“Biri ikisində” – İlahə Səfərzadə Məti Osmanoğlu barədə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə İlahə Səfərzadənin Məti Osmanoğlunun tədqiqatı barədə məqaləsi təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

                  

 

İLAHƏ SƏFƏRZADƏ

MƏTİ OSMANOĞLUNUN TƏDQİQATINDA BODENŞTEDT PARADOKSU

 

XIX əsr Avropasının Şərqə yönələn marağı çox vaxt ekzotizm və oriyentalist stereotiplərlə örtülsə də, bəzi müəlliflərin mətnləri bu stereotiplərin altında gizlənmiş siyasi, mədəni və ideoloji qatları açmağı bacarır. Məti Osmanoğlunun “Bodenştedt oğrudurmu, doğrudurmu?”kitabı da məhz belə mətnlərdən birini –  Bodenştedtin Qafqaz və Azərbaycan təsəvvürlərini yenidən gündəmə gətirir, düşünür və yeni elmi kontekstdə şərh edir. Tədqiqatçının bu əsəri həm Şərq-Qərb münasibətlərinin ədəbiyyatdakı təzahürlərini, həm də Azərbaycan kimliyinin Avropa müstəvisində necə kodlaşdırıldığını göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllif Bodenştedtin əsərlərini Qafqaz haqqında formalaşmış ideoloji diskursu anlamağa imkan yaradan çoxqatlı mətnlər kimi təqdim edir və bununla da Azərbaycan humanitar elminə yeni bir baxış xətti gətirir.

          Məti Osmanoğlunun kitabının girişində Bodenştedtin Qafqazla bağlı yaradıcılığı, Azərbaycan mədəni kimliyi haqqında formalaşdırdığı təsəvvürlər geniş şəkildə açılır. Müəllifin təqdimatında Bodenştedtin iki mühüm əsəri – Qafqaz xalqları haqqında tarixi mövqedən yazdığı kitab və Şərq oriyentalizminə söykənən “Şərqdə min bir gün” Avropanın Şərqə baxışını müəyyən edən diskurs kimi təhlil edilir. Məti Osmanoğlu bu mətnləri XIX əsr Avropa təfəkküründə Azərbaycan kimliyinin necə kodlaşdırıldığına aid mühüm mənbə kimi nəzərdən keçirir.

          Birinci fəsildə xüsusi vurğulanan məqamlardan biri odur ki, “Şərqdə min bir gün” əsəri Azərbaycanda uzun müddət tarixi sənəd kimi qəbul edilsə də, əslində, romantik-oriyentalist təsəvvürlərlə dolu bir narrativdir. Müəllif bununla həm Avropanın Şərqə yönələn təsəvvürlərini, həm də bu təsəvvürlərin yerli mədəni yaddaşa necə sirayət etdiyini aydınlaşdırır. Digər tərəfdən, “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi” əsərinin xüsusi əhəmiyyəti qeyd edilir. Azərbaycan Qafqaz azadlıq hərəkatının mərkəzi kimi təqdim olunur ki, bu da həmin dövrün siyasi mənzərəsini yenidən şərh etmək baxımından diqqətəlayiqdir.

          Müəllif birinci fəsildə həmçinin Mirzə Şəfinin Avropa oriyentalizmi içərisində uğradığı mifikləşmə prosesini araşdırır. Avropalı oxucu üçün Mirzə Şəfi hazırda mövcud olan fars poetik arxetiplərinin davamçısı kimi qəbul edilirdi. Bu qəbulun kökündə Avropada Şərqin fars mədəniyyəti və estetikası ilə eyniləşdirilməsi dayanırdı. Müəllif həm Avropa, həm də Rusiya ədəbi və ictimai mühitində oxşar meyillərin olduğunu konkret nümunələrlə izah edir.

          Fəslin daha bir mühüm xətti Bodenştedtin Azərbaycan dilinə baxışıdır. O, Azərbaycan dilini Qafqaz xalqları arasında ümumi ünsiyyət dili kimi səciyyələndirir və bu dili Şərqin fransızcası adlandırır. Bu ifadə XIX əsr Avropasında Azərbaycan kimliyinin necə qavrandığını göstərən diqqətəlayiq mədəni-sosioloji təhlildir.

          Həmçinin Bodenştedtin Qafqaza səfərinin məqsədi və onun Rusiya imperiyasının Qafqaz siyasətinə dair tənqidi mövqeyi araşdırılır. Məti Osmanoğlunun vurğuladığı kimi, Bodenştedt bu səfəri Qafqaz azadlıq mücadiləsinin mahiyyətini Avropaya çatdırmaq məqsədi ilə etmişdir. Bu baxımdan, onun əsərləri Rusiya imperiyasının Qafqazda yaratdığı tarixi mifləri ifşa edən erkən Avropa mətnlərindən biri kimi önəm daşıyır.

          Məti Osmanoğlu Bodenştedtin mətnlərinə mədəni-kimlik quruculuğuna təsir etmiş ideoloji diskurslar kimi yanaşır. Xüsusilə avro-oriyentalist mətnlərin XIX əsr Azərbaycan kimliyini necə formalaşdırdığı sualına gətirilən cavablar elmi ədəbiyyatda az işlənmiş məsələdir.

Fəsildə Mirzə Şəfi obrazının Avropada fars şairi kimi tanıdılması məsələsi oriyentalist poetikanın iş mexanizmini anlamağa yönəlmiş maraqlı təhlildir. Müəllif bu təhrifin mədəni stereotipin nəticəsi olduğunu əsaslandırır. Bu, kitabın elmi dəyərini artıran mühüm istiqamətdir.

          Məti Osmanoğlu Bodenştedtin Azərbaycan dilini Qafqazın fransız dili adlandırması kimi qeydləri mədəni-sosial kontekstdə şərh edir. Bu yanaşma Azərbaycan kimliyi ilə bağlı Avropada formalaşmış təsəvvürlərin arxa planına işıq tutur.

          Fəsildə ən diqqətçəkən hissələrdən biri imperiyanın Qafqazda uydurduğu tarix miflərinin Avropaya ötürülməsi barədə müşahidələrdir. Müəllif bu prosesi təhlil etməklə Qafqaz tarixinin imperiya ideologiyası çərçivəsində necə formalaşdırıldığını göstərir ki, bu da kitabın tədqiqat xətlərindən biridir.

          Eyni zamanda müəllif alman və rus mənbələrindən paralel istifadə edir ki, bu da Bodenştedtin Azərbaycanla bağlı təsəvvürlərinin necə formalaşdığını göstərməyə imkan yaradır. Sitatlar məqsədli və kontekstə uyğun seçilib.

          Müəllif ikinci fəsildə əsas diqqəti Rusiyanın Qafqaz xalqlarına münasibətini, imperiyanın geosiyasi maraqlarını və bu maraqların yerli əhali üzərində yaratdığı dağıdıcı təsirləri işıqlandırmağa yönəldir. Bodenştedt Rusiya imperiyasının öz hərbi və siyasi fəaliyyətini Avropa ictimaiyyətinə xristian “qardaşlığı” və humanist məqsədlər çərçivəsində təqdim etmək cəhdlərini tənqid edir və bu ritorikanın imperiyanın öz mənafeyi üçün hazırlanmış ideoloji manipulyasiya olduğunu ortaya qoyur.

         Müəllif F.Fontonun “Ruslar Kiçik Asiyada” əsərinə geniş istinad edərək, Rusiyanın Qafqazdakı fəaliyyətini idealizə edən bu əsərin Avropa oxucusunda yanlış təsəvvür yaratmaq məqsədi daşıdığını vurğulayır. O, Fontonun iddialarını ironik və tənqidi üslubla təkzib edir, Rusiyanın Qafqazdakı siyasətinin əsl mahiyyətini açıq şəkildə ortaya qoyur.

          Müəllif Gürcüstanın Rusiya tərəfindən zorla ilhaq edilməsi və yerli əhvalatlar, xüsusilə knyaginya Mariyanın imperiya nümayəndəsinə qarşı etirazı üzərindən imperiyanın qadın ləyaqətinə və mədəni normalara hörmətsizliyini nümayiş etdirir. Bu hadisələr vasitəsilə müəllif imperiyanın “maarifçilik” və “sivilizasiya gətirmə” iddialarının ideoloji və siyasi manipulyasiya olduğunu aydınlaşdırır. Fəsil həm tarixi, həm də etik baxımdan oxucunu düşünməyə, hadisələrin alt qatını qiymətləndirməyə çağırır və imperiya siyasətinin pərdə arxasında gizlədilən həqiqətlərini də açıq şəkildə ortaya qoyur. Kitab həm Avropa oxucusu üçün, həm də regionun tarixini araşdıran alimlər üçün qiymətli mənbə rolunu oynayır, tarixdəki ideoloji manipulyasiyaların və müstəmləkəçilik siyasətinin real təsirlərini anlamağa imkan verir.

          Üçüncü fəsil Bodenştedtin Qafqaz müharibəsi və Azərbaycanın bu prosesdəki rolu haqqında müşahidələrinə həsr olunmuşdur. O, əsəri bölgəni gəzmiş, yerli xalqlarla birbaşa ünsiyyət qurmuş və onların dünyagörüşünü, mədəniyyətini anlamış bir intellektual kimi yazır. Bu fəsildə xüsusilə Azərbaycanın dağlıq bölgələrində aparılan müşahidələr, xalqın Rusiyanın hökmranlığına münasibəti əks etdirilir və Qafqazın müsəlman xalqları arasında azadlıq mübarizəsinin mərkəzi kimi Azərbaycanın rolu vurğulanır.

          Kitabda Rusiyanın Qafqaz siyasətinin ikili xarakteri ifşa edilir. Məsələn, İrəvanda türklər tərəfindən tikilmiş məscidin ruslar tərəfindən sökülərək pravoslav kilsəsinə çevrilməsi imperiyanın yerli mədəniyyət və dini yaddaşa qarşı apardığı simvolik müharibənin açıq nümunəsi kimi təqdim olunur. Bu faktlar Azərbaycanın və bütövlükdə Qafqaz müsəlmanlarının varlığını inkar edən ideoloji siyasəti ortaya qoyur.

          Bu fəsildə həmçinin Kürdəmirli Hacı İsmayıl Əfəndi şəxsiyyətinə diqqət yetirilir. Hacı İsmayıl Əfəndi Qafqaz azadlıq hərəkatının mənəvi ideoloqu kimi təqdim olunur. Onun müridizm təlimi və bu təlimin Dağıstanda yayılması, xalqın kollektiv yaddaşında necə mifləşdiyi və arxetipik simvola çevrildiyi izah edilir.

          Tarixi sənədlərə və Yermolovun raportlarına əsaslanaraq, Rusiya imperiyasının Qafqazda içdən idarə strategiyası ilə müxtəlif xalqları bir-birinə qarşı silahlandırması və bunun nəticələri də təqdim olunur. Analitik və rəvayətçi yanaşmanı birləşdirərək oxucuya Qafqaz müharibəsinin siyasi və mədəni aspektləri çatdırılır. Bu yanaşma xüsusilə Azərbaycanın Qafqazın mədəni və ideoloji mərkəzi kimi rolu və rus siyasətinin təzyiqləri kontekstində mühüm əhəmiyyət kəsb edir.

          Ümumilikdə, üçüncü fəsil Azərbaycan və Qafqaz tarixinin tədqiqi baxımından vacibdir. O, əvvəlki fəsillərdə qurulmuş konteksti genişləndirir, Qafqaz müharibəsinin ideoloji və mədəni aspektlərini işıqlandırır. Müəllifin nəzərindən Bodenştedtin müşahidələri həm Avropa ictimaiyyətinə təqdim olunan alternativ Qafqaz obrazını formalaşdırır, həm də bugünkü oxucuya milli kimliyin və kollektiv yaddaşın qorunmasının əhəmiyyətini xatırladır.

          Dördüncü fəsildə Bodenştedtin Qafqaz türkləri və Azərbaycanla bağlı müşahidələri geniş təhlil olunur. Bodenstedt XIX əsrin birinci yarısında Qafqaz regionunda baş verən hadisələri Avropa oxucusuna çatdırmaq məqsədilə yazır. O, müasir dövrün ictimai, siyasi və mədəni mənzərəsini təqdim edir, Qafqazın gündəlik həyatını və xalqın müqavimət ruhunu canlandırır. Onun fikrincə, Qafqaz tarixi keçmişi anlamaqla gələcək üçün açar rolunu oynayır. Həmçinin Şirvanın və Azərbaycanın Qafqaz müsəlmanlarının müqavimətindəki mənəvi mərkəz rolu vurğulanır.

          Türk irqi tayfaları ifadəsi XIX əsrin elmi kontekstində etno-mədəni birlik mənasında istifadə olunub. Müəllif rəsmi rus tarixşünaslığının Qafqaz türklərinin rolunu inkar etməsini tənqid edir və imperiyanın yanlış etnik təsəvvürlərini elmi arqumentlərlə təkzib edir.

          Qafqaz türkləri türk, fars və ərəb dillərində ünsiyyət qurur, dini və elmi bilikləri bu dillərlə mənimsəyirlər. Bodenstedt bu çoxdilliliyi xalqın mədəni zənginliyi və təhsil səviyyəsi kimi qeyd edir, amma XIX əsrdə milli təfəkkürün zəifləməsi və fars dilinə üstünlük verilməsi kimi problemlərə də diqqət çəkir.

          Həmçinin Bodenştedt Azərbaycan maarifçiliyinin banilərindən olan Abbasqulu ağa Bakıxanovu böyük rəğbətlə xatırlayır və onun Qafqaz xalqlarının tarixi haqqında yazdıqlarını elmi və ideoloji baxımdan yüksək qiymətləndirir. O, Abbasqulu ağanın əsərlərini Qafqaz müsəlmanlarının azadlıq mübarizəsini anlamaq üçün vacib mənbə hesab edir.

          XIX əsrdə Qafqaz türkləri Osmanlı türkcəsi ilə həm dil, həm də mənəvi bağ qurmuşdular. Bu, onların kimlik, dil və siyasi yaddaşının formalaşmasında mühüm rol oynayırdı. Bodenştedt Qafqaz türklərinin tarixi, coğrafiyası, siyasi və mənəvi vəziyyətini sistemli və kritik şəkildə təqdim edən intellektualdır. O, elmi və ideoloji baxımdan rəsmi imperiya tarixçiliyindən fərqlənərək Qafqazın milli və mənəvi irsini qorumağa çalışır.

          Kitabın sonlarında Bodenştedtin Azərbaycan mövzusuna yanaşmasının mürəkkəbliyi, çoxşaxəliliyi və tarixi aspekti vurğulanır. O, Tiflisdə yaşadığı müddətdə Qafqazın ictimai, siyasi və mədəni həyatını yaxından müşahidə etmiş, Azərbaycan və fars dillərini mənimsəmiş, bölgədəki multietnik və çoxdilli folklor mühitini öyrənmişdir. Bu isə onun Azərbaycan mövzusuna yanaşmasını daha geniş etnoqrafik və tarixi kontekstə daşıyır.

          Onun İrəvan səfəri və xalq yaradıcılığını, xüsusilə Azərbaycan mahnı və dastanlarını toplaması bu yanaşmanın praktik nümunəsidir. O, Aşıq Allahverdi ilə Aşıq Keşişoğlu arasındakı deyişməni alman dilinə tərcümə edərək Avropa oxucusuna təqdim etmiş, Azərbaycan folklorunun estetik və sosial rolunu göstərmişdir.

          Bodenştedt Azərbaycan coğrafiyasını və türk etnosunu epik poema və tarixi qeydlərində diqqət mərkəzində saxlamış, xüsusilə Rusiya işğalına qarşı azadlıq mübarizəsini mərkəzi mövzu kimi təqdim etmişdir. Onun yazıları Azərbaycan xalqının mədəni və siyasi kimliyini tanımağa yönəlmişdir.

          Kitabın sonunda Bodenstedtin yarım əsr əvvəlki Tiflis və Qafqaz vəziyyətinə boylanması, dəyişən zaman və sosial konteksti görməsi vurğulanır. Zamanın dəyişmələri ilə əlaqəli tarixi, mədəni və milli kimlik məsələlərini əks etdirilir. Həmçinin Məti Osmanoğlu Bodenştedtin “Ləzgi qızı Ada” adlı poemasının da təhlilini kitaba daxil etmiş, poemanın qələmə alınarkən Şərq mənbələrinə istinad olunduğu da vurğulanmışdır.

          Müəllif Bodenştedtin bütün bu fəaliyyətini elmi kontekstdə təhlil edərək, onun mətnlərini tarixi qaynaq və mədəni-kimlik quruculuğuna təsir edən ideoloji diskurs kimi dəyərləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.