“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir yerdə rahatlıq tapa bilmirəm,
Divara boylana-boylana qaldım.
Bu gecə anamın doğma ətrini,
Divardan asılan şəkildən aldım.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun doğum günüdür.
Nəsib Nəbioğlu 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.
1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir.
M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. İyirmidən çox şeirinə musiqi bəstələnən şair həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.
Şeir kitabları
“Ürəyim yurd yeridir”
“Sizə sözüm var”
“Dua edən bulaq” rus dilində
“Bağışlamaz dağlar məni”
“Nəğməkar əsgər”
“Heç belə də kənd olar”
“Ulduz nur saçırdı qayanın üstə" rus dilində
“Durnalara qayıdanda"
Mükafatları
R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.
Və əlbət ki, sonda şairdən bir şeir.
NƏSİB NƏBİOĞLU
BU ŞAİR
“İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...”
Vaqif Səmədoğlu
Bu gedimli, bu gəlimli dünyadı,
Həm sevincli, həm zülümlü dünyadı,
Bilirdi ki, bu ölümlü dünyadı,
Ölümünü gözləyirdi bu şair.
Bu dünyanı bildiyitək ağlatdı,
Misrasına kədər qatdı, qəm qatdı,
Dostlarını gülə-gülə aldatdı,
Ölümünü gözləyirdi bu şair.
Sandı göylər dərdlərinin çarəsi,
Sağalmadı torpaq adlı yarası,
Bu gen dünya dörd divarın arası,
Ölümünü gözləyirdi bu şair.
Tanrısının, Allahının quluydu,
Getdiyi yol həqiqətin yoluydu,
Bu dünyanın hər üzündən halıydı,
Ölümünü gözləyirdi bu şair.
Gözləyirdi göz yaşını tökmədən,
Gözləyirdi dərd-sərini sökmədən .
Gözləyirdi qamətini bükmədən,
Ölümünü gözləyirdi bu şair.
Dedi yatsın, ərşə qalxdı yuxusu,
Xəyalında min çiçəyin qoxusu,
Kəlbəcərin həsrətiydi qorxusu,
Ölümünü gözləyirdi bu şair.
İstəmirdi rəngi qaçsın sozalsın,
İstədi ki,əllərinə saz alsın,
Dedi,- yatım, ağrılarım azalsın,
Ölümünü gözləyirdi bu şair.
Həsrət gördüm, ağrı duydum sözündən,
Nur düşürdü çöhrəsindən, üzündən,
Qayğıları tökülürdü gözündən,
Ölümünü gözləyirdi bu şair.
Gül-gül idi şeirinin ilməsi,
Mənalıydı lətifəsi, gülməsi,
Qarabağdı bu şairin qibləsi,
Ölümünü gözləyirdi bu şair.
Bu dünyanın səsi nədir, eşqi nə?
Biləmmədi nələr düşdü püşkünə,
Üz çevirdi bir Allahın eşqinə,
Ölümünü gözləyirdi bu şair.
Vurğunuyla görüşməyə tələsdi,
Gördüyünü bölüşməyə tələsdi,
Tanrısına yetişməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Üzün tutub ulduzlara gedirdi,
Öz tapdığı avazlara gedirdi,
Yalqız olub,yalqızlara gedirdi,
Ölümünü gözləyirdi bu şair.
Həyat başqa, şair başqa aləmmiş,
Misra-misra ruhumuza ələnmiş,
İstəyinə,sevgisinə bələnmiş,
Ölümünü gözləyirdi bu şair.
Qara rüzgar hansı yanda de əsdi,
Taleyindən nə incidi, nə küsdü,
Bu dünyanı tərk etməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Allahından gileyləndi arabir,
Nə fərqi var yara mindi, yara bir,
Sinə altda bir məzarlıq min şeir,
Ölümünü gözləyirdi bu şair.
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


