Xarici ədəbiyyat - Avadifo Olqa Kilinin (Uqanda) şeirləri Featured

Təranə Turan Rəhimli,

“Ədəbiyyat və incəsənət”

 

Dəyərli oxucularımızla bu dəfə qiyabi olaraq qara qitəyə səfər edəcəyik.

Avadifo Olqa Kili uqandalı hüquqşünas, hüquq alimi, şair və yazıçıdır. Onun yaradıcılığı hüquq, ədəbiyyat və mənəvi araşdırmaların vəhdətini özündə əks etdirir.

 

O, 1 mart 1998-ci ildə anadan olmuşdur. Yazılarında xüsusilə münaqişə, bərabərsizlik və zərərli irsi ənənələrin təsiri altında formalaşmış cəmiyyətlərdə insan ləyaqətinin etik və hüquqi problemlərini araşdırır. Ədəbiyyat vasitəsilə hüququn insan həyatına əhəmiyyətli təsir aspektlərini ön plana çıxarır, hüquqi müdafiədən kənarda qalan, lakin cəmiyyətin mənəvi vicdanı üçün mühüm önəm daşıyan insanların həyatlarını bədii  təhlil mərkəzinə gətirir.

O, “Qalib hekayələr”, “Nalələrin əks-sədası” və “Sədəf qabığındakı ləkələr” adlı əsərlərin müəllifidir. Bu əsərlərdə zorakılığın uzunmüddətli izləri, zərərli ənənələrin davamlılığı və rəsmi hüquq sistemlərindən kənarda ədalət anlayışı kimi mövzular araşdırılır.

Onun şeirləri beynəlxalq ədəbi jurnallarda və antologiyalarda geniş miqyasda nəşr olunmuş, ispan, ivrit, fransız, italyan və çin dillərinə tərcümə edilmişdir. Avadifo Olqa Kill həmçinin sülh quruculuğu, insan hüquqları və barışığa həsr olunmuş ədəbi platformaya rəhbərlik edir ki, bu da onun etik dəyərlərə, tarixi yaddaşa və cəmiyyətin sağlam düşüncəsinə sadiqliyini əks etdirir.

2025-ci ildə o, Uqandanın ən nüfuzlu qadınları sırasında göstərilmiş və “The New Vision” nəşriyyatı tərəfindən ədəbiyyata, insan hüquqları sahəsində ictimai diskursa və intellektual ictimai həyata verdiyi töhfələrə görə xüsusi mükafatla təltif olunmuşdur.

Şeirlərini dilimizə çevirib sizlərin ixtiyarına buraxıram.

 

 

SİLAHSIZ OLDUĞUMUZ GÜN

 

Silahsız olduğumuz gün yer titrəmədi, dinlədi.

Köhnə yaralar quraqlıqda toz kimi qalxdı, inlədi.

Aramızda bir ağrı asılı qaldı, nə basdırıldı,

nə də susduruldu.

Sən qəzəbini bürüdün atalar sözlərinə,

mən  sinəmdə təbil çalan ürəyimin səsinə. 

Hər ürək döyüntüsü — düşmənini unutmuş savaş nidası kimi,

Biz bağışlamaqdan başlamadıq.

Yox!  Biz adlarla başladıq.

Adını çək — öldürülmüş uşağın.

Adını çək — yanmış ocağın.

 Adını çək — qardaşını bütöv udmuş gecənin.

Qoy hər ad bir toxum olsun,  könülsüz torpağa səpilən.

Çünki sülh, dəvətsiz gələn bir quş deyil.

O, yavaş-yavaş yonulur həqiqətin inadkar ağacından.

Və səsin çatlayanda daşa çırpılan su tası kimi, toplamadım parçaları o anda

 səni ittiham etməkçün. Topladım ki, onları mən

 nə qədər kövrəkik deyə görəsən.

Günəş bizi ayrı ayrı isitməkdən yorulunca oturduq,

kölgələr də bağışladı ayrı dayanmağımızı.

Sonra, sakitcə, şahidsiz, nəğməsiz silahımızla yerin ağzını qapatdıq.

Və yer,

bütün savaşlardan daha yaşlı olan yer,

dodaqlarını sıxıb bir də heç nə demədi.

 

 

SÜKUTUN QURDUĞU KÖRPÜ

 

Kim deyib ki, sülh sakitlikdir?

O nə qorxaqların sükutudur, 

Nə də unudulmuş sümüklərin yuxusu.

Sülh — dinləməyin qabırğalarından qurulan körpüdür.

Gəl, şimşəyini yerə qoy. İçindəki o yağışı eşitməyimə izn ver.

Sənin hekayəndən bir bıçaq olmaz,

onu mənim qorxumla itiləməsən.

Daşın kənar bucağından yol tapan bir çay kimiyəm,

Qəmini qəmimlə kəsməyəcəyəm.

 Ehmalca tutaraq onu,  su saxlanan gil qab kimi,

 qoymayacağam çatlasın ağırlıqlar altında.

Və növbə mənə çatanda qəm meşəsindən çıxmağa əsla tələsməyəcəyəm,

Orda hələ kölgələr var, tanınmaq istəyən.

Gəl yavaş-yavaş gedək,

 addım-addım, söz-söz,

 ta ki gerçəyimizə toqquşmaqdan qorxmayıb  yan-yana durmaq öyrədək,

 axşamüstü ağsaqqallar bir yerə toplandığı tək.

Körpülər belə qurulur. Dəmirdən yox,

qanundan yox,

eşitmək və eşidilmək üçün inadkar cəsarətdən.

Və biz körpüdən keçəndə, qalib tək yox,

 bir-birinin ağrısına yad qalmağı rədd edən insanlar kimi çatacağıq mənzil başına.

 

 

BÖLÜNMƏYİ RƏDD EDƏN ÇAY

 

Aramızdan bir çay axar,

Bizi onun ayırdığı deyildi.

Yalan idi.

Hər səhər o ikimizin səmasından su içirdi,

İkkmizin əksimizi daşıyırdı,  əsla tərəf seçmədən.

Kim öyrətdi bizə onun keçidindən qorxmağı?

 Kim ona sərhəd dedi ki, xeyir-dua əvəzinə?

Dinlə onu, çay daşlarla dava etmir,

Üstünə düşən ağacı lənətləmir.

Qıvrılır, dolanıb keçir, yenə yola davam edir.

Bəs biz niyə danaymışıq beləcə sərt, sanki nifrət gücmüş kimi?

Gəl, ayağını suya qoy.

Hiss et, o səndən nə tayfa, nə dil, nə də yaralı tarix soruşur.

O yalnız bir sual verir: Hərəkət edəcəksənmi?

Çünki barışıq bir abidə deyil.

O bir axındır.

Onu qurub kənara çəkilmək olmaz.

Ona daxil olmalısan, yenidən və yenidən, dünənin ağırlığı sümüklərinin üzərindən sürüşənə qədər.

Qoy çay bizə öyrətsin: incitmədən daşımağı, zorlamadan düzəlməyi,

 haradan gəldiyini unutmadan yol getməyi.

Və bir gün, uşaqlar soruşanda bizi nə ayırdı, biz çayı göstərib deyəcəyik:

Heç nə.

O, həmişə bizi evə gətirmək üçün idi.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.