“Biri ikisində” – Salman Qaraların sənədli hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Qaraların sənədli hekayəsi təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

                  

                                                                  

SALMAN QARALAR

“ABBASIN HƏCC ZİYARƏTİ”

(sənədli hekayə)

 

Məşədi Bayramın oğlu Abbas Yaz yurdunda üzü gündoğana qurduğu alaçığın qapısında oturub həccə getmək haqqında düşüncələrə dalmışdı. Qərarı qəti olsa da, onu narahat edən bir məsələ vardı: “Mən gedəndən sonra oğlanlarım evi, təsərrüfatı idarə edə biləcəklərmi?”

Birdən bu suala cavab tapmış kimi ayağa durdu, böyük oğlu Nadiri çağırıb dedi:

– Oğul, başına dönüm, boz öküzü çulla, get Böyük Zahmandan öküzün yükünə yetik odun doğra. Bacarsan, yüklə gətir. Bacarmasan, nigaran qalma. Mən İstibulaqlı Hacı Əmrahla görüşüb gələcəyəm. Öküzü köməkli yükləyib gələrik.

Nadir atasına baş üstə deyərək öküzü alıqladı, sicimi, baltanı alığın üstünə bağlayıb yola düşdü. Abbasın kiçik oğlu Bayram atasının atını yəhərlədi, Abbas atı minib Əvəlikliyə aşdı. Hacı Əmrahla arxac yerinin kənarındakı bulağın üstündə görüşüb danışdı, həclə bağlı suallarına cavab alıb geri döndü. Qırmızı Qayada atdan düşüb atı yedəyinə aldı, üzüaşağı gəldi. Gün günortadan keçmişdi. Aşağıda “Alçalı” binəsinin qara damları görünürdü. Sakitlikdi. Nə bir hərəkət, nə bir səs-ün var idi. Hündür bir daşın dibində oturub oğlunu gözləməyə başladı. İsti hava, otların gül-çiçəklərin ətri ona xoş bir yuxu gətirdi. Oturduğu yerdə mürgülədi. Qulağına gələn səsdən oyandı, gözlərini açdı. Oğlu Nadir yüklü öküz qabağında “ho”, “ho” deyərək aşağıdan keçən cığırla Yaz yurduna doğru gedirdi. “Allahım sənə min şükür, daha ziyarətə gedə bilərəm”, – dedi.

Ailənin qarğaşasını oğlunun çəkə biləcəyinə əmin olan Abbas atını minib oğluna çatdı, ona sağ ol deyib, başını tumarladı. Nadir alaçığa doğru getdi, Abbas isə aşağı enib Kavşandakı güzdük taxıla baxdı. Bu il taxılın da bol olacağını görüb özündə bir əminlik hiss etdi.

 

***

 

Qarabağlı Zeynal ağanın göndərdiyi atlı əvvəl Hacı Əmraha, sonra Abbasa, ordan da keçib Ayrım Binəsində Məşədi Cəmilə xəbər verdi ki, cümə günü Cahan bulağında ağa sizi qonaqlığa çağırır. Abbas gələn təklifçidən soruşdu:

– Gələrik, inşallah, a bala, ağa bu qonaqlığı nə məqsədlə verir?

– Əmi, ağanın gözünün ağı-qarası bircə oğlu var. Onu da at ürküb yıxmışdı. Şükür allaha, Hacı Nağı uşağı ölümdən qurtardı. Cümə günü Hacı Nağı da, Aşıq Ələsgər də gələcəklər. Hacı uşağın sarğısını açacaq, Dədə ona xeyir-dua verəcək.

 

***

 

Levin güneyindən, Qonurdağın ətəyindən tutmuş, Kasagələnə qədər Göllər yaylağında Xanqərvənd kəndindən, Kovdadıq kəndindən olan elat camaatının bütün bəyləri, ağsaqqalları Cahan bulağının üstünə cəm olmuşdular. Xalı çəmənlərin üstünə salınmış xalı-xalçaların üstündə qonaqlar dördbucaq şəklində cərgə ilə əyləşdilər. Gözlər yuxarı başda mütəkkəyə söykənib oturmuş Seyid Əsədullaha, Hacı Nağıya, Aşıq Ələsgərə dikildi. Seyid ayağa durub salavat çevirdi, Qurandan bir surə oxudu, həmd-səna etdi. Zeynal ağanın qabırğası sınmış, içinə qan dolmuş oğlunun sağalmasına böyük əmək sərf etmiş Hacı Nağının sözündən sonra Seyid üzünü Aşıq Ələsgərə tutdu:

– Bizim ümidimiz cəddimizə bağlıdırsa, cəddimizin kəramətini bizdən çox siz xalqa çatdırırsınız.

Aşıq Ələsgər dirsəkləndiyi mütəkkədən qalxıb diz üstə durdu. Aşıq Nəcəf sazı “Divani” kökündə kökləyərək ustada yaxınlaşdı. Aşıq Ələsgər Zeynal ağaya gözaydınlığı verib məşhur “Ağa” rədifli divanisinin birinci bəndini söylədi:

 

Dar günümdə yetiş dada,

Ya Şahi-Mərdan ağa.

Nitq ver meydan içində

Qoyma sərgərdan, ağa.

Həm Əlisən, həm Vəlisən,

Həm səxisən, həm səxa,

Həmi dildə zikrim sənsən,

Həmi əzbərdən, ağa.

 

Alqış, afərin səsləri göyə bülənd oldu. Aşıq Ələsgər gözünün altından Nəcəfə tərəf baxdı. Nəcəf zil səsi, şaqraq zənguləsi ilə birinci bəndi elə oxudu ki, səsinin əks-sədası dağlara yayıldı.

Divani oxunub tamamlandıqdan sonra Əliqulu ağa dedi:

– Camaat, Yer üzündə bu Göllər yaylağının havası, suyu, otu, gül-çiçəyi burdan başqa heç yerdə yoxdu. Cahan bulağının suyu Zeynal bulağının suyundan da şirindi. Bilirsiniz ki, Cahan Zeynal ağanın əmisi və qayınatasıdır. Bir də burdan baxanda bir tərəfdə Qoçdaş, Dəlidağ, bir tərəfdə isə Murovdağın silsiləsi, Qonurdağ görünür. Əlimizi arxaya uzatsaq, Qarraxa – Göyçənin yalına çatar. Burdan baxanda sanki dünya, cahan ayaqlarımız altında qalmış kimi görünür.

         Bu vaxt nişangaha güllə atmaqdan gələn 5-6 nəfər cavan oğlan atlarını ildırım sürətilə Qarraxa doğru çapdılar. Zeynal ağanın yenicə sağalmış, hələ bədəni möhkəmlənməmiş oğlu kürən atın belində çaparların ön sıralarında gedirdi.

Dədə Ələsgər Zeynal ağanın oğlunun fiziki sağlamlığının yerinə gəldiyini görsə də, əqli sağlamlığının hələ də tam yerində olmadığını gördü. Sinəsinə gələn sözü deməyəndə onu incitdiyini bildiyindən oturduğu yerdən ayağa qalxdı, qara sazını köksünə basıb dağlara səs saldı:

 

Bu dünyada üç şey başa bəladı:

Yaman oğul, yaman arvad, yaman at.

İstəyirsən qurtarasan əlindən,

Birin boşla, birin boşa, birin sat.

 

Ov keçdi bərədən, ata bilməzsən,

Uçdu getdi əldən, tuta bilməzsən,

Yerisən, yüyürsən, çata bilməzsən,

Görürsən ki, baxtın yatdı, sən də yat.

 

Qılma Ələsgəri məhrumi-didar,

Lütf eylə ləbindən bir busə, ey yar.

İsmin üç hərflə eylərəm aşkar,

Biri “kaf”dı, biri “lam”dı, biri “sad”.

 

Divanidən sonra oxunan bu ustadnaməyə görə məclis əhli Aşıq Ələsgəri yenidən alqışlasa da, çox az adam bildi ki, ustad bu sözlərlə Zeynal ağanın dəlisov oğlunun, bədöy atının, əmisi qızı olan dilli arvadının və ağıllı, gözəl-göyçək qızının bədii portretini çəkdi. Üç hərflə – samit səslərə iki sait də əlavə edərək soldan sağa oxuyanlar üçün beş səslə “Gilas” sözünə – adına ölməzlik qazandırdı.

         Saz məclisi dayanıb qara zurna cavanları, qız-gəlinləri oynatmağa başlayanda Abbas xudahafizləşərək getmək üçün izn aldı.

Zeynal ağa soruşdu:

– Abbas, qardaş, səfərə hazırsanmı?

– Bəli, ağa, inşallah, bu gün cümədir, ikinci cümə keçsin, üçüncü cümə yola çıxacağıq.

Aşıq Ələsgər dilləndi:

– Hacılıq həccə getməkdən çox əməllə, könüllə qazanılar. Sən ziyarətə getməmişdən də Hacısan. Niyyəti, əqidəsi, işi düz olanlara hər iki dünyada zaval yoxdu.

Abbas təşəkkür edib, qonaqlarla əl tutub ayrıldı, atını minib Yaz yurduna qayıtdı.

 

***

 

Gün çeştə yerinə yaxınlaşırdı. Abbas alaçıqdan çıxıb bulağın üstünə gəldi. Əl-üzünü yudu. Bir ovuc su içdi. Sağ əlini suya salıb gecə gördüyü yuxunu suya danışmağa başladı:

– Ey bu suyun mələkləri! Sən gördüyüm vayğanı xeyirliyə yoz. Gördüm ki, atın üstündə Bərəyədən Xam güneyə tərəf gedirəm. Araba yolunun gavda daralan hissəsində alt tərəfdən, üst tərəfdən qəribə məxluqlar mənə hücum edirlər. Balta dişlər, xəncər dırnaqlar atımın ayaqlarını didməyə, parçalamaya çalışır. Son anda at tullanıb məni onlardan xilas eylədi. Bir müddət sonra özümü cənnət bağına bənzər bir yerdə gördüm. Yoldaşlarım gedəndə məni özləri ilə o qeyri-adi gözəl məkandan aparmaq istədilər. Mən getmək istəmədim. Onlar məni çəkib aparmaq istəyəndə bir nur içindən uzanan əl məni saxladı, yoldaşlarıma “siz gedin”, – dedi. Mən qaldığımı anladım və həmin anda yuxudan oyandım.

         Abbas əlini sudan çəkib salavat çevirdi və alaçığa gəldi. Günorta yeməyinə yenicə başlamışdı ki, kənddən xəbər gəldi.

         – At bu gecə Tələ yerindən açılıb gedib. Bütün örüşü, Allıkənd, Aşağı, Yuxarı Ayrım binəsi tərəfləri axtardıq, tapa bilmədik.

         Abbas fikrə getdi, oğlunu çağırıb dedi:

– Adətən, heyvan bağdan açılanda üzüyuxarı gedir. Sən get Göllər tərəfə, Bədir bəyə, Zeynal ağaya soraq sal. Mən də enim kəndə, hardan, nə vaxt getdiyini dəqiqləşdirim.

Abbas oğlunu Göllərə yola salıb özü də kəndə doğru endi. Cınqıldakı qırmızı moruq kollarının yanından keçsə də, bir dənəsini yeməyə belə həvəsi qalmadı. Kəndin üstündə dayanıb kəndə, sola – Böyük Güneyə, sağa – Xam Güneyə nəzər saldı. Qarşıda Kəlbəcər kəndi, daha qabaqda isə Qoçdaş yaylağı əzəməti ilə dayanmışdı. Dayandığı yerin arxasında qədim qəbir yerləri, hündür xaçşəkilli daş var idi. Kəndin ortasındakı qədim alban kilsənin ətrafı, iri daş novlu bulağın üst yanı, Düzdağ, hətta Bərəyənin üstü qədim qəbiristanlıq idi. Bu yerdə ən azı 8-9 qəbiristanlıq olduğunu – deməli, burada 8-9 dəfə yaşayış olub – dağıldığını, dünyanın faniliyini düşündü.

         Səfər üstündə olduğundan atın itməyi Abbası çox narahat edirdi. Evinə getmədən “Ələm ağacı”nın yanında, Bərəyənin ayağında çaydan keçib araba yolu ilə Xam Güneyə getdi, atın hörükləndiyi yerləri gözdən keçirtməyə başladı. Ot hündür olduğundan adam, at ayağının izləri görünsə də, fərqli bir şey hiss etmədi, üzü enişə – kəndə tərəf düşməyə başladı. 15-20 addım atmışdı ki, zahmanda dizə qədər qalxan otun yerə yatdığını gördü, oraya yaxınlaşdı və atın buxovunun qırılaraq atıldığını yəqinləşdirdi. Atın oğurlandığına şübhəsi qalmadı. Gecə gördüyü yuxunu xatırladı və “Allaha təvəkkül, bəlkə, xeyir bundadı”, – dedi. Zənciri kəsilmiş buxovu əlinə alıb evinə getdi.

 

***

 

Aradan bir gün keçdi, ancaq atdan heç bir xəbər çıxmadı, heç hardan bir xeyirli soraq gəlmədi. Abbas fikirləşdi ki, sabah getsin Kəlbəcərə, Həcc ziyarətinə gedən yoldaşlarına atının oğurlandığını, buna görə səfərə çıxa bilməyəcəyini xəbər versin. Sonra da düşündü ki, bəlkə, başqa bir atla getsin. Günü tərəddüd içində axşam elədi. Gecəni fikir, xəyal içində keçirtdi. Səhər ertədən, adəti üzrə, qalxdı, nahar edib əyin-başını dəyişdi. Evdən çıxmaq istəyəndə kiçik oğlu Bayram içəri girdi, sevincək salam verib dedi:

– Dədə, axşam qaranlıq qarışana yaxın Zeynal ağa adam göndərib xəbər elədi ki, Abbasın atı tapılıb. Bir gün sonra gəlib yaylaqdan atını aparsın.

– A bala, daha bir gün sonra niyə? Gedib gətirərdiniz də.

– Nə bilim, ay dədə. Belə dedilər.

Abbası maraq götürsə də, səbrini basdı.

Aradan bir gün keçdi, ikinci gün Yaz yurduna – Kilsəli kəndinin yaylaq yerinə getdi, ancaq Zeynal ağanın binəsinə getməyə, atı soruşmağa tərəddüd elədi. Sabahı gün malları özü örüşə apardı. Cərgə qayaların üstündəki el yolu ilə Dibək daşına gəldi, Zeynal ağanı möhkəm səslə çağırdı.

Üçüncü dəfə “Zeynal heyy!” deyəndə ağa cavab verdi:

– Binədəyəm, gəl, gəl!

Abbas Arxaşandan keçib Zeynal ağanın yurduna dönəndə kəhər atın hörükləndiyini gördü. At sahibini görüb kişnədi. Abbas ata yaxınlaşıb tumarladı. Sanki 3-4 gün ərzində kəhər at nə ot yemiş, nə də su içmişdi. At əldən düşmüş, xeyli arıqlamışdı.

Zeynal ağa bulağın üstündə dayanıb ona baxırdı. Yenidən gur səslə dilləndi:

– Atnan danışdığın bəsdi. Keç bəri, bulağın üstə gəl.

Görüşdülər. Əllərini yuyub əyləşdilər, çay içib çörək kəsdilər, Abbas dedi:

– Ağa, bu nə məsələdir? Məni də agah etsənə.

– Agah etməyinə edərəm. Bu şərtnən ki, heç kimə heç nə deməyəsən. Get, Allah Həccini qəbul etsin. Gələndə danışarıq.

– Ağa, mən Həccə gedəcəyəm, amma qayıtmayacağam. İndi deməyini rica edirəm.

– Bu nə sözdü, ay pir olmuş?

– Əhdim var, ağa. Gedib qara daşı öpüm, Məkkədən Mədinəyə çatıb peyğəmbərin məzarını ziyarət edim. Elə orada ölüb o torpağa qarışım.

– Abbas, mən sənə qardaş demişəm. Sənin nə yaşın var ki, ölümdən danışırsan, özü də yol üstdə ola-ola.

– Biz qardaşdan əzizik bir-birimizə. Niyyətim də budur, yuxuda gördüyüm də. Atın əhvalatını danış.

– Yaxşı, sən deyən olsun. Qulaq as, daş dəyən yerini bil, amma kiminləsə üz-üzə gəlmə.

         Uşağın qonaqlığı üçün iki çoban da götürüb Kəlbəcərdən mer-meyvə aldım, bazarlıq etdim. Kilsənin yanındakı bulaqda qız-gəlinin yun yuduğunu görüb bulağa dönmədim. Kəndi çıxhaçıxda atımı sola döndərdim, atdan düşdüm, Ələm ağacının yanındakı Bərəyədən gələn bulaqdan su içmək istədim. Oralar fısıllıq olduğundan ətraf aydın görünmür. İki-üç adamın danışığını eşitdim. Atdan danışırdılar.

Abbas hövlnak soruşdu:

– Kim idi o adamlar?

– Səbirli ol, qardaş. Onu danışıram da.

– Hə, buyur, buyur!

– Söyüd ağaclarının arasından keçib səs gələn yerə yaxınlaşdım. Məşədi Oktay, bacısı Nənəqız və tanımadığım ortaboylu, tökmə bədənli, qara sir-sifəti olan bir cavan oğlan bulaqdan aşağıda bir daşın üstündə oturmuşdular. Onlara salam verdim, görüşdüm, geri qayıtdım. Sənin atının oğurlanması xəbərini eşidəndə həmin saat dalağım sancdı. Sənə daşın hardan dəydiyini bildim. Buna görə də o adama xəbər göndərdim ki, at necə gedibsə, elə də qayıtmalıdır.

 – Allaha şükür ki, sənin də bir sözün iki olası deyil.

         – Şükür içində olasan, – deyə Zeynal ağa cavab verdi.

– Mənim üç qardaşım var. Qohum-qardaş Allahdan bizə verilən paydır. Dostu isə insan özü seçir. Mən səninlə siğə qardaşam, öz qardaşlarım qədər mənə doğmasan.

         Abbasla Zeynal görüşüb, öpüşüb ayrıldılar.

 

***

 

Böyük bir dəstə ilahi nura bələnmiş Məkkəyə yaxınlaşırdı. Səfərə çıxdıqları ilk gündən Abbas Kəlbəcərin Alxaslı elindən və Göyçənin Şişqaya kəndindən olan dostları ilə bir yeyir, bir yatır, bir dururdu. Kəbə ziyarətindən sonra Mədinəyə yola düşdülər. Peyğəmbərin (s) qəbrini ziyarət etdilər. Zəvvarların könlünə dolan islam işığı onların üz-gözündə də bərq vururdu. Hamının üzündə bir nur, gözlərində sevincqarışıq bir parıltı var idi.

Məğrib (axşam) namazından sonra şam yeməyi yedilər, çay içdilər, söhbət elədilər. Hacı Abbasın keçirdiyi fərəh hissindən ürəyi köksünə sığmırdı. Xəyalı uşaqlıq, gənclik illərinə qayıtdı. Ailəsini, övladlarını xatırladı. Son illər ərzində ürəyində bəslədiyi ən böyük arzusu haqqında düşündü, Allah-Təalaya bir daha həmd-səna etdi. Çox rahatlıqla gəldilər, Həcc ziyarətini tamamladılar, Mədinətün-Nəbini gəzdilər, Məscidül-Nəbidə namaz qıldılar, bu məscidin içində yerləşən peyğəmbərin qəbrini ziyarət etdilər. Artıq sabah geri dönməlidilər. Bəs onun illərdən bəri ürəyində bəslədiyi o müqəddəs arzusu necə olsun? Əhvalı yaxşı, canı buz baltası kimi möhkəmdir. Sabah nə etməlidir, necə etməlidir?

         Beynində gedən düşüncələr, sinə taxtasının altından baş qaldıran duyğular sifət cizgilərində də əks olundu. Yoldaşları Hacı Abbasın qanının qaraldığını, dərin düşüncələrə daldığını görüb niyə bikeflədiyini soruşdular. Onlara ürəyindən keçənlər, könül dünyasında bəslədiyi diləklər haqqında heç nə demədi. Axı nə deyəydi, nə danışaydı? Ürəyindən keçənləri dilə gətirsəydi, ona gülməzdilərmi? Susdu. “Hər şey yaxşıdır” görüntüsü yaratmağa çalışdı. Yatdılar, şirin, dərin yuxuya getdilər.

         Səhərə yaxın, xoruzun ikinci banının eşidildiyi vaxt idi. Abbas şirin yuxuda idi. Röyasında yenidən Yaz yurdunda gördüyü dümağ geyimli, üzü nur içində olan bir şəxs uzaqdan ona tərəf gəlməyə başladı. O, ecazkar şəxs irəli addım atdıqca ətrafı da – yaşıl çəmənlər, ağaclar, axan gömgöy sular da ona tərəf gəlirdi. Sanki o özü gəlmirdi, onun olduğu məkan, üstündə dayandığı yer ona yaxınlaşırdı. İki addım ona çatmağa qalanda qeybdən gələn kimi bir əsrarəngiz səs onun iliyinə, qanına, ürəyinə yeridi. Elə bil bu səs ona tanış idi, amma nə bu səsi eşitmişdi, nə bu səs sahibinin üzünü görmüşdü. Bu səsin sədası qulaqlarından ürəyinə, beyninə axdı:

– Həccin mübarək oldu, ziyarətin qəbul edildi, Abbas! İndi de görək getmək istəyirsən, yoxsa qalmaq qərarın qətidir?

Hacı Abbas suala cavab vermək əvəzinə bu üzü nurdan tökülmüş, başdan-ayağa dümağ parçaya bürünmüş varlığın kim olduğunu soruşmaq istədi. İstədi ki, soruşsun ki, sən kimsən, ey müqəddəs zat? İmam Əlisən, yoxsa İmam Hüseyn? Dili söz tutmadı. Cavab verə bilmədi. Udqundu. Çətinliklə başını tərpətdi, handan-hana “bəli” dedi. Ona doğru ilk addımını atanda yuxudan oyandı. Yerin içində qan-tərə batmışdı. Bu qan-tər Ərəbistan yarımadasında istinin yaratdığı qan-tər deyildi. Bu qan-tər gördüyü yuxunun qan-təri idi. Ürək döyüntüsü zəifləmişdi. Sağ əlini ürəyinin üstünə qoydu. Ürəyi sanki dayanmışdı, bateriya daşı qurtarmış saat kimi olduqca zəif vururdu. Əlini ürəyinin üstündən götürüb alnına çəkdi. Alnındakı muncuq kimi soyuq tər damcılarının bir neçəsi üzünə düşdü. Yoldaşlarını səslədi:

 – Qalxın, məni eşidin.

Yoldaşları qalxdılar, şam yandırdılar. Hacı Abbasın əhvalını soruşdular. Hacı Abbas dedi:

– Mən bir saata qədər öləcəyəm. Məni dəfn edib sonra yola düşün. Atımı, papağımı və Məkkədən xanımıma aldığım parçanı oğluma çatdırın.

Yoldaşları həm təəccüb etdilər, həm də onun sözünü ciddiyə almadılar. “Nə olub, səndə nə var ki”? – deyə soruşdular.

         Hacı Abbas cavab verdi:

– Mən əhd eləmişdim ki, Həcc ziyarətini tamamlayım, orda ölərək müqəddəslərin yanında dəfn olunum. Axşam arzumun gerçəkləşməyəcəyi üçün qəmgin idim. Gecə ağam yuxuma girdi, məndən qalıb-qalmayacağımı soruşdu. Mən burda qalmaq istədiyimi bildirdim.

         Hacı Abbas yatağının yönünü dəyişdirdi, üzü qibləyə doğru yatağına uzandı. Avazımış sifətində qan izləri qalmamışdı. Gözləri yarı qapalı vəziyyətdə, xəyalı uzaqlarda idi. Xəyal aləmində uzaq yolları yaxın edərək doğma kəndinə, evinə qayıtdı. Ailə üzvlərini, qonşularını, qohumlarını, dostlarını gözdən keçirtdi. Biçənək yerlərini, dağları, dərələri, bulaqları xəyalında canlandırdı. Sanki çəkisini itirib fiziki ağırlığını qeyb etmişdi. Bir ruh kimi necə gəlmişdisə, elə də geriyə döndü. Həcc ziyarətinin bütün mərhələlərini xəyalından keçirdi. Artıq varlıqla yoxluğun arasında olduğunu, bu dünya ilə vidalaşmağın vaxtı çatdığını sövqi-təbii hiss etdi. Onsuz da zəif vuran ürəyi sonuncu dəfə döyündü.

         Başının üstündə dayanan yoldaşları Hacı Abbasın gözlərini qapadılar, əllərinin və ayaqlarının düzgün dayanmasını nəzərdən keçirtdilər. Hər iki dostun gözündən süzülən yaş damcıları Hacının sinəsinə düşdü.

 

***

 

Dan yeri sökülməkdə idi. Mədinə şəhərinin Bəqi qəbiristanlığında yeni bir məzar qazıldı. Ancaq heç kəs bilmədi ki, bu məzar İmam Cəfər Sadiqin məzarı ilə sanki eyni düz xəttin üzərində yerləşmişdi. Məzar hazır oldu. Hacı Abbas yuyulub kəfənləndi. Meyidi qəbiristanlığa aparıb hazır qəbirə qoyan vaxt birdən-birə güclü külək əsdi. Bir qədər aralıda olan sidr ağaclarının yarpaqlarını külək təzə qazılmış məzara, ağa bükülmüş cəsədə səpələməyə başladı. Ətrafı xoş bir qoxu bürüdü. Sidr ağacından gələn rahiyə bütün məzarlığa yayıldı. Meyidin üstü torpaqlananda qəfil əsən külək qəfildən də yavaşıdı, olduqca xəfif meh dalğa-dalğa məzarın ətrafına ətir yaymağı davam etdirdi.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.