Ədəbiyyat oxuyan adam insanlığı ağ-qara görmür, rəngli görür... Featured

Çağdaş fikir tariximizdə diqqətçəkən bir ad – Aqşin Yenisey

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

BugünAqşinYeniseyindoğumgünüdür.

Aqşin öz yolunu tutaraq gedir, ciddi ədəbiyyata sakitcə xidmət edir. Aqşinin yazdıqları sevilir, orada bəlağət, boğazdanyuxarılıq, hay-küyçülük yoxdur. Sakit bir təmtəraq duyulur kəlmələrində.

 

Aqşin Yenisey 29 aprel 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir, Azad Yazarlar Ocağının üzvü olub.

Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.

"Cənnətdə terror aksiyası" (2009) adlı kitabda "Göləqarğısancan" adlı roman, "Cənnətdə terror aksiyası" adlı hekayə və "Xəstə şərqin Rafiq Tağıya dedikləri" adlı şeri toplanıb. Əsərin əsas mövzusu Azərbaycanın üzləşdiyi və çıxmağa heç bir yol qalmayan mənəvi böhrandır.

"Yüz qırx yeddi dənə sən" (2012) A. Yeniseyin sayca dördüncü kitabıdır. Son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmamış şeirləridir.

"Məbədin sükutu" (2013) adlı növbəti kitabında yazarın heç bir digər kitabında çap olunmayan hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunan məqalələri toplanıb

 

Kitabları

- Unutmaq sözünün şəkli. Bakı: 2002.

- Sizin eradan əvvəl. Bakı: "Qanun" nəşriyyatı, 2005

- Cənnətdə terror aksiyası. Bakı: "Qanun" nəşriyyatı, 2009

- Yüz qırx yeddi dənə sən. Bakı: "Qanun" nəşriyyatı, 2013.

- Məbədin sükutu. Bakı: "Qanun" nəşriyyatı, 2013.

- Tarix və Tale. Bakı: "Teas Press" nəşriyyatı, 2019

 

Düşünürəm ki, düşündürməyi bacaran Aqşin Yeniseydən bu doğum günündə mütləq bir şeylər oxumalıyıq. Əminəm ki, kitab düşmənlərinə bu yazını oxutdura bilsək, düşmən sayını həlledici sayda azalda biləcəyik.

 

 

AQŞİN YENİSEY,

“MƏN NİYƏ KİMİNSƏ YAZDIĞI ROMANI OXUMALIYM?”

 

"Mən niyə kiminsə yazdığı romanı, hekayəni oxumalıyam, nə verəcək mənə?" Dünən belə bir yekəxana sual verdilər.

Ədəbiyyat, xüsusilə roman oxucuya insan çeşidləri təqdim edir. Ədəbiyyat oxumayan adam insanlığı özüylə məhdudlaşdırır. Özü zırramadırsa, elə bilir, hamı zırramadır. Özü mübarəkdirsə, elə bilir, hamı mübarəkdir.

Ədəbiyyat oxuyan adam isə çeşid-çeşid, növbənöv insan tipləri tanıyır. İnsanlığı ağ-qara görmür, rəngli görür. İnsanlığı rəngli görə bilən özünün də, başqalarının da həyatını rahatlaşdırır. Anlayır ki, o, özü kimi olduğu kimi, başqası da başqası kimi olmalıdır.

Azərbaycanda iş yerlərində, ailədə, dostluq münasibətlərindəki boğuşmaların səbəbi insanlarımızın yalnız praktik, "çörəkli" kitabları oxumalardır. Roman oxumadıqları üçün insanlarımız başqasının başqası kimi ola bilməsini qəbul edə bilmir, istəyir ki, ünsiyyətdə olduğu adam onun özü kimi olsun.

Çünki insanı ölçə biləcəyi yeganə ölçü vahidi özüdür. Ədəbiyyat sizə özünüzü tanıtmır, heç bir romanda özünüzü axtarmayın. Ədəbiyyat sizə başqasını tanıdır. Biz başqasını tanıyaraq kim olduğumuzu özümüz üçün aydınlaşdırırıq. Başqası önümüzdəki güzgüdür, ona baxıb özümüzün nə gündə olduğumuzu görürük.

 

Yuxarıdakı sualın doğru deyilişi, əslində, belədir: "Mən niyə başqalarını tanımalıyam?" Tanımasan, bütün ömrün qarşılaşdığın və mütləq sənə oxşamasını israr etdiyin insanlarla didişmələrdə keçəcək. Başqalarını tanımasan falçıları, pornopsixoloqları, yaşam koçlarını-zadı tanıyacaqsan. Vaxtında 15-20 manat verib oxumadığın roman sonra sənə çox baha başa gələcək. Özün bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.