“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Gündüz Sevindiyin qəzəlləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
GÜNDÜZ SEVİNDİK
QƏZƏLLƏR
***
Belə yağmaqla çəkirsən məni sən darə, yağış,
Bir gözəl namə yazım, al, götür ol yarə, yağış.
Yağ, silinsin ürəyimdən dəli nisgil bu gecə,
Ki, bu həsrət eləyib ağ günümü qarə, yağış.
Yağ yağış, yağ ki, deyəm dərdimi bir-bir sənə mən,
Gözlərim yaşlı, dilim lal, cigərim parə, yağış.
Min təbib tapmadı bir yol mərəzi-eşqə əlac,
Nədi bəs dərdimə dərman, nədi bəs çarə, yağış?..
Su çilər ruhuna, Gündüz, bu yağışdır, ya dua?
Bir həyat çövhəridir sən kimi zəvvarə yağış!
***
Tikdik elə bir eşq evi ümmanın içində,
Ah çəkdi ürək, dinmədi dil canın içində.
Məcnunları, fərhadları olmuş ulu eşqin,
Fərqlənməliyik gör neçə sultanın içində?!
İlk anda gözəl göz-qaşa aldanma, a könlüm,
Gendən nə bilirsən nə var ormanın içində...
Eşq aşiqə dərmansa da, yar olmadı loğman,
Yox dərdimizin çarəsi dərmanın içində.
“Bəxtim” deyə çox dad elədim, söylədilər ki,
Axtarma itən iynəni xırmanın içində.
İnsandısa insan, qıra bilməz onu nadan,
İnsan qalar insan kimi, nadanın içində.
Gündüz, fələyin felinə gəl uyma, əzəldən
Hökmün dəyişir yüz dəfə bir anın içində.
***
Eşqə dair ürəyimdən elə bir söz keçdi,
Demədim, yandı, sinəmdən elə bil köz keçdi.
Dün görüb halımı Məcnun qızarıb şərm oldu,
Yel kimi ötdü yanımdan, utanıb tez keçdi.
Yarımın surətinə səcdə edərkən, zalım
Məni görcək çevirib üz, eləcə düz keçdi.
Sal nəzər eşqə ki, eşq aləmi tarixdir özü,
Onda əfsanə dolaşdı, neçə möcüz keçdi...
Qoydu can rahi-qəzəldə daha bir söz əhli,
Bu yola çıxdı qəzəl şairi Gündüz... keçdi.
***
Bir həzin, xoş söz üçün işləyərəm rəndə kimi,
Sözə xidmətdəki ən sadiq olan bəndə kimi.
Köz dolu təndirə bənzər Sözün atəş cəzbi,
Söz divarında yapıllam, bişərəm kündə kimi.
Aşiqin ismi gərək aləmi-eşq içrə hər an
Tac-Mahaldan girə, ta ki gələ Dərbəndə kimi.
Təlimi-eşqdə ruhum belə təlim olunub,
Rütbeyi-aliməqamtək gəzəndə danəndə kimi.
Ləbi-ləlindən o gün yar mənə ehsan elədi,
Rəğbətim yoxdur o gündən şəkərə, qəndə kimi.
Dərsi Məcnundan əgər, Gündüz, alıbsansa belə,
Daş-qalaq eyləyəcək el səni düz kəndə kimi.
***
Gül gülür güllərə, gülşəndə gülən güldü, gülüm,
Gül gülün könlünü gülşəndə görüb güldü, gülüm.
Göz gərəkdir görə güllər küsüşüb, gülmürlər,
Gül ki, gül küsməyə güldən, gözəlim, gül, de, gülüm.
Gəl gileylənmə Günəş günlü, Günəştək gözəlim,
Gir gülüstanə ki, güllükdə də “gəl-gəl”di, gülüm.
Gəzmə gendən, günahımdan gecə-gündüz közərib,
Könlümün könlü küləklərdə gedən küldü, gülüm.
Gözünü gizləmə, gizlində görüb gözlərini,
Guya Gündüz gedibən Kəbə görüb gəldi, gülüm.
***
Dedim: – ey gül, mənə zülm eyləmə, sevda pirisən,
Dedi: – get, sən də bu divanələrimdən birisən.
Dedim: – Allahı danıb Eşqə dua eyləyirəm,
Dedi: – sən də elə Sənan kimi din kafirisən.
Dedim: – hər gün dəli könlüm səni görmək diləyir,
Dedi: – eşqin məni sarmış qara bir zəncirisən.
Dedim: – həsrət dolu, möhnət dolu qəm təşnəsiyəm,
Dedi: – sən ki qəmi ram eyləməyin mahirisən...
Dedim: – eşqin məni öldürdü, əlac et, ölürəm,
Dedi: – bu eşq ilə dünya yaşadıqca dirisən!
Dedim: – incə bədənin naz eləyir incə sözə,
Dedi: – Gündüz, sən elə incə qəzəl şairisən!
***
Qoy açılsın, edərəm sübhə şikayət gecədən,
Qəlbə qəm bəxş eləyən qəm dolu zülmət gecədən.
Görüşə gəlmədi yarım, nə səbəbdir, görəsən,
Yoxsa küsmüş gülərüz, sevgili afət gecədən...
Nə günah eyləmişəm, sanki yazılmış yazıdır,
Niyə ancaq mənə göz yaşları qismət gecədən?!
Fələyin qəsdi budur canımı alsın, nə olar,
Sübhədək ömrümə Allah verə möhlət gecədən.
İntizarəm, elə bil bir də açılmaz bu səhər,
Çəkirəm sübhüm üçün mən necə həsrət gecədən.
O qızı görməyə, Gündüz, yenə var idi ümid,
Daha gəl gözləmə, gecdir, keçib, əlbət, gecədən...
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


