Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şairə Ramilə Salahova 29 avqust 2011-ci ildə Moldova Respublikasının Kişinyov şəhərində anadan olub. Hazırda Şəmkir rayonunda yaşayır. Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin 8-ci sinif şagirdidir.
Bədii qiraətə və ədəbiyyata olan həvəsi hələ 5-ci sinifdə oxuyarkən başlayıb. Müxtəlif şairlərin əsərlərini məharətlə səsləndirərək bu sahədə ilk addımlarını atıb. 7-ci sinifdə oxuyarkən mənimlə tanışlığı onun yaradıcılıq yolunda mühüm dönüş nöqtəsi olub, onu yaradıcılığa kökləyə bilmişəm, yazı yön-yöndəminə düzəliş vermişəm. Mənim şeirlərini böyük şövqlə səsləndirməyə başlayan Ramilə, eyni zamanda özü də qələm çalmağa başlayıb.
Gənc müəllif yaradıcılığında əsasən:
Həyatın fəlsəfəsi;
İnsanlıq və mənəvi dəyərlər;
Sevgi və səmimiyyət motivlərinə geniş yer verir.
Hazırda şeirlər toplusu üzərində işləyir və ədəbi fəaliyyətini uğurla davam etdirir.
RAMİLƏ SALAHOVA
“HƏYAT – BİR NƏFƏSİN HEKAYƏSİ”
Həyat...
nə uzun bir yol, nə də qısa bir andı –
bir göz qırpımında keçən
min öyrədici dərsdi sanki...
Bəzən sevinc kimi gələr,
gülüşlə səni qucaqlayar,
bəzən susar...
qaranlıqda imtahana çəkər səni...
Hamı yaşadığını sanar,
amma çox azı doğrudan da yaşayır.
Çünki yaşamaq — nəfəs almaq deyil,
nəfəsinə mənalı iz buraxmaqdı...
Sən susanda həyat danışır,
sən qaçanda, o səni izləyir.
Hər səhər yeni səhifə verir əlinə,
amma sonda hansı hekayəni yazdın? -deyə soruşur.
İnsan çox şey istər həyatdan,
amma unudar ki,
həyat da çox şey istər insandan –
əzilmədən güclü qalmaq,
düşmədən qalxmağı bacarmaq…
Öyrənirik...
hər itkidə dəyərli olmağı,
hər ayrılıqda sevginin qiymətini,
və hər səhvdə — insan olmağı...
Axı bu həyat — nə yalnız xoşbəxtlik,
nə də daim dərddi...
Bu həyat — sənin necə dözdüyündür,
və hələ də gülümsəyə bilməyindir...
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


