İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Qaryagində (indiki Füzuli rayonu – red.) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım"... (İlyas Əfəndiyev)
Bu gün Azərbaycan SSR xalq yazıçısı və Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin doğum günüdür.
İlyas Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Nəsilliklə oxumuş ruhaniliyi olanbir ailədən çıxan atası Məhəmməd kişi 1884-cü ildə anadan olub. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar olublar.
Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olub. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.
Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ. Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən A. Puşkin, M. Y. Lermontov, A. P. Çexov, İ. Turgenev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə olunan əsərlərini mütaliə edib, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərib, coğrafiyanı həvəslə öyrənib, böyük səyyahların, o cümlədən R. Amundsen, F. Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççinin həyatını diqqətlə izləyib.
Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ. Əfəndiyev yazır:
"Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub, balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum".
Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə qalxan onlarla sənətkarın həyatı və yaradıcılıq təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər həlledici rol oynayıb.
"Sənətkarı əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının formalaşma və inkişaf prosesini doğru-düzgün mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir".
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ. Əfəndiyev 1935–1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləyib, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərib. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamayıb.
Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur, lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilən müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynayan dram kollektivinin fəaliyyəti barəsindəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.
Bu illərdə Qaryagində "Qızıl Araz" adlı qəzet dərc edilirdi. Müxtəlif illərdə Heydər Heydərov, Bala Bağırov, Səməd Əliyev və başqalarının redaktor olduqları qəzet öz səhifələrində günün ictimai-siyasi hadisələri, təsərrüfatın aktual məsələləri haqqında materiallar dərc etməklə bərabər, ədəbiyyat və mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırıb.
İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin səhifələrində ədəbiyyat müəllimləri Nemət Hüseynov, N. Kazımovun maraqlı yazıları, gənc şair Nəcəf Quliyevin şeirləri, rayonun qabaqcıl ziyalılarından Məmməd Sadıqovun, Savalan Zülfüqarovun, A. Manaflının və başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların heç biri nəinki İlyasın nəzərindən yayınmayıb və təsirsiz qalmayıb, hətta gənc müəllimin dünyagörüşünün formalaşmasına öz təsirini göstərib.
Gələcəkdə görkəmli dramaturq olacaq İ. Əfəndiyev "teatr" adlı sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olub. O, qeyd edir ki, "mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim". Sənət yollarında ilk axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc müəllim İ. Əfəndiyevin inkişafında istər rayon qəzeti "Qızıl Araz"ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir.
Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur, lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi. O, Qaryagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunur.
Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya – Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilib. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür, elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu üçün institutdan uzaqlaşdırılıb, lakin yazıçı 1950-ci ildə qələmə aldığı "Tərcümeyi-hal" adlı yazısında bu faktı atasının xəstəliyi ilə əlaqələndirib.
Bunun səbəbi ondan ibarətdir ki, İ.Əfəndiyev 30-cu illərdəki təqib və təhqirləri yaddan çıxarmamış, şəxsiyyətə pərəstişin qızğın bir dövründə, Stalin ideologiyasının oğlan çağında əsl həqiqəti ictimaiyyətdən gizlətməyə məcbur olub. Həqiqət isə belədir:
Müvəffəqiyyətlə imtahan verib Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş yazıçı, bir neçə ay orada oxuduqdan sonra xəbər tuturlar ki, İ. Əfəndiyevin atası inqilabdan əvvəl ticarətlə məşğul olduğu üçün səs hüququndan məhrum edilmişdir. O zaman səs hüququndan məhrum edilmək isə ölümə məhkum olunmaq kimi bir hal idi.
Yazıçı sonralar qələmə aldığı başqa bir yazısında institutdan qovulmasını tamamilə başqa cür izah etmişdi:
Bir qədər sonra İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhətdir, nə qədər gec deyil, ərizə verib bir il məzuniyyət götür. "Atan qolçomaqdır"— deyə səni İnstitutdan çıxartsalar, sonralar iş tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.
Atası vəfat etdikdən sonra, çoxuşaqlı ailənin bütün ağırlığı evin ən böyük övladı olan İ.Əfəndiyevin öhdəsinə düşüb. Xoşbəxtlikdən, İ. Əfəndiyevin adı həmin illərdə repressiya olunanların siyahılarında olmayıb. O, 1938-ci ildə APİ-nin Coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb, sağ-salamat rayona qayıdaraq müəllimliyini davam etdirib.
Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalan, daha dəqiq desək, səhv işıqlandırılan məsələlərdən biri də İ. Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlayan İ. Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlayıb.
Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq soldatları" kinofilminə yazdığı ilk resenziyası, "Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, "Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi" adlı yazıları işıq üzü görüb. Bu illərdə "Kommunist" və "Ədəbiyyat qəzeti" də İ. Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir gecə" əsəri də bu aylarda oxuculara çatdırılıb.
İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır:
"1939-cu ildə "İnqilab və mədəniyyət" jurnalında "Gözlənilməyən sevgi" adlı ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən məktublar" kitabım nəşr olundu." Bu qeyri-dəqiq məlumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilib. Və yazıçının bu məlumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar ediblər. İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunub ki, bu haqda yuxarıda danışılıb.
Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ. Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də, yazıçının "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görüb.
İ. Əfəndiyev "Dostumuzu xatırlayarkən" adlı xatirələrində bu haqda yazıb. Əbülhəsən xeyirxahlıq edərək İ. Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, "Kənddən məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat dünyasına", yazıçılar aləminə çıxmasına imkan verdi.
İlyas Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlib və onun yaradıcılığında mühüm rol oynayan Bakı ədəbi mühitinə qovuşub. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı İ. Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olub və onun köməyilə "Yeni yol" qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlib.
Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edib, "Əski Şərq" mehmanxanasında bir otaq alıb, yazıçı orada üç il yaşayıb. Yazıçı "Yeni yol" qəzeti redaksiyasında bir qədər işlədikdən sonra qəzetin nəşri dayandırılıb. Bundan sonra İ. Əfəndiyev əmək fəaliyyətini əvvəlcə "Kommunist" (1939 −1940), sonra isə "Ədəbiyyat qəzeti"ndə, nəsr şöbəsinin müdiri kimi davam etdirib.
Heç şübhəsiz ki, İ. Əfəndiyevin bir yazıçı kimi inkişaf etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında əməkdaşlıq etdiyi həmin qəzet redaksiyalarının müəyyən xidməti olub. İ. Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub. 1990-cı ildə qələmə aldığı xatirələrindən birində bu haqda yazıçı göstərib:
"Bir gün gənc tənqidçi Əkbər Ağayevlə təsadüfən küçədə rastlaşdığımız zaman mənə dedi ki: – Yazıçılar İttifaqının sədri Rəsul Rza iclasda sənin kitabın haqqında yaxşı sözlər danışıb. Deyirdi: -"…hiss olunur ki, gənc müəllif istedadlıdır, ümidverəndir. Onu İttifaqa cəlb etmək lazımdır."
İ. Əfəndiyev dramaturgiyaya gəldiyi illəri isə belə xatırlayır:
"…Tanınmış yazıçı Mehdi Hüseyn mənə yaxınlaşıb:… "istəyirsən birlikdə bir pyes yazaq" – dedi. Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də, biz birlikdə "İntizar" pyesini yazdıq. Pyes Akademik Milli Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu.
Bundan bir müddət sonra teatrın direktoru və baş rejissoru Adil İsgəndərov məni Milli Teatra dəvət etdi. Nəsr yaradıcılığımdan xoşlandığını bildirdi və təklif etdi ki, neft həyatından teatr üçün bir pyes yazmaq barədə düşünüm… Neftçilərin həyatını öyrənməyə başladım və neft həyatından "İşıqlı yollar" adlı dram əsərimi yazdım.
Əsər Akademik Teatrda tamaşaya qoyulduqdan sonra Adil İsgəndərov müasir kənd həyatından da bir pyes yazmağı təklif etdi. Hətta qonorarın yarısını da qabaqcadan verdi. "Bahar suları" adlı pyesim də belə meydana gəldi. Pyesi Adil İsgəndərov özü tamaşaya qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum".
1945-ci ildə İ. Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci kitabı nəşr olunur ki, burada, əsasən, müharibə illərində yazılmış əsərlər toplanıb. Əsərlərin mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, həmin hekayələrdə döyüş və sınaq illərində müasirlərimizin mənəvi sifətləri və dəyanətləri qələmə alınıb. Həmin əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük verib.
"Bahar suları" pyesi haqqında müəllif yazmışdır:
"…Dramaturgiyada "konfliktsizlik" nəzəriyyəsi ifşa olunandan sonra, bizim Akademik Dram Teatrında tamaşaya qoyulan ilk konfliktli əsər mənim "Bahar suları" pyesim oldu. Bu əsərdə müsbət obrazlarla bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda müvəffəqiyyətlə gedirdi. "Kommunist" qəzeti Əli Vəliyevin təşəbbüsü ilə böyük disput təşkil etmişdi…. Disput olduqca canlı keçirdi.
Çıxış edənlər tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı yoldaşlardan o zaman məsul vəzifədə olan birisi özünü qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim cəmiyyətimizə böhtan atmışdır. Bizdə Nəcəf kimi adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım deyil…"
Lakin əsərin müzakirəsində iştirak edən Əli Vəliyev, S. Vurğun, eyni zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini göstərməklə, müəllifin düz yol tutduğunu təsdiq ediblər.
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını alan İ. Əfəndiyevin yaradıcılığında 60–80-ci illər ən məhsuldar dövr hesab olunub. Bu illərdə "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sarıköynəklə Valehin nağılı" (1976–78), "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981) kimi povest və romanlarını dərc etdirib, eyni zamanda maraqlı dram əsərlərini qələmə alıb, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçib.
Bu illərin məhsulu olan "Sən həmişə mənimləsən" (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramının əsasını qoyub. Bu yolu uğurla davam etdirən dramaturq "Mənim günahım" (1967), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Qəribə oğlan" (1973), "Bağlardan gələn səs" (1976) və s. pyeslərini yazıb. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, "İlyas Əfəndiyev teatrı" yaradıb.
"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olan "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılıb. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.
Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş "Mahnı dağlarda qaldı" pyesini yazır. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ. Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülüb.
Əsərləri
Pyeslər
1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.)
2. "İşıqlı yollar"
3. "Bahar suları"
4. "Atayevlər ailəsi"
5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"
6. "Mənim günahım"
7. "Odlu səhradan gəlmiş şeytan"
8. "On manatlıq lüstr"
9. "Bizə inan"
10. "Unuda bilmirəm"
11. "Məhv olmuş gündəliklər"
Uşaq hekayələri
1. "Ceyran ovu"
2. "Maraqlı hadisə"
3. "Qoruqlarda"
4. "Yasəmən ağacı"
5. "İz ilə"
6. "Ovçunun nağılı"
7. "Zəmidə bir turac səslənirdi"
Hekayələr
- "Kənddən məktublar" kitabından
"Qızbəs xala"
"Qarımış oğlan"
"Mirzə İman"
"Xəncər hekayəsi"
- "Hekayələr" kitabından
"Görüş"
"Gülaçar"
"Su dəyirmanı"
Povestlər
- "Kənddən məktublar"(1939)
- "Aydınlıq gecələr"(1945)
- "Torpağın sahibi"
- "Qaçaq Süleymanın ölümü"
- "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"
- "Üçatılan"(1981) (avtobioqrafik)
Romanlar
1. "Söyüdlü arx"(1958)
2. "Körpüsalanlar"(1960)
3. "Geriyə baxma, qoca"(1980) (avtobioqrafik əsərdir)
4. "Xan çinar"
5. "Dağlar arxasında üç dost"(1963)
6. "Sarıköynəklə Valehin nağılı"(1976–1978)
Mükafatları
1. "Şərəf nişanı" ordeni
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)
5. "Oktyabr inqilabı" ordeni
6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı
7. "Lenin" ordeni
8. "Şöhrət" ordeni
İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)


