Ayaz Səlimxanoğlu,
AYB -nin üzvü, Qarabağ qazisi, Quba.
“Ədəbiyyat və incəsənət”
1992-ci ilin oktyabr ayının əvvəlləri idi. Sus kəndinin yaxınlığında, günorta sakitliyi hökm sürürdü. Tankın dəmir oturacağında oturub həm cəbhəni, həm də ürəyimin dərinliyində qalan evi düşünürdüm. Hərdən tankın üst qapağından çölə çıxıb, sağa-sola boylanırdım. Sükutun içində qəribə bir ağırlıq vardı, sanki həyat dayanmışdı. Elə bu sakitliyin içində, fikirlərim məni uzaqlara, doğulub boya-başa çatdığım evə apardı. Dəmirin soyuqluğu bədənimə keçirdi, amma içimdə qəribə bir istilik - xatirələrin və ümidlərin istiliyi yaşayırdı. Uzaqlara baxdıqca, torpağın hər qarışı mənə bir hekayə pıçıldayırdı, hər səssizlik içimdə bir haraya bürünürdü.
Döyüşlər əsasən gecələr baş verdiyindən, gündüzlər bizim üçün hazırlıq və düşüncə zamanı idi. Kəşfiyyat qrupu ilə birlikdə planlar qurur, hər addımı əvvəlcədən ölçüb-biçirdik. Xəritələr üzərində çəkilən xəttlər bəzən insan talelərinə dönürdü. Komandir tankın üstündə möhkəm dayanaraq sərt baxışları ilə ətrafı diqqətlə müşahidə edirdi.
Günəş başımızın üzərində sakitcə dolaşsa da, içimizdə gecənin kölgəsi yaşayırdı. Bilirdik ki, qaranlıq düşən kimi bu planlar kağızdan çıxıb gerçəyə çevriləcək. Hər kəs susqun idi, amma o susqunluğun içində saysız sözlər, gizli qorxular və sarsılmaz bir iradə vardı. Biz yalnız irəliləməyi düşünürdük, çünki geri dönüş artıq yox idi.
Evdən ayrılıb hərbi xidmətə gəldiyimdə artıq müharibə başlanmışdı. Atamın o sərt baxışları, anamın isə nəmli gözləri bir an belə məni tərk etmirdi. Məktub yazmaq istəyirdim, amma nədənsə sözlər məndən qaçırdı. Bilirdim ki, "Cəbhə xəbərləri" onları çox narahat edir. İki aydan artıq idi ki, ön cəbhədə idim. Atamla anam məndən xəbər tuta bilmirdilər.Təkrar məktubu yazmağa başladım, sonra saxladım. Vərəqin üstündə yarımçıq qalan cümlələr rəsmə bənzədiyindən rəsm çəkmək eşqinə düşdüm. Tankdan çölə çıxdım ki, ətrafda gördüyüm mənzərəni rəsm üzərində canlandırım.
Kənddəki evlərdən birinin həyətində tüstünün səmaya qalxdığını görən tank komandirim məni yanına çağırdı, əli ilə həmin istiqaməti göstərdi və dedi:
– Ayaz, o tüstünü görürsən? Silahınıda götür yollan ora, bax gör o tüstü nədir hələ, bildiyimə görə kənddə yaşayış yoxdur. Amma sən yenə də ehtiyyatlı ol!
– Oldu komandir, – deyib vaxt itirmədən ora yollandım.
Axşam düşürdü. Günün işığı çəkilir, qaranlıq yaxınlaşırdı. Qarşıda yenə bir gecə, yenə bir döyüş vardı.
Tüstü qalxan həyətə arxa tərəfdən, çubuqlardan toxunmuş çəpəri aşıb daxil oldum. Günəş olmasına baxmayaraq, havada sərinlik vardı, ağaclardan süzülən günəş işığı həyətdə kiçik kölgələr yaradırdı. Sahəsi böyük olsa da, həyətdə köhnə tikili bir ev dururdu. O evdə qəribə bir səssizlik hökm sürürdü. Həyətə diqqətlə göz gəzdirdim. Alma ağacından asılmış yelləncək diqqətimi çəkdi. Elə bil, o yelləncəkdə kimsə yellənirdi.
Yüngül külək əsdikcə ağacın budaqları xışıltı ilə tərpənirdi. Budağa bərkidilmiş yelləncək isə asta-asta irəli-geri yellənirdi. Bu mənzərə içimdə anlaşılmaz bir narahatlıq oyatdı...
Silahımı hazır vəziyyətə gətirib, barmağımı tətiyin üstünə qoydum və sakitcə yelləncəyə doğru irəlilədim. Yaxınlaşdıqca ürək döyüntülərim sürətlənirdi. Sanki kimsə köməksiz qalıb, məndən kömək gözləyirdi. Yelləncəyə çatanda, torpağın üstündə bir cüt qırmızı uşaq ayaqqabısı görüb ayaq saxladım. Elə bil balaca uşaq məni uzaqdan görüb, qorxudan ayaqyalın qaçmışdı. Yelləncəyə yenidən diqqətlə baxdım, sanki uşağın bütün arzuları o yelləncəyin ipindən asılı qalmışdı.
Evin arxa tərəfindəki pəncərələrdən biri mənə doğru açıq idi, içəridən kiminsə sakitcə məni izlədiyini hiss etdim. İlk anda bu məni qorxutdu, amma dərhal düşündüm ki, ola bilsin bu balaca uşaqdır. Tez əlimi tətiyin üstündən çəkdib silahımı arxamda gizlətdim və səsimi yumşaldaraq səsləndim:
– Kim var orda? Qorxma, mənəm...atanın dostuyam, – gülümsəyərək dedim.
Elə bu an, alma ağacının qurumuş budaqlarından biri qopub yerə çırpıldı. Səsdən diksindim, ürəyim az qala yerindən çıxacaqdı. Bir anlıq hər şey yenidən səssizliyə qərq oldu. Külək kəsilmişdi, yelləncək isə tamam dayanmışdı...
Birdən qulağıma ayaq səsləri gəydi. Kimsə ayaqlarını sürüyə-sürüyə mənə tərəf yaxınlaşırdı. Səs yaxınlaşdıqca, istəmədən silahı səs gələn tərəfə çevirdim. İnsan kölgəsinin yeridiyini görüb atəş açmaq istəyirdim ki, köhnə tikili evin kənarından bir kişinin göründüyünü sezdim. Saçı-saqqalı ağarmış, ahıl bir kişi ovcunda bir necə alma tutaraq mənə tərəf gəlirdi. Sanki məni tanıyırdı, əlimdəki silaha belə fikir vermirdi. “Dur!” demək istədim, amma sözüm boğazımda qaldı.
– Ay bala, sən həyətə daxil olanda səni pəncərədən gördüm. Düşündüm ki, alma ağacını görüb həyətə arxa tərəfdən girmisən, ona görə də bu almaları sənin üçün gətirmişəm, götür ye, şirin almalardır, ağzın dada gəlsin, – deyib almaları mənə uzatdı. Almalara baxanda ağzım sulandı, amma götürmədim.
– Çox sağ olun, mən alma axtarmırdım! Sizin həyətinizdən qalxan tüstü diqqətimizi çəkdi. O üzdən komandir əmr etdi ki, tüstü görünən yeri müşahidə edim,– ciddi dedim. Ciddi olduğumu zənn edən ahıl kişi mənə uzatdığı almaları geri çəkdi və diqqətlə üzümə baxdı. Düzü mən də o kişinin kim olduğunu dəqiq bilmirdim, o üzdən ehtiyyat edirdim. Dəqiqləşdirmək üçün ondan soruşdum:
– Deyilənə görə, bu kənddə artıq heç kim yaşamır. Siz niyə kənddə tək qalırsınız? Yoxsa tək deyilsiz?
Kişi bir anlıq susdu, sonra başını tərpətib astadan pıçıldadı:
– Bəli, tək yaşayıram, bizim kəndimiz Laçın dəhlizinə yaxındır. Kəndə düşmən ayağı dəyməsə də, düşmənin atdığı top mərmiləri kənddə bir neçə evin ocağını söndürüb. Ona görə də kəndin camaatı öz doğma yurdlarından didərgin düşüblər, – deyib kişi dərindən ah çəkdi.
Gözucu pəncərəyə də baxırdım, içəridən bir hərəkət, bir işarə olduğunu gözləyirdim. Amma pəncərə sakit idi. Həyətdəki susqunluq, uşağın ayaqqabıları və yelləncək hələ də diqqətimi çəkirdi.
– Mən getməliyəm. Komandir məni gözləyir. Baş verənlər barədə ona məruzə etməliyəm, – dedim.
Kişi başını yavaşca tərpətdi, üzündə anlaşılmaz bir təmkin vardı. Sanki nə isə demək istəyirdi, amma sözlərini saxladı.
Öz-özümə pıçıldadım: - “Niyə bu yaşda kişi kənddə tək başına yaşasın... Əlbəttə ki, Vətən müqəddəsdir! Torpaq, yurd, el-oba qədər əziz heç nə ola biməz. Bunlar insan üçün əvəzolunmazdır. Amma yenə də burda nəsə, bir qəribəlik var’’
Ətrafı diqqətlə süzdüm. Oradan tələsik tankımız olan yerə gəldim. Komandiri görmədim. Bir anlıq çaşdım və dərhal əsgər yoldaşıma yaxınlaşıb komandirin harada olduğunu ondan xəbər aldım:
– Komandir ön xətdədir, – əsgər yoldaşım mənə baxıb sakit səslə dedi.
Bu sözləri eşidəndə ürəyimdə qəribə bir hiss oyandı, həm naratlıq, həm də məsuliyyət. Tankda öz yerimdə əyləşib gördüklərimi bir-bir gözümün önünə gətirdim. Fikrim isə hələ də o həyətdə ilişib qalmışdı , o yaşlı kişi məndən nəyisə gizlədirdi. Onun baxışları, susqunluğu məni rahat buraxmırdı. Mən ondan ayrılarkən sanki nəsə demək istədi...dodaqları tərpəndi, amma sözlər dilinə dəymədi. O yarımçıq qalmış sözlər isə beynimdə təkrar-təkrar səslənirdi. Sanki demədiyi həqiqət məni geri çağırırdı.
Tankdan endim, ətrafa yenidən baxdım. Tankın yanında mənimlə birlikdə iki əsgər də dayanmışdı. Gecənin sükutu içində hər üçümüz batalyon komandirinin əmrini gözləyirdik. Zaman yavaş-yavaş axır, gözlənti ağırlaşırdı. Nəhayət, uzaqdan bir kölgə göründü – tank komandirim gəldi. Mən tələsik gördüklərimi ona məruzə etdim. O, bir anlıq düşündü, sonra rabitə vasitəsilə batalyon komandiri ilə əlaqə qurdu: Batalyon komandirinin əmrinə görə, yaşlı kişini düşməndən qorumaq tapşırığı mənə verildi.
Tank komandirinin son sözləri isə yaddaşıma həkk olundu:
“Vətəndaşın təhlükəsizliyini qorumaq Azərbaycan əsgərinin şərəfli borcudur”
Əsgər yoldaşlarımdan ayrılıb kəndə geri döndüm. İçimdəki qorxu qaranlıqdan daha ağır idi. Heç bir evdə işıq yanmırdı, hər yan zülmət qaranlığa bürünmüşdü, göz gözü görmürdü, sanki gecə kəndi udmuşdu. Bu dəfə həyətə arxa tərəfdən deyil, ön tərəfdən yaxınlaşdım. Çöl qapının qarşısında dayanıb ev sahibini ucadan səslədim, səsim qaranlıqda itib getdi, cavab verən olmadı. Taxta qapını açıb həyətə girdim. Evə yaxınlaşdım, evin qapısı azacıq aralı idi, elə bil kimsə indicə evdən çölə çıxıb geri qayıdacaq. Əlimdəki silahın qundağı ilə qapını bir neçə dəfə döydüm. Evdə yanan ocağın istisi üzümə toxundu, içəri daxil olmaq olduqca təhlükəli görünürdü. Geri dönmək istəyəndə içəridən boğuq bir səs yüksəldi: “Kimdir?” Donub yerimdə qaldım – elə bil eyni anda iki nəfər cavab verdi. Bir neçə dəqiqə sakitcə gözlədim, cavab vermədim. Komandirin əmri yenidən qulağımada əks-səda verdi:
“Vətəndaşın təhlükəsizliyini qorumaq Azərbaycan əsgərinin şərəfli vəzifəsidir!”
– “Mənəm Azərbaycan əsgəri!” – deyə qürurla səsləndim. Qapı cırıltı ilə açıldı. Yaşlı kişi qaranlıqda məni seçə bilmədi, gözlərini qıyaraq soruşdu:
– Kimdir orda, yaxın gəl, üzünü görüm.
Yaxınlaşdım, astadan dedim:
– Mənəm, az öncə həyətdə gördüyünüz əsgər. Komandirin əmri var: səhərə qədər bu həyətdə keşik cəkəcəyəm. Sizi düşməndən qorumalıyam, – deyib qaranlığda gözümü kişiyə zillədim.
Saçı-saqqalı ağarmış qoca bir anlığa susdu, sözlər boğazında düyünləndi, sonra aramla və asta səslə pıçıldadı:
– Səninlə fəxr edirəm, Azərbaycan əsgəri...Amma gecələr bura çox sərt olur, dağların ətəyidir. Yaxşı olar ki, komandirinə xəbər verərsən, qoy məndən nigaran qalmasın.
Onun sözlərini dinlədim, amma içimdəki narahatlıq keçmədi.
– Yenə də siz narahat olmayın, mən səhərə qədər yaxınlıqda olacağam. Bir təhlükə olsa, məni səsləyərsiniz. Adım Ayazdır...Gecəniz xeyrə qalsın,– deyib geri çəkildim. Öz-özümə qərar verdim ki, elə bu evin çöl qapısında keşik çəkim.
Bu, bizim Sus kəndinə tankla ilk səfərmiz idi. Kənddə demək olar ki, heç bir yer mənə tanış gəlmirdi. Kəndin yuxarı hissəsində, cəbhə yoldaşlarım kəndi düşməndən qoruyurdu. Kənddə yaşayış olmasa da düşmən kəşfiyyatı gecə saatlarında kəndə sıza bilərdi. Buna görə də özüm üçün etibarlı və təhlükəsiz bir yer axtarırdım.
Həyətdən küçəyə çıxdım. Sağ tərəflə bir neçə addım atmışdım ki, qarşımda nəhəng bir qaya daşını görüb ayaq saxladım. Daşın ağ rəngi, gecənin qaralığından az da olsa seçilirdi. Nəhəng qaya daşının arxa tərəfinə keçib çömbəlib oturdum, kürəyimi daşın sərt səthinə söykədim.
Gecə səssiz, evlər, boş küçələr kimsəsiz idi. Bu qaranlıqda keşik çəkmək insanın ürəyinə ağırlıq salırdı. Amma əlimdəki silah mənə güc verirdi, sanki bu səssizliyə qarşı tək dayağım o silah idi.
Silahımı daha möhkəm sinəmə sıxdım və qaranlığa baxdım. Bu gecə uzun olacaqdı. Gecə uzandıqca soyuq canıma yeriyirdi, yuxusuzluq isə məni səssizcə əldən salırdı. Kürəyimi daşın sərtliyinə sürtərək az da olsa canıma istilik qatmağa çalışdım, amma soyuq çəkilmirdi. Gözlərimdən yuxu süzülürdü, artıq dözə bilmirdim. Gecə çoxdan yarını keçmişdi. Gözlərimi bir anlıq yumdum, elə o anda yuxu məni öz ağuşuna aldı. Anidən qulağımın dibində dəmirin dəmirə dəyən sərt səsi eşidildi. Diksinib gözlərimi açdım. Nə qədər yuxu aldığımı bilmədim. Ürəyim sürətlə döyünməyə başladı. Həyacandan boğulduğumu hiss edib, tez ayağa qalxmaq istədim, amma dizlərim məni tutmadı. Özümü saxlaya bilmədim, başımın arxası daşa dəydi. Səsimi güclə boğdum. Harda olduğumu belə unutdum. Hər şeyin sükutu, soyuq və qorxu dolu havanın içində, mən tək idim. Ətraf yenə qaranlıq idi, amma bu dəfə sükut əvvəlki kimi deyildi. Özümü toparladım, silahimi yoxladım, onu hazır vəziyyətə gətirdim. Səsin hansı tərəfdən gəldiyini anlamaq üçün sakitcə durub gözlədim. Səssiz sağa-sola boylandım. Anidən gözümə qəribə bir şey dəydi. Tez baxışımı ona dikdim, məzara oxşatdım. Yuxu gördüyümü düşündüm, diqqətlə baxdım, sonra gözlərimi təkrar yumub açdım. Gözlərimi açanda həqiqətən də məzar olduğunu gördüm. İlk ağlıma gələn o oldu ki, düşmən məni yatdığım yerdə yaxalayıb qəbirstanlığa gətirib.
Bütün baş verənləri bir anlıq düşündüm və qərara gəldim ki, əsir düşməmək üçün özümə atəş açmalıyam. Taleyimlə üz-üzə qaldığım o anda silahımı köksümə dirədim, titrəyən əlimi yavaşca tətiyin üzərinə gətirdim. Donmuş barmağımla tətiyi çəkmək istəyirdim ki, qulağıma azan səsi dəydi. Səs ardı kəsilmədən davam edirdi. Azan səsi gələn tərəfə boylandım. Səs isə keşik çəkdiyim həyətdən gəlirdi.
Bir az özümə gəldim. Yavaş- yavaş çöl qapını açıb həyətə daxil oldum. Yaşlı kişini Quran oxuyub namaz qılarkən görüb bədənimə istilik yayıldı, qorxu bir anlıq çəkildi. Səhər artıq açılırdı, bu mənə bir az təsəlli verdi, gecənin ağırlığı yüngülləşdi.
Kənardan səssizcə baxaraq kişinin namazını bitirməsini gözlədim. Namazını bitirdikdən sonra ona yaxınlaşıb salam verdim. O, salamımı alıb ayağa qalxdı.
Məni görən kişi bir anlıq dayanıb mənə baxdı, sanki bütün yorğunluğunu və qayğısını bir nəfəsə topladı. “Ay bala”, dedi, sənə demədim ki, mənə görə nigaran qalma? Bu soyuqda gecəni harda keçirmisən?
Çiyinlərimi çəkdim, bir az gülümsəyərək sakitcə dilləndim:
– Çöl qapının yanında olan böyük qaya daşının yanında. Qaya daşının qarşısında bir məzar da gördüm. Kişi dərindən nəfəs aldı, gözlərini iri açdı və dilləndi:
– Necə, sən səhərəcən çöldə olmusan? Gözləri doldu, göz yaşları üzünün qırışlarından süzülüb torpağa qarışdı.
Cib dəsmalı ilə göz yaşlarını silib mənə yaxınlaşdı, Həyətdən çölə çıxıb, onunla birlikdə məzarın yanına gəldik. Səhərin işığında bir dua oxuyub, baxışlarını məzara dikdi və dərindən ah çəkib titrək səslə danışdi:
– Oğlum döyüşdə şəhid olub, təzəlikcə, bir aydır. Bax, bu gördüyün məzar, onun məzarıdır. Gecələr qapını açıq qoyuram, deyirəm bəlkə qayıtdı. Onun yoxluğuna hələ də inana bilmirəm. O günü oğlum balaca qızı Zəhra ilə birlikdə yelləncəkdə yellənirdi, gülüşləri bütün həyəti doldurmuşdu. Zəhra dörd yaşına çatsa da, yeriyə bilmirdi. Oğlum şəhid olmazdan bir gün əvvəl, Zəhra ayaqda durmağı bacarmışdı. O sevincdən qızına bir cüt ayaqqabı da almışdı. Oğlumu heç vaxt belə xoşbəxt görməmişdim, amma o sevinc çox çəkmədi. Qəflətən qapı açıldı, iki hərbiçi həyətə daxil olub oğlumu səslədi. O, qızını yelləncəkdə qoyub tələsik onlarla birlikdə döyüşə atıldı, elə o günü də şəhid oldu...“Vətən sağ olsun!”– deyib ahıl kişi şəhid oğlunun məzarı önündə diz çöküb torpağa sarıldı, başını məzara söykəyib, əlləri ilə məzarı bərk-bərk qucaqladı...
O an başa düşdüm ki, insan sevgisi ölümdən də güclü ola bilərmiş. Sən demə, gecəni şəhid məzarının yanında keçirmişəm. Onun üçün oxunan Quranın sədası məni ölümün qapısından geri çəkib.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


