“Sevincimə tor toxudu hörümçək...” – Təranə Dəmirin şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının oxucularına üç gün dalbadal sizə Təranə Dəmirin yeni şeirlərini təqdim edir.

2-ci gün.

 

 

BOŞLUĞUN İÇİNDƏ

 

Səadətə qucaq açdım sevincək,

Sevincimə tor toxudu hörümçək,

Ömür boyu bir yabanı çiçək tək

Bitib qaldım bu daşlığın içində.

 

Oyun qurdu qədər mənə, İlahi,

Gəlmədi bir təpər mənə, İlahi,

Nə xoş gəldi kədər mənə, İlahi,

Xumarlandım bu xoşluğun içində.

 

Qış görmədim bəxtimdəki qış kimi,

Daş görmədim yolumdakı daş kimi,

Hey çırpındım bir yaralı quş kimi

Həyat adlı sərxoşluğun içində.

 

Bu dünyaya sığammadım, neyləyim,

Qaranlığı boğammadım, neyləyim,

Çox çalışdım, çıxammadım, neyləyim

İçimdəki bu boşluğun içindən.

 

 

SƏNİ ADDIM SƏSLƏRİNDƏN TANIYIRAM

 

Səni addım səslərindən tanıyıram,

Səni küçələrin yel çəkənindən.

Səni dənizin ləpəsindən,

Səni dalğaların pıçıltısından tanıyıram.

Küləklərində nazlanıb saçlarım,

Yağışlarında islanıb.

Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,

Səhərləri səninlə salamlamışam günəşi,

Baxışlarında xumarlanıb xəyallarım.

Hara getsəm kölgə kimi düşüb baxışların arxamca,

Keçirmisən məni zülmətdən işığa,

Nağıl-nağıl ovutmusan.

Səndə aza-aza tapmışam özümü,

Yoxsa unutmusan?

Səni işıqlarından tanıyıram,

Səni qaranlığından.

Səni yuxusuzluğundan tanıyıram,

Səni yorğunluğundan.

Məni sabaha uğurlyıb dəli Xəzər,

köhnə dalanlar, sürüşkən küçələr.

Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,

Səni xəzəllərindən.

Bakı, sən ey ayrılığa sevdalı şəhər,

Nöqtələr, nöqtələr, nöqtələr…

 

 

ANAMDAN SONRA

 

Baxıram ki, anam gedəndən evimiz də köhnəlib,

Ayaq üstə güclə dayanıb yazıq,

Beli, buxunu əyilib.

Anamdan sonra düz-əməlli yola da getmir atamla,

Əşyalar, paltarlar, pəncərələr, daşlar, divarlar küskün-küskün danışır adamla.

Hələ anamın cehizlik dolabı--

cır-cır cırıldayır hər açılıb bağlananda,

Qırığından, söküyündən qan damır.

Burda hər nə varsa hamısı yetimləşib elə bil anam gedəndən.

Rəngi solmuş kitab rəfi, toz basmış kitablar,

Divar boyu üst-üstə yığılan yorğan-döşək,

Allı-güllü nalçalar,

İlməsi qaçan xalçalar.

Bir də dəmir çarpayı,

Üstündə qədim örtük,

Üstündə qağayı,

Onun da üstündə anamın göz yaşı,

ağrıları, əzabları, narahatlığı təlaşı.

Toxunanda bir sığal dəyir əlimə,

barmaqlarım darıxır.

Burda hələ anamın nəfəsi var,

Mənsə həsrətlə içimə çəkirəm anasızlığı.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.