İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
ƏzizVətən, doğmadiyar,
Vuruşuramsinəndəki
Qanyerinisilənədək.
Vuruşuramazadlığım
Başım üstə gələnədək.
Azərbaycan Respublikasının Xalq şairi Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub. Siyasi fəaliyyətinə görə atası həbs olunub və Kirmanşaha sürgün edilib. Kirmanşah şəhərində Səadət məktəbində təhsil alıb.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1945-1946-cı illərdə ADF MK-də təşkilat şöbəsində təlimatçı işləyib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən Bakıya hərbi təhsil almağa göndərilib.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Söhrab Tahir də bu cəmiyyətin üzvü olub.
1947-1950-ci illərdə Bakı Diş və Feldşerlik məktəbində təhsil alıb. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. "Tahir" və "Azərazər" təxəllüslərindən istifadə edib.
1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub. İlk nəsr kitabı 1981-ci ildə işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olub.
1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V. V. Mayakovski ordeni ilə təltif edilib. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son illərdə xəstəliyi şiddətlənib. Bunun nəticəsində, şairin ayaqlarında qanqrena gedib. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilib, amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə vəfat edib. Xalq şairi II Fəxri xiyabanda dəfn olunub.
Əsərləri
- Vətənlə sevgi arasında (şeirlər və poemalar)
- Qonşu qızın məktubları (povest və roman)
- Əmanət (povestlər)
- Lirika
- Sevgi əfsanəsi (şeirlər və poemalar)
Aynur Turanın şair barədə yazdıqlarını diqqətinizə çatdırıram:
“Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib, sözübütöv cəfakeş mərd və mübariz, xırda hislərdən uzaq görmüşdür. Bizim gözümüzdə S.Tahir inqilabçı, döyüşkən Cənubi Azərbaycan xalqının timsalıdır. Uca boylu, iti baxışları, şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi Azərbaycan torpağının bir parçasıdır.
Güney Azərbaycanda sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya kimi gəzən, bütün qapıları ərklə açan, bütün evlərdə intizarla gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən, özü demiş, Azər Azər babadır!
Çağdaş cənubi Azərbaycan şeirinin bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır. Güneyli-Qüzeyli Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, nisgilli, ömürlüyüdür.
S.Tahirin kitablar toplusunda şairin vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların da yer aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və tamamlaması var...
XX əsrin poetik kəhkəşanında Azərbaycan azadlığının romantikasından şehlənmiş çiçək misralar gecənin qaranlığında yanan ulduzlar kimi görünür. Bu görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli mədəniyyət mücadiləsi, haqq gerçəkliyi uğrunda mübarizədə döyüşən, vuruşan S.Tahir poeziyasının da öz parlaqlığı var.
O, Azərbaycan azadlığı mübarizəsinə gənclik illərindən-ömrünün ən xoş, saf, təmiz, ülvi çağlarında, dünyanın minbir nəfsindən uzaq, qaynar həyat eşqi ilə dolu bir zamanında atılıb. Gənclik illərinin ilk sevgisi Azərbaycanın istiqlal mübarizəsi olub. Bu eşqin oduna böyük Azərbaycanın-ikiyə bölünmüş Azərbaycanın o tayından bu tayına pənahlanıb.
Vətən eşqi ilə 18 yaşında yola çıxan Söhrab Tahir 90 il mənalı və eyni zamanda enişli-yoxuşlu ömür sürüb. 90 yaşında daha mübariz, daha ötkəm, daha inadkar olub. Şairin əbədi vətən sevgisinə, bağrı qan Vətəninə olan eşqinə əlmi yetirmək olar? Söhrab Tahirin şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca yayılıb, milyonlarla ürəklərə yol tapıb.
S.Tahir “Ata” poema-epos kitabı haqqında, eləcə də kitabın yazılma zəruriyyətini oxuculara məhz kitabda yer alan “müəllifdən” bölümü ilə (müəllifin dilindən) səhifəsində çatdırır. O, qeyd edir:
“Azərbaycan ədəbiyyatında ən irihəcmli poetik əsər hesab edilən “Ata” (poema-epos) 1991-cü ildən qələmə almağa başlamışam. Azərbaycanın qədim şeir forması-qoşma şəklində yazılmış bu əsər 15-bölmədən ibarətdir.
Əsərin eramızdan 9 min əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, döyüşən varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusi ilə Azərbaycan xalqının eramızın əvvəlinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir.
“Ata” sadə xalq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran və Ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.
Çoxdandır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.
Son 20 ildə Azərbaycan xalqının varlığı, etnogenizi ilə əlaqədar elmi kitablarla yanaşı, şamanizm, zərdüştizim haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuyurdum.
Xalqımın qədim varlğını, adını, qəhrəmanlıqlarını göstərən sənədləri, abidələri dağıdıb, yandırıb məhv edən düşmənlərin qəddarlığının qanlı izlərinə düşüb, yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən dəyişkən və ən ləyaqətli və sücaətli xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə başladım."
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.05.2026)


