Bu gün istiqlal şairi Əhməd Cavadın doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O qanlı günlər hara,

Bugünkü günlər hara.

Gözəl qız, yaxşı vaxtda

Başladın gül açmağa;

Bu gün sənin yurdunda

Nə qul vardır, nə ağa

Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan,

Qayğısız bir ölkənin qayğı bilməz qızısan.

Sərbəstdir alnındaki qıvırcıq tellərin də,

Sərbəstdir sənin kimi gün görmüş ellərin də,

Eləysə bir indi coş, səsin düşsün dağlara.

Sən kimdən çəkinirsən?

Qız hara, susmaq hara?

 

İstiqlal şairi Əhməd Cavad ilk gəlişində qırmızı teror hakimiyyətinin – Lenin bolşevizminin əsl mahiyyətini bilməyərək bu qəlib şeirlər yazmışdısa da, sonradan həqiqəti anlamış, Azərbaycanın işğal edilməsini duyunca bir istiqlalçı şairə çevrilçmiş, tariximizdə bolşevizmi yamanlayan ən böyük yaradıcı şəxsiyyət olmuşdur.

 

Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olub. Əhməd Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatıb.

 

 Əhməd Cavad ilk təhsilini üç il kənddə molla yanında alıb, ərəb və fars dillərini dərindən öyrənib. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil olub. O, artıq yeddi yaşında olarkən Qurani-Kərimi oxuyub və bir çox surələri əzbərdən deyib. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə - əvvəlki ərindən olan uşaqlarının yanına gedib.

Əhməd Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılan "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlib, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyib və oğlu Cavadla burada yaşayıb.

 

Şəhər bazarında dəmirçi işləyən Əhməd Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Əhməd Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyublar. Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilib.

Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyiblər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad adlı müəllim Cavadın inkişafında böyük rol oynayıb. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrədib.

Öz qələm təcrübələrinə hələ seminarist ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb edib. Belə ki, 1910-cu ildə Cavadın müəllimi A. Tofiqin dostu A. Şaiqə göndərdiyi məktubda o yazıırdı:

"Tələbələrimin içində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümdilər verir. Lisanı sadə və gözəldir."

Professor Cəlal Qasımov tədqiqatlarında göstərir ki, A. Sur tələbəsi gənc yazar Ə. Cavadı təkcə öz şair dostları arasında deyil, daha geniş dairədə təbliğ edərək, görkəmli şərqşünas alim, dostu Qordlevskiyə də ünvanladığı məktubların birində Ə.Cavadın yaradıcılığına böyük ümidlər bəslədiyini və qürur duyduğunu bildirib. Ə. Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurub

1912-ci il mayın 27-də Ə. Cavada təqdim olunan şəhadətnamədə göstərilir ki, C. Axundzadə seminariyanı 10 fəndən: "İlahiyyat", "Quranın oxunması", "Rus dili", "Tatar (Azərb.)dili", "Ərəb dili", "Fars dili", "Tarix", "Coğrafiya", "Təbiət tarixi" və "Gigiyena" fənlərindən əla qiymətlərlə bitirib. Üç fəndən- "Həndəsə", "Cəbr" və "Riyaziyyat"dan dörd tam yarım alıb.

 

Filologiya elmləri namizədi N. Qəhrəmanov bir məqaləsində göstərir ki, Ə. Cavad "İranda təhsil alıb". ("Şair və tərcüməçi", "Ədəbiyyat və incəsənət", 20 sentyabr, 1985-ci il). Lakin başqa mənbələrdə bunu təsdiq edən bir fakt yoxdur. Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alıb. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayıb.

Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanıb, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə edib.

"Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə. Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə alıb. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılıb. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.

 Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşib. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunub, ona özünün aydın münasibətini bildirib. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxıb.

 

Baxaq dilimizə nələr görünür:

Oxuyub-anlamaq yazmaqdan gücdür.

Yazan düşünmədən yazsa da belə,

Oxucu beş-on gün gərək düşünə,

Ki, anlasın bu söz ərəbmi, farsmı?

 

Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük verib. Ə. Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilib. "Yazım gəl!","Yuxuma gəlmişdin", "Sevgi candan ayrılmaz" və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər", "Olmaz" bayatıları, oxşamaları daha çox diqqəti cəlb edib.

 

1912-ci ildə Ə. Cavad Gəncə mədrəsəsində öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişib. Onun dəfni mərasimində olan çıxışlar həmin ilin may ayının 17-də "İqbal" qəzetində dərc edilib. Dərc olunan şeirlərin sırasında Əhməd Cavadın müəlliminə həsr etdiyi şeir də vardı. Bu barədə H. Cavid "İqbal" qəzetində yazıb:

"... gənc və nəcib şairimiz Cavad Əfəndi həzin və ahəngdar bir tərz ilə yazmış olduğu gözəl və yanıqlı şeirini söyləməyə başladı.       "

H. Cavid Ə. Cavadın 26 misralıq bu şeirini bötüvlükdə məqaləsində çap etdirib. Həmin şeir nəzərə alınmazsa, şairin məlum olan ilk mətbu əsəri 1913-cü ildə həftəlik ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının 18-ci nömrəsində çap olunan "Müdhiş düşüncələrim" adlı şeiridir. Həmin jurnalın redaktoru X. Səbribəyzadə adı çəkilən şeiri kəskin şəkildə tənqid edib. Ə. Cavad da "Şəlalə" mühərriri Səbribəyzadəyə cavab" adlı məqaləsini bütövlükdə "İqbal" qəzetinin 1913, 19–20 tarixli nömrəsində dərc etdirib.

 Ə. Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunan yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağırılıb. Məsələn, 1911-ci ildə onun yazdığı "Bir-birimizi sevəlim" adlı məqaləsi "Məktəb" jurnalında dərc olunub. Şairin "Məktəb" jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir.

Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunub. Kitabın çapı zamanı şair Batumda olub. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilən əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanıb ki, onları bir toplu şəklində doktor Xosrov bəy Sultanovun şəxsində "Cəmiyyəti-Xeyriyyə" nəşr etdirib.

Cavad bu hadisədən bir il sonra xəbər tutub, Bakıya göndərdiyi "Təşəkkür" adlı məktubu Məhəmməd Əmin Rəsulzadənin redaktə etdiyi "Açıq söz" qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilib. Məktubda deyilir:

" “Qoşma” adı altında şeirlərimin kitabça şəklində çap olunmasına mənəvi və maddi yardımları toxunan Bakı müsəlman cəmiyyəti-xeyriyyə nümayəndəsi doktor X.Sultanova mübarək qəzetiniz vasitəsilə ürəkdən təşəkkürümü təqdim etməyinizi rica edirəm."

Kitabda şairin yaradıcılığının təqribən on ilini əhatə edən dövr haqqında aydın təsəvvür yaranır. Şair yaradılığının ilk illərindən azyaşlı və məktəbyaşlı uşaqlar üçün gözəl əsərlər yazıb. "Balalarıma" adlı şeiri də məhz uşaqlara xitabən yazılıb və "Qoşma" adlı şeirlər kitabında nəşr olunub. Bu kitabda şairin əsasən 1912–1916-cı illərdə qoşduğu qoşmalar toplanıb. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanıb. Şair Azərbaycan Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi:

 

"1916-cı ildə "Qoşma" adlı 1-ci şeirlər məcmuəm çıxdı. Şeirdə intixab etdiyim üsul gərək Azərbaycanda, arzusa, bəlkə Türk ölkələrində bir yenilik olaraq tələkki edildi.         "

Bu əsərlərin bir yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində olması, sadə xalq dilində yazılması idi.

Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, inkişafı illərinə təsadüf edib. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirib. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik edib və siyasi fəaliyyətdə bulunub.

Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Cümhuriyyətinin nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur.

Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibətilə yazılıb.

Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı. Şair o zaman Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinə Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində "Qalx" şeirini oxuyub.

 

Qalx, qalx sarmaşıqlı məzar altından

Gəlmiş ziyarətə, qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər.

 

Əhməd Cavad 1918-ci il oktyabr ayının 5-də Hacıkənddə olarkən "Röyasını görmüşdüm" şeirini yazır. Həmin şeirdə şair yeni quruluşu dəstəkləyir. Şairin "Marş" adlı şeiri ("Gənclər yurdu", 1918, 14 avqust) o dövrün əhval-ruhiyyəsini əks etdirir. Bu şeirin mayasında azadlıq bayrağının tərənnümü durur. Şairin 1918-ci ildə yazdığı şeirlərdən biri də "İngilis" adlanır.

 

Bu altı bəndlik şeirdə Azərbaycan xalqının ingilislərin gəlməsinə olan münasibəti əks edilib. Şair "Gəlmə" adlı şeirində də yadellilərə münasibətini bildirib. "İngilis" şeirinin əksinə olaraq şair "Ey əskər" adlı şeirində türk ordusuna məhəbbətini ifadə edib. Türk ordusunun gəlməsi Azərbaycan xalqını qırğından xilas etmək məqsədi daşıyıb. Bu şeir Bakının fateh əskərlərinə ithaf edilib. "Dağlar" şeirində isə Dağıstan və türk xalqlarının tarixi öz parlaq əksini tapıb.

 Bu şeir 1920-ci il aprelin 1-də, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 27 gün qalmış çap olunub. Əhməd Cavadın yaradıcılığında 1918–1920-ci illər milli özünüdərkin yüksək mərhələsidir. Vətənin azadlığı, müstəqilliyi, üçrəngli ay-ulduzlu bayraq, səkkiz guşəli gerbin milli rəmz kimi mənalandırılması, türkçülük ideyalarının təbliği onun ideallarının ifadəsi idi. "Azərbaycan bayrağı" adlı şeirində bu ideya özünün dolğun ifadəsini tapıb:

 

Türküstan elləri öpüb alnını

Söyləyir dərdini sana bayrağım.

Üç rəngli əksini Quzğun dənizi

Ərməğan yollasın yara, bayrağım.

 

Əhməd Cavadın bayraq mövzusuna həsr olunan bir sıra şeirləri vardır. O, öz şeirlərində dəfələrlə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" misrasını müxtəlif məqamlarda işlətmişdir. "Azərbaycan bayrağına", "Qardaş"(1919, noyabr) "Yarandın", "Al bayrağa" (Bakı, 24 iyul, 1919) və s. şeirləri buna misaldır. Şairin "Al bayrağa" adlı şeirində 1919-cu ilin yayında Azərbaycandakı millət və din qardaşlarının köməyinə qoşmuş Türkiyənin bayrağından bəhs açılır.

Əhməd Cavadın "Dalğa" adlı ikinci şeirlər kitabı 1919-cu ildə nəşr olunmuşdur. Şair bu kitaba "Bir-iki söz" adlı giriş yazıb:

"Bu kitabça say hesabilə ikinci kitabçadır. “Qoşma”nın qazandığı hüsni-təvəccöh bunu da təb etdirirdi. İçərisində yeni parçalar olduğu kimi, pək əskiləri də vardır. Quruluşu tarix etibarilə deyildir. Verilən izahatlar yoldaşlardan bir qisminin israrı üzərinədir."

"Dalğa"da şairin əsasən müstəqillik ayları ərzində və müstəqillik ərəfəsindəki illərdə yazdığı milli-azadlıq hərəkatı ilə bağlı şeirləri toplanmışdır.[6] AXC dövrü poeziyasının ən bariz nümunəsi kimi tədqiqatçıların üz tutduqları Ə. Cavadın "Dalğa" kitabı idi. Toplu "Azərbaycan bayrağına" şeiri ilə başlayır. Şeir 1919-cu ilin 10 aprelində yazılıb. Ə. Cavadın özü bu şeiri çox sevmiş və milli istiqlal mövzusunda yazdığı şeirlər içərisində fərqləndirib:

"İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt, 10 aprel 1919-da Parlament binası üzərində dalğalanan Milli Bayrağa söylənmişdir.

İmza: Cavad. "

Sonra da milli hökumətin devrilməsi və bolşevik istilası...

Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın.

Əhməd Cavad həbs olunanda Türkiyəyə mühacirət etməzdən əvvəl Bakıda həbs edilmiş və bir müddət şairlə bir kamerada yatmış Azərbaycan mühacirlərindən biri Hüseyn Baykara özünün 1975-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan İstiqlal mübarizəsi tarixi" kitabında qeyd etmişdir:

 

Mən şeirlərini oxuduğum və sevdiyim bu şairi ÇK tərəfindən həbs edildiyim, 1923-cü ilin sonunda Bakının Staropolitseyski prospektindəki həbsxanada tanıdım. O da həbs olunanlar arasında idi. Onunla bir neçə ay eyni kamerada qalmalı oldum. Kamerada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa, mənim əlimə 3 santimetr böyüklüyündə bir qurğuşun qələm keçdi. Bu qələmlə Ə.Cavadın şeirlərini divara yazır və əzbərləyirdim. Bir gün gözətçi Nikolay məni qapının deşiyindən izləmiş və divara yazdıqlarımı görmüşdü. Qəflətən qapını açdı və divara yazdıqlarımı bir taxta parçası ilə sildi. Ə.Cavadın 4-5 şeiri beləliklə unuduldu. Bu hadisədən sonra onun yazdığı iki şeiri əzbərlədim: "Ay ellər" (Yanvar, 1924-cü il, ÇK, Bakı)., "Neylim" (Fevral, 1924-cü il, ÇK, Bakı).

 

"Neylim" şeiri gözətçi Nikolayın divara yazılan şeirləri silməsindən sonra yazılmışdı. Ə. Cavad bu şeirin bir bəndinə həmin hadisəni nəzərdə tutaraq yazmışdı:

Barı sən gəl dedim, dinləyib bir az,

Ey vəfalı qələm dərdimi, gəl, yaz…

Gəldi bir çirkin əl, söylədi olmaz,

Dinləyənlər məni gəc duyar, neylim.

Lozanna şəhərində gündəlik nəşr olunan "Dü Lozan" qəzeti 10 may 1924-cü il tarixli (nöm.128) sayında, birinci səhifənin ikinci sütununda "Azərbaycan" sərlövhəli məqalə dərc etmişdi. Məqalənin müəllifi müsyo Broşe islam aləmində təşəkkül edən ilk cümhuriyyət haqqında ümumi məlumat verdikdən sonra bolşevik istilasına məruz qalan azəri vətənpərvərlərinin məruz qaldıqları zülmləri təsvir etmiş və o cümlədən Əhməd Cavadın "Yeni Qafqasiya"da yayılan şeirlərinə görə həbs edildiyini böyük bir nifrətlə oxuculara çatdırmışdı.

Şairin tutulmasında özünü qismən təqsirli bilən Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda nəşr olunan "Yeni Qafqasiya" məcmuəsi "Əhməd Cavad məhbus imiş" adlı məqaləsində yazmışdı:

 

... Azəri-türk xalqının ən əziz duyğularıına, ən incə hislərinə səmimi tərcüman olan bu həssas şairin həbsi xəbəri ilə üzləşməkdə ikən bizə aid olan bir səbəblə mənəvi bir məsuliyyət hissi altında dəxi əzildik. Şairin məhbusiyyətinə "Yeni Qafqasiya"da dərc olunan şeirləri səbəb olmuş imiş?... Əgər şair "Yeni Qafqasiya" ilə münasibətdar olduğundan dolayı cəza görüyorsa, əlimizi vicdanımızın üzərinə qoyaraq bütün dünya qarşısında söylüyoruz ki, onun bizimlə heç bir münasibəti yoxdur! Yox, əgər nəşr elədiyimiz şeirlərində bolşevik hökumət və diktaturiyyəsinə qarşı bir qəsd görülüyorsa, dərc elədiyimiz parçalar şairin bolşevizmdən daha əvvəl yazmış olduğu şeirlərdir.

 

Cavadşünas Əli Saləddin bildirmişdir ki, "1923-cü ildə tutulanda, H. Baykara ilə bir kamerada yatanda Əhməd Cavadın adı "güllələnmə" adlı qırmızı siyahıya düşmüşdü". (Ə. Cavad – "Seçilmiş əsərləri", II C., Ic., Bakı, Az. Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, 1992, səh.22)

Əhməd Cavadın böyük oğlu Niyazi Axundzadə bildirmişdir ki, atasının azad olunması üçün rəsmi sənədlər, müraciətlər heç bir müsbət nəticə verməyib. Şairin azad edilməsində 1920-ci ildə onunla Quba qəzasının Xuluq kəndində bir yerdə işlədiyi zaman yaxın yoldaşlıq və dostluq etdiyi Hüseyn Musayev rol oynamışdır. Belə ki, H. Musayev o zaman Quba Xalq Maarif Şöbəsinin müdiri işləyirmiş. Hadisənin ciddiləşdiyini görüb, M. C. Bağırovun yanına gedərək Cavadın azad olunmasını xahiş edir və istəyinə nail olur. Bundan sonra, Ə. Cavadın istintaq işi ilə tanış olmaq Az. ÇK-nın əməkdaşınatapşırılır. İşlə tanış olduqdan əməkdaş şairin həbsdən buraxılması qərarına gəlir. 1924-cü il, fevralın 2-də Ə. Cavadın azadlığa buraxılması barədə 952 saylı order imzalanır.

"Göy göl" şeiri

Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əks-inqilabi şeir damğası vurulur və bununla da şair yenidən həbsxanaya salınır. Ə. Cavad "Göy göl" şeirinə görə 5–6 ay həbsdə saxlanılır. Damğaya səbəb şairin yazdığı bu misralardır:

Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya!
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!

Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarış göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərirlər. "Göy göl"lə tanış olan Moskva mütəxəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar.

Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir.

Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər. Beləliklə, iki il ərzində — 1929–1930-cu illərdə davam edən ifşa kampaniyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüldüyü zaman Gəncəyə köçmək məcburiyyətində qaldı. Lakin əsil məqsəd şairi Bakı ədəbi- ictimai mühitindən kənarlaşdırmaq idi. Buna baxmayaraq, beş il Gəncədə yaşayıb-yaradan şair özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dilçilik kafedrasının rəhbəri vəzifəsində çalışır, orada Azərbaycan dili və ədəbiyyatından dərs deyərək müəllimlik fəaliyyətini davam etdirir, həmçinin Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyir. 1933-cü ildə şairə professor adı verilir. Həmin dövrdə rus dili üzrə professor rütbəsinə layiq görülmüş ilk azərbaycanlı məhz Əhməd Cavad olmuşdur.

1937-ci il

1937-ci ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı.

1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.

1937-ci il sentyabrın 25-də Azərbaycan SSR XDİK DTİ 4-cü şöbəsinin rəisi Sinmanın və İ. P. Klemençiçin hazırladığı və Y. D. Sumbatovun təsdiq etdiyi ittiham aktında Ə. Cavadın məsuliyyətə cəlb edilməsinin zərurəti belə "əsaslandırılır":

 

Axundzadə Əhməd Cavad 1918-ci ildən müsavatçı kadrlardan biri olmuşdur. Müsavat hakimiyyəti devrildikdən sonra Axundzadə öz əks-inqilabi mövqelərində qalmış, özü də nəinki gizli Müsavat Partiyasının üzvü seçilmiş, həm də onun mərkəzi rəhbərliyinə son dərəcə yaxın olmuşdur. 1922-23-cü illər dövründə Axundzadə Müsavatın qeyri-leqal Bakı komitəsinin üzvü seçilmişdi. 1923-cü ildə FK (yəni ÇK) orqanları tərəfindən həbs edilərkən Axundzadə "Müsavat" partiyasına mənsubluğunu və əks-inqilabi fəaliyyətini istintaqdan gizlətmişdir. Həbsdən azad edildikdən sonra o, həmin partiyadan uzaqlaşdığını bəyan etsə də, bir neçə il əks-inqilabi müsavat ideyalarının öz əsərlərində təbliğ etmişdir. 1920-ci ildən 1923-cü ilədək Müsavat Mərkəzi Komitəsinin birinci gizli Heyətinin üzvü olmuş, buna görə də 1923- cü ildə həbs olunmuş və deklarasiya ilə azad edilmişdir. Öz müsavatçı mövqelərindən əl çəkməmiş və gizli müsavatçılıq işini davam etdirərək ətrafına toplaşan gənc Azərbaycan şairlərinə müsavat ruhunda təbliğat aparmışdır. Əhməd Cavad respublikanın partiya və hökumət rəhbərlərinə, onların yeritdiyi milli siyasətə əks-inqilabi müsavat mövqeyindən böhtan atmışdır. Əks-inqilabi burjua millətçi təşkilatının işində iştirak etmiş, Azərbaycandakı mövcud üsyankar təxribatçılıq-terror-diversiya, millətçi təşkilata qoşularaq Sovet hakimiyyəti rəhbərlərinə qarşı terrorçuluq aktları və kapitalist ölkələri xeyrinə casusluq etməklə Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədi güdmüşdür.

 

Beləliklə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edərək oktyabrın 11-də işə başladı. Məhkəmənin sədri İ. O. Matuleviç, üzvləri İ. M. Zaryanov və C. K. Jiqur idi. İclasda hərbi yuris A. F. Kostyuşko və SSRİ prokurorunun baş köməkçisi N. S. Rovski (Rozovski) iştirak edirdi.Protokolda deyilir:

 

Müttəhim öz günahını tamamilə boynuna almış, ilkin istintaq verdiyi ifadələri bir daha təsdiq etmiş və göstərmişdir ki, məhkəmə təhqiqatına əlavəsi yoxdur

 

1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.