“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Zeynəb Məmmədzadənin Ağasən Bədəlzadə yaradıcılığı barədə yazısı təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Zeynəb MƏMMƏDZADƏ,
Azərbaycan Texniki Universiteti Humanitar fənlər kafedrasının baş müəllimi
NURDAN SÜZÜLƏN SAFLIQ
Atəşdir – əbədi közərən ürək,
Söndüsə, bir ovuc kömür qarası.
Elə yandıraq ki ömrü biz gərək,
Düşməsin yollara ömür qarası!
(Ağasən BƏDƏLZADƏ)
Ömrünü həqiqi insan, əsl şəxsiyyət, müdrik müəllim, etibarlı dost, düşündürən şair kimi “yandıran” Ağasən Bədəlzadə vəfasız dünyadan vəfalı insan kimi köç etdi. Qəlbi həyat sevgisi ilə saflıq çeşməsi kimi daima çağlayan şair ömrünün 85-ci astanasında həyata vida etdi. İşıqlı ömür yaşayan Ağasən müəllim hər kəsin yaddaşında saf, xalis insan kimi iz qoydu, həyat yollarına “ömür qarası” deyil, nur səpərək ayrıldı bu aləmdən. Dostlarını, tələbələrini, sevənlərini kövrək göz yaşlarına boğan, şərəfli həyat yolu keçən hikmətli insan, Allah son mənzilinizi də nura qərq etsin!
Ağasən Mehdi oğlu Bədəlzadə 1940-cı il avqustun 25-də İsmayıllının Pirəbilqasım kəndində anadan olmuşdur. 1958-59-cu illərdə orta məktəbi, 1961-ci ildə Şamaxı Pedaqoji Texnikumunu, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirmişdir. 1981-ci ildə filologiya elmləri namizədi adını almışdır. 1986-cı ildən SSRİ Yazıçılar İttifaqının (Azərbaycan Yazıçılar Birliyi) üzvü olmuşdur. Ədəbi fəaliyyətə tələbəlikdən başlayan şairin ilk şeirləri “Yeni İsmayıllı”, “Yeni Şirvan” kimi qəzetlərdə dərc olunmuşdur. Universitetdə təhsil aldığı müddətdə müxtəlif mətbuat orqanlarında şeirlərlə çıxış edən Ağasən Bədəlzadə yaradıcılığı Xalq şairi B. Vahabzadənin diqqətini cəlb etmiş, o, 1968-ci ildə “Ulduz” jurnalında gənc şair haqqında müsbət fikirlərini bildirmişdir. Xalq şairi Rəsul Rza o zaman buraxılan “Poeziya almanaxı”nda şairin “Nə var!” şeiri haqqında xoş təəssüratını ifadə etmişdir. 1978-ci ildə “Yanmaq ona deyərəm ki...”, 1987-ci ildə “Payızda məhəbbət”, 1999-cu ildə “Hayıf, a dünya səndən”, 2011-ci ildə “Qorxuram bu dünya sevgisiz qala”, 2012-ci ildə “Bu dünyanın hər üzünü görmüşəm”, 2014-cü ildə “Hələ yaşamağa dəyər dünyada” və s. kimi şeirlər kitabı “Zamanın üzü, yazıçının sözü”(2006), “Qələmin ucu, qılıncın gücü”(2008) monoqrafiyaları, “Yapon ədəbiyyatı tarixi” (2016) adlı dərsliyi, eyni zamanda 100-ə qədər elmi-publisistik məqalə və tezisləri müxtəlif dövri mətbuat orqanlarında işıq üzü görmüşdür. Şairin lirikası mövzu cəhətdən rəngarəng və çoxşaxəlidir. Doğma yurda, vətənə məhəbbət Ağasən Bədəlzadə yaradıcılığının özəyini təşkil edir. “Bir ovuc torpağın hayana düşsə, Gözləri yumulu tanıyaram mən” söyləyən şairin yarasının məlhəmi elə həmin torpaqda bitən otlardır, həsrətli gündə bir daşı da “könül aclığı”nı toxtadandır. Müəllif “Füzuliyə” adlı əsərində vətən sinəsində gəzə bilməyib, vətəni sinəsində gəzdirən, varlığı ilə başımızı göylərə ucaldan Məhəmməd Füzulini zirvəsindən Vətən görünən dağa bənzədir. Dahi Füzulinin qürbətdə yaşayıb, qürbətdə dünyasını dəyişməsini – onun vətəndən bir parça olmasını öz misralarında vurğulayaraq, Füzulini “Oddan” – yəni vətəndən qırağa sıçrayan qığılcıma bənzədir: “Gör necə oddur ki, ondan kənara Füzulilər boyda qığılcım düşüb!” (“Payızda məhəbbət”) “Füzuli” şeirində şair ruhunun dərinliklərindən qaynayan vətən sevgisi ilə vətəndən bir parça olan Füzuli sevgisi bir küll halında bütövləşir: Bu dünya gözündə elə söndü ki, Doldu həsrət ilə “beytül-həzəni””. Füzuli ruh idi, şeirə döndü ki, Şeiri qanadlanıb öpsün vətəni! (“Payızda məhəbbət”) Dünya, həyat və insan haqqında düşüncələr hər zaman sənət insanlarını məşğul etmiş, bu haqda saysız-hesabsız, müxtəlif mülahizələr yürütmüşlər. Bu baxımdan Ağasən Bədəlzadə poetik təfəkkürü, özünəxas dərin, obrazlı düşüncəsi “İnsan” adlı şeirində maraqlı şəkildə üzə çıxır: “Dünyanı böyüdüb, ağıllandırıb, Dünyanın özündən uludur insan. Dünyada çıraqtək ağıl yandırıb, Ağılla, işıqla doludur insan!” (“Payızda məhəbbət”) Daxilində mənalar yatan insan özü bir müəmmadır. Bütün dünyaya meydan oxuyan, ağalıq edən insan, sən demə, “əl boyda ürəyin quludur”. Ən böyük idealı gözəllik, dürüstlük, paklıq olan müəllif “Hamının mayası torpaq” şeirində torpaqdan yaranan insanın xislətini bu dünyada yaşadıqca dinlərin, qanunların dəyişdirdiyini, ilkin yaradılışından əsər-əlamət qalmadığını, lakin torpağın elə torpaqlığında qalıb dəyişmədiyini könül acısıyla söyləyərkən sanki insanın da torpaqtək saf, təmiz qalmağını arzulayır: “İnsan gah qarlı qış, gah da yaz olur, Min dağdan toz düşür könül mülkünə. İnsan bu həyatda tanınmaz olur, Torpağa dönəndə dönür ilkinə”. (“Bu dünyanın hər üzünü görmüşəm”) Şairin xəyalı daima ülviliyə can atır, insanı kamil görməyə ümidlənir, bəzən bu ümidlər qanadı qırılmış quş kimi yerə çırpılır, bəzən də yenidən pərvazlanır. Sağı-solu həqiqət olan insan gözlə gördüyünü danır, “yalanlar içində talan olsa da”, gördüyü həqiqətlərə göz yumur,”yalansız dolana bilmir”. Şair “İnam” adlı şeirində “Bəs insan doğrudan niyə gen qaçır?” sualına qaneedici bir cavab tapa bilmir, çünki insanlar nəyə inanmaq istəyirsə, ona da inanır “apaydın həqiqət”ə göz yumurlar. Müəllif “Bu dünya daş-tərəzidir” adlı əsərində dünya, kainat haqqında təzadlı çarpışmalardan doğan fəlsəfi fikirlərini poetik libasla süsləyir. Dünyanın tərəzisi insanın ömrü, illəri, yaşıdır. Bu tərəzinin çəki daşı ürək, “çəkilən də qəmdir”. Tərəzisi “haqqı-ədaləti” düz çəkməyən bu dünya insan var olduğu üçün məna qazanır, insan olmasa, kainat da bir məna ifadə etmir, dəyərsizləşir. Yaradıcılığa gəldiyi ilk andan “əsl insan, əsl sənət necə olmalıdır?” sualına öz mənəvi dünyasında cavab axtaran şair bunu “yanmaqda” görür, el üçün, insanlar üçün dildə deyil, ürəkdən əriyib “yanmaqda”. Xalq şairi B.Vahabzadə Ağasən Bədəlzadənin “Yanmaq ona deyərəm ki...” şeirinə münasibətini belə bildirir: “Düşünmək, çırpınmaq, həyəcanlanmaq, alışmaq, yanmaq. Budur sənət! Çırpıntısız, həyəcansız, yanğısız nə əsl söz var, nə də əsl sənət. Məsləksiz, əqidəsiz, fikirsiz, amalsız çırpıntı da yoxdur, həyəcan da, yanğı da. İnsanı həyəcanlandıran, onu düşündürən, onu narahat edən də qəlbindəki duyğular, beynindəki fikirlərdir. Demək, fikirsiz, idealsız sənət yoxdur, söz yoxdur. Ürək yanmasa, gözdən yaş çıxmaz, ürək dolu olmasa, ondan ağıllı söz çıxmaz. Boş beyində, boş ürəkdə nə fikir, nə söz. Demək, sənət can yanğısı, ürək odudur, narahat fikirlərin sazıdır, sözüdür: “Yanmaq ona deyərəm ki, Yanan ancaq ürək olsun, Dil olmasın, Yanmaq ona deyərəm ki, Alovlanan bir insanın Yanmadığı gün olmasın, il olmasın. Yanmaq ona deyərəm ki, Yanan arzu alışdıqca Közə dönsün, Kül olmasın. Yanmaq ona deyərəm ki, Bu yanğının qurbanı da Yanan kəsin özü olsun, El olmasın. (“Yanmaq ona deyərəm ki...”) Milli-mənəvi dəyərlərimizə yüksək qiymət verən sənətkar sevimli müəllimi B.Vahabzadəyə ithaf etdiyi “Muğamlar” seirində xalqımızın ta qədimə söykənən mənəvi aləmini, bu aləmdə gizlənmiş sirli düyünləri bir-bir açmağa çalışır. Açdıqca-açılan sirli-sehrli hikmətlərə məftun olan şair heyrətini gizlətmir: “Min-min ürəklərin fəryad səsindən, Eşqindən-qəmindən qopdu muğamlar!” Süzülüb xalqımın ah-naləsindən, Odlu könüllərə hopdu muğamlar. (“Yanmaq ona deyərəm ki...”) Şeirdə “ürəklərə ən ulu məbud” olan muğamın fəlsəfəsini daha dolğun çatdırmaq üçün ömrünü bu işə həsr edən musiqişünaslarımız – Səfiəddin Ürməvi, Əbdülqadir Marağinin (Marağayinin) adları hörmətlə yad edilir. Bir misra ilə tarixdə baş vermiş hadisələr açılır. Əmir Teymurun dövründə bir çox incəsənət xadimləri Səmərqəndə aparılır. Bu sənətkarlardan biri də Əbdülqadir Marağayi olur ki, tez bir zamanda cahan sultanının sevgisinə və sayğısına məzhər olur və “Bütün musiqi bilicilərinin padşahı” adına layiq görülür. Bir neçə il keçdikdən sonra xəyanətdə ittiham olunan Marağayini bu böhtandan məhz “dindirdiyi ud”un gücü xilas edir. Dahi musiqişünasımızın ürəkləri fəth edən sənəti şairin sözü ilə desək: “cəllad fərmanına bir qalxan olur”. Muğamımızın ruhunda gizlənən sirlər bitib-tükənmir. Xalqın müdrikliyi ilə yoğrulan bu ölməz sənət məxəzindən hər kəsin özünə götürə biləcəyi hikmət payı var: “Zaman yaman oldu, tarix dolaşıq, Hikmətlər yığılıb bir muğam oldu”. Düşəndə − ən böyük dinclik, barışıq, Düşəndə − ən böyük intiqam oldu. (“Yanmaq ona deyərəm ki...”) Şeir boyu Ağasən Bədəlzadə oxucularını mədəniyyətimizin ən dəyərli parçası, “məhəbbətin ən aydın dili”, “həqiqətin yurdu, mənzili” olan muğamımızı “haqq kimi” qorumağa çağırır. Əsl sənətə, sənətkara dəyər verən şair Azərbaycanın tanınmış Xalq artisti Habil Əliyevə ithaf etdiyi “Kaman” əsərində yanğısını ürəyindən alıb barmaqları ilə tellərə yayan sənətkarın ustalığı işığında milli musiqi alətimizi tərənnüm edir: “Zili yara həsrət bir tamarzının, Cavabsız naləsi, ürək sözüdür. Bəmi dilim-dilim yanan arzunun Barmaqlar altında hönkürtüsüdür”. (“Yanmaq ona deyərəm ki...”) Ağasən Bədəlzadə poetik təfəkkürü, dünyaya fəlsəfi baxışı, söz ilə yaşayıb var olması vətəndaşlıq sevgisi, milli-mənəvi dəyərlərimizə yüksək qiyməti ilə Azərbaycan ədəbiyyatında özünəxas yeri olan yüksək elmi potensiallı yazıçı-sənətkarımızdır. Mükəmməl lirik zövq, yaradıcı dünyagörüşü, dünyanı dərketmə özünəməxsusluğuna görə şeirləri maraqlı ümumiləşdirmələrlə zəngindir. Şairin şeirlərinin əsas məziyyətlərindən biri onun oxucuları ilə səmimiyyətidir. Eyni zamanda sadə, düşündürən və başa düşülən olmasıdır. Şair günü-gündən dəyişən dünyada həyatımızda illərlə kök salmış mənəvi dəyərlərimizə sahib çıxmağı ata-babalarımız qarşısında olan borc, özümüzə sadiqliyimiz kimi qiymətləndirir. Şeirlərindəki idealları, əxlaqi dəyərləri keçdiyi ömür yolu ilə cavablandıran şair mənəvi dəyərlərimizi təkcə sözlə deyil, həyatında da yaşayaraq örnək olmuşdur. Allah yerini cənnət, ruhunu şad etsin!
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


