“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Banu Muherremin şeirləri
təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
BANU MUHERREM,
MƏSƏLƏ 10-DA DEYİL
Özümdən yıxılanda bircə kömək olmur heç,
Bax necə də izinsiz ürəyimdən keçirsən!..
Səni yol-yol axtaran gözümdən də özün keç,
Məsələ onda deyil.
Bir xəyalı quran tökülür qırıqları.
Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə,
məni məğrur gəzdirir qəlbimin sınıqları,
Məsələ o da deyil.
Bəzən bir məqam gəlir, ölüm qurtuluş olur,
Gecələrin birində sözünü tanımırsan.
Çox gəlirsən özünə; dözüm “qurd işi” olur,
Onda “məsələ deyil”.
Qış düşmüş çiyinlərə sevgi ayrı dərd olur,
Məzarlıqda bilirsən bütün çarəsizliyi.
Sevdiyin kəs anlamır məsələ o, həll odur,
Məsələ “o”nda deyil.
Kimsənin sığmadığı ürəyimə sığırdı,
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur o-na. Cavab yenə sıfırdı,
Məsələ 10-da deyil.
YALANIM VARSA...
Qara sellofan gətir, topla arzularımı,
Yığ içinə, apar at, qaç gəl, kimsə görməsin.
Sonra otur yanımda, göstərim necə olur
atəş ilə oynamaq – sənə asan gəlməsin.
Sənə yerlər deyim ki, yer adları biləsən,
Qucaqlayım, içindən uçanları görəsən.
Bilmədiyin hal ola, haldan-hala girəsən,
Nur içində uçasan, amma ruhun ölməsin.
Qayıtdığım yolları bircə dəfə sən dolan,
Dönə bilsən, qayıt gəl, arzular olsun yalan.
Atəşin içindəki ayaza möhtac olan
Adama qış olasan, alovun da sönməsin.
Qırılıb göylərdəki buludlara dönmüşəm,
İçimdəki dünyamla ürəyimə gönmüşəm.
Səni qəlbimdən sonra gözümə də gömmüşəm,
Yalanım varsa, de ki, o gözlərin gülməsin.
RUHUMUN GEYMƏLƏRİ
Təsəlli söhbətlərin ürəyimin dincidir,
Göz yaşıma islanar quru su gölmələri.
Qubar cəhənnəm odu – ürəyimi incidir
doldurarkən dumanlar ağlımda xeymələri.
Dağların yamacını parçalayar ildırım,
Yağışlar burulduqca təmizlənər qaldırım.
Güvəndiyim dağa da qar ələnər bir yığın,
Üşüyər səhralarda bağrımın heybələri.
Qınanılsa da ölüm dəli bir eşq uğruna,
Səhvlərim heç nə etməz, gözüdönmüş doğruma.
Bir reseptlik əlacdır – hüzur verib ağrına,
Dodağına pıçıldar ruhumun geymələri.
BAĞIŞLANMAQ KƏFƏNDİ
Sabahlar da meyvə kimi, çürükdür,
Bəlli olmaz nə çıxacaq içindən.
“Gün sayaram, payız gələr” – deyincə
Görərsən ki, qaydıram biçindən.
Səhv addımlar elə-belə atılmır,
Yanlış nədir, günah nədir, öyrədim?!
Bir baharlıq döngələri gəz yenə,
Bu şaxtada gözlərini göynədim!
Baxacaqsan qarda donmaq üzrəsən.
Görəcəksən yuxun gəlir-şirindir.
“Pis adama heç nə olmaz” deyirlər,
Gözlərimdə hər gün ölmək – işindir.
Demək, mənim zəifimmiş inanmaq,
Zəiflərim xırda-xırda tükəndi.
İç işığım yanmır bağışlamaqdan,
Bağışlanmaq ölənlərə kəfəndi.
GETMƏK MƏNİM EVİMDİ
Getmək mənim evimdi, ünvanımı bilirəm,
Qalmaq isə çətindir boş çoxluğun içində.
Baxır niyə gedirəm, baxır kimdən gedirəm,
Çoxluqlar da boş gəlir, sıfırlanır içim də.
Pəncərəmdən keçən kadr-fəsil deyil, ömürdü,
Pəncərələr gözümdə mənalı görünmürdü.
Ömründən getdiklərim öz içimə gömüldü,
Nəyimə lazım daha günahından keçim də?!
Şəkillərdə yaşayır bizdən çıxıb gedənlər,
Çərçivələr tanımır könlümüzə girənlər.
Məndən yaxşı bilirmiş iç üzünü görənlər,
Deyirəm: "Bağışlayın, uşaqlığına keçin də..."
Dünya sakit fırlanır, bir kölgəsən gündə sən,
Nə qədər addımlasan, dayandığın yöndəsən.
Ürəyimdən yıxılmış, ruhu elə gündəsən,
Söz dünyamın içində bir nəfəsə keçin də!
SƏN YADIMA DÜŞƏNDƏ
Sən yadıma düşəndə
Günəşə göz atıram,
gözlərimi yandırır.
O parıltı sənsənmi?!
Qalan ağlımı alır.
Sən yadıma düşəndə
kəndimizin şəklini
ürəyində daşıyır
içimdəki boz divar.
O kənd sənə tanışdı?!
Səsin kəndə aparır,
mənə tanış o civar.
Sən yadıma düşəndə
ay günəşlə yarışmır,
günəş ayla öpüşür.
O ay sənin dostundu?!
Mənə səndən danışır,
sözünü kəsməyəndə
darıxmağım ötüşür.
Sən yadıma düşəndə
içir, gülür babalar;
gözündə cavanlaşır
ən deyingən qarılar.
O cürünü görmüsən?!
Elə bil çiçəklərdən
toz daşıyır arılar.
Sən yadıma düşəndə
dənizdə qayıq batır,
əllərimdən yapışır
kömək istəyən qollar.
O dənizi bilirsən?
Necə xoşbəxt olurlar,
neçə yuva qururlar
on bir rəngli balıqlar.
Sən yadıma düşəndə
düşür yadıma yollar.
Yeridikcə hər küçə,
səssiz dolanmış qollar.
O qolların ağrımır
ələndikcə yağışlar?!
Mənəm də, Allah haqqı!
Sən yadıma düşdükcə
sonunu dəyişirəm-
-xoşbəxt bitir nağıllar.
UNUDURAM
O qədər təmiz idin yenilmiş ürəyimdə,
Mən sevib saxlamışam, yenilmiş ürəyim də.
Gözlərim açıldıqca gördüm ki, kürəyimdə
ağrı, kədər, qüssə, qəm – adiləşir…
unuduram…
Hər nə yalan danışdın, mən anlayışlı oldum.
İçimdəki uşaqla içimdən yaşlı oldum.
Qüsurlarınla sevdim, bir başıdaşlı oldum.
Gördüm sənin sevgin də faniləşir,
unuduram…
Doğru sözün yalanmış, doğruların da varmış,
Sən də bu cür adamsan-doğru! Arın da varmış.
Bazarmış ürəyin də; oğru yarın da varmış
səni kim oğurladı – pişik, ya şir?!
unuduram…
GEDİRƏM
Yollara bax, elə hey yeridikcə uzanır,
Bu yollar ayrılıqdan, görəsən, nə qazanır?!
Yol özü də yorulur, uzanmaqdan usanır,
Bu yola ayrılığı dərin qazıb gedirəm.
Bu gecə mənlik deyil, zaman məni dişləyir,
Darıxmaqdır ayrılıq, lap qanıma işləyir.
Kədər gözümdən axır, göz yaşlarım "şş...”deyir,
Ayrılığın adına şeir yazıb gedirəm.
Vidalaşıb gedirəm, yağışlar nəğmə çalır,
Şənliklər dağılırmı? Yel yağışa dolanır.
Özüm gedirəm, amma ürəyim burda qalır,
Bu şəhərin izindən yolu azıb gedirəm.
Keçi inadı kimi inadım var savaşda,
Nə çox hekayəm oldu bu ağılda, bu yaşda.
Tutma qolumdan, məni incidirsən, yavaş da!..
Könlüm! Sənin hökmünü özüm cızıb gedirəm.
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


