İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir." — Süleyman Rüstəm
"Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır." — Mehdi Hüseyn
Bəli, bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümüdür. Rəsul Rza deyəndə yada ilk öncə sərbəst vəzndə şeirin ustadı, “Rənglər” poeması, Xalq şairi Nigar Rəfibəyli, Xalq yazıçısı Anar düşür.
Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulub. Mənşə etibarilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanıb. Anası Məryəm poetik istedada malik olub, öz şerlərini əzbər yadda saxlayıb.
Rəsul Rza atasını erkən itirib, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatıb. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd edib:
"Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.
Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini bildirib. Uzun illər keçəndən sonra R. Rza yazıb:
"İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir”.
Rəsul Rza altı yaşı olarkən məktəbə gedib və onun ağır təhsil və iş illəri başlayıb. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləyib. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olub, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıdıb. O, 1930-cu ildə Bakıya köçüb, o vaxt böyük bacıları şəhərdə yaşayıblar
Bakıda o məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımayıb. Ancaq çox çəkməyib ki o, şair A. Faruq vasitəsilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olub, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edib.
1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında ilk şeri — "Bu gün" şeri dərc olunub. Həmin illərdə "Yeni fikir" qəzetində də şeirləri və hekayələri çıxıb. "Gənc işçi" redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" və s. şeirləri dərc olunub.
Yaradıcılıqla yanaşı R. Rza təhsilini də davam etdirib. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd edib.
1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedib, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışıb, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayıb. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedib, müharibəni bilavasitə müşahidə edib, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapıb. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeiri olub.
Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru olub.
Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilib, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub.
Filmoqrafiya
1. Ağ rəngin simfoniyası
2. Ana qaz
3. Azərbaycan elmi
4. Azərbaycan naminə!
5. Bəxtiyar
6. Böyük ömrün anları
7. Dəcəl dəstə
Təltif və mükafatları
1. Sosialist Əməyi Qəhrəmanı
2. "Stalin" mükafatı (3-cü dərəcə)
3. "Azərbaycan SSR xalq şairi" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Lenin" ordeni
6. "Şərəf nişanı" ordeni
Kitabları
- Mən torpağam
- Çağımdır mənim
- Vətən
- Anamın kitabı
- Uşaq oyunları
- İş günü
- İlqar
- Etiraf
- And
- İtkilər
- Bir nəsil qocalsam da
- Çinaraltı
Poemaları
Qız qalası
Babək
Çapey
Lenin
Si — Au
Almaniya
Pyesləri
Vəfa
Görüş
Publisistikası
Poeziya zəhmət və ilhamdır
Teleqram
O gün – bu gün
Əziz xatirələr
Ötən günlər
Rəsul Rza 1 aprel 1981-ci ildə vəfat edib. Onun həyat yoldaşı, Xalq şairi Nigar Rəfibəyli ilə yaşadığı sevgi münasibətləri ən saf, ən səmimi münasibətlər kimi Anarın “Sizsiz” kitabında təsvir edilibdir. Ən kədərlisi odur ki, Rəsul Rza və Nigar Rəfibəyli eyni zamanda xəstəxanada yatıblar. Və Rəsul Rzanın ölümü xəbərini həyat yoldaşından gizləyiblər.
Həmin dövrdə Nigar Rəfibəyli xərçəng xəstəliyindən əziyyət çəkirdi və vəziyyəti çox ağır idi. Ailəsi, xüsusən də oğlu Anar bu xəbərin onda faciəvi sonluq yaradacağından ehtiyat edirdi. Rəsul Rzanın 1981-ci ilin aprelindəki vəfatından sonra ailə Nigar xanıma yoldaşının müalicə üçün Moskvada olduğunu bildirmişdi. Rəsul Rzanın sağlığında yazdığı şeirlər və məktublar təşkil edilərək vaxtaşırı Nigar xanıma çatdırılır, onun Moskvadan hal-əhval tutduğu təəssüratı yaradılırdı.
Nigar Rəfibəyli ömrünün sonuna qədər — yoldaşının ölümündən təxminən 3 ay sonra, 1981-ci ilin iyulunda dünyasını dəyişənə qədər Rəsul Rzanın vəfat etdiyini heç vaxt bilmədi.
Bax belə bir əhvalat...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


