“Çıxın bomboz xəyallardan...” – Təranə Dəmirin şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının oxucularına üç gün dalbadal sizə Təranə Dəmirin yeni şeirlərini təqdim edir.

3-cü gün.

 

 

BƏLKƏ

 

Neçə vaxtdı itirmişəm zamanı,

Günü aya dəyişirəm eləcə.

Neçə vaxtdı unutmuşam özümü,

Sənsizliklə döyüşürəm eləcə.

 

Şəkil-şəkil danışıram səninlə,

Sən də durub şəkil-şəkil baxırsan.

Aldadıram xəyalların başını,

Gah o yandan, gah bu yandan çıxırsan.

 

Boğuluram gözlərimin selində,

Damcı-damcı gülləyirsən varaqda.

İçimdə bir döz çırpınır yaralı-

Görən məni nə gözləyir qabaqda?

 

İlham pərim uçub gedib, başıma

Bir də nə vaxt şeir yağar, bilmirəm.

Vurnuxuram qaranlığın içində,

Bəlkə bir gün günəş doğar? - bilmirəm.

 

 

HƏYATI SEVİN

 

Həyatı sevin, əzizlərim,

Doya-doya sevin.

Silin qəlbinizdən nifrəti,

Kini, küdurəti,

Hirsi, kibri silin.

Saxta gözəlliklərdən,

Yalançı işıqlardan qaçın.

Basın bağrınıza dənizləri, ormanları,

Yolları, ağacları, quşları,

Ürəyinizi dalğalara, ləpələrə açın,

Dağlara, dərələrə, təpələrə açın.

Yağışların dolusunu sevin,

Küləklərin dəlisini sevin.

Çiçəklərə, otlara sarılın,

Unudun savaşları, qovğaları,

Ölümü, göz yaşını, qorxuları.

Barmaqlarınız tətikdən çıxsın,

Qulaqlarınız yadırğasın güllə səsinə,

Çıxın bomboz xəyallardan,

Sığının bir ilıq təbəssümün kölgəsinə,

Rənglərə, notlara sarılın.

Boş verin bu ucsuz-bucaqsız ayrılıqları,

Həsrətə meydan oxuyun,

Çıxın içinizdəki tənhalıqdan,

üz tutun uzaq şəhərlərə,

təyyarələrə, limanlara tələsin.

Atın çiyninizdən şöhrət yükünü,

Soyunun bütün təltifləri, medalları, ordenləri, adları,

Uçurun bütün kürsüləri, heykəlləri, bütləri,

Sabahınız azadlığa açılsın,

Dərindən nəfəs alın,

Və sarılın torpağa, daşa,

çiçəyə, ota, ağaca, quşa,

Dənizə, günəşə, ulduzlara,

Küləyə, yağışa...

 

 

GƏLİNCİK

 

Bir qolu qırıq gəlinciyim vardı,

Gözləri muncuq, yanaqları girdə.

Pırtlaşıq saçları darağa gəlməzdi,

Şikəsdi deyə məndən özgə onu heç kim sevməzdi.

O susardı, mən danışardım,

Mən danışardım, o susardı.

Mənimlə yayda torpağa, qışda çamura batardı,

Gecələri böyrümə qısılıb yatardı.

Çiçək şəkli çəkmişdim donuna,

İpdən saat taxmışdım salamat qoluna.

Sonra?

Sonra böyüdüm,

Xəyallandım,

Sevdim,

Ümidləndim, aldandım.

Sonra qırıq, sökük yaşamağı öyrəndim,

Sonra təzədən bitişdi yaralarım,

Sonra təzədən inandım hər kəsə,

Sonra təzədən aldandım,

Sonra təzədən...

Əvvəllər bir o qədər də hiss etmirsən,

Adamı yandıran bu sonralardı.

Ümidləri yerində, arzuları tər-təmiz bir qız vardı,

İllər alıb apardı…

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.