“Biri ikisində” – Nahidə İsmayılın debüt hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Nahidə İsmayılın debüt hekayəsi dəyərli şair və pedaqoq Ramil Əhmədin ön sözü ilə təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

                  

 

DEBÜT

ESTAFETİN İŞIĞINDA BİR ÖN SÖZ

 

Universitetin birinci kursunda oxuyarkən yazdığım şeirlər haqqında rəy almaq məqsədilə onları professor Yaşar Məmmədliyə təqdim etmişdim. Bir neçə gün sonra Yaşar müəllim mənə şeirlərimlə bağlı əl ilə yazdığı bir ön sözü verdi və həmin mətnləri kompüterə köçürərək “Ulduz” jurnalına aparmağımı tövsiyə etdi. Onun haqqımda belə bir yazı yazacağını gözləmirdim. Bu, mənim üçün həm bir təşviq, həm də uzun bir ədəbiyyat yolunun başlanğıcı oldu.

Bu hadisədən on beş il sonra tələbəm Nahidə yazdığı mətnləri mənə göstərdi və onlarla bağlı rəy istədi. Tarix özünü təkrar edirdi: indi mən tələbəm haqqında ön söz yazır, onun mətnini “Ulduz” jurnalına təqdim edirəm.

Onun “Sökdüyüm şərf” adlı hekayəsi də bir müəllimin öz tələbələrinə verdiyi dərslə bağlıdır. Sadə bir toxuma məşğuliyyətinin ardında müəllim, fərdi psixologiyanın quruluşu və onun necə müdafiə olunmalı olduğu simvolik dillə izah edilir. Bu hekayədə müəllim – bilik verən deyil, düşünməyi öyrədən bir simadır. Bəli, biz min illərdir müəllimlərimizdən aldığımızı növbəti nəslə – tələbələrimizə ötürürük. Bu mətn yeni yazmağa başlayan bir gəncin ətrafına saçdığı ilk işıqdır. Mən Nahidənin bu mətnini “Ulduz” jurnalına bir qığılcım olaraq göndərirəm. Ümid edirəm ki, bu qığılcım zamanla böyüyəcək, əvvəlcə alova, sonra isə parlaq bir yaradıcı ocağa çevriləcək. Və bu ocaq on beş il sonra bir başqa gənci isidəcək...

                                                                          

Ramil Əhməd

oktyabr, 2025

 

 

NAHİDƏ İSMAYIL

SÖKDÜYÜM ŞƏRF

 

Riyaziyyat müəllimimiz hadisələrə fərqli yanaşan biri idi. Onu dərsi yaxşı izah etməyindən ziyadə, bu xarakterinə görə daha çox sevirdim.

Bir dəfə dərsə əlində torbalarla gəldi. Hər birimizin önünə bir paket qoydu. Mən paketin içində riyaziyyata aid bir şey olacağını düşündüm. Paketi açdım. İynə? İp yumağı? Müəllim riyaziyyat əvəzinə texnologiya dərsi keçəcəkdi, görəsən?

O gün riyaziyyat dərsi keçmədik. Dərs boyu sadəcə toxumağı öyrəndik. Toxumaq düşündüyümdən daha maraqlı və asan idi. Müəllim hər birimizin parçasında ilk bir neçə sıranı özü toxumuşdu. Növbəti günə ev tapşırığımız parçaya bir neçə sıra əlavə etmək idi. Hədəfimiz şərf toxumaq oldu. Beləliklə, mənim “toxuma macəram” o gün başladı.

Hər gün dərsin bitməyinə az qalmış müəllim əl işimizə baxırdı. Əl işini gətirməyənlərin kifayət qədər olmasına baxmayaraq, bəzi şagirdlər artıq şərfi toxuyub üzərinə fərqli naxışlar əlavə etməyə başlamışdılar. Mən isə öz bənövşəyi şərfimdə yoluma davam edirdim.

Bir neçə həftə beləcə keçdi. İlk günkü kiçik toxumam uzun şərfə çevrilmişdi. Səhər çantamı yığanda masamın üzərindəki parçamı əlimə götürdüm. Barmaqlarımı toxuduğum düyünlərin üstündə gəzdirdim. Toxumağın həyatımın bir parçasına çevrildiyini düşündüm. Parçanı masamın üstündə saxlayır, harasa gedəndə çantamda özümlə gəzdirir, dincəlmək adına sadəcə bu işlə məşğul olurdum. Toxuduqca fərqli şeylər düşünmüşdüm. Hər bir düyünün arasında keçmiş xatirələr, gələcək xəyallar, beynimdəki mənasız suallar, səssiz müzakirələr var idi. Əlimdə isə bu düşüncələri səbirlə dinləyən bir sirdaş var idi. Elə bu düşüncələrimdən toxunmuşdu bu parça.

Həmin gün müəllimlə şərfin sonunu düyünlədik. Növbəti günün “toxuma macərası”nın son günü olacağını dedi və hər birimizindən dərsə qayçı gətirməyimizi istədi. Nə üçün lazım olacağını çox da fikirləşmədim. “Yəqin, o biri  uşaqlar da düyün bağlamaqda istifadə edəcəklər”, – deyə düşündüm və ertəsi gün olacaqlardan xəbərsiz, xoşbəxt halda şərfi çantama qoydum.

Növbəti gün gəlib çatdı. O gün dərs başlamazdan əvvəl son dəfə əl işlərimizi göstərəcəkdik. Çantamdan parçamı çıxardırdım. Birdən, gözləmədiyimiz bir şey baş verdi. “Qayçıyla parçanızı sökməyə başlayın”, – cümləsini eşitdim. Səsin yumşaqlığı və mənanın sərtliyi beynimdə təzad oyatdı. “Neyləyək?!”, – qızın biri beynimdəki sualı səsləndirdi. “Qayçını götürün, toxuduğunuz şərfləri bir tərəfindən kəsməyə başlayın”, – səs daha yumşaq idi. Çevrilib uşaqlara baxdım. Hamının gözündə eyni sual var idi: “Əziyyət çəkib toxuduğumuz şeyi axı niyə sökək?”

Müəllimin istəyinə heç bir məna verə bilmirdim. İlk partadakı sinif yoldaşlarımın başının üstündə dayanıb toxumanı kəsmələrini gözləyirdi. Deyəsən, zarafat deyildi. Bir aylıq əziyyətimiz bir neçə dəqiqədən sonra heç olacaqdı.

Yavaş hərəkətlərlə çantamdan qayçını çıxartdım. Ağzını parçaya dirədim. Bu hərəkəti evdə tək olanda eləsəydim, yəqin, gözümdən sel-su axardı. Mən əşyalarla tez bağ quran biri idim və bu şərflə də həmin bağı qurmuşdum. İndi onu öz əlimlə sökmək nəinki vəfasızlıq, xəyanət kimi gəlirdi. Müəllim gəlib başımın üstündə dayandı. Başqa çarəm yox idi.

Kənarından bir az kəsdim, “xarç” səsi qulağımda cingildədi. Yumşaq səslə “Bir az da kəs”, – dedi. Çarəsiz vəziyyətdə gözlərinin içinə baxıb insafdan əsər-əlamət görməyəndən sonra bir az da kəsməyə məcbur oldum. Üzündən məmnunluq oxunmasa da, başımın üstündən çəkildi. Bu gün nə olmuşdu müəllimə? Görəsən, dərsi yaxşı oxumadığımıza görə bizə mənəvi işgəncə verib intiqam almaq istəyirdi?

Müəllim hər kəsin parçasını kəsdirdikdən sonra keçib yerində əyləşdi. Jurnalı açdı və heç bir şey olmamış kimi davamiyyəti yoxlamağa başladı. Mən o bir neçə dəqiqə boyunca gözümü parçamdan çəkmədim. Artıq nəsə düşünmürdüm, ya da fərqində deyildim.

Müəllimin “Deməli, uşaqlar…” sözləri gözümü şərfdən ayırdı. Nəhayət, o dramatik hadisənin izahı gəldi:

– İçinizdən fərqli duyğular keçirdiyinizi bilirəm, amma əhəmiyyətli bir mövzunu izah etmək üçün bunun vacib olduğunu düşündüm.

Təsəvvür edin ki, o şərf sizin psixologiyanızdır. İplər düşüncələriniz, ip yumağı isə beyninizdir. Psixologiyanızı həyatınızın ilk bir neçə ili sadəcə ətraf mühit formalaşdırır – mənim parçanın ilk bir neçə sırasını toxumağım kimi... Həyatı başa düşdükdən sonra iynələri öz əlinizə götürürsünüz və öz psixologiyanızı özünüz formalaşdırırsınız, özünüz toxuyursunuz. Bu, həyatın sonuna qədər davam edən toxuma prosesidir. Beyninizdəki düşüncələr psixologiyanıza davamlı təsir edir, ona görə düşüncələri sağlam olan insanın psixologiyası da güclü olur. Psixoloji cəhətdən problem yaşayanlar isə şərfi qayçılara məruz qalanlardır.

Qayçı – gündəlik həyatınızdakı mənfi hadisələr, problemlər və ya sadəcə insanlardır. Onlar istəyərək və ya istəməyərək zehni sağlamlığınıza mənfi təsir göstərə bilərlər. Əgər belə “qayçılar”ın fərqində olsanız və beyninizi onlardan qorumağı bacarsanız, şərfinizə zədə gəlməyəcək. Əgər qoruya bilməsəniz, qayçılar sizi doğramağa başlayacaq.

Əlinizdəki toxumalar üzərində bir aydan az zaman ayırdığınız, bəlkə də, şkafa qoyub ildə bir neçə dəfə üzünü görəcəyiniz sadə parçalardır. Amma onun kəsilməsi sizə necə də ağır gəldi. Düşünün ki, zehni sağlamlığınız – psixologiyanız – həyatda sahib olduğunuz ən dəyərli sərvətdir. Zehninizin bu dəyərini unutmayın və onu bir zümrüd kimi qorumağa çalışın.

O gün müəllimə qarşı içimdə oyanan mənfi duyğular onun sözlərinə haqq qazandırmağa imkan verməmişdi. Nə olursa-olsun, o parçamı kəsməməli olduğumu, bir psixologiya dərsinin bu qədər baha başa gəlməməli olduğunu düşünürdüm. Lakin içimdəki hirs soyuduqca müəllimin dediklərini daha dərindən düşünməyə başladım. Əslində, fikirlərimiz bəzi nöqtələrdə üst-üstə düşürdü. Mən də bu şərfin düşüncələrimdən formalaşdığını fikirləşmişdim. Məncə də, bu toxumanı o “xarç” səsi çıxardan qayçılardan qorumaq lazım idi.

Bir qayçının şərfi kəsməsinə icazə vermək – çox qorxulu görünürdü. Amma məni başqa bir şey daha çox qorxudurdu. Toxunmuş şərf ən dəyərli sərvət idisə, qayçı olmaq ən qorxulu rol idi…

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.