“Şeir yazmaq qızdırma xəstəliyi kimidir. İnsanı darıxdırır, oturmağa, yazmağa məcbur edir…” Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, sözlərinə ən çoxmahnı bəstələnən şairlərdəndir. Onunyüzlərlə şeirinəğməyə çevrilib. Məsələn, ən məşhurlarının adlarını çəkək: Tofiq Quliyevin “Mehribanlıq səadətdir”, Emin Sabitoğlunun “Payız gəldi”, Polad Bülüloğlunun “Gəl ey səhər” mahnıları...

Əlbəttə ki, düz tapdınız, söhbət Azərbaycan Respublikasının Xalq şairi Fikrət Qocadan gedir.

 

Mərhum şair 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən dünyadan köçənədək Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.

Çap etdirdiyi şeir kitablarında Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

 

Şeirlərinə musiqi bəstələnib. ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

 

Kitabları

1. Qağayı

2. Hamıya borcluyam

3. Yatmadığım gecələrdə

4. Günlərin bir günü

5. Gül ömrü

6. İnsan xasiyyəti

7. Ömürdən səhifələr

8. Mavi dünyanın adamları

9. Taleyin ağır taleyi

 

Filmoqrafiya

- Uşaqlığın son gecəsi

- Mürafiə vəkillərinin hekayəti

- Qayınana

- Romeo mənim qonşumdur

- Qonşu qonşu olsa...

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar incəsənət xadimi

2. "Humay" mükafatı

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

4. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

 

Fikrət Qoca iki dəfə ailəli olub. İlk evliliyindən Yalçın və Pərvanə adlı övladları doğulub. Sonra atasının dostunun qızı Raya ilə tanış olur. Raya xanım şairdən on beş yaş kiçik olsa da, valideynlərin razılığı ilə ona ərə gedir.

Raya xanımın sözlərinə görə, Fikrət Qocanın əvvəlki həyat yoldaşından ayrılmasına səbəb o deyil:

“Övladı danmaq olmaz. Ona görə də mən həmişə Fikrətin uşaqlarına öz övladım kimi baxmışam. Çox şeylər danışırlar. Guya evli olduğu vaxtlarda məndən xoşu gəlib, bəziləri deyirdi, Rayaya görə ailəsindən ayrılıb. Amma biz Fikrət həyat yoldaşından ayrılandan 7 il sonra ailə qurmuşuq. Onda heç Fikrət Qocanı yaxşı tanımırdım. Övladlarına qarşı isə həmişə yaxşı olmağa çalışmışam. Çünki Allahdan qorxmaq lazımdır. Mənim də övladlarım var. Nə tökərsən aşına, o da çıxar qaşığına...”

Fikrət Qocanın hazırda ABŞ-də yaşayan qızı Günay xanımın da bəstəkarlıq qabiliyyəti var. O, atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" poemaları Azərbaycanda gedən azadlıq mübarizəsi haqqındadır. "Ölüm ayrılıq deyil", "Hələlik-qiyamətədək" povestləri isə 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirir.

Fikrət Qoca müsahibələrinin birində yaradıcılığı haqqında deyir:

“Bəlkə də, yazılacaq “şah əsər” mənimlə birgə qəbirə gedəcək. Şeir yazmaq qızdırma xəstəliyi kimidir. İnsanı darıxdırır, oturmağa, yazmağa məcbur edir. Hətta yer yoxdursa belə, masanın altında yazırsan. Necə ki, uşaq böyüyür, gəzənə qədər onunla məşğul olursan, elə ki ayaq tutub yeriyir, müstəqil olur, artıq bir o qədər narahat olmursan: Deyirsən, Allah, özün qoru! Tapşırırsan taleyə. Yaradıcılıq da elədir. Nə qədər ki, mənim canımdan çıxmayıb, düşünürəm ki, o, mənim “şah əsərimdir”.

Filippinli cavan şair Xose Risal, kubalı Ernesto Çe Qevara və bir çox ölkələrin milli azadlıq liderləri haqqında poemalar yazıb. Şair Kubada olanda Çe Qevaranın bacısı və bacısı oğlu hava limanının hotelində Fikrət Qocayla görüşüblər.

Tanıyanlar xatırlayır ki, şairin səsi batıq idi, nə dediyini çətinliklə eşitmək olurdu. O, ağciyər xəstəliyinə tutulubmuş. Heydər Əliyevin yardımı sayəsində yenidən həyata qayıdıbmış. Onun ağciyərinin yarısı götürüblərmiş və elə o vaxtdan şairin səsi batıbmış.

Fikrət Qoca 5 may 2021-ci ildə  vəfat edib.

Və bu gün vəfatının tam 5 illiyidir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.