O, inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malikdir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tərifində az danışsam,ey gülüm məzur tut,

Çünki yox bu qəddi-rənayə, bu gül rüxsarə söz.

 

Yüz nəsihət eyləsən də cahilə kar eyləməz,

Təsir etməz zərrəcə, hər kim desə divarə söz.

 

Tut sözü daim özündən yüksək, ey şair könül,

Çünki ALLAH göndəribdir Əhmədi-Muxtarə söz.

 

Hər sözə meyl etmə Mahir,salma qiymətdən sözü,

Çıxdı bir gün bəlkə,qiymət almağa bazarə söz.

 

Mərhum Füzulişünas-alim, qəzəlxan Ələmdar Mahirindir bu qəzəl. O, 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açıb. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzüb.

Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşüb, axtarıb tapıb, səbir və dözümlə onlardan da öyrənməyə səy edib. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır.

 

Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.

1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutub və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılıb.

 Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutub və Əliağa Vahid adına baş mükafatı alıb. ANS-in “De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak edib.

 

Kitabları

1. Səadət intizarında

2. Mənim tanıdığım Füzuli

3. Külliyyat (Əsərləri)

4. Söz və musiqi beşiyi

 

Azərbaycanın görkəmli qəzəlxan-şairi Ələmdar Quliyevin 21 fevral 2014-cü də vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.