Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza “Tqədimat” rubrikamda daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm.
Vaqif Hacıyev 19 aprel 1996-cı ildə Bakı şəhərində anadan olub.
O, Georgi Şaroyev adına musiqi məktəbini bitirib.
Müasir Azərbaycan ədəbiyyatında oyun-mexanika üzərində qurulan ilk psixoloji triller hesab olunan “12:00” kitabının müəllifidir.
Vaqif bəyə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
VAQİF HACIYEV,
TƏRƏZİ
— Nə qədər çəkəcək hələ? — Qara geyimli əsəbi halda pencəyinin yaxasını düzəltdi. Barmaqları yerində durmurdu.
— Az qalıb, — ağ geyimlinin səsi çox sakit idi. O qədər sakit ki, adamın ətini ürpədirdi. — Növbə bizdədir.
— Nə qədər gözləmək olar? Əvvəl canının çıxmasını gözlə, sonra da gəl burada quyruğa dur. Doxsan yeddi il... Adamda bir az insaf olar, bu qədər yaşamazlar.
Ağ geyimlinin üzündə qəribə, az qala uşaqcasına bir həvəs parladı. Bu donuq sifətdə həmin ifadə çox eybəcər görünürdü.
— Doxsan yeddi il dözmüsən, bir yarım saat da döz. Bitiririk, vəssalam. Sonra da təqaüdə çıxırıq, azadıq.
— İnanırsan, o canını tapşıranda mən artıq hər dəqiqəmi planlamışdım. Bu doxsan yeddi ilin yorğunluğu canımdan çıxmasa, mənə də bu qaranlıq qovluğun keşikçisi deməsinlər.
Nəhayət, nəhəng paslı darvaza gicgahları sızıldadan bir inilti ilə yerindən oynadı; metalın metala sürtülməsi boşluğa qulaqbatıran bir fəryad yaydı və içəridən gələn "Süleyman" sədası bu kəfən sükutunu buz kimi çiliklədi. Əllərində biri gecə kimi qara, digəri sümük kimi ağ olan taleyin ağır hökm qovluqlarını tutmuş iki məmur hərəkətə keçəndə, onları nə möhtəşəm bir məhkəmə, nə də işıqlı bir zal gözləyirdi.
Addım atdıqları yer boğucu, tavanı alçaq və hər küncündən kif qoxusu gələn qaranlıq bir hücrəni xatırladırdı. Onlar içəri keçən kimi arxadakı nəhəng metal qapı elə bir qətiyyətlə çırpıldı ki, sanki keçmişə aid bütün körpülər həmin an yandırıldı.
Qarşıda, kölgələrin dərinliyindəki masanın arxasında üzü görünməyən, qaranlıq bir siluet dururdu; bu fiqur heç bir söz demədən, yalnız soyuq bir əl hərəkəti ilə onları yan-yana qoyulmuş küt kürsülərə işarə etdi. Mühitə hakim olan o amansız sükut hər cür təhqirdən daha ağır bir təzyiqlə insanın üzərinə çökürdü. Onlar sol tərəfdəki yerlərinə keçərkən, sağda — veriləcək hökmün vahiməsindən büzüşmüş və doxsan yeddi illik ömrünün son qalıqlarını bu havasız otağın rütubətinə təslim etmiş Süleyman görünürdü. Qocanın baxışları artıq ölmüşdü; o, diri bir insandan çox, taleyinə boyun əymiş ruhsuz bir kölgəni xatırladırdı.
Onlardan bir az irəlidə isə o qədim, bədbəxtlik saçan Tərəzi dayanırdı. Bu Tərəzi ədalətin parlaq simvolundan çox, qurbanlarının qanı ilə paslanmış bir işgəncə alətinə bənzəyirdi. Zəncirləri hər tərpənəndə dözülməz bir gıcırtı çıxarır, sanki altında əzilən ruhların səsini təqlid edirdi. Tərəzinin sol gözü bir az əyilmişdi — bəlkə də illərdir ölçdüyü günahların ağırlığı onun dəmir onurğasını sındırmışdı. Oxu isə mərkəzdə durmurdu; sanki görünməz bir əl tərəfindən idarə olunurmuş kimi qərarsız, titrək və hədələyici bir şəkildə yırğalanırdı. Bu qoca metal parçası indi Süleymanın doxsan yeddi illik qaranlıq sirlərini, gizli nifrətlərini və ruhunun ən dərin qatlarında gizlətdiyi o tək-tük səmimi anları qarşı-qarşıya qoyub, əbədiyyətin qanlı riyaziyyatını hesablayacaqdı.
Hakim rolunu oynayan şəxs qarşısındakı saralmış kağızları səssizcə vərəqləyib diqqətlə nəzərdən keçirdikdən sonra, soyuq bir hərəkətlə əlini tərəziyə tərəf uzatdı. Bu işarə ilə hər iki məmur eyni saniyədə irəli atılaraq ağ və qara qovluqları tərəzinin paslı gözlərinə təslim etdilər; o an metalın metala dəydiyi yerdən çıxan boğuq səs otağın künclərinə bir lənət kimi yayıldı. Köhnə metalın vahiməli iniltisi rütubətli havaya qarışdı və ağır bir sarsıntı ilə yerindən oynayan tərəzinin oxu dəli kimi sağa-sola titrəməyə başladı. Gah qara qovluğun qaranlıq yükü tərəzinin gözünü döşəməyə qədər endirir, gah da ağ qovluğun içindəki o cılız işıq zərrələri tərəzini amansızcasına yuxarı dartırdı.
Süleymanın nəfəsi kəsildi, alnından süzülən soyuq tər damcıları arasında ölü baxışları hər titrəyişdə bir az da böyüyən paslı zəncirlərə kilidləndi. Ox qəfil, qulaqbatıran bir cırıltı ilə tam mərkəzdə mıxlanıb qalanda, otağa kəfən sükutu çökdü. Nə bir millimetr sola, nə də bir millimetr sağa... Mərkəzdə donub qalmış həmin ox artıq qəti və amansız bir tarazlığın hökmü idi. — Nə olacaq indi? Məni hara göndərəcəksiniz?
Süleymanın səsi titrəyirdi, hər kəlməsi qaranlıqda boğulurdu. Hakim cavab vermədi. O, masanın üzərindəki saralmış kağızları bir daha çevirdi; kağızların xışıltısı otaqdakı tək diri səs idi.
— Maraqlıdır. Hələ beləsi olmamışdı, — Hakim başını qaldırmadan mızıldandı. — Münkər və Nəkirin qeydləri də bir-birini tamamlayır. Hər şey bərabərdir.
— Nə... nə edəcəksiniz indi?
Süleymanın səsi qırıldı; boğazındakı quruluq hər kəlməsini ağrılı bir hırıltıya çevirirdi. Hakim cavab vermədi. O, baxışlarını yavaşca qaranlıq və aydınlıq tərəfləri təmsil edən o iki kölgəli simaya çevirdi. Gözləri hər ikisinin üzərində bir cəlladın qətiyyəti ilə gəzindi.
— Qaydalara görə, əgər tərəzi susursa, hökmü siz verməlisiniz, — Hakimin səsi buzlu bir külək kimi otağa yayıldı. — İkinizdən biri... Ya bir yaxşını çıxarıb onu cəhənnəmə, ya da bir pisi silib cənnətə göndərəcəksiniz.
Hakim geri çəkildi, kölgəsi divarda nəhəng bir tabut kimi böyüdü. Otaqda yalnız tərəzinin zəncirlərinin həzin, insanın sinirlərini tarıma çəkən narahatlıqverici səsi eşidilirdi.
— Buyurun. Söz sizindir.
Qaranlıq əbanın sahibi qovluğunu əlinə alıb səhifələri çevirməyə başladı. O, barmağını sətirlərin birində saxlayıb, başını qaldırmadan danışmağa başladı:
— 1984-cü ilin noyabrı... Sən o pulu oğurladın, Süleyman. Sənə güvənən birinin evinə girdin və o pulları götürdün. Bu, sadəcə bir oğurluq deyil, sən həm də xəyanət etdin. Bu əməl sənin ən böyük qaranlığındır və elə bu günah səni cəhənnəmə göndərməyə bəs edir.
Sümük ağlığındakı digər sima isə qarşı tərəfə baxmadan qeydlərini vərəqlədi:
— Amma sən o pulla bir can satın aldın. Ölmək üzrə olan bir gəncin əməliyyat pulunu ödədin və o adam sənin sayəndə sağaldı. Mənim siyahımda sən bir həyat xilaskarısan. Bu qədər ağır bir yaxşılığı heç bir günah sıfırlaya bilməz. Sənin yerin cənnətdir.
Qaranlıq libaslı olan üzünü turşutdu, səsi indi daha sərt və qəti idi:
— Oğru olan adamdan xilaskar çıxmaz! Oğurluq elə bir şeydir ki, onu heç nə ilə təmizləmək olmaz. Əməl pisdirsə, onun sonu da pisdir. Mən bu günahı sənədlərdən çıxarmayacağam. Bu adam cəhənnəmə getməlidir.
Ağ libaslı olan bir addım atdı:
— Əgər mən bu yaxşılığı siyahıdan silsəm, onda xilas edilmiş bir ömrü yox saymış oluruq. O gənc Süleymanın verdiyi pulla sağ qalıb. Mən bir insanın həyatını sıfırlaya bilmərəm. Bizim qaydalara görə, bir canı qorumaq hər şeydən vacibdir. Ona görə də onun yeri cənnətdir.
Süleyman oturduğu yerdə kiçildi. Nəfəsi boğazında tıxanmışdı. İllərdir dünyada özünə bəraət qazandırdığı, vicdanını sakitləşdirmək üçün yapışdığı o "yaxşı əməli" indi onu parçalayırdı. Onun daxili mübarizəsi, insanlığın ən böyük dilemması indi iki soyuq simanın verəcəyi qərardan asılı idi.
Qaranlıq libaslı olan qəflətən, heç bir söz demədən Süleymanın əyləşdiyi kürsüyə tərəf yaxınlaşdı. Onun baxışları qocanın gözlərinə bir bıçaq kimi sancılmışdı.
— Düzünü de, Süleyman, — o, alçaq səslə, az qala pıçıldayaraq danışdı. — O pulları həqiqətən o xəstə uşağı xilas etmək üçün oğurlamışdın? Yoxsa əvvəlcə sadəcə tamahına qalib gələ bilməyib oğurluq etdin, sonra isə tutulmaq qorxusu canına vəlvələ salanda özünü təmizə çıxarmaq üçün o kasıbı bəhanə etdin? Hansı idi sənin əsl məqsədin: Mərhəmət, yoxsa qorxu?
Otağa ağır, dözülməz bir sükut çökdü. Tərəzinin oxu sanki veriləcək cavabın ağırlığını əvvəlcədən hiss edirmiş kimi yüngülcə titrəməyə başladı. Qaranlıq libaslı olan bir az da irəli əyildi. Üzündəki kölgələr Süleymanın qırışmış sifətinə qədər uzandı. Otaqdakı rütubət qoxusunu qəfildən metalın paslı, kəskin qoxusu əvəz etdi.
— Sən susursan, Süleyman, — o, pıçıldadı. — Amma sənin bu susmağın hər şeyi deyir. O gecəni xatırla. O pulun sənə aid olmadığını bilə-bilə barmaqlarının arasından keçən o soyuqluğu... Sən o an xəstə gənci yox, yalnız öz ehtiyacını, o pulun sənə verəcəyi gücü düşünürdün.
Ağ libaslı olan qəfildən onun qara qolundan yapışdı. Səsi buz kimi kəskin idi:
— Bəsdir. Niyyətin dibini qazımağa ehtiyac yoxdur. Fakt ortadadır. O pul bir insanı ölümün pəncəsindən dartıb çıxarıb. O gənc yaşadı, evləndi, uşaqları oldu. Süleyman bir nəsli xilas etdi. Mən bu savabı siyahıdan silmərəm. Bu, ədalətsizlik olar. Onun yeri cənnətdir.
Qaranlıq libaslı olan əlini qəzəblə geri çəkdi:
— Ədalət? Sən hansı ədalətdən danışırsan? O pulu oğurladığı ailə o qış ac qaldı. Onların çəkdiyi əzabı sənin o "ağ" qovluğun görmür? Mən o ailənin ahını hələ də eşidirəm. Birini xilas etmək üçün başqasını məhv etmək nə zamandan bəri savab sayılır? Bu adam cəhənnəmlikdir!
Hakim masanın arxasından bir kölgə kimi ayrılıb tərəzinin düz qarşısında dayandı. Ox hələ də mərkəzdə idi; sanki nəfəsini saxlamış bir canavar kimi hər an hər hansı tərəfə atılmağa hazır dururdu.
— İkiniz də haqlısınız, — Hakimin səsi otaqdakı mübahisəni kəsdi. — Və ikiniz də yanılırsınız. Süleymanın həyatı bir paradoksdur. O, işıqla qaranlığın eyni nöqtədə birləşdiyi yerdir.
Hakim əlini tərəziyə yaxınlaşdırdı, amma toxunmadı. Barmaqlarının ucu ilə sanki havanı sınağa çəkirdi.
— Əgər günahı silsəniz, — o, qaranlıq libaslıya tərəf döndü, — bu adamın içindəki o qaranlıq təbiəti görməzdən gələcəksiniz. Yox, əgər savabı silsəniz, — bu dəfə baxışlarını ağ libaslıya çevirdi, — kainatdakı bir möcüzəni, bir canın xilasını inkar edəcəksiniz.
Süleymanın gözləri dolmuşdu. Otaqdakı bu amansız mühakimə onun doxsan yeddi illik yorğunluğunu son həddə çatdırmışdı. Qəfildən bağırdı:
— Məni öldürün! Bir dəfə öldürmüsünüz, bir də öldürün! Amma məni bu tərəziyə baxmağa məcbur etməyin! Bu tərəzi məni diri-diri parçalayır!
Hakim yavaşca Süleymana tərəf döndü. Üzündə heç bir emosiya yox idi, sanki sadəcə təbiət hadisəsini müşahidə edirdi.
— Sən onsuzda ölmüsən, Süleyman... — Hakimin səsi indi daha boğuq, daha qəti səsləndi. — İndi seçim vaxtıdır.
Qaranlıq libaslı olan istehza ilə gülümsədi, amma bu təbəssüm daha çox bir yaranın sızıldamasına bənzəyirdi.
— Hakim demək istəyir ki, həqiqət tərəzidə deyil, sənin içindədir, Süleyman, — o, pıçıldadı. — De görək, o pulları oğurlayanda hiss etdiyin o ləzzəti, o gücü cənnətə apara bilərsən? Yoxsa xilas etdiyin o gəncin minnətdar baxışlarını cəhənnəmin atəşində özünə qalxan edəcəksən? Hansı Süleyman daha həqiqidir?
Süleyman gözlərini yumdu. Birdən yaddaşının ən dərin qatlarından o gecənin soyuğu boy verdi. O, pulları oğurluyanda qorxu var idi, bəli, amma həm də qəribə bir azadlıq hissi... Sonra isə o gəncin rəngi qaçmış siması gəldi gözlərinin önünə. Pulu xəstəxanaya çatdıranda keçirdiyi o rahatlıq…
— Mən... — Süleyman udqundu. — Mən o pulu oğurlayanda heyvan idim. Amma o pulu verəndə... ilk dəfə insan olduğumu hiss etdim.
— Sənin sözlərin kifayət deyil, — Hakimin səsi divarlarda əks-səda verdi. — Sən doxsan yeddi il boyu bu iki adamı içində yaşatmısan, Süleyman. Biri sənə hər gecə "oğrusan" deyib, digəri isə "yaxşı adamsan" deyə pıçıldayıb.
— O bu adamın başını sığallamaqla məşğuldur! — Qara libaslı barmağını sümük ağlığında olan simaya tərəf uzatdı. — Bir canı xilas etmək bütün cinayətləri yuyur? Onda gəlin bütün qatillərə, bütün oğrulara bir şans verək, getsinlər bir yaxşılıq eləsinlər və təmizə çıxsınlar! Bu tərəzi ədalət üçündür, xeyriyyəçilik üçün yox!.. Sən o ağ qovluğunla ilahi nizamı lağa qoyursan!
Ağ libaslı sakitliyini pozmadı, amma gözlərindəki işıq daha da kəskinləşdi. O, qara libaslıya tərəf ağır bir addım atdı:
— Sən isə ancaq qaranlığı görməyə proqramlaşdırılmış bir maşınsan. Ədalət təkcə cəza kəsmək deyil. Ədalət həm də dəyişmək imkanıdır. Süleyman o pulları özü üçün xərcləyə bilərdi, qaçıb izini itirə bilərdi. Amma o, öz ruhunu bir başqasının həyatına fəda etdi. Əgər bir canı ölümdən döndərmək sənin qovluğunda bir sətirlik yazıdan ibarətdirsə, onda bu tərəziyə ehtiyac yoxdur. Sənin o quru qaydaların kainatın ən böyük qüvvəsini — mərhəməti tanımır!
— Mərhəmət?! — Qara libaslı olan qəhqəhə çəkdi. — Oğurlanmış pulla edilən mərhəmət, qanla yuyulan kəfən kimidir! Sən onu təmiz sayırsan, amma o hələ də qoxuyur! O ailənin ah-naləsi mənim qulağımdadır. Süleyman birini xilas edərkən başqasının ruzisini kəsdi. Bu, kirli bir mübadilədir, təmiz bir əməl deyil!
Onlar bir-birinin üzərinə elə yeridilər ki, otaqdakı ağ və qara kölgələr bir-birinə qarışdı, tərəzi şiddətlə yırğalanmağa başladı. Zəncirlər qırılacaqmış kimi dartılırdı.
— Susun!
Hakimin səsi bir qılınc kimi gəlib mübahisəni kəsdi. O, əvvəlcə qaranlıq libaslıya, sonra isə ağ libaslıya baxdı. Səsi indi hər ikisindən daha ağır, daha sarsıdıcı idi:
— İkiniz də öz vəzifənizin əsirinə çevrilmisiniz, — Hakimin səsi divarları titrətdi. — Sən, — qaranlığa tərəf baxdı, — cəzaya o qədər aşiqsən ki, insanın içindəki peşmanlığı görmürsən. Sən isə, — bu dəfə baxışlarını ağa çevirdi, — mərhəməti o qədər ucaltmısan ki, tərəzinin tarazlığını unutmusan. Heç biriniz tam deyilsiniz. Süleyman sizin bu bitmək bilməyən mübahisənizin sadəcə qurbanıdır.
Hakim öz masasının arxasına keçib, artıq verdiyi qərarı açıqlamaq üçün əyləşdi.
—Bu uzun illər ərzində heç nə öyrənə bilməmisiniz. Nə təqaüdə çıxmağa, nə də istirahət etməyə layiqsiniz. Süleyman... — Hakim qocanın ruhuna zilləndi, — Süleyman yenidən dünyaya qayıdacaq. O, öz ikinci həyatını sıfırdan yaşayacaq. Siz isə… bu vəzifənin başında qalacaqsınız. İllər sonra yenidən görüşərik. Ümid edirəm ki, onda qarşımda durub daha ağıllı qərarlar verə biləcəksiniz. İndi isə... yox olun!
Süleyman gözlərini açdı.
Ətraf çox parlaq, rənglər çox kəskin idi. Burnuna dolan süd və təmiz kətan qoxusu ruhunu sakitləşdirdi. Kiçik, ətli və zəif əllərini havada yellətdi. Boğazından çıxan səs dərindən gələn bir yorğunluğun deyil, ilk dəfə nəfəs almağın gətirdiyi bir heyrətin ifadəsi — bir körpə ağlaması idi.
O, qucağa alındı. Onu tutan ağ xalatlı həkimin siması sümük ağlığında idi; gülümsəyəndə baxışlarındakı o qəribə şəfqət sanki min illərdir oradaymış kimi dərindi. Yanındakı köməkçi isə qara pencəyinin yaxasını düzəldərək körpəyə baxdı. Onun gözlərindəki o yırtıcı, amma indi həm də gözləyən qaranlıq parıltı hələ də yerində idi.
Həkim yavaşca pıçıldadı:
— Təbrik edirəm, çox sağlam bir uşaqdır. Allah saxlasın.
Həkim körpəni anasına təslim edərkən yanındakı köməkçiyə tərəf döndü və səsi bir anlıq dəyişdi, sanki başqa bir aləmdən gələn bir xəbərdarlıq kimi səsləndi:
— Hazırsan? Yenidən başlayırıq.
Süleyman — artıq bu ad ona aid deyildi — anasının isti nəfəsini hiss edərək yuxuya getdi. O, keçmişini tamamilə unutmuşdu. Amma otağın küncündə dayanan o iki adam — biri ağ, biri qara libasda — onu yeni həyatının ilk saniyəsindən sonuncu gününə qədər addım-addım izləməyə hazır idilər.
“Ədəbiyyat və incəsənət”
(18.05.2026)


