“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Emin Hüseynovun qəzəlləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
***
Sanma Məcnundan füzun aşiqdə istedad olar,
Olsa-olsa, təkcə o, məndən sonra icad olar!
Gəl, nigarım, intizar bitsin, səadət başlasın,
Getməyinlə qəlb evim viran qalar, bərbad olar.
Mərhəmət etməz mənə, baxmaz nəvaziş xətrinə,
Gözlərin zalım olanda qaşların cəllad olar.
Can tapar Canana gər, qurban olarsa canımız,
Kuyi-yarə üz tutarsa, ruhumuz azad olar.
Hərdəm, ey gül, bir danış, bir din mənimlə, bəlkə, bu
Qəm çəkən könlüm bir anlıq rəftarından şad olar.
İlbəil həsrət yıxan, hicran sıxan qəlbimdəsən,
Boş yerə, ey gül, deyil ki nəğməmiz fəryad olar.
Sinəmizdə gör neçə dağ var məlamət zirvəli,
Çarəsi nə tișə, nə tişə vuran Fərhad olar.
Biz kimik ki Adəmi şeytan əgər aldatdısa,
Bizləri hər fitnədə barmağına dünya dolar.
Biz səadətdən keçib qəm olsa, sadiq qalmışıq,
Bu vəfanın qarşısında, tək sədaqət ad olar.
Yaz yarat, Aqil, özündən sonra bir iz qoy çalış,
Olmasan sən bir zaman, bəlkəm, bir adın yad olar!
***
Gözlərindən danışan vaxtı gözümdən su düşər,
Qəlbimə vəslin ümidilə doğan arzu düşər.
Elə ah çəkmək ilə fikrimiz ifadə olar,
Harda həsrətdən əgər bir balaca mövzu düşər.
Ruhumun əlləri tel-tel dolaşar saçlarını,
Bu qaranlıqda mənim qəlbimə bir qorxu düşər.
Ayrılıqdan sonra fikrim şəhəri-dərdə köçüb,
Neçə qəm, qüssə, kədər qəlb evinə qonşu düşər.
Bir qatar durna xəyal göylərinə yarın adın
Həkk edib yollara yar xətrinə biryollu düşər.
"Daş ürək" daşlaşan ifadədədir, gəl daş tərəfi
Qırılıb bəxtinə, Aqil, düşən olsa, bu düşər.
***
Var məsəl: şəm başına pərvanə dönməz boş yerə,
Eşqdə səhra ara, divanə dönməz boş yerə.
Olmasa xali-xətin, zülfi-siyahın, dilbəra,
Məskəni-mürği-könül zindanə dönməz boş yerə.
Dəmbədəm həsrət yükü ağır gələr, aşiq ara,
Yoxsa qəddi-xəmlik nişanə dönməz boş yerə.
Küfrü iman birdir, zahid, küfrə düşmə, sabir ol,
Küfrü-zülfün həlqəsi imanə dönməz boş yerə.
Navəki-müjganın eylər, ey pəri, bağrım hədəf,
Dağlı sinəm lalə açmaz, qanə dönməz boş yerə.
Əhd-peyman bağladın, Aqil, vəfasız yar ilən,
Olsa yar əhli-vəfa, peymanə dönməz boş yerə.
***
Sakitcə uzaqlaşdım həyatın kədərindən,
Addımlayaraq çıxdım axır qəm şəhərindən.
Keçdim, ya da köçdüm bu ömürdən bilə bilməm,
Bir səs eşidəndən sora şəhrin Xəzərindən.
Bir cüt də sirişki götürüb gözlərə getdim
Sevda deyilən bir əzabın həndəvərindən.
Arsızca külək yarə tərəf nəğmə apardı,
Həsrət dodağından qopan hicranlı yerindən.
Allah günahımdan keçə, amma elə bil ki,
Qəm-qüssə çox olmuş mənə bir pay qədərindən.
Allah nəzər etdiklərin, Aqil, dəxi gördün,
Bir an da cüda düşməyəsən Haqq nəzərindən.
***
Sübhün şəfəqləri bizə bir ayrı hal verir,
Vəsli-nigarə yetməyə bir ehtimal verir.
Ey gül, gözündə parlayır eşqim, məhəbbətim,
Sanki xəzinə üstünə gün cah-cəlal verir.
"Bir gün qovuşmağın neçə sübh ayrılıq demək?"
Gəl həsrətin da həlli çətin bir misal verir.
"Ay misli hər gecə doğulub batmağın nədir?" –
Könlüm xəyalına yenə hər sübh sual verir.
Bir vaxtı Qeysi çəkdilər üşşaq üçün misal,
Gördükdə eșqimi məni Məcnun misal verir.
Qəlbimdə arzular dönə bilmir reallığa,
Nə vəslinin ümidi, nə həsrət macal verir.
Xəllaqi-xəlayiq bu vəfasız gözəllərə,
Aqil, nə təravətdə gözəlik, camal verir…
***
Səhralara Məcnun necə gəldi, necə döndü?
Gülzari-məhəbbət gözümüzdə heçə döndü.
Məcnunluğunun sirrini axtarmadı Məcnun,
Leylasını axtardı, dolaşdı küçə, döndü.
Məcnun kimi yarın adını kəsb elədim tək,
Zülfü mənə alt-alta yazılmış üçə döndü.
Gəl sevginin ən safını mən Sufi bilirdim,
Sənsiz bu təvaflarda başım, sadəcə, döndü.
Aqil, əbədiyyət bizə cism içrə haramdır,
Ruh karvanı aləmləri keçdi, köçə döndü.
***
Kəlmeyi-şəhadəti duyarsa qəlbdə gər biri,
Odur bu qarə dünyanın içində bəxtəvər biri.
O nur camal görməyə gözüm ayırdı yolların,
Çıxar göyə gecə biri, çıxar göyə səhər biri,
Gözündə eşqin atəşi yanarmı, sanma əsla ki,
Ürəkdə eșqi olmayan, könüldə bixəbər biri.
Var idimi vəfalısı? Var idi iddialısı?
Bu yolda sən qədər biri, bu yolda mən qədər biri.
Səadət hissi fanidir, qəmimdir əsli yoldaşım,
Həyat sürübmü şadiman ömür boyu məgər biri?
Mələklərin siyahısında hər kəsin günahı var,
Sevinc yazanı ayrıdır, yazır qəmu-kədər biri.
Ümidlər öldü, xatirən xəyallarımda canlanır,
Sonuncu bir nəfəstəki əzizdir, ey gül, hər biri.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


