İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, Ümummilli lider Heydər Əliyev barədə ən yaxşı əsəsri kim yazıb deyə soruşsalar, yəqin ki çoxu bu cavabı verəcək: Xalq yazıçısı Elmira Axundova.
Bu gün onun doğum günüdür. Dəyərli ədəbi və publisist nümunələrlə yaddaşlara həkk olunan Elmira xanımı səmimi qəlbdən təbrik edirik.
Elmira Axundova 26 may 1953-cü ildə Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1977–1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rus redaksiyasında müxbir kimi çalışıb. 1980–1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent və məsləhətçi olub, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
1988–1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı olub. 1990–1998-ci illərdə “Literaturnaya qazeta”nın Azərbaycan üzrə müxbiri olub, daha sonra “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “24 saat”, “İzvestiya” kimi KİV-lərlə əməkdaşlıq edib. 1993–2002-ci illərdə “Svoboda” radiosunun rus xidmətində çalışıb. 1997–1998-ci illərdə “Populyar” jurnalının baş redaktoru olub
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Hazırda Birliyin Ağsaqqallar Şurasının üzvüdür. 1991-1998-ci illərdə “Literaturaya qazeta”ya rəhbərlik edən Arkadiy Udaltsovun yubileylə əlaqəli Bakıya göndərdiyi təbrikdə xüsusilə qeyd olunurdu:
"Düşünürəm ki, Rusiya və keçmiş SSRİ dövlətləri xalqlarının o vaxtlar respublikanızda baş verən hadisələri anlamasına verdiyin töhfənin miqyasını kiçiltmək olmaz. O, əhəmiyyətli və danılmazdır. Bizim xüsusi müxbirimiz olduğun Azərbaycandan səmimi və istedadlıca yazdığın məqalələr, reportajlar, məlumatlar “Literaturnaya qazeta”nın oxucuları tərəfindən böyük maraqla qarşılanırdı. Moskva və bütün MDB-də Azərbaycanın rəhbərləri, respublikanın tanınmış yazıçıları və ictimai xadimləri ilə olan söhbətlərin xüsusi rezonans doğururdu".
On ilə yaxın Elmira Axundova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin jurnalist qrupunda olub və Ümummilli lideri bir çox xarici səfərlərdə müşayiət edib.
1995–2020-ci illərdə Prezident yanında Əfv Komissiyasının üzvü olub. 1999–2006-cı illərdə Bakı Slavyan Universitetində dərs deyib. 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, komitə üzvü kimi fəaliyyət göstərib. Avropa Şurası Parlament Assambleyası və MDB Parlamentlərarası Assambleyasında Azərbaycanı təmsil edib.
2020–2023-cü illərdə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının üzvüdür.
Elmira Axundova 1980–1990-cı illərdə bədii tərcümə ilə məşğul olub, Elçin, Anar, İsmayıl Şıxlı, Vidadi Babanlı və Manaf Süleymanov kimi yazıçıların əsərlərini rus dilinə tərcümə edib.
Filologiya üzrə fəlsəfə doktorudur (1984). “Cəlil Məmmədquluzadə realizmi və XIX əsrin sonu – XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” (1985) monoqrafiyasının müəllifidir. “Cənubi Azərbaycan nəsrinin antologiyası” və “Cənubi Azərbaycan poeziyasının antologiyası” kitablarının tərtibatçısıdır. 2
000-ci illərdə Elmira Axundova bədii publisistika və memuar janrında məhsuldar fəaliyyət göstərib.
“Fərmanla əfv olunub...”(2000), “Naşirin ölümü” (2001), “Həqiqət anları” (2003), “Əlövsət Quliyev: o, tarix yazırdı” (2003), “Bu bizik” (2003), “Yaşamaq vaxtıdır” (2003), “Şüşə Saray” (2007), “Dostlarımın gözəl cizgiləri” (2011 və 2015), “Elçinin fövqalmissiyası” (2015), “Prezidentin portreti dəyişikliklər fonunda” (2016), “Anar Məmmədxanov. Kapitanın taleyi” (2018), “Ədəbi səyahətlər...” (2023) kimi kitabların müəllifidir.
Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” (2013) adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf edib. 2014-cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatçısı adına layiq görülüb. Bu kitab rus, ingilis, türk, qazax, özbək, macar, ukrain və bir sıra başqa dillərə tərcümə edilib. Böyük qazax şairi və ictimai xadimi Oljas Süleymenov bu unikal roman haqqında bunları deyib:
"Roman tədqiqat – qeyri-adi janrdır, bu, incəsənət və elmin vəhdətidir. Subyektivlik və obyektivlik. Bədii həqiqət və həyat həqiqəti. Bu müddət ərzində sənədli həqiqəti uydurma ilə doldurmaqla roman yazmaq daha asan olardı. Amma Elmira unudulmaz dövrün real qəhrəmanı haqqında müasirlərinin söylədiyi həqiqi hekayələri yazmağa qərar verdi.
Canlı sənədin bu həqiqəti həm də onunla dəyərlidir ki, o, itirilə biləndir. 10 illik iş dövrü ərzində yüzlərlə müsahibə və onlardan çoxu artıq bir daha təkrar olunmayacaq: çünki həmsöhbətlərdən çoxu artıq həyatda deyil. Uydurulmamış bu hekayələrin səmimiliyi, açıqlığı, şahidləri danışdırmağı bacaran həmsöhbətin valehedici ustalığı romanı sənədli nəsrin görkəmli əsərinə və yazıçı-publisistin əsas kitabına çevirir."
Mükafatları və fəxri adları
- 2003-cü ildə Şöhrət ordeni ilə təltif edilib.
- 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
- 08 iyul 2009-cu ildə «Məhəbbət və sədaqətə görə» medalı ilə təltif edilib, Rusiya
- 14 yanvar 2010-cu ildə "Seçki hüquqlarını müdafiə edən fəal deputat" nominasiyasının qalibi olub
- 30 oktyabr 2011-ci ildə "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən təqdim olunan "Xəzər" Milli Mükafatına layiq görülüb
- 27 may 2014-cü ildə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb
- 2015-ci ildə "Azərbaycan mədəniyyət assosiasiyası SİMURG 25 illiyi" yubiley medalı ilə təltif olunub
- 24 noyabr 2016-cı ildə MDB Parlamentlərarası Assambleyasının MDB PA Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
- 27 mart 2017-ci ildə MDB Parlamentlərarası Assambleyasının “MDB MPA. 25 il” medalı ilə təltif edilib
- 25 may 2018-ci ildə Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adına layiq görülüb
- 16 oktyabr 2019-cu ildə Azərbaycan Mətbuat Şurasının mükafatı ilə təltif edilib.
- 21 dekabr 2020-ci ildə Ukraynada "İrpen şəhərinə xidmətlərinə görə" medalı ilə təltif olunub
- 20 sentyabr 2023-cü ildə "HONOR ET GLORIA" medalı ilə təltif olunub.
- 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
- 19 dekabr 2025-ci ildə Avrasiya Mədəniyyət Fondunun "Oljas Süleymenov" fəxri medalı ilə təltif olunub
- 25 fevral 2026-cı ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və "Qızıl ulduz" medalı ilə təltif edilib.
Bu yaxınlarda jurnalistin “niyə görünmürsünüz” sualına Elmira xanım belə cavab verib:
-Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
Və əminliklə deyirik ki, Elmira Axundova Xalq yazıçısı adını doğruldub!
“Ədəbiyyat və incəsənət”
(26.05.2026)


