“Ayrılığın son zəngi” - Vüqar Əlisoyun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Vüqar Əlisoyun şeirlərini təqdim edir. İçlərində ən yeniləri və 20-25 ilin şeirləri də var.

Səni deyib gəlmişəm,

Salam, həkim, necəsən?

Bir təlaş içindəyəm,

Bəlkə, çarə biləsən... – yazır şair.

Və çox yəqin ki, o, elə məhz yazdığı şeirləri öz dərdinə çarə bilir.

 

 

VÜQAR ƏLİSOY

 

“AYRILIĞIN SON ZƏNGİ”

 

Dostlar, son zəngimiz yadınızdamı, 

Kimin qulağında qalıbdır, o səs?

Yolumuz bir idi, son zəng çalındı,

Bir anda yolunu ayırdı hər kəs

 

Biz hardan bilərdik axı, o yollar,

Yenidən birləşər  bir yaz axşamı!?

Ağsaqqal yaşında, nənə çağında

Uşaq tək kövrəlib, sevinər hamı...

 

Hara getdi, harda qaldı o günlər,

Nə sevinci, nə bayramı qayıtmaz.

Bufetdəki kakaonun, korjikin,

O günlərin dadı, tamı qayıtmaz.

 

Məktəbimiz ocaq idi, pir idi...

Müəllimi biz övliya sayardıq.

Partaları sanki mesaj yeriydi.

Sevgimizi cızıb, orda qoyardıq.

 

Nə qayğımız, nə dərdimiz var idi.

Dalaşardıq, barışardıq bir anda.

Zəngin səsi gələn kimi qaçardıq,

Hara, niyə  tələsirdik biz, onda?

 

Sabahamı, bu günəmi qaçardıq,

Böyüməyə can atardıq biz, yaman...

Qaça-qaça saç ağardı, indi də,

Məktəb üçün darıxırıq hər zaman.

 

Uşaqları aparanda məktəbə,

Duyğulanıb, kövrəlmişik hər dəfə.

Kaş ki, bir gün məktəb zəngi çağırıb,

Bizləri də, doldurardı sinifə.

 

Ayrılığın son zəngidir bu axşam,

Vurun qədəhləri, qoy cingildəsin!

Ömür gedir, yaş da çatır altmışa,

İçək, bu ayrılıq bir də gəlməsin!

                            (13-15 may 2026)

 

 

“MÜHARİBƏ”

 

nə çox divarı var bu evin belə!?

bu evdə gecələr zindan qoxuyur.

divarlar səssizcə verib əl-ələ,

bir tənha gözələ meydan oxuyur.

 

duyub təkliyini tül pərdələr də,

cansız əşyalar da vəhşilik edir.

girib yuxusuna hər yoldan ötən

biçarə gəlinə kişilik edir.

 

sonsuz gecələri bütün dünyanın,

günəşdən yayınıb gizlənir burda.

qəhqəhə səsindən qaçan sükutlar

hıçqırıq səsinə dincəlir burda.

 

bircə həmdəmi var bu qara bəxtin,

o da ağ balışdı əlində qalıb.

ağ atlı oğlanı vətən uğrunda

kirkirə dünyanın çölündə qalıb.

 

nə çox divarı var bu evin belə!?

bu evdə gecələr zindan qoxuyur.

divarlar səssizcə verib əl-ələ,

üçaylıq gəlinə meydan oxuyur.

 

 

“TIXAC”

 

tıxac.

irəli yol yox,

geridə tıxac.

geridəkilərin

üzünə dirənib

öndəkilərin arxası.

burda

öndəkiləri söymək,

sevmək qədər mənasız...

 

tıxac.

yar görüm,

necə yarırsan bu tələni?

de görüm, necə deyirsən,

ağzına gələni...

sözlərin də tıxcanıb qalacaq

dişlərinin dibində.

tıxac yaranacaq

ağzında,

beynində,

ürəyində...

 

 

“YAZ LÖVHƏLƏRİ”

 

Yetişib ağacların fatasına

Bir arı oynayır yaz havasına.

Zümzüməylə dövrə vurur,

çiçəklərin nazını çəkir, başına dönür...

Bəmbəyaz, bəxtəvər gəlinciklər

hər biri meyvə olacağını düşünür...

 

 

***

 

Qoca çinar…

kökü yerdən, tacı göydən üzülüb.

üzüqoylu nəm torpağa gömülüb.

gövdəsində bir tənha, körpə fidan

nəmyaşıl təbəssümlə günəşə gülümsünür.

                                        (Mart 2025)

 

 

***

 

Məni öldürsə, söz öldürəcək…

Danışanda başım ağrıyır,

Susanda ürəyim.

 

Məni öldürsə, söz öldürəcək

Udanda əks göstərişdi,

Unudanda yan təsiri var.

 

Məni öldürsə, söz öldürəcək

Görsən ki səsim çıxmır,

Sözüm ürəyimdə qalıb, demək...

 

 

"DÜNYA ƏCƏLİN TƏLƏSİDİR”                                 

 

Mən hər kəsin əvəzinə ağlamışam,

gördüklərimi anladıqca,

ağladıqca ağlamışam.

Hayqırmışam.

Hönkür-hönkür,

Həzin- həzin,

İçin-için ağlamışam.

Bəbəklərim quruyanacan,

gözlərimi yumanacan ağlamışam.

 

anladım ki siz,

xoşbəxtliyə israrlı olduğunuz üçün

bədbəxtsiniz...

anladım ki şər, xeyirli əməldir,

onsuz

gecəniz xeyirə qalmaz.

Anladım ki yağlı tikə sərmayədir,

acın qarnına yatırılmaz.

 

Anladım ki insan,

qorxunun kölgəsidir.

Dünya, əcəlin tələsidir.

həqiqət və ədalət,

uzaqda görünən ilğmdır,

cazibədir,

ümid, olməmək üçün bəhanədir.

 

anladım ki susmaq qızıl deyil,

özünü qoruma alətidir.

anladım ki atəşfəşanlıq,

və alqış səsi

körpələrin naləsidir-

çır-çır çığırır,

köməyə çağırır...

ağladım ki acizəm…

 

Ölüm, hələ ölmək deyil,

Gözlərinizi zorlamayın.

arxamca su atın,

ağlamayın...

                (16.02.2026)

 

 

“ANAM ÜÇÜN AĞI”

 

Səni düşünürəm.

səhər, axşam,

Gündüz, gecə...

Elə bilirəm

Gələcəksən indicə.

Sənlə danışıram.

Öz-özümə,

Gülə-gülə...

Səni gözlüyürəm,

Gəlməyəcəyini

Bilə-bilə...

 

 

“GEDƏK MƏN DEYƏN YERƏ”

 

Gəl, görüşək, bu axşam,

Gedək, mən deyən yerə.

Gecələri alışan,

Bir də, sönməyən yerə.

 

Orda, bir tək oda var,

Nə istəsən, orda var.

Yaşıl meşə, bəyaz qar...

Ayaq dəyməyən yerə,

Gedək, mən deyən yerə!

 

Unudulsun qəm-kədər,

Deyək, gülək bir qədər.

Əlimizdə qədəhlər,

Bir-birə dəyən yerə,

Gedək, mən deyən yerə!

 

Bir ipək balış dərim,

Başının altda sərim.

Nəhayət ki, əllərim,

Əlinə dəyən yerə,

Gedək, mən deyən yerə!

 

Duyğu varmı sevgitək,

Nə gözəlmiş sevilmək...

Gəl, əzizim, gəl gedək

Gedək mən deyən yerə!

Gecələri alışan,

Bir də sönməyən yerə...

 

 

“ÜRƏK ÇATIŞMAZLIĞI”

 

Əzizim, d-r Həyat İslamzadə xanıma

 

Səni deyib gəlmişəm,

Salam, həkim, necəsən?

Bir təlaş içindəyəm,

Bəlkə, çarə biləsən...

 

Əvvəl sorğula məni

Qəlbimi nə qanadır?

Hardandır bu vahimə,

Qanım niyə qaradır?

 

Nəbzimi yoxla mənim,

Bax gör, hara tələsir.

Nə baş verir dünyada,

Nədən ürəyim əsir?

 

Gözlərim də yol çəkir,

Dincəlmir sübhə qədər.

Yuxum da qaçıb məndən

Yatammıram gecələr.

 

Sabah üçün qorxuram

Ürək ver,biraz, mənə.

Götür qələm,kağızı

Varsa, ümid yaz mənə.

                     (25.03.2025)

 

 

“PLAN”

 

Bütün yollar  sıfırdan,

Heç neçədən başlayır.

Bir nöqtədə bitən yol,

Bir nöqtədən başlayır.

 

Ha xəyal qur, plan cız

Bir plan içindəsən.

Hara qaçsan, gec, ya tez

Plana düşəcəksən.

 

 

“HAQQ DAVASI”

 

Sən məni sevirsən,

Mən də səni.

Sən məni

istədiyin kimi görmək arzusunda,

mən də səni...

o sənin haqqındır,

bu da ki, mənim.

Ayrılaq!

sən öz haqqını sev,

mən öz haqqımı.

sən öz göz yaşını,

mən öz ahımı...

 

 

"HƏRƏNİN ÖZ HƏQİQƏTİ”

 

mənim həqiqətim-

alma çiçəyi...

pəncərəndə görünər,

qışın oğlan çağında.

əyləndirər səni,

isti ocağın qırağında.

düşündürər səni,

hərdən,

başın ağrıyanda...

dilində bitər sənin,

sağlığı,

sağlığa calayanda...

 

sənin həqiqətin,

sənin sahibin…

saxlayar səni,

ağzını yallayar sənin...

hətta,

ağzını bağlayar sənin,gərəkəndə...

sən də,

onu qoruyarsan məndən

və mənim həqiqətimdən.

mənim həqiqətim,

sənin əbədi məğlubiyyətin...

2008

“Şair ömrü”

Şair ömrü-şeir ömrü,

Yazmaq, ömrü uzatmaqdır.

Sən ölməkdən qorxma,şair,

Ölmək, daha çox yaşamaqdır.

 

 

“DÜYÜN”

 

Gücünü, sevgisini, azadlıq arzusunu

su yerinə axıdanlar  

bilə bilməyəcək

uğrunda öldüyü, qoynunda çürüdüyü torpağa

kimsə göydələn toxumu əkib.

bir gün toxumlar cücərib,

dimdik dikəlib,

dimdikliyəcək göy üzünü.

qarayaylıqlı ağbirçək

göydələnin altındakı

bankomata boylanacaq.

laylayacaq balasını,

çimdikləyəcək dizini,

deyinəcək oğlunun qarasına,

ondan icazəsiz

tankın üstünə getdiyinə görə...

qarayaylıqlı ağbircək

tutacaq dünyanın yaxasından,

əkib doğanına söyəcək dünyanın,

yandığından.

cənnət qaçacaq ayaqlarının altından.

göy üzündə nəm bululudlar-

yarı yolda donmuş ahlar - sürünəcək.

Geriyə qanrılıb kimsə görməyəcək

anaların çəkdiyini,

bu dünyanın 

çoxdan  düyünə düşdüyünü,

anaların  qarğışına keçdiyini...

                               (2000)

 

 

"GÖZƏL BAKI"

 

Gözəl Bakı,

sirli  şəhər...

yenə səhər,

işıqların sönəcək,

yenə günəş,

üzünü göstərəcək.

sarıköynək qadınların

qaş-qabağı,

gecələrin artığını,

küçələrdən

süpürəcək.

 

gecədən səhərəcən

darıxan dayanacaqlar,

oyanacaqlar,

üzü yola dayanacaqlar...

gecədən səhərəcən

turşuya qoyulmuş,

sifətlər boylanacaq,

son ucu tıxac,

düz, dolanbac yollara...

 

donuq gözlər

bir suala dikiləcək,

qəribliyə yol çəkəcək...

çirkli  avtobuslarda,

boş yer keçəcək,

sınıq- salxaq ürəklərdən...

 

duracaq Qız qalası

üzü qibləyə.

verəcək

səhərin ilk salamını,

şortik geymiş bir gəlməyə...

açacaq sirli qapılarını

əfsanələrinin,

sonra da,

əlləri açılacaq Qız qalasının,

gələnlər başına çıxacaq

Qız qalasının.

 

Gözəl Bakı,

yenə  səhər

mərmər sinən üstdə,

mərmər sinələr sərgilənəcək.

ürəyi solmuş,

suyu sovulmuş  kişilərin

gözlərinə,

xam xəyallarına yeriyəcək.

kişilərin içi özünü yandıracaq,

çölü heç kimi...

 

soyuq baxışlardan ürəklər üşüyəcək,

soyuq dəyəcək sevgilərə.

xəstə sevgilər,

naxoş arzular gəzəcək

açıq-saçıq küçələrdə...

 

yandır işıqlarını,

gözəl şəhər,

tanrı işığını

söndürmüşkən...

ört üstünü sirlərinin,

günəş qüruba enmişkən...

                          (2010)

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.