqündədir. Və Müşfiqin azad ruhu bu gün də poeziyanın işığında yaşayır…

Sonda isə tədbir iştirakçıları Poeziya Evinin qarşısında bu Müşfiqli günü xatirələşdirmək üşün ailə fotosu çəkdirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.