İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs Featured

 

Afaq Aras, İstanbuldan,

“Ədəbiyyat və incəsənət”

 

  “Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

 yorğun ağacam...”

 

Qulu Ağsəs poeziyasının bu səmimi etirafı, əslində müasir insanın varlıq faciəsini, özgələşməsini və daxili tənhalığını bir misraya sığdıran estetik təcəssümdür. Onun yaradıcılığını Əli Kərimin psixoloji dərinliyi və intellektual kədəri ilə eyni müstəvidə təhlil etdikdə, Azərbaycan şeirinin klassik dərddən modern ağrıya doğru keçdiyi yolu aydın görmək olur. Şair mənəvi yükü texnoloji dövrün gündəlik detallarına qədər endirir, lakin onun təsir gücünü daha da kəskinləşdirir.

 

“Mənə elə gəlir, bu dünya boyda

Bir daxili sarsıntıdı ömrüm...” (Ə.Kərim)

 

Əgər Əli Kərim poeziyası insan ruhunun görünməyən qatlarını fəlsəfi bir sarsıntı ilə üzə çıxarırdısa, Qulu Ağsəs həmin ruhu rəqəmsal dünyanın küyü, siqaret tüstüsü və müharibənin soyuq reallıqları arasından keçirərək oxucuya təqdim edir. Yatmamışdan öncə sosial media hekayələrinə baxan, barmağı “votsap” tətbiqinə dəyən müasir insanın yorğunluğu, əslində klassik fəlsəfi sükutun yerini alan yeni bir mənəvi zədələnmənin təzahürüdür. Bu zahiri rəqəmsallığın arxasında hələ də o köhnə, sönməyən ağrı gizlənir.

 

“Baxmaqdan ağı qarışdı

gözümün qarasına,

Tez uzandım.... Siqnal girdi

 yuxumun arasına...”

 

Qulu Ağsəs Əli Kərimin “sarsıntı” adlandırdığı o metafizik halın fiziki və texnoloji ifadəsini yaradır. Ağsəs poeziyasında sosial faciənin təsviri “insan taleyi” mövzusunu tamamilə naturalist bir nöqtəyə daşıyır. Sələfləri mənəvi borc və taleyin ağırlığından yazarkən ruhu hədəf alırdısa, Qulu Ağsəs ağrını rəqəmlərlə və cisimlərlə, həm də bir “rentgen” dəqiqliyi ilə təsvir edir. Şəhid atasının dodaqları arasındakı o yarımçıq təbəssümü, otuz iki dişdən əskik qalan hər boşluğu bir taleyin qırılmış aynası kimi vəsf etmək - poeziyanın hüdudlarını aşan ruhun göynəyən sükutudur.

 

“Hardasan?

-Deyirsən:

-Yanındayam da... Adamın yanında adam olar da

Kəsik ayaqların ağrısı yox!”

 

Mina partlayışından sonra iyirmi il ayaq ağrısı çəkən minaaxtaranın kəsik ayaqlarını cismani bir çarəsizliklə isidərək təsəlli tapması təsviri səmimiyyətin müasir dövrdə çatdığı ən sarsıdıcı reallıqlardan biridir. Bu, Əli Kərimin “Pillələr” şeirindəki o intellektual dramın ən sərt və cismani formasıdır.

 

“Mən xoşbəxt olardım bu dünya boyda,

Bir qızın dərdiylə ölsəydim əgər...” (Ə.Kərim)

 

Əli Kərimin bu klassik və fədakar sevgi anlayışı Qulu Ağsəsdə modern bir ironiya ilə əvəzlənir. O, sevgini ilahiləşdirməkdən imtina edərək, onu gündəlik həyatın, bəzən isə insanın daxili ətalətinin bir hissəsi kimi təqdim edir:

 

“...səni sevməkdən də vacib

 işlərim var əlimdə,

amma yenə səni sevirəm...

tənbələm dəə!”

 

Bu etiraf klassik sevgi dərkini sarsıdır. Sevgidə “üçüncü yox, ikinci adamın artıq olması” qənaəti postmodern insanın duyğu inikasıdır; o, hələ də sevir, lakin bu sevgini artıq “şeirdəki artıq sözlər” kimi qəbul edir. Şairin metaforik sistemi paradokslar üzərində qurulub. Övladlarına “Tezol”, “Təkər” və “Su” adlarını vermək arzusu, zamanın sürətinə və həyatın quraqlığına qarşı durmaq cəhdidir.

 

“Şeir sirdi, Adam,

 sirri bağırmazlar-

ulduzlardan utan.”

 

Ulduzlar uzaqdır, soyuqdur və tənha parlayırlar. Şair demək istəyir ki, böyük həqiqətlər uzaqlarda və yüksəkliklərdə, sükutun içində gizlənir. Qulu Ağsəsin bu misrası “az danışmağın, öz danışmağın” poeziyada tətbiqidir. O, bizə xatırladır ki, poeziya bir sərgi deyil, bir duadır. Dua isə ulduzların şahidliyində, sükutun içində, pıçıltı ilə deyilir.

Bu, Azərbaycan poeziyasının meydanlardan otaqlara, kütlədən fərdə, bağırtıdan “Ağ səs”ə (səssizliyin səsinə) qayıdışıdır. Beləliklə, Qulu Ağsəs Əli Kərimin qoyduğu “insan ruhunun dərinliyi” ənənəsini müasir dövrün absurdluğu ilə birləşdirir. O, dünyanı eynək vasitəsilə kiçildəcək qədər ironik, lakin “Cənnətin qapısını döyən, demək, orda deyil” deyəcək qədər metafizikdir. Bu yaradıcılıq sükutun, həqiqətin və modern insanın parçalanmış ruhunun uca səsi- “Ağ səs”idir.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.